İnformasiya təhlükəsizliyi həyatımızın normasıdır

 

Bu gün heç bir cəmiyyəti informasiyasız təsəvvür etmək mümkün deyil. Dünya bir növ informasiya mübadiləsi, informasiya müharibəsi və informativ təsir havası ilə nəfəs alır, lokal şəbəkələr qloballaşaraq birləşir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dediyi kimi, müxtəlif təhdidlərin artdığı dünyada təhlükəsizlik məsələləri dövlətlər üçün prioritet sahəyə çevrilir və bu baxımdan informasiya təhlükəsizliyi xüsusi aktuallıq daşıyır.

Təəssüf ki, cəmiyyətin tərəqqisinə xidmət etməli olan informasiya sahəsinin özü də bəzən təhlükəsizlik tələblərinə laqeyd yanaşır, məsuliyyətsizlik nümayiş etdirir. Nəticədə həqiqəti əks etdirməyən məlumatlar tirajlanır və cəmiyyət arasında yanlış təsəvvürlər yaranır. Eyni zamanda, düşmən qüvvələrin dəyirmanına su tökülür. Məsələyə daha qlobal baxımdan yanaşsaq, informasiya təhlükəsizliyinə riayət olunmaması ölkənin beynəlxalq nüfuzuna ciddi xələl gətirir. Odur ki, necə deyərlər, qaş düzəldən yerdə göz çıxarmamaq üçün ilk növbədə informasiya təhlükəsizliyinin tələblərinə riayət etmək lazımdır.

Azərbaycan müstəqillik qazandıqdan sonra informasiya sahəsinin də milli təhlükəsizliyin əsas atributlarından biri kimi qorunması zərurəti yaranıb. 1998-ci il aprelin 3-də ulu öndər Heydər Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”' qanun imzalayıb. 2012-ci il sentyabrın 26-da Prezident İlham Əliyev “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” fərman imzaladıqdan sonra milli informasiya təhlükəsizliyi üzrə strategiyanın yeni mərhələsi başlanıb.

Həyat davam edir və zamanın yeni çağırışları hər bir sahəyə cari və perspektiv baxış bucağından yanaşmağı tələb edir. Ölkəmizdə informasiya texnologiyaları əsasında dövlət əhəmiyyətli məsələlərin həlli naminə müvafiq, modern informasiya infrastrukturu yaradılır. Həmin infrastruktur qlobal informasiya, o cümlədən, internet şəbəkəsində yer aldıqca kiberhücumların da hədəfinə çevrilir. Dövlətin, cəmiyyətin və vətəndaşların maraqları baxımından vacib hesab edilən məsələlərin həlli məqsədilə yaradılan kritik informasiya infrastrukturunun sistem və şəbəkələri sıradan çıxarılır və ya onların funksionallığı pozulur ki, bu da zərərsiz başa gəlmir.

Prezident İlham Əliyevin ötən il aprelin 17-də imzaladığı “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” fərman məhz ölkəmizdə həmin infrastrukturun tərkibinə daxil olan sistemlərin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmənin təhlükəsizliyinin gücləndirilməsi məqsədinə xidmət edir. Fərmanda təhlükəsizliyin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqan funksiyalarının verildiyi DTX ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin qarşısına konkret vəzifələr qoyulub.

İnformasiya təhlükəsi dedikdə sistemə dağılma, konfidensiallığın pozulması – sirrin üstünün açılması, xidmətdən imtina formasında ziyan vurulmasına səbəb ola bilən müdaxilələr nəzərdə tutulur. Bu, qəsdən də edilə bilir, bilməməzlikdən də. Təhlükəsizliyə barmaqarası münasibət ilk növbədə milli maraqların pozulması ilə nəticələnir. Bəzi telekanallar, elektron informasiya saytları, portallar, təəssüf ki, buna lazımi önəm verə bilmirlər. Unutmamalıyıq ki, informasiya təhlükəsizliyi zəruri ehtiyat tədbiridir, ölkənin, xalqın və nəhayət, hər bir vətəndaşın riayət etməli olduğu yaşam tərzi, sabitliyin qarantıdır.

Son vaxtlar media nümayəndələrinin və sosial şəbəkə istifadəçilərinin sosial məsuliyyəti problemi fəal şəkildə müzakirə edilir. Çünki bəzi xəbər saytları və sosial şəbəkə istifadəçiləri strateji əhəmiyyət daşıyan mövzularla bağlı hüquqi yanlışlıqlara yol verirlər. Yoxlanılmamış və həqiqəti təhrif edən məlumatları yayımlayan həmin saytlar, blogerlər və sıradan sosial şəbəkə istifadəçiləri süni rezonans doğurmaq xatirinə sosial məsuliyyət daşımadan alaçiy, bəzən də böhtan xarakterli yazıları geniş ictimaiyyətə təqdim edirlər. Xüsusilə də Azərbaycan Ordusu barədə həqiqətə uyğun olmayan bəzi məlumatlar tirajlanır, əhali arasında müzəffər Silahlı Qüvvələrimiz haqqında yanlış təəssürat yaratmağa cəhdlər edilir. Onlar fərqinə varmadan ajiotaj yaratmağa aludə olur və destruktiv informasiya mənbələrinə çevrilirlər.

Halbuki, bu sahədə çalışan hər kəsin, xüsusilə də cavabdeh şəxslərin borcudur ki, informasiya təhlükəsizliyinin prioritetlərini bilsin. Bu prioