Ağsuda Aşıq Şakirin
anadan olmasının 100 illiyi
münasibətilə tədbir keçirilib
Ağsuda Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Aşıq Şakirin anadan olmasının 100 illiyinə həsr olunan təntənəli yığıncaq keçirilib.
Tədbir AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı və İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Yubiley tədbirini giriş söz ilə açan muzeyin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Şirvan aşıq mühitinin patriarxı Aşıq Bilalın ən layiqli davamçısı olan Aşıq Şakir Hacıyevin muğam sənətinin mahir bilicisi və bənzərsiz ifaçısı olduğunu, onun oxuduğu şux və oynaq ritmlərin xalqın yaddaşında əbədi olaraq yaşadığını söyləyib. Bildirib ki, Aşıq Şakir Şirvan aşığı olsa da, onun sənətinə olan məhəbbətin coğrafi məkanı nəinki bütün Azərbaycanı, hətta Qafqaz, Dağıstan, Orta Asiya, İranı əhatə etmişdir. O, məlahətli səsi, zənguləsi ilə ifa etdiyi aşıq havalarından “Şirvan şikəstəsi”, “Kərəmi”, “Zarıncı”, “Səhər-səhər”, “Nə bağ bildi, nə də bağban”, “Boylana-boylana”, “Bala Nərgiz”, “Bakı” və onlarla belə təkrarolunmaz sənət incilərinə öz möhürünü vurmuşdur.
Sonra Aşıq Şakirin ifasında lent yazısı – “Nə bağ bildi, nə də bağban” aşıq mahnısı səsləndirilib.
Tədbirdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Aşıq Şakirin saz havalarını və muğamı ustalıqla sintez edərək fərqli ifa tərzi yaratmağa nail olduğunu bildirib. O, hələ XXI əsrin əvvəllərində ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin ayrılmaz parçası olan folklorumuz və aşıq sənətimiz haqqında dediyi fikirləri xatırladıb: “Yeni əsrə, yeni minilliyə biz Qorqud irsinin bayrağı altında, Qorqud mənəviyyatını yaşadan insanlar kimi qədəm qoyuruq.”
İcra başçısı qeyd edib ki, saz-söz sənətçiləri, aşıqlarımız mənəviyyatımızın, mədəniyyətimizin keşiyində duranlar, bayrağımızı daha uca zirvələrdə dalğalandıranların sırasındadır. R.Bağırov çıxışının sonunda Aşıq Şakir sənətinin davamçılarına uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı çıxış edərək bildirib ki, Aşıq Şakir dövrünün, zəmanəsinin ritmi ilə yaşayan, yazıb-yaradan sənətkar olmuşdur. Diqqətə çatdırılıb ki, “Mədəniyyət” kanalında yayımlanan “Saz-söz axşamı” verilişinin növbəti buraxılışı bütünlüklə Aşıq Şakir Hacıyevə həsr olunmuşdur. Həmçinin ustad sənətkarın 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Azərbaycan Aşıqlar Birliyinin Mədəniyyət Nazirliyinə ünvanladığı müraciəti müsbət qarşılanmışdır.
Azərbacan Respuklikası Milli Məclisinin deputatı Tahir Kərimli isə çıxışında qeyd edib ki, Aşıq Şakir xanəndə kimi də çox sevilmiş, sənətkar ifa etdiyi havalarda muğam gəzişmələri, xırda boğazlar, zəngulələrlə aşıq havalarına yeni üslub, zənginlik, şirinlik gətirmiş və xanəndələrimiz, müğənnilərimiz onun repertuarından çox şey öyrənmişlər.
Tədbirdə jurnalist Tofiq Abdullayev uzun müddətdən bəri Aşıq Şakir haqqında görkəmli şəxslərdən, ziyalılardan, sənət adamlarından topladığı xatirələrdən və bu xatirələrin toplusu kimi 3 kitab ərsəyə gətirməsindən danışıb.
Məclisin sonunda Aşıq Şakirin nəvəsi, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Mahmudova tədbirin təşkilatçılarına və iştirakçılarına ustad sənətkara verdikləri dəyərə görə təşəkkürünü bildirib.
Yubiley məclisinin bədii hissəsində ustad sənətkarın repertuarından rəngarəng aşıq havaları ifa edilib.
Sonda Aşıq Şakirin nəvəsi Aşıq Babək Şakirli sənətkarın hər zaman sevə-sevə səsləndirdiyi, yaddaşlarda kök salan “Şirvan şikəstəsi”ni ifa edib.
Qabil YUSİFOĞLU
Xalq qəzeti
2022.- 30 aprel.- S.11.