Elm və təhsil islahatları zamanın tələbidir

 

Ölkəmizdə təhsilin və elmin inkişafı yönündə köklü islahatların həyata keçirilməsi olduqca zəruridir. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli fərmanda elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur dəyişiklikləri əksini tapıb. Elm və təhsilin müasir tələblər səviyyəsində inkişafı baxımından böyük əhəmiyyətə malik olan bu sənəddə qarşıya yeni vəzifələr qoyulub.

AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov bildirib ki, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanında nəzərdə tutulan vəzifələrin icrası üçün müəyyən tədbirlər müəyyənləşdirilib. Bu tədbirlərin əsasən elm və təhsilin daha sıx inteqrasiyasına yönəldildiyini xatır­ladan akdemik, hər iki sahədə gedən proseslərin birgə aparılmasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Arif Həşimov, həmçinin uzun illər ərzində elm və təhsilin inkişafında belə bir inteqrasiyanın reallaşdırılması üçün müəyyən hazırlıq işlərinin görüldüyünü, təhsil sistemində bakalavriatmagist­ratura pillələrinin ayrıldığını vurğulayaraq deyib:Magistratura elmi dərəcə verilən bir pillədir. Əgər universitetlərdə bu pillə varsa, magistr hazırlanırsa, mütləq onlar elmi tədqiqatla əlaqəli olmalıdır. Bunların isə vəhdət şəkildə idarə edilməsi zəruridir. Çünki AMEA-da magistratura təhsilinin mövcudlu­ğuna baxmayaraq, tədqiqatların birgə aparılması və koordinasiya olunma­sı, mövzuların seçilməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və onların respublikamızın bu günü, saba­hı, gələcəyi üçün istiqamətləndirilməsi, bir mərkəzdən idarəsi məsələləri xüsusi əhəmiyyət kəsb edir”.

Akademik Arif Həşimovun sözlərinə görə, artıq elmi-tədqiqat institutları öz fəaliyyətlərində təhsilin inteqrasi­yasını bilavasitə görəcəklər. Onsuz da institutlarımızın əməkdaşları təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olurlar. Ancaq bu pedaqoji fəaliyyətin yeni yaradılan Elm və Təhsil NazirliyiElmAli Təhsil üzrə Dövlət agentlikləri ilə bilavasitə apa­rılması onun səmərəliliyinin daha da artırılmasına xidmət edəcək.

Akademikin sözlərinə görə, AMEA-nın fəaliyyətinə əvvəlki kimi diqqət daha da artacaq. Akademiya da öz qarşısına qoyulan vəzifələrin icrasında dövlətə söykənərək, onun qayğısını görərək daha da səmərəli fəaliyyət göstərəcək. AMEA respublikamız üçün elmi kadrların hazırlanmasında, elm və təhsilin inteqrasiyasında daha fəal iştirak edəcək. Yəqin ki, bunun nəticələri bir neçə ildən sonra daha dolğun şəkildə özünü göstərəcək.

AMEA-nın vitse-prezidenti, aka­demik İsa Həbibbəyli isə bildirir ki, Prezident İlham Əliyevin imzaladığı sözügedən fərman AMEA-nın qorunub saxlanacağına təminat verirbu istiqamətdə sorğulara, müzakirələrə son qoyur. Eyni zamanda, bu mühüm sənədlə akademiyanın hansı modeldə inkişaf edəcəyi reallaşır. Belə ki, dövlətimizin başçısının müvafiq fərmanı ilə müəyyənləşdirilən model müstəqillik dövründə, Azərbaycan cəmiyyətinin indiki inkişaf mərhələsində həm Elm və Təhsil Nazirliyinin inkişaf etdirilməsini, həm də AMEA-nın qorunub saxlanıl­masını, yeni fəaliyyət istiqamətlərinin aydınlaşdırılmasını şərtləndirir. Bununla da ölkəmizdə milli-mənəvi dəyərlərin, dövlətçilik atrubutlarının, ideologi­yasının, vətənpərvərlik tərbiyəsinin fundamental elmi əsaslarla öyrənilməsi gerçəkləşir. Həmçinin elm və təhsilin inteqrasiyası baxımından tamamilə yeni üfüqlər açılır.

