Gəncədə Mir Cəlal Paşayevin anadan olmasının 114 illiyi qeyd edilib

 

Gəncədə Mir Cəlal Paşayevin ev muzeyində keçirilən tədbir şəhər icra hakimiyyətinin dəstəyi, regional mədəniyyət idarəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə şəhər icra hakimiyyətinin, AMEA-nın Gəncə Bölməsinin, Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbər işçiləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Əməkdar Elm Xadimi, pro­fessor Xəlil Yusifli və digər natiqlər ədəbiyyatşünas, Əməkdar Elm Xadi­mi, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin həyat və yaradıcılığından danışıblar. Qeyd olumuşdur ki, Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, özündən sonra gələn nəsillərə də örnəkdir. Təsadüfi deyil ki, bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraq maraqla oxunur.

 

Çıxış edənlər tərəfindən Mir Cəlal Paşayevin ev muzeyinə müxtəlif ekspo­natlar da hədiyyə olunub.

 

Tədbirdə Gəncə Dövlət Filarmoniya­sının Göygöl Mahnı və Rəqs ansamblı konsert proqramı ilə çıxış edib.

 

Məlumat üçün bildirək ki, ədibin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq Gəncədə muzeydən əlavə, bir məktəb də fəaliyyət göstərir. Şəhərin görkəmli və abad küçələrindən biri onun adını daşıyır.

 

Hamlet QASIMOV

 

Xalq qəzeti 2022.- 30 aprel.- S.11.