Qondarma “erməni soyqırımı”
iddialarının heç bir
hüquqi əsası yoxdur
Ermənistan Respublikası, erməni diasporu və lobbisi, habelə ermənipərəst ictimai-yaradıcı birliklər və qeyri-hökumət təşkilatları hər il aprel ayında qondarma “erməni soyqırımı”nın ildönümünü çoxsaylı kütləvi tədbirlərlə, geniş coğrafi miqyasda qeyd etməklə bir daha özlərinin məzlum, əzilən xalq olduqlarını dünyaya nümayiş etdirmək istəyirlər. Bu məqsədlə dünya dövlətlərini, xüsusilə siyasi aləmdə söz sahibi olan ölkələri cidd-cəhdlə qondarma “soyqırımı”nın tanınması məsələsinin həllinə yönəltməyə çalışan erməni diaspor təşkilatları yenə də fəallaşıblar.
Ermənistan vətəndaşları və erməni diasporunun iddialarına əsasən, guya, 1914-1923-cü illərdə Osmanlı İmperiyasında 1,5 milyon etnik erməni türklər tərəfindən öldürülmüşdür. Tarixi saxtalaşdırmağa cəhd edən erməni “tədqiqatçıları”nın iddialarına görə, guya, bu “məzlum” millətin “kütləvi qırğın”ına 1915-ci il aprelin 24-də 235-270 min erməni ziyalısının və icma başçısının fiziki məhvetməyə məruz qalması, eləcə də İstanbul və Ankara şəhərlərindən sürgün edilməsi ilə start verilmişdir. İllər keçdikcə, tarixi saxtalaşdırmağa cəhd edən “erməni başbilənləri” qondarma “erməni soyqırımı” nəticəsində “öldürülən ermənilərin” sayını daha daha artırmışlar.
1960-cı illərdə ermənilərin “yeni tarixi faktlarına” əsasən, qondarma “soyqırımı” nəticəsində 1 milyon erməni qətlə yetirildiyi iddia olunur. Müasir dövrdə isə bu rəqəm saxtalaşdırılaraq, daha da artırıldı və həmin ermənilərin sayı 1,5 milyona çatdırıldı.
Təəssüf edirik ki, erməni saxtakarları dünyanın bir sıra ölkələrini öz yalanlarına inandıra bilmiş, qondarma “erməni soyqırımı”nın bir çox ölkələrdə tanınmasına nail olmuşlar. Bu da dünyada baş alıb gedən ikili standarların, islamofobiyanın nəticəsidir. Ermənilər 1915-ci il hadisələrini türklər tərəfindən onlara qarşı törədilmiş bir “soyqırım”ı kimi qabardaraq, beynəlxalq səviyyədə tanınmasına nail olmaqla Türkiyə Respublikasından külli miqdarda maddi təzminat qoparmağa çalışırlar
Tarixi sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıb, türk ordusuna hücumlar təşkil edib, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədərək əhaliyə qarşı qeyri-insani hərəkətlər ediblər. Təbii ki, türk ordusu da dinc əhalini müdafiə etmək, onları erməni vəhşiliklərindən qorumaq üçün lazımi tədbirlər görüb və ermənilərin digər ərazilərə köçürülməsi zamanı da heç bir soyqırımı baş verməyib. Buna baxmayaraq, son illərdə uydurma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarları, sadəcə, Ermənistan və erməni lobbisi deyil, eyni zamanda, regionla bağlı imperialist maraqları olan güclərdir. O güclər ki, vaxtilə Anadoluya və Cənubi Qafqaza dair maraqlarını reallaşdırmaq üçün milli münaqişələrin alovlanmasına və kütləvi köçlərə səbəb olub, erməniləri Osmanlı Türkiyəsinə qarşı təşkilatlanmağa, silahlanmağa, terror və qətliamlar törətməyə təşviq ediblər.
ABŞ-da erməni diasporunun ən nüfuzlu təşkilatları olan Amerika Erməni Milli Komitəsinin (ANCA) və Amerika Erməni Assambleyasının (AAA) uzun illər davam edən təbliğatı nəticəsində ABŞ-ın 49 ştatı qondarma “soyqırımı”nı tanımış, 2019-cu il dekabrın 12-də isə ABŞ Senatı yekdilliklə “erməni soyqırımı”nı rəsmi tanıyan 150 nömrəli qətnaməni qəbul etmişdir. ABŞ-da erməni diasporunun “erməni soyqırımı”nın tanınmasına yönəlmiş fəaliyyəti 1975-ci ildən bu günə kimi davam edir.
