Ana dilimizin saflığını qorumaq borcumuzdur

 

Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxu­nulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.

 

İlham ƏLIYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevirbu dildə da­nışmağımla fəxr edirəm”. Bu ifadənin müəllifi ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra müxtəlif sahələrdə olduğu kimi, dil və əlifba sahəsində də islahatlara başlamışdır. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə qanun qəbul olundu, bu əlifbaya keçid prosesi 2001-ci ildə başa çatdırıldı.

Yeni qrafikalı əlifbanın tətbiqinin res­publikamızın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində önəmli hadisə olduğunu nəzərə alan ulu öndər Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzaladı. Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olundu. Bəli, dövlət müstəqilliyinin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qo­şulması baxımından yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri hesab edildi. Bu anlamda, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün milli təqvimə daxil edilməsi tarixi hadisədir.

Dil hər bir millətin öz simasını səciyyələndirən, fərqləndirən önəmli amillərdən birimilli sərvətidir. Azərbaycan dilinin dövlət dili sta­tusuna yüksəlməsi millətimizin öz taleyinin yiyəsi olduğunun, dövlətçilik ənənələrinin unudulmamasının, qo­runmasının – məşhur ifadə ilə desək, milli iradənin təntənəsi, xalq ruhunun cəsarətidir. Bu, eyni zamanda dilin zənginliyini sübut edir. Ana dilimiz milli varlığımızı müəyyən edən baş­lıca amillərdəndir. Qürur qaynağımız ana dilimiz dövlət atributlarımız kimi əzizdir, müqəddəsdir. Bu əzizliyə, müqəddəsliyə xidmət etmiş fikir adam­larımızı, yazarlarımızı, elm və dövlət xadimlərimizi dərin sayğılarla anırıq.

Dövlət müstəqilliyimizin bərpasından keçən 30 ildə görülmüş önəmli işlər öz yerində və gözəlliyində qalmaqla, ondan, təqribən bir o qədər öncələrə gedək: XX yüzilliyin 70 - ci illərinin ortalarından başlayaraq keçmiş SSRİ-nin tərkibindəki respublikaların ictimaisiyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyası­nın qəbulundan sonra milli dillərin sıxış­dırılması prosesi daha da güclənincə, ana dili məsələsinin təbliği ilə məşğul olmaq həqiqətən böyük cəsarət tələb edirdi. XX əsrin 30- cu illərində dil məsələsini qabardanlar repressiyaya məruz qalmışdı. Bütün olmuşlara, olanlaraola biləcəklərə baxmayaraq, məhz elə 70- ci illərdə Azərbaycan Res­publikasının o zamankı rəhbəri – ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini qətiyyətli şəkildə bildirmişdir. Belə ki, ümummilli liderin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitu­siyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” – maddəsi əlavə olunmuşdur! Dövlət dilinin inkişafı, qorunması və yüksək səviyyədə tətbiqi uğrunda ardıcıl mübarizə aparan ümummilli lider ziyalıları, yazarları, alimləri, ümumən xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə səfərbər etmişdir.

Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi yönündə müxtəlif üsul və vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, ana dilində nəşr edilən kitabların tirajının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədinə xidmət edirdi. Ümummilli lider dövlət dilinin yeni inkişaf dönəmində yaran­mış durumu nəzərə alaraq, 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna önəm daşıyan həmin fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş bilgiləri özündə ehtiva edir. 30 sentyabr 2002-ci ildə isə “Azərbaycan Respub­likasında dövlət dili haqqında” Qanun qəbul edilmişdir. Qanuna əsasən ana dilimizin dövlət dili olaraq işlədilməsi Azərbaycan Respublikasının müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayılır, dövlət onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünü ifadə ehtiyacla­rının ödənilməsi üçün zəmin yaradır.

Dərin məmnuniyyət hissi ilə vur­ğulayaq ki, ulu öndərin ana dilimizin qorunması üzrə siyasi xətti indiki ali dövlət rəhbərliyi tərəfindən sədaqətlə, ləyaqətlə davaminkişaf etdrilir. Prezident İlham Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam ilə latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlandı. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də, 30 dekabr 2007-ci ildə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarını məmnuniyyətlə qeyd edə bilərik.

Çağdaş dövrün tələblərini və gerçəkliklərini nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nı 9 ap­rel 2013-cü il tarixli sərəncamla təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının, zənginliyinin qorunması baxımından önəmli hadisədir. Adından da görün­düyü kimi, həmin dövlət proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırıl­ması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.

Bunları yazarkən, düşünərkən Azərbaycan dilinin elektron məkanda geniş istifadəsini təmin edən tədbirləri də unutmuruq. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi önəm daşıyır. Dövlət başçımızın 1 noyabr 2018- ci ildə imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq etməkdədir.

Qeyd edək ki, Prezident İlham Əliyev ana dilimizə, milli adət-ənənələrimizə, keçmişimizə daim böyük həssaslıqla yanaşır. Prezidentin, eyni zamanda, müxtəlif tədbirlərdə çıxış edərək həmişə Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə və milli-mənəvi dəyərlərimizə xüsusi qayğı ilə yanaşdığının şahidi oluruq. Dilçiliyimizdə mövcud olan bir sıra problemləri həll etmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı 2012-ci il 23 may tarixli sərəncamda Azərbaycan dilinin digər türk dilləri ilə əlaqələrinin öyrənilməsi, müasir dillərin nəzəri cəhətdən araşdırılması, ana dili­nin keçdiyi inkişaf mərhələlərini dolğun əks etdirən fundamental əsərlərin ya­ranması kimi məsələlər öz əksini tapıb.

 

Qənirə PAŞAYEVA,

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

 

Xalq qəzeti.- 2022.- 2 avqust.- S.4.