Bərpa-quruculuq işləri “Böyük Qayıdış”ı sürətləndirir

 

Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır, hamısını öz hesabımıza edirik. 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yar­dım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın.

 

İlham ƏLİYEV

 

 Azərbaycan Respublikasının Prezidenti

 

Dövlətimizin başçısı artıq tarixə dönmüş 44 günlük möhtəşəm “Zəfər yürüşü” sayəsində Qarabağı düşmən işğalından azad edib və Azərbaycanı dünyaya qalib dövlət, millətimizi qalib millət kimi tanıdıb. Bu gün məhz onun uzaqgörən siyasətinin, prinsipial məqamlarda qətiyyətli möv­qeyinin, cəsarətli addımlarının sayəsində daha uca zirvələrə, daha böyük qələbələrə doğru irəliləyirik.

“Böyük Qayıdış” naminə atılan addımlar – “ağıllı kənd” konsep­siyası üzrə yaşayış massivlərinin, sənaye mərkəzlərinin inşası, elektrik enerjisi və içməli su təchizatı qayda­ya salınır. Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan... dirçəldilir. Artıq Ağalı kəndinə onlarca ailə köçürülüb. Otuz il yad əllərdə qalıb inləyən yurd yerlərimiz, dağlarımız, düzlərimiz indi artıq doğma əllərin sığalına yatır, sevən ürəklərin istisinə qızınır. Qarabağ və Zəngəzur qamətini düzəldir. Yamaclarda, yoxuşlarda ot basmış cığırlarımız yollara çevrilir. İlk növbədə “Zəfər yolu” salınıb. Açılacaq böyük Zəngəzur dəhlizi isə tezliklə bizi Zəngilandan birbaşa Naxçıvana, Türkiyəyə qovuşduracaq.

Bu günlərdə məlum 10 no­yabr Bəyanatına uyğun olaraq, Azərbaycan tərəfinin Laçında rekord qısa müddətə saldığı alternativ yol hazır olduğu üçün əvvəlki yolun rayon mərkəzindən, eləcə də Zabux və Sus kəndlərindən keçən hissələri boşaldılıb. Artıq Laçın şəhərində bizim üçrəngli Dövlət Bayrağımız əzəmətlə dalğalanır. Bu, Azərbaycanın öz nəzarətinə aldığı sonuncu rayon mərkəzidir. Dövlətimiz öz torpaqlarını tam təmizləməkdə və onlara sahib çıx­maqdadır.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura aid olan 13 min kvadrat kilometrlik bölümü, yəni 20 faizi erməni təcavüzündən xilas olu­nub. Vaxtilə DQMV ətrafında olan 7 rayonda əhalinin vur-tut 0,4 faizi ermənilərdən ibarət idi. İşğaldan sonra buraya Livandan və Suriya­dan gəlmiş ermənilərin qeyri-qanuni şəkildə məskunlaşdırılması qarşı tərəfin rəzilliyini, həyasızlığını bir daha göstərmişdir. Yaxşı, özgə ərazilərini mənimsədiniz, bəs, yaşayış və abadlıq naminə nə etdiniz? -- Heç nə! Əvəzində olanı da dağıtdınız, əzəli yurd yerlərimizi vəhşicəsinə məhv etdiniz. Ərazilərə sahiblik iddiasında olan tərəf belə edərdimi? Bunun erməni məntiqsizliyindən başqa adı yoxdur. İndi savaş günlərində 9 rayonda 2 min 442 evin, 92 çoxmərtəbəli yaşa­yış binasının və 423 mülki obyektin dağıdılmasının utancını yaşayın. Əlbəttə, belə bir hissiniz varsa...

Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri geniş miqyasda davam edir. Əzəli torpaqları­mızda iki ilə yaxındır ki, ruh oxşa­yan azan səsləri, muğam sədaları eşidilir. Füzuli Beynəlxalq Hava Limanı təyyarələri qəbul edib yola salır. Orada və Ağdamda möhtəşəm Zəfər parkları yaradılır. Ötən payız dövlətimizin başçısı İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə müasir hava limanı və “Zəfər yolu” istismara verilib. Artıq həmin yolun Laçın şəhərinə qədər uzadılacağı söylənilir. Tezlıiklə Zəngilan Hava Limanı da işə salınacaq, artıq orada sınaq uçuşları keçirilib. Sayca üçün­cü aeroport isə Laçının Qorçu kəndi ərazisində tikilir. “DOST Aqropark”ın təməli qoyulan zaman orada əkilən rəmzi çinar ağacları böyüyərək, türk dünyası nümayəndələrini öz çətiri altına yığacaq və düşmənləri xar edəcək. Torpaqlarımız ermənilərin “əkdiyi” minalardan təmizləndikcə yerində meşələr, bağlar, parklar salınır.

