İslahatlar Azərbaycanı dünya
elmində öncül sıralara
çıxaracaq
Prezident İlham Əliyevin bu il iyulun 28-də imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanın əsas məqsədi ölkəmizdə elm və təhsilin inteqrasiyasını sürətləndirmək və nəticədə, ölkəmizin hərtərəfli inkişafına nail olmaqdır.
Düşünürəm ki, bu, elm və təhsil sahəsində kompleks islahatların başlanğıcıdır. Müstəqil Azərbaycan dövlətinin və xalqımızın parlaq gələcəyi, ilk növbədə təhsilimizin inkişafından asılıdır. Hələ doqquz əsr əvvəl dahi Nizami yazırdı ki, “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”. Tarix sübut edib ki, Azərbaycan xalqı yüksək intellektli, zəkalı xalqdır. Ümid edirəm ki, bu sahədə başlanan islahatlar Azərbaycanı sivil dünyada təhsil sahəsində ən öncül mövqelərə çıxaracaq.
Bu məqamda xüsusi qeyd etmək lazımdır ki, elm və təhsil sahəsində islahatlar heç də bu vaxta qədər mövcud olan strukturların tamamilə ləğv edilməsi demək deyildir. Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyası qalır və bu qurumda bəzilərinin əsassız olaraq iddia etdikləri kimi ixtisarlar olmayacaq.
Daha dəqiq desək, Azərbaycan Milli Elmlər Akademiyası humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni, daha yüksək inkişaf prioritetləri ilə davam etdirəcək. Düşünürəm ki, bundan sonra da Milli Elmlər Akademiyasının üzərinə ciddi vəzifələr düşür. Bu qurum Azərbaycan elmində öz sözünü deməyi və yerini qorumağı bacarmalıdır.
Bu məqamda qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” da Azərbaycan universitetlərinin dünya universitetləri arasında top 800-də yer alması hədəflənib. Universitetlərin bu reytinqdə yer ala bilməsi üçün onların nəzdində tədqiqat universitetləri, mərkəzləri olması vacib şərtlərdəndir.
Bildiyimiz kimi, universitetlər reytinq cədvəlinə bir neçə parametrlə düşür. Bu parametrlərə cavab vermək üçün elmin və təhsilin vahid mərkəzdən idarə olunması zəruridir. Bütün bu qeyd olunanlar elm və təhsilin inkişaf etdiyi ölkələrin təcrübəsinin məhsuludur.
Prezident İlham Əliyevin müdrik liderliyilə Azərbaycan bu gün təkcə regionun deyil, bütün dünyanın ən yüksək inkişaf etmiş, qabaqcıl ölkələrindən birinə çevrilib. Zərrə qədər şübhə etmirəm ki, elm və təhsilimizdə aparılan islahatlar ölkəmizin tərəqqi və intibahını daha da sürətləndirəcək.
Minaxanım ƏSƏDLİ,
Azərbaycan Turizm və Menecment Universitetinin professoru,
tarix elmləri doktoru
Xalq qəzeti.- 2022.- 2 avqust.- S.3.