Artıq dünyada baş verən hadisələr, Azərbaycan Ordusunun Ermənistanı diz çökdürməsi, kapitulyasiya aktının imzalanmasına məcbur etdirməsi Cənubi Qazqazda yeni reallıqlar yaradıb. Bu reallıqlar dünya ictimaiyyəti tərəfindən də qəbul edilir. Məhz bunun nəticəsi olaraq, ermənilərin “soyqırımı” mifindən yeri gəldi-gəlmədi istifadə etməsi və iyrənc manipulyasiya artıq çoxlarını bezdirib. Uzun illər əsas diqqət ABŞ prezidentlərinin “soyqırım”ı sözünü işlədib-işlətməyəcəyinə yönəldilirdi. Son illərə qədər bu ölkənin prezidentləri arasında “erməni soyqırımı” ifadəsi işlədilmirdi. Ancaq ötən il Prezident Co Bayden böyük haqsızlıq edərək, bu sözü işlətdi. Söz yox ki, bu, elə ABŞ rəsmiləri tərəfindən etirazla qarşılandı.
Supergüc dövlətin başçısının tarixi faktları təhrif etməsi, qondarma “erməni soyqırımı” ifadəsini gündəmə gətirməsi dünyada baş alıb gedən ikili standartların, islamofobiyanın bariz nümunəsi idi. Əslində, ABŞ Prezidenti bu ifadədən Türkiyəyə qarşı təzyiq və təhdid vasitəsi kimi istifadə edirdi. Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi beynəlxalq aləmdə etirazla qarşılandı. Etirazlarda bildirilirdi ki, Osmanlı imperiyasında heç kim xristian azlıqları məhv etməyib. İslam dünyasında buna bənzər hadisələr olmayıb.
Bundan Ermənistan nə qazandı? Nə dəyişdi? Artıq bu mövzu ətrafında ajiotaj yaratmaq getdikcə çətin olur. Çünki dünya ictimaiyyətinə də məlumdur ki, 200 ildən çox davam edən erməni düşmənçilik siyasəti nəticəsində onlar faşizm siyasətinə sadiqliyini nümayiş etdirərək azərbaycanlılara qarşı dəhşətli terror aktları və soyqırımları törətmişlər.
Ermənilər hələ çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı olan Qarabağa köçürüldükləri vaxtdan başlayaraq, ərazi iddiaları irəli sürmüş, bunun nəticəsində də soydaşlarımıza qarşı amansız olmuşlar. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksər yaşayış məntəqələrində azərbaycanlılara qarşı qəddarlıq nümayiş etdirmişlər. Bu çar Rusiyasından sonrakı illərdə də davam etmişdir.
Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edən erməni qəsbkarları 1905-1907-ci və 1918- ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918- 1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara ağlasığmaz işgəncələr verilmiş, çox sayda yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmişdir.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması, amansız işgəncələrə, qətliamlara məruz qalmaları sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə təxminən 150 min azərbaycanlı Ermənistandakı tarixi dədə-baba torpaqlarından deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. Bu köçürülmə zamanı minlərlə insan həyatını itirmiş və ya qətlə yetirlimişdir.
1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “böyük Ermənistan” dövləti yaratmaq sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı soyqırımı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Həmin soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Qətliam baş verən gecə 1275 sakin girov götürülmüş və onlardan 150-sinin taleyi indiyədək məlum deyil. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.
Xocalı soyqırımı və birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş digər hərbi cinayətlərdə və qətliamlarda təşkilatçılıq və rəhbərlik etmiş Ermənistanın keçmiş prezidentləri R.Koçaryan, S.Sarkisyan və digər rəsmi şəxslər qanun qarşısında cavab verəcəklər.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu məğlub edərək, soyqırımına məruz qalanların və şəhidlərimizin qisasını aldı. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Son vaxtlar Ermənistanda revanşist qüvvələrin baş qaldırması barədə söz-söhbətlər yayılır. Ancaq onlar unutmamalıdırlar ki, Azərbaycanın “dəmir yumruğ”u hazır vəziyyətdədir. Prezident, Ali Baş Komandan İlham Əliyev də belə qüvvələrə qəti mövqeyini bildirib: “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Rəsmi İrəvanın revanşist cəhdləri sadəcə intihar – Ermənistan dövlətçiliyinin sonu ola bilər. Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən, gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara qapılmasın”.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti
2022.- 23 aprel.- S.10.