Prezident İlham
Əliyev: Heç kim
qanundan üstün ola bilməz
Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, uğurlu inkişaf strategiyası bütün sahələri əhatə edir. Vətən müharibəsində Ermənistan üzərində qazandığımız Qələbədən sonra ölkəmizin xarici əlaqələri daha da genişlənmiş, həm də uğurlarımız davamlı olmuşdur. Əslində, müharibədən çıxan ölkə uzun müddət özünə gələ bilmir, dağıntıların aradan qaldırılması ilə məşğul olur. Ölkəmizdə isə tam əksinə oldu. Düşmən üzərindəki Qələbədən bir həftə sonra genişmiqyaslı tikinti-bərpa, qururculuq işlərinə start verildi. Bu, ölkəmizin iqtisadi qüdrətinin göstəricisi, uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsi, düzgün müəyyənləşdirilmiş islahatların nümunəsi idi.
İslahatlardan söhbət düşmüşkən, qeyd etmək istərdik ki, bu siyasətdə əsas məqsəd ölkəmizin dünya birliyinə daha yaxından inteqrasiyası, idarəetmədə əsaslı dəyişikliyin, yeniliyin və çevikliyin yaradılması, əhalinin rifahının daha da yüksəldilməsidir. Bütün bunların həyata keçirilməsi üçün kadr siyasəti də önəmli rol oynayır.
Son 3 ildə başlanan və geniş miqyas alan islahatlar artıq bütün sahələri əhatə edir. Dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar zamanı kadr seçimində, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafelər nəzərə alınır. Son illər bu istiqamətdə həyata keçirilən struktur dəyişikliyi ölkəmizin inkişafında, eləcə də korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə mühüm rol oynayıb. Bunun əsasını ölkədə aparılan kadr islahatları təşkil edir. Dövlət başçımızın gənclərə xüsusi diqqət və qayğısı, onlara inanması, güvənməsi və etimad göstərməsi artıq öz bəhrəsini verir. Ona görə də kadr siyasətində aparılan islahatlar əhali tərəfindən rəğbətlə qarşılanır. Struktur islahatları çərçivəsində gənc kadrların rəhbər vəzifələrə irəli çəkilməsi xüsusi qeyd edilməlidir. Bu uğurlu islahat, eyni zamanda, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizədə də öz müsbət təsirini göstərir.
Prezident İlham Əliyev kadr islahatlarını, idarəetmədə modern strukturun yaradılmasını, bu sahənin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır. Aparılan struktur və kadr islahatları həm də iqtisadiyyatımızın güclənməsinə, regionların sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə yol açır. Dövlətimizin başçısı vəzifəyə yeni təyin etdiyi kadrların qarşısında ciddi məsələlər qoyur. Əsas tələblərdən biri də xalqın xidmətçisi olmaq, vətəndaşlarla təmas platformasını genişləndirməkdir. Ölkə rəhbərinin kadr siyasəti məhz həmin prinsiplər əsasında qurulur. Dövlətimizin başçısı rayonlara yeni təyin etdiyi kadrlarla görüşlərdə rüşvətxorluğa və korrupsiyaya meyil edən məmurların ən sərt şəkildə cəzalandırılacağını bəyan edir. Son illər bir sıra icra hakimiyyətlərində, nazirlik və komitələrdə aparılan əsaslı yoxlamalar və bunun nəticəsi olaraq, ali rütbəli, yüksək vəzifəli şəxslərin tutduqları postlarla vidalaşması və qanunla cəzalandırılması da təsdiqləyir.
Bir neçə gün əvvəl Prezident İlham Əliyev bu fikirləri Masallı, Lerik və Göygöl rayonlarına yeni icra hakimiyyətlərinin başçıları təyin olunanları qəbul edərkən də səsləndirdi.
Dövlətimizin başçısı yeni təyin etdiyi kadrlara tövsiyə olaraq tapşırır: “Mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun... Harada ki, mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır”.
Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işlərin görüldüyünü, böyük infrastruktur layihələri icra edildiyini və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsinin aradan qaldırıldığını bildirən dövlət başçımız yaşayış məskənlərimizin elektrik enerjisi ilə təchizatının, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su, sosial infrastruktur layihələrinin uğurla icra olunduğunu bildirdi. Bu gün hər rayonda müasir tibb ocaqları, məktəblər inşa edilib. Bu sahələr əhalini daha çox narahat edirdi və insanların gündəlik probleminə çevrilmişdi. Hazırda regionlarda fəaliyyət göstərən Olimpiya idman kompleksləri, Diaqnostika mərkəzləri, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin uğurlu icrasının töhfəsidir. Təbii ki, infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Dövlət başçımızın rəhbərliyi ilə elə infrastruktur layihələri icra edildi ki, indiyədək heç vaxt belə sürətli inkişafın şahidi olmamışdıq.
Prezidentimiz Lerik rayonunu xüsusi olaraq vurğuladı. Çünki bu rayon sovet
vaxtında qazlaşdırılmamışdı.
Ancaq möhtərəm Prezidentimizin
göstərişi ilə
mürəkkəb relyefə
malik Lerikə qaz çəkildi. Təbii ki, dağlıq rayonlarda qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə
daha çətindir.
Ancaq bu çətinliklər artıq dəf edilib. Dövlət başçımız yeni təyin etdiyi kadrlara qəti şəkildə tapşırdı ki, imkan daxilində bütün bu işləri görməklə
insanların rifahını
yaxşılaşdırmaq lazımdır. Son illər bu sahədə
həyata keçirilən
tədbirlər özünü
bütün istiqamətlərdə
göstərir. Dövlət başçımız bunun
anonsunu 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra
andiçmə mərasimində
vermişdi.
Xatırladım ki, 2018-ci ilin aprelində keçirilən
növbədənkənar prezident
seçkilərində yenidən
Azərbaycan xalqının
tam etimadını qazanmış
cənab İlham Əliyev bütün işlərində olduğu
kimi, xalqa verdiyi hər bir sözün arxasında qətiyyətlə
duraraq, ölkəmizin
qüdrətini daha da artırmaq, onu hərtərəfli inkişaf etmiş ən güclü dövlətlərdən birinə
çevirmək üçün
inamlı addımlarını,
başladığı böyük
proqramların həyata
keçirilməsini uğurla
davam etdirdi. Ötən dövr ərzində görülən işlərin
miqyası, ölkənin
idarə olunmasında
və digər sahələrdə dərin
islahatların aparılması
Azərbaycanın beynəlxalq
mövqeyinin getdikcə
güclənməsinə səbəb
oldu.
Xüsusilə, ölkəmizin müafiə
qüdrətinin artırılmasına
önəm verildi. Ordu quruculuğu
sahəsindəki islahatlar
özünü açıq
şəkildə büruzə
verirdi. Hərbi hissələrin əsaslı
təmiri, müsir tələblərə cavab
verən yenilərinin
yaradılması, hərbçilərin
sosial müdafiəsinin
daha da gücləndirilməsi
istiqamətində bir-birinin
ardınca yeni qərarların qəbul edilməsi, orduda hərbi vətənpərvərlik
ruhunun yüksəldilməsi
istiqamətində görülən
işlər işğal
altındakı torpaqlarımızın
azad olunacağına zəmin yaradırdı.
Ölkə rəhbəri
bu islahatlarla, demək olar ki, yeni idarəetmə
sistemi yaratmağa, cəmiyyətin inkişafına
əngəl olan bütün maneələri
qətiyyətlə aradan
qaldırmağa, xalqın
arzuladığı tam şəffaf
və demokratik bir sistem qurmağa
nail ola bildi.
2019-cu il tarixdə
dərin islahatlar ili kimi qalacaq.
Kadr və struktur dəyişiklikləri iqtisadi,
mədəni və sosial sahələrdə aparılan islahatlar ölkəmizin qüdrətini
daha da artırdı.
Yeni iş yerlərinin yaradılması
qarşıya qoyulan prioritet vəzifələrdən
olub. Bu vəzifənin
uğurla icra olunduğu bir vaxtda dünyanın başı üzərini koronavirus pandemiyası təhlükəsi aldı.
