Azərbaycanın böyük potensialı və perspektivləri var

 

Böyük siyasət mümkün olanların əldə olunmasını hədəfə alır. Bu zaman hər bir peşəkar siyasətçidən yüksək ağıl, zəka, təmkin və qətiyyət tələb olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev çağdaş dünya siyasətində layiqli yeriböyük nüfuzu olan görkəmli dövlət xadimlərindəndir.

Dövlətimizin başçısının yüksək idarəçilik məharətinə heyran qalmamaq olmur. Sivil dünya da bunun fərqindədir. Dünyanın çox yerində cənab İlham Əliyevin Azərbaycanın parlaq gələcəyinə xidmət edən uğurlu daxilixarici siyasətini böyük maraqla izləyirlər.

Məlumdur ki, bu il iyulun 25-də Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Ra­yon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Mən qəbulu televiziyadan dərin maraqla izlədim.

Cənab İlham Əliyev dedi: “Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Azərbaycanın çox böyük perspektivləri var, çox böyük poten­sialı var, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərdən sonra. Bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi yerləşməmiz, beynəlxalq nüfuz, infrastruktur layihələri”.

Fəxrlə bildirmək istəyirəm ki, 2020-ci ilin fevralında 53 saylı Quba-Qusar seçki dairəsinin seçiciləri mənə böyük etimad göstərərək, Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçiblər. Mən ölkəmizin ali qanunverici orqanının təmsilçisi kimi, xarici ölkələrdə tez-tez oluram. Hər yerdə müstəqil Azərbaycanın, onun liderinin adının necə böyük qürurla çəkildiyinin şahidi oluram. Belə anlarda, əlbəttə, çox sevinirəm! Azad, güclü, qürurlu dövlətin vətəndaşı olmaq böyük səadətdir!

Bu gün Azərbaycan öz qədim və şanlı tarixinin ən şərəfli dövrünü yaşayır. Xalqımız həm Qarabağda yağı düşmənə qarşı döyüş meydanında, həm də tarixi Zəfərdən sonrakı böyük quruculuq dönəmində bitib-tükənməyən gücə və enerjiyə malik olduğunu nü­mayiş etdirib. Azərbaycan vətəndaşları sabaha böyük inamla baxırlar. Onlar inanırlar ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyilə ölkəmiz bundan son­ra da möhtəşəm qələbələr əldə edəcək.

Burada bir məqamı mütləq qeyd etmək istəyirəm. O məqam da bundan ibarətdir ki, Azərbaycanın yüksək inkişafı və tərəqqisi naminə tutduğu vəzifəsindən, cəmiyyətdəki statusundan asılı olmayaraq, hər bir peşə sahibi, hər bir vətənpərvər insan ölkəmizin bugünü və sabahı üçün əlindən gələni etməyə borcludur. Bəli, bu, bir danılmaz həqiqətdir ki, biz birlikdə güclüyük!

 

Anatoli RAFAİLOV,

 

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2022.- 2 avqust.- S.3.