YAP – zərurətdən yaranmış partiya

 

Bu ilin noyabr ayında 30 yaşı tamam olacaq Yeni Azərbaycan Partiyasının təsis edilməsi dövlətçilik tariximizin ən əlamətdar hadisələrindən biridir. Bu, həqiqətən də gənc və müstəqil Azərbaycanın güclü dövlət olmaq yolunda atdığı zəruri addımlardan idi. 1992-ci il noyabrın 21-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.

Ölkəmiz dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, o vaxt çox ağır günlər keçirirdi. Respublika rəhbərliyi müstəqilliyi qoruyub saxlamaqda çətinlik çəkirdi. Faktiki olaraq, iqtidarın dövləti idarə etməyə gücü çatmırdı. Əlbəttə, indiki dövrdə heç kəs üçün sirr deyil ki, o vaxtkı iqtidarın xəyanəti, bəsirətsizliyi respublikanı uçuruma aparır, müstəqilliyimizi təhlükəyə atırdı. Prezident İlham Əliyev həmin dövrdən bəhs edərkən ən doğru ifadəni seçərək, o vaxt iqtidarda olan insanları “hakimiyyətə təsadüfən gələnlər” adlandırır.

Müstəqilliyin ilk illərində Azərbaycanda gedən xoşagəlməz proseslər, davam edən xaos, iqtisadi vəziyyətin gündən-günə ağırlaşma­sı, siyasi kursdakı boşluqlar həm müstəqilliyimizə, həm də dövlətçilik tariximizə böyük zərbələr vururdu. Bu elə həssas bir mövzudur ki, hər gün danışsaq, yazsaq da kifayət deyil. Belə ki, xalqın və dövlətin belə çətin günlərində Azərbaycan cəmiyyətinin tanınmış simaları, eləcə də ziyalılar, böyük hörməti olan ağsaqqallar ulu öndər Heydər Əliyevin ətrafında yum­ruq kimi birləşərək, ölkəmizin parlaq gələcəyi üçün ən doğru seçimi etdilər. Daha diqqətlə baxdıqda anlayırıq ki, bu yumruq Vətən müharibəsində Ali Baş Komandanın ətrafında birləşən, zəfərimizin simvoluna çevrilən “dəmir yumruğun ilkin prototipi, xalqımızın güclü iradəsinin rəmzi idi.

Həmin unudulmaz hadisəni gənc və müstəqil dövlətimizin siyasi tarixinin ən əlamətdar günlərindən biri adlandırsaq da, yanılmarıq. Azərbaycanda siyasi-ictimai sabitliyin təmin edilməsi məhz gərginliyin və xaosun, anarxiyanın, hərc-mərcliyin idarəolunmaz xarakter aldığı bir dövrdə ulu öndərin həqiqi və müdrik öndərliyi ilə tumurcuqlanmağa başladı. Heydər Əliyevin banisi olduğu partiyamız xalqın inandığı, güvəndiyi və arxalandığı siyasi gücə çevrildi.

Biz tez-tez belə bir fikrilə qarşılaşırıq: “Yeni Azərbaycan Partiyası zamanın tələbindən yarandı”. Həmin dövrdə yaşananları xatırladıqda görürük ki, bu partiya həqiqətən də zamanın tələblərindən yarandı.

Bu, o dövr idi ki, həmin vaxt ölkənin başsız qalması fəlakətlər törədirdi. Mövcud xaosu aradan qaldıracaq siyasi bir qüvvə yaranmasa daxili sabitlik də, müstəqillik də ciddi təhlükə altın­da qalacaqdı. Təsəvvür edin, yenicə müstəqillik qazanan, lakin heç bir lider­lik vəsfi olmayan rəhbərlər sayəsində inkişaf etmək əvəzinə gündən-günə geriləyən Azərbaycan dibsiz bir girdaba sürüklənirdi. Belə bir vaxtda Yeni Azərbaycan Partiyası həm xalqın, həm də dövlətçilik ənənələrimizin tək və əvəzsiz ümid yerinə çevrildi. Çox keçmədi ki, partiyamız qədim dövlətçilik ənənələrimizin keşiyində duran, milli mübarizəmizin simvolu olan siyasi qüvvə oldu. YAP Azərbaycanın həm qaranlıq günlərinin, həm də parlaq gələcəyinin çırağı oldu.

O dönəmdə yürüdülən siyasət, ölkə daxilində həyata keçirilən islahatlar o qədər həssas olmalı idi ki, həm xalqımı­zın ötən əsrin 90-cı illərinin əvvəllərində yaşadığı faciələrin yaralarına məlhəm olsun, həm də parlaq sabahlara bələdçilik etsin. Yeni Azərbaycan Partiyası da müstəqil dövlətimizin yeni inkişaf dövrünün bünövrə daşlarından biri oldu. Təsadüfi deyil ki, partiyamızın sədri, Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyev, YAP-ın fəaliyyəti ilə bağlı danışarkən qeyd edir ki, bu partiya təkcə Azərbaycanın deyil, ümumilikdə bütün Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.

Partiyamızın yarandığı dövr, həqiqətən də, xalqımız və dövlətimiz üçün olduqca həssas dövr idi. Ötən əsrin 90-cı illərinin əvvəllərindən ölkəmizdə köklü islahatlara ehtiyac var idi. Bütün sahələr üçün zəruri olan bu ehtiyac zəncirinin hətta hansı istiqamətdən başlanmalı olduğu da həqiqi mənada müzakirə və mübahisə mövzusu idi. Əlbəttə, bu barədə fikir ayrılıqları yaşanırdı. Bunlar arasında Azərbaycanın xarici siyasət kursunun konkret istiqaməti də istisna deyildi. Hər kəs öz bildiyinin ən doğru olduğuna inanır, dövlətin mənafeyindən çox öz “taxt”ının daş-qaşını düşünürdü. Həmin dövrə nəzər saldıqda aydın şəkildə görürük ki, ümummilli lider Heydər Əliyevin siyasi zəkası, müdrikliyi təkcə xarici siyasət istiqamətində deyil, bütün sahələrdə konkret və dəqiq gələcək proqramlarının hazırlanmasında, yeni layihələrin formalaşmasında mühüm rol oynamışdır. Azərbaycanın hazırkı inkişaf sürəti də məhz bu əməyin qarşı­lığıdır. Ölkəmizdə indi də Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Əlbəttə, müasir dövrün tələblərinə uyğun olaraq, bu siyasət ən uyğun şəkildə yenilənir, zənginləşdirilir. Biz əminliklə söyləyə bilərik ki, ölkəmizin uğurlu inkişafı məhz həmin illərdə atılan möhkəm təməllərin nəticəsidir.

Respublikamızda köklü infrastruktur layihələri reallaşdırılıb. Bu, layihələr biznes mühitinin yaxşılaşdırılmasına, xarici sərmayədarların Azərbaycana marağının artmasına və ümumilikdə iqtisadi inkişafın əldə olunmasına gətirib çıxarıb. Bütün bunların nəticəsində ölkəmiz dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə böyüyən, davamlı inkişaf edən ölkələrdən biri kimi tanınır. Əlbəttə, məsələnin siyasi sabitlik bucağı da var ki, bu da ölkəmiz və region üçün ən önəmli məsələlərdən biridir. Bu mənada Azərbaycan dünyada örnək təşkil olan ölkələrin önündə gəlir.

Ümumiləşdirsək, əminliklə deyə bilərik ki, müasir dövlətçilik ənənələrimizin təməlinin atılması, Azərbaycanın həqiqi dünya dövləti kimi formalaşması 1990-cı illərin ortaların­dan başlanmışdır.

Ölkəmizdə həyata keçirilərin islahatlar bütün sahələri əhatə edir. Prezident İlham Əliyevin partiyamı­zın VII qurultayında qeyd etdiyi kimi, 2003-cü ildən 2020-ci ilə qədər olan müddəti ölkəmiz üçün hazırlıq dövrü hesab etmək lazımdır. Azərbaycan bu illər ərzində həm iqtisadi müstəqilliyini möhkəmləndirdi, həm də ordu quru­culuğunda köklü sürətdə gücləndirildi. Ölkəmizin dünya arenasındakı nüfuzu artdı, Azərbaycan qlobal çağırışların, böhran və problemlərin həllində söz sahibi olan ölkələrdən birinə çevrildi.

Bütün bunların məntiqi nəticəsi kimi, torpaqlarımız işğaldan azad edildi. İllərlə yürüdülən xaricidaxili siyasət, inanılan və qətiyyətlə gedilən yol bizi Qarabağa, ötən əsrin 90-cı illərinin əvvəllərində yalınayaq tərk etdiyimiz torpaqlarımıza qaytardı. Biz öz açdığı­mız, qaçdığımız cığırlarla bu dəfə daha güclü geri qayıtdıq. Ordu quruculuğun­da əldə etdiyimiz inkişaf, xalqımızın və silahlı qüvvələrimizin Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi bizi vüsala yetirdi.

Əlbəttə, bizim ən böyük vəzifəmiz işğaldan azad edilən ərazilərdə Yeni Azərbaycan Partiyasının siyasətini, islahatlarını davam etdirməkdir. YAP Zəngilan rayon təşkilatı olaraq təmənnamız tezliklə öz doğma torpaqla­rımıza qayıtmaq, fəaliyyətlərimizi həmin ərazilərdə daha böyük əzmlə davam etdirməkdir.

 

Natiq QULUZADƏ,

 

YAP Zəngilan rayon təşkilatının sədri

 

Xalq qəzeti.- 2022.- 2 avqust.- S.4.