Prioritet vəzifəmiz qüdrətli dövlətin və yüksək rifah cəmiyyətinin qurulmasıdır

 

 “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iq­tisadi inkişaf Strategiyası”nda 5 fundamental nəticənin ─ qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi po­tensial və yüksələn rifahın ölkəmizin 10 illik sosial-iqtisadi in­kişaf nailiyyətlərini xarakterizə etdiyi bildirilir. Bu uğurların isə uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəyi əminliklə deyilir. Şübhəsiz ki, əldə olunan yüksək nəticələr son 10 ildə həyata keçirilən genişmiqyaslı islahatların məntiqi nəticəsidir. Tarixdə cəmi 30 il ərzində belə uğur dastanı yaza bilən az ölkə tapılar.

Son 10 il ərzində iqtisadiyyatın müasir inkişaf səviyyəsinə qaldırılma­sı, ordunun gücləndirilməsi, uğurlu uzaqgörən xarici siyasət aparılması tor­paqlarımızın işğaldan azad edilməsini və ölkənin ərazi bütövlüyünün bərpasını şərtləndirib. Müharibənin ilk günlərindən etibarən xalqımızın bir yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşməsi, silahlı qüvvələrimizin bütün dünyaya öz yenilməzliyi və qəhrəmanlığını nümayiş etdirməsi həm hərbi, həm də siyasi-diplomatik müstəvidə dövlətimizin gücünü sübuta yetirib.

Həyata keçirilən köklü struktur-institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişib, qeyri-neft sektorunun payı xeyli yüksəlib. 2012‒2021-ci illərdə qeyri-neft-qaz ÜDM-i hər il orta hesabla 3,5 faiz arta­raq, 2011-ci ildəki 25,4 milyard manat­dan 2021-ci ilə 57,8 milyard manata, qeyri-neft-qaz sektorunun payı 2011-ci ildəki 48,8 faizdən 2021-ci ildə 62,2 faizə çatıb. Bu dövrdə iqtisadi artımın sahəvi hərəkətverici qüvvəsi olan qeyri-neft-qaz sənayesi 2,3 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya və rabitə sahəsi isə 2,4 dəfə böyüyüb.

İqtisadi artım bütün vətəndaşların sosial rifahını yaxşılaşdırıb. Bu dövrdə ölkədə minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, pen­siyaların minimum məbləği isə 2,3 dəfə artıb. Aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə istifadə olunan ehtiyac meyarının məbləği son 10 ildə 2,3 dəfə artırılaraq 2011-ci ildəki 75 manatdan 2021-ci ildə 170 manata çatdırılıb.

Son 10 il ərzində ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilib. Bu dövrdə məşğul əhalinin sayı 14 faiz, muzdla işləyənlərin sayı 22,9 faiz artıb, işsizlik səviyyəsi isə pandemiya ilə əlaqədar dalğalanmalara məruz qalma­sına baxmayaraq, 2021-ci ildə ölkə üzrə 6 faiz təşkil edib.

Ölkədə yoxsul təbəqənin ehtiyac­larının qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilib, aztəminatlı ailələrin təminatı daha da gücləndirilib. Son 10 ildə aztəminatlı ailələrə verilən sosial yardımın orta ay­lıq məbləği 2,6 dəfə artırılaraq 2021-ci ildə 280 manata çatdırılıb. Həyata keçirilən tədbirlər nəticəsində, milli yox­sulluq həddindən aşağı səviyyədə yaşa­yan əhalinin xüsusi çəkisi 2019-cu ildə 2010-cu illə müqayisədə 9,1 faizdən 4,8 faizədək azalıb.

Ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf modelinin başlıca nəticələri Azərbaycanın ərazi bütövlüyünün bərpası, beynəlxalq nüfuzunun artırılması, respublikanın iqtisadi poten­sialının gücləndirilməsi və əhalinin sosial rifah vəziyyətinin əhəmiyyətli yüksəldilməsi olub. Bu model ölkədə ictimai-siyasi sabitliyi daha da gücləndirməklə dayanıqlı iqtisadi artımı, yüksələn sosial rifah və davamlı sabitliyi şərtləndirib. İqti­sadiyyatda neft gəlirlərindən sosial-iqtisa­di məqsədlərlə səmərəli istifadə etməklə gələcək inkişaf üçün şaxələnmə və ixrac potensialı yaradılıb. Bütün bu nəticələrin əldə olunmasında dövlətin səmərəli idarə olunması həlledici rol oynayıb.

 Növbəti strateji dövrdə “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti”nə çevrilmək üçün mövcud sosial-iqtisadi modelin məzmunu və strukturu əhəmiyyətli dərəcədə yenilənəcək. Bu əsasda qəbul edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müasir inkişaf ideologiyasına əsaslanan yeni sosial-iqtisadi artım modelinin bazasında həyata keçiriləcək. Bu model ölkənin bütün resursla­rını və nailiyyətlərini səfərbər etməklə, onları uzunmüddətli dövrdə qarşıya qoyulan strateji vəzifələrin reallaşmasına yönəldəcək.

Yeni sosial-iqtisadi inkişaf modeli 2030-cu ilədək olan dövrdə ölkədə bütün sahələrdə həyata keçirilməsi nəzərdə tutulan köklü isla­hatların ideologiyasını təmin edir. İdeologiyanın əsasında isə yaradıcı sahibkar, məhsuldar investisiyalar, innovasiyaları dəstəkləyən əqli mülkiyyətin inkişafı və rəqabətli bazarlar durur. Bu sosial-iqtisadi inkişaf modelinin birinci mərhələsində (2022‒2026-cı illər) sosial-iq­tisadi inkişaf xəttinin 2030-cu ilədək uğurla reallaşdırılması üçün təməl şərtlər işə salına­caq. 2027‒2030-cu illəri əhatə edəcək ikinci mərhələdə isə bu təməl şərtlərin komplemen­tarlığı şəraitində milli iqtisadiyyatın keyfiyyətcə yeni simasının yaradılmasına nail olunacaq.

Dinamik, inklüzivsosial ədalətə əsaslanan cəmiyyətin qurulması prioritet istiqamətdir

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bildirilir ki, qarşıdakı dövrdə əməkhaqları artırılacaq və hamı üçün layiqli həyat səviyyəsi təmin ediləcək. İşləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə mini­mum əməkhaqları artırılacaq. Xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbətinin məqbul səviyyəsi qorunacaq.

Bütün bunlarla yanaşı, özəl sektorda yeni yerləri yaradılacaq, məşğulluq səviyyəsi arta­caq. Yeni yerləri yaradan sahibkarlıq fəaliyyəti stimullaşdırılacaq. Xüsusilə regionlarda kiçikorta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcək, bunun nəticəsində qeyri-dövlət sektorunda məşğul əhalinin payı 2021-ci ildəki 77,6 faizdən artaraq 80 faizə çatdırılacaq. Qeyri-formal məşğulluğun mərhələli azaldılması nəticəsində muzdla işləyənlər üzrə qeyri-dövlət sektorunun payı 50 faiz (2021-ci il üzrə 46,9 faiz) təşkil edəcək.

Bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi qurulacaq. Pensiyaçılar üçün səmərəli yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün isə sosial yardımların əlçatanlığı artırılacaq. Pensiya sisteminin dayanıqlı­ğı gücləndiriləcək, sosial sığortanın tətbiqi genişləndiriləcək. Hamı üçün bərabər iştirak im­kanı yaradan sosial təminat və sosial xidmətlər sistemi inkişaf etdiriləcək. Minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75‒80 faizində saxlanılacaq.

Qadınların iqtisadi imkanlara çıxışı yax­şılaşdırılacaq. Onların cəmiyyətdə iqtisadi fəallığı artırılacaq, yüksək əməkhaqqı olan iqtisadi sahələrdə məşğulluğu təşviq ediləcək. Qadınların uğurlu fəaliyyəti üçün peşəyönümü, karyera məsləhəti və digər fəal məşğulluq tədbirləri genişləndiriləcək. Onların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına nisbəti 2021-ci ildəki 65,8 faizdən 80 faizə çata­caq. Şəhərlə kənd arasında yaşayış standartla­rındakı fərqlər də azaldılacaq.

Regionların iqtisadi və təbii potensialından səmərəli istifadə ediləcək, özəl investisiyaların cəlbi təşviq olunacaq, yeni çağırışlara uyğun regional inkişaf mexanizmləri dövlət tərəfindən dəstəklənəcək. Nəticədə, ümumi məhsul bura­xılışında regionların xüsusi çəkisi 35 faizdən 42 faizə çatdırılacaq.

Yuxarıda qeyd edilənlərlə bərabər, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, bu dövrdə yaşından, sosial statusun­dan, yaşayış yerindən asılı olmayaraq, hamı üçün əlçatan, keyfiyyətli və müasir səhiyyə xidmətləri sistemi yaradılacaq. Region və şəhərlərdə müasir tibb xidmətləri inkişaf etdiriləcək. Əhalinin idmanla məşğul olması təşviq olunacaq. İstirahət və idman məqsədləri üçün yeni parkqoruqlar salınacaq. Beləliklə, doğulanda gözlənilən ömür uzunluğu 73,2 ildən 75,2 ilə çatacaq. ÜDM-də səhiyyə xidmətlərinin payı 2 faizdən artaraq 4,3 faiz təşkil edəcək.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2022.- 2 avqust.- S.1; 3.