Azərbaycanın
məqsədi regiona sülh və sabitlik gətirməkdir
İmkanlarımız və
potensialımız daxilində biz sülhə və təhlükəsizliyə
töhfə verməyə çalışırıq.
İndi müharibə bitib, münaqişə həll olunub,
bu baş verənlər haqda danışılası heç
bir məsələ qalmayıb... Əlbəttə ki, biz Birləşmiş
Millətlər Təşkilatı ilə bu məsələlərdə,
humanitar vəziyyətlə bağlı məsələlərdə,
işğaldan azad olunmuş ərazilərin bərpasına
dair planlarımızla bağlı gələcək əməkdaşlığa
ümid edirik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan, demək olar ki, otuz il bütün beynəlxalq təşkilatlarla əməkdaşlıqda və münaqişənin həllinə dair müxtəlif paytaxtlarda aparılan danışıqlarda dönə-dönə xatırladırdı ki, biz məsələnin sülh yolu ilə həllinə çalışırıq. Biz danışıqlar prosesində iştirakdan heç zaman imtina etməmişdik və daim bu fikirdəydik ki, sülh danışıqları bir nəticə verməsə, BMT tərəfindən tanınmış ərazi bütövlüyümüzü başqa yollarla həll etmək hüququmuzdan istifadə edəcəyik.
Təxminən üç onillik dövründə biz belə dedik, düşmən inanmadı, onun havadarları isə bizi hansısa güzəştlərə getməyə çağırdı. Ərazisinin 20 faizi işğal edilmiş, bir milyon soydaşı qaçqın və məcburi köçkün taleyi yaşayan ölkə işğalçı dövlətə hansı güzəştləri edə bilərdi? Ulu öndər Heydər Əliyevin dediyi kimi, bizim ən böyük güzəştimiz münaqişənin məhz danışıqlar yolu ilə həllinə razılaşmağımızdır. Düşmənin və havadarlarının rəsmi Bakının bu humanistliyini qiymətləndirə bilmədiyinə görə İkinci Qarabağ müharibəsi qaçılmaz oldu və işğalçının beli məhz döyüş meydanlarında qırıldı. Təslim oldu.
İndi yenə də həmin proses təkrar olunur. Ordusu darmadağın edilmiş, iqtisadiyyatı çökdürülmüş, bütün planları alt-üst olmuş, dövlətçiliyi məhv olmağın bir addımlığına gətirilmiş Ermənistan rəhbərliyi artıq 20 aydır ki, qalib Azərbaycanın sülh çağırışlarını anlamır və ya cavab vermək istəmir. Dövlət başçımız dəfələrlə xatırladıb ki, biz müharibə səhifəsini çevirmək, sülh və əməkdaşlıq şəraitində yaşamaq üçün lazım olan bütün addımları atmağa hazırıq. Çox təəssüf ki, qarşı tərəfdən buna bənzər bəyanatları hələ də eşidə bilmirik. Hansısa müsbətəbənzər fikirlər səsləndirsələr də, ertəsi günü tamamilə başqa fikirlər gündəliyə gətirilir.
Fikrimizi dövlət başçımızın konkret bəyanatları ilə əsaslandıraq. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə ay əvvəl Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında bildirmişdi ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Düşünürük ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var.
Dövlət başçımız regiona sülh gətirilməsi üçün təkcə Ermənistanla deyil, Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası və Gürcüstanla da müvafiq danışıqlar aparır ki, gələcək nəsillər məhz sülh şəraitində yaşasınlar : “Biz həmçinin gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Postmünaqişə vəziyyətinə gəldikdə, bizdə müəyyən nikbinlik var. O fakta əsaslanaraq ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir”.
Yəni İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycanın açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev ümid etdiyini bildirir ki, Ermənistan həmin prinsiplərin qəbulunu ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq.
Yeri gəlmişkən, dövlət başçımız bu mövqeyini təkcə region ölkələrinin təmsilçiləri ilə təmaslar zamanı deyil, beynəlxalq təşkilatların, xüsusən BMT-nin nümayəndələri ilə görüşlərdə də dəfələrlə səsləndirib. Məsələn, Azərbaycan Prezidenti ötən ilin bu günlərində BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən demişdi ki, imkanlarımız və potensialımız daxilində biz sülhə və təhlükəsizliyə töhfə verməyə çalışırıq: “Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik. Ötən il, müharibədən cəmi bir neçə gün əvvəl, Baş Assambleyada çıxış edərkən mən beynəlxalq birliyi xəbərdar edərək, Ermənistanın müharibəyə hazırlaşdığını dedim. Bu, təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilinin nəticəsi idi. Əfsuslar olsun ki, mən haqlı çıxdım… Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik”.
Dövlət başçımız xatırladır ki, indi müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Əlbəttə ki, biz Birləşmiş Millətlər Təşkilatı ilə bu məsələlərdə, humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarımızla bağlı gələcək əməkdaşlığa ümid edirik.
Doğrudur, tez-tez və haqlı olaraq deyirik ki, Ermənistan sülh prosesinin başlanmasını ləngidir. Ancaq daim səbirli və təmkinli olan, bütün məqsədlərinə məhz səbirlə çatmağı bacaran Azərbaycan Prezidenti bu məsələdə də nikbindir: “Müsbət hal ondan ibarətdir ki, … Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib, Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib. Bu beş prinsip nədən ibarətdir, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir, təkrarlamaq istəmirəm. Ancaq təmasda olduğum bütün tərəf müqabilləri ilə müzakirələr zamanı Azərbaycanın bu təşəbbüsü təqdir olundu. Münaqişənin məhz bu prinsiplər əsasında həll olunması demək olar ki, təsdiqləndi”.
Xatırladaq ki, Ermənistan rəhbərliyi Azərbaycanın bu təkliflərini qəbul edib. Qonşu dövlətlər – Türkiyə, Rusiya, İranla müzakirələrdə də bu mövqe dəstəklənir. Rəsmi Bakı öz mövqeyini Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və digər tərəfdaşlarla da müzakirə etmişdir. Yəni faktiki olaraq indi sülh danışıqlarının başlanması üçün əsas yaradılıb. Dünyada hamı görür və etiraf edir ki, Azərbaycan sülh təşəbbüsü göstərib və əgər biz bu təşəbbüsü öz üzərimizə götürməsəydik, bu günə qədər bu istiqamətdə də heç bir inkişaf olmazdı.
Sonda xatırladaq ki, Azərbaycan dövlətinin və xüsusən Prezident İlham Əliyevin sülh və birgəyaşayış barədə çağırışları öz nəticələrini verir. Biz bunu İrəvan rəhbərliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına əməl edərək, erməniləri Laçın şəhərindən, Zabux və Sus kəndlərindən çıxarılması zamanı da gördük. İnanırıq ki, Azərbaycanın sülh çağırışları bundan sonra daha mükəmməl nəticələr verəcəkdir. Çünki artıq ermənilər də anlayırlar ki, onlar buradan köçüb heç yerə getməyəcəklər. Ona görə də çıxış yolu ancaq güclü ordusu, qüdrəti dövləti olan Azərbaycanla sülh şəraitində yaşamaqdır.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2022.- 28 avqust.- S.1; 6.