Milli Elmlər Akademiyası elmin əlaqələndirilməsi şurasını, problem şuralarının idarə olunmasını bundan sonra da davam etdirəcək. Akademiya­da həqiqi və müxbir üzvlərin seçkilərinin keçirilməsi səlahiyyəti də AMEA-da saxlanılacaq.

Beləliklə, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Elm və Təhsil Nazirliyinin yaradılması elmin və təhsilin inteqrasiyası baxımından gələcəyə yönələn islahatyönümlü addımdır və bu, çox mühüm önəm daşıyır. Bu, həm də beynəlxalq təcrübəyə uyğundur. Belə ki, dünyanın bir çox ölkələrində elm və təhsil vahid mərkəzdən Elm və Təhsil Nazirliyi formatında idarə olunur və səmərə verir. Eyni zamanda, ölkəmizin reallığı da elm və təhsilin qarşılıqlı surətdə əlaqələndirilməsinə, bu sahələrin sürətli inkişaf etdirilməsinə töhfələr verəcəyinə inam yaradır. Buna görə də AMEA-nın kollektivi ölkəmizdə Elm və Təhsil Nazirliyinin yaradılmasını, idarəetmənin elm və təhsil sahəsində təkmilləşdirilməsini elmin və təhsilin inkişafı baxımından zəruri addım hesab edir.

Ekspertlər bildirirlər ki, Prezident İlham Əliyevin imzaladığı bu fərman AMEA-nın daha çevik fəaliyyət göstərməsini reallaşdıracaq. Akademiyanın bəzi institutlarının yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi də bu tədqiqat müəssisələrində yüksək nəticələr əldə edilməsini şərtləndirəcək.

Elm və Təhsil Nazirliyinin tərkibində yaradılan ElmAli Təhsil üzrə Dövlət Agentliyi elm və təhsilin inteqrasiyası­nı təşkil edəcək. Nazirliyin tabeliyinə keçən institutlarda da əməkhaqqı universitetlər səviyyəsində olacaq. Bu da gənc alimlərin elmə olan marağını stimullaşdıracaq.

Son dövrlərdə akademiyanın gənc alimləri sırf maliyyə məsələləri ilə bağlı olaraq işləmək üçün şirkətlərdə fəaliyyət göstərməyə can atırdılar. İndi sözügedən bu islahatların həyata keçirilməsi isə qeyd edilən problemlərin həllinə təkan verəcək. Bununla ya­naşı, akademiyada ictimai səviyyədə bölmələrin fəaliyyət göstərməsi də qısa müddətdə öz səmərəsini göstərəcək. İsrail, Qazaxıstan və dünyanın bir çox dövlətlərinin universitetlərində bu bölmələr ictimai səviyyədə fəaliyyət göstərir və bundan faydalar əldə edilir. Çünki bu, elm sahəsində çalışan alimlərin fəaliyyətlərini stimullaşdırır.

Beləliklə, istər müasir dünyanın çağırışları, istərsə də ölkənin yeni sosial-iqtisadi reallıqları kontekstində strateji əhəmiyyətə malik elm və təhsilin müasir tələblər səviyyəsində inkişafı baxımından fərman olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, müasir dövrdə bütün istiqamətlərdə həyata keçirilən strategiyaların, cəmiyyətin inkişafına təsir edən siyasi, sosial-iqtisadi, mədəni, meqalayihə və konsep­siyaların, innovasiya ekosistemlərinin əsasında, istisnasız olaraq, elmin və təhsilin inkişafı, o cümlədən yüksəkhazırlıqlı kadr potensialı dayanır. Buna görə də respublikada yeni reallığın yarandığı hazırkı şəraitdə elmi potensialın inkişafı strateji önəm daşıyır.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanı respublikanın elm və təhsil ictimaiyyəti qarşısında yeni mühüm vəzifələr müəyyənləşdirir. Şübhəsiz ki, respublikamızın elm və təhsil sahəsində çalışan hər bir əməkdaşı həmin vəzifələrin həyata keçirilməsi üçün bütün səyini, intellektual potensialını, inzibati-təşkilati, mənəvi-ideoloji resurslarını birləşdirərək, bu mühüm dövlət siyasətinin gerçəkləşməsində daha yaxından iştirak edəcək.

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2022.- 2 avqust.- S.5.