Hadisələrin gedişatı göstərdi
ki, dünya bu bəlaya qarşı mübarizəyə
tam hazır deyildi.
Sanki birdən-birə çaşqınlıq yarandı.
Təhlükə getdikcə geniş
miqyas aldı və əksər dövlətlərin iqtisadi
gücü tükəndi.
Ancaq ölkəmizdə həyata
keçirilən düşünülmüş
siyasi kurs xalqımızı bu sınaqdan alnıaçıq,
üzüağ çıxardı.
Təbii
ki, ilk növbədə,
dövlət başçımızın
siyasi iradəsi, praqmatik düşüncəsi
bu işdə mühüm rol oynadı. Pandemiya bəlası nəzərdə
tutulan layihələrin
icrasına mane ola bilmədi. Üstəlik, Azərbaycan 50-dən artıq dövlətə
humanitar yardım etdi.
Həmin dövrdə, eyni zamanda, işsizliklə bağlı mübarizədə
də ciddi addımlar atıldığı,
ödənişli sosial
işlərin yaradılması
geniş vüsət aldı. Hər rayon üzrə
kvotanın olduğunu
vurğulayan Prezident İlham Əliyev bəzi rayonlarda bu işlərə cəlb ediləcək insanların işlərə
cəlb olunmadığını,
əksinə, onlara çatacaq vəsaitin
rayon icra başçıları
və digər məsul şəxslər
tərəfindən mənimsənildiyini
bildirdi :
“Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət
məsuliyyətinə cəlb
edilmişdir, bəzilərinin
hökmü verilmişdir,
bəzilərinin işləri
məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan
üstün ola bilməz. Mən bütün icra
başçılarını vəzifəyə təyin
edərkən göstərişlərimdən
biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı
biz amansız mübarizə
aparmalıyıq və
icra başçıları
burada nümunə olmalıdırlar. Əfsuslar olsun
ki, bəziləri əyri yolla gediblər və bu gün bunun
acısını çəkirlər.
Bu, hər bir
dövlət məmuru
üçün dərs
olmalıdır”.
Hazırda regionlarda kənd təsərrüfatının inkişafı üçün də çox gözəl imkanlar var. Demək olar ki, hər bir rayonda müasir tələblərə uyğun kənd təsərrüfatı strukturu yaradılıb. Müasir aqrotexniki tədbirlərin tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etdirilir. Fermerlər onlara yaradılmış şəraitdən istifadə edir, əkib-becərdikləri məhsulları heç bir problem olmadan sata bilirlər. Təəssüf ki, bəzi məmurlar kəndliyə öz torpağından səmərəli istifadə etməyə imkan vermir. Dövlət başçımız da bu məsələni xüsusi vurğuladı. Dedi ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanaraq, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir: “Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Beləliklə də torpaq fondu azalırdı və torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır. Bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar var”.
Dövlət başçımız bütün bunlara qarşı ciddi mübarizə aparıldığını və bu işin bundan sonra da davam etdirilməsinin vacibliyini yeni təyin olunan icra hakimiyyəti başçılarının diqqətinə çatdırdı və qəti tapşırığını verdi: “Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi, bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik”.
İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimiz Azərbaycana qarşı edilən haqsızlığa, ədalətsizliyə son qoyuldu. Biz öz gücümüzlə tarixi ədaləti bərpa etdik, Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olduq. Hazırda müzəffər xalq kimi yaşayırıq. İşğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma, tikinti-bərpa, quruculuq işləri dünyanı heyran qoyub. Bütün bunlar öz vəsaitimiz hesabına həyata keçirilir. Bu, ölkəmizin gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirir. Dövlət başçımızın da qeyd etdiyi kimi, ölkəmiz bütün imkanlara malikdir – təbii sərvətlərimiz, coğrafi yerləşməmiz, beynəlxalq nüfuz, infrastruktur layihələri. İndiki şəraitdə – həm dünyada iqtisadi böhranın hökm sürdüyü, həm də digər narahatedici məsələlərin çoxaldığı bir vaxtda hansısa dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq: “İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın”.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2022.- 2 avqust.- S.3.