Qurucularımız 270 yaşı qeyd edilən Şuşanın “üz qırışları”nı silir, dağlar gözəlini günbəgün cavan­laşdırırlar. Tarixi abidələr bərpa olunur, evlər tikilir, yaşıllıqlar salınır, heykəllər ucaldılır. Buraya ziyarətə gəlib-gedənlərin ardı-arası kəsilmir. Elə bu günlərdə Şuşa həsrətinə son qoyan 10 mininci soydaşımıza orada hədiyyələr verilib. Bu günəcən tac-şəhərdə yüksək səviyyədə saysız-hesabsız beynəlxalq mədəni tədbir keçirilib. Bu il “Şuşa ili” elan olunduğuna görə, möhtəşəm tədbirlər bir-birini əvəz edir. Şuşada­kı müasir “Qarabağ” və “Xarıbülbül” otelləri elə bir ucdan qonaq-qara ilə dolub-boşalır. Beşulduzlu park otel də tikilir. Obyekt müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilib. Prezident İlham Əliyev deyib ki, Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır.

Şərəfli “Zəfər yolu” gecə-gündüz işləyir. Yol boyu yeraltı keçidlər, körpülər, tunellər inşa edilir. Ho­radiz–Zəngilan, Füzuli–Hadrut, Füzuli–Cəbrayıl, Bərdə–Ağdam, Göygöl–Toğanalı–Kəlbəcər və digər avtomobil yollarının tikintisi sürətlə reallaşır. Ümumiyyətlə, hazırda işğaldan azad olunan ərazilərdə 18 avtomobil yolu layihəsi həyata keçirilir. Bununla yanaşı, Bərdə–Ağ­dam və Horadiz–Zəngilan–Ağbənd dəmir yolu infrastrukturu da əsaslı surətdə bərpa edilir. İşğal ərazisində ölkəmizə vurulan ziyanın hesab­lanması ilə yanaşı, şəhərlərin bərpasını, kəndlərin pilot layihələrini ehtiva edən tədbirlər genişlənir.

Ötən günlərdə Türkiyədə fəaliyyət göstərən və Azərbaycanda akkreditə olunmuş 60-dan çox ölkənin və 19 beynəlxalq təşkilatın 100-dən çox diplomat və hərbi nümayəndəsi Qarabağa yollanıb. Onlar Füzulidə mina­ların zərərsizləşdirilməsi prose­sini izləyiblər. Sonra qonaqlar Əhmədbəyli – Füzuli – Şuşa avto­mobil yolu üzərində tikintisi yekun­laşmaqda olan tunellə tanış olub, “Zəfər yolu” ilə Şuşaya gediblər. Avqustun 27-də orada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfrans təşkil olunub.

Hələ 2020-ci ilin noyabrında Azərbaycan Prezidentinin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Prezident Administrasi­yasının rəhbəri Samir Nuriyevin başçılıq etdiyi qərargahın vaxtaşırı keçirdiyi iclaslarda işğaldan azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti hərtərəfli müzakirə olunur, gələcək işlərin dəqiq konturları müəyyənləşdirilir.

Qələbədən ötən 1 il 9 ay ərzində Qarabağda 9 su elektrik stansiya­sının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər sona yetəcək. Bərpaolunan enerji növləri tətbiq edilir. Cəbrayıl rayonunda alternativ enerji əsasında elektrik stansiyası­nın inşasına hazırlıq görülür. Xarici investorlarla razılaşdırılıb ki, əlavə 4 min meqavatlıq Günəş və Külək elektrik stansiyaları da tikilsin. Eyni zamanda, Kəlbəcər və Laçındakı su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Bundan əvvəl yalnız ermənilərin dağıtdığı stansiyaların istehsal gücü hesablanmışdı.

Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən ay “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Xidmətin Müşahidə Şura­sının ilk iclasında hərbi və diploma­tik sahədə böyük zəfərə nail olmuş Azərbaycan xalqının qələbəsinin əbədiləşdirilməsi üçün köçkün düşən insanların öz doğma torpaq­larına dönüşünün təmin olunması xüsusi vurğulanıb. Yeni yaradıl­mış publik hüquqi şəxsin fəaliyyət istiqamətləri və Qarabağ iqtisadi ra­yonuna daxil olan ərazilərdə əhalinin qayıdışı ilə əlaqədar qarşıda duran vəzifələr nəzərdən keçirilib. Deməli, “Böyük Qayıdış” hərtərəfli prioritetdə saxlanır.

Bu da bir qeyrət işidir ki, bərpa işləri coğrafi adlarda -- toponimikada da həyata keçirilir. Mənfur işğalçılar Qarabağda neçə-neçə yerin adını dəyişdirərək özününküləşdirməyə çalışıb, Azərbaycan izlərini silmək istəyiblər. Göründüyü kimi, vandalla­rın xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasəti təkcə insanlar üzərində yox, həm də tarixi-mədəni abidələr və coğrafi adlarımızda da aparılıb. Yaxşı xatırlayırıq ki, Vətən müharibəsində azad edilən bir neçə kəndin adı xalqa müraciəti zama­nı Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən dəyişdirilib. Bunlar Suqovuşan, Çinarlı, Baharlı və Hünərli kəndləridir. O vaxtdan süni şəkildə erməniləşdirilmiş adlar xəritələrdən birdəfəlik silinir və bu sahədə də tarixi ədalət bərpa olunur.

Tarixdən məlumdur ki, Ermənistan SSR Ali Sovetinin qərarı ilə 1946-68-ci illərdə Qərbi Azərbaycana aid 748 yaşayış yerinə qondarma adlar qoyul­muşdur.Azərbaycanlıların oradan sonuncu deportasiyasından sonra isə daha 90 yer adı dəyişdirilib. Dağlıq Qarabağ və ətraf rayonlar­da isə işğaldan sonra 212 yer adı dəyişdirilib. Prezidentin tapşırığı ilə bu ərazilərdəki tarixi adların hamısı özünə qaytarılmaqdadır.

Görün, Qarabağ və Şərqi Zəngəzurda tarixi yurd yerlərimizin erməniləşdirilmiş adları necə də eybəcər səslənir: Şuşa – Şuşi, Ağdam –Akna, Xocalı – İvanyan, Laçın – Berdzor, Zəngilan – Kov­sakan, Füzuli – Varanda, Cəbrayıl – Jrakan, Kəlbəcər – Karvaçar, Qubadlı– Snasar, Xankəndi – Ste­panakert, Ağdərə – Mardakert, Xocavənd – Martuni (bu üç ad 90-cı illərdə bərpa olunub), Suqovu­şan – Madagiz kimi qeyd edilib ki, bunun da heç bir əsası yoxdur. Bəzi mənbələrdə Çayqırağı kimi tanınmış Hadrutun adı da dilə yatmır. Oraya yaxın Ərgünəş dağının və ya Qoz­luçayın adları “Hadrut”u əvəzləyə bilər. Fikrimizcə, Milli Məclisin və Akademiyanın toponomiya komissi­yaları, həmçinin Coğrafiya və Dilçilik institutlarının müvafiq şöbə və sek­torları adların bərpası zamanı həm beynəlxalq aləmdə qəbul olunmuş prinsiplərə, həm tarixili qaynaqlara, həm də çağdaş reallıqlara uyğun­luğu nəzərə almalıdırlar. Dövlət səviyyəsində qərarla Heydərabad, Polad Həşimov, Mübariz və digər bu kimi ad təklifləri dəyərləndirilə bilər və obyektiv reallığın ifadəsi olar.

Bundan başqa, Qarabağdakı maddi-mədəni irsimizə aid olan qədim alban abidələrinin ermənilərlə heç bir əlaqəsi olmasa da, bunların da adları təhrif edilib ki, düzəlişi haq­lı və zəruridir. Toponimikaya erməni təcavüzü, erməni saxtakarlığı (bu da cinayətdir) bütünlüklə rəsmi qayda­da aradan qaldırılmalıdır.“Google Map”, eləcə də digər elektron axta­rış xəritə sistemlərində də işğaldan azad edilən, o cümlədən, hələ də erməni işğalında qalan ərazilərimizin tarixi adlarının bərpa edilməsinə nail olmaq səyləri artır.

Keçən həftə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarət bölgəsindəki Sərsəng su anbarına növbəti dəfə baş çəkiblər. Obyektin qondarma qurumdan olan erməni istismarçılarının “Qi­sas” əməliyyatından sonra həmin görüşdə özlərini xeyli “ağıllı” apar­dığı aşkar görünüb. Qərara alınıb ki, Azərbaycan tərəfinin ekspertləri hər 15 gündən bir Sərsəngə gedəcək və onun tam təhlükəsiz işləməsini nəzarətdə saxlayacaqlar. Beləcə, mühüm su anbarı da həqiqi sahiblərinə qaytarılacaq.

Onu da qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin avqustun 3-də erməni təxribatlarına cavab olaraq həyata keçirdikləri “Qisas” əməliyyatından son­ra ermənilərə qanunsuz məskunlaşdırılmış həmvətənlərini və silahlı tör-töküntülərini çıxar­maq üçün avqustun 25-dək vaxt verilmişdi və artıq onlar buna əməl etməyə məcbur olublar. Tezliklə zəruri infrastruktur bərpa edilən kimi, laçınlılar ata-baba ocaqlarına qayıdacaqlar.

Hər hansı baxış bucağından yanaşsaq, görərik ki, “Böyük Qa­yıdış” inamla reallaşır. Bütün işlər plan üzrə gedir. Azərbaycan rəhbəri İlham Əliyevin dediyi kimi, bizim Livan böyüklüyündə olan bir ərazini– Qarabağ və Şərqi Zəngəzuru öz gücümüzə bərpa etməyimiz işğaldan, dağıntıdan və başqa ciddi problemlərdən əziyyət çəkən digər ölkələr üçün yaxşı nümunədir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2022.- 28 avqust.- S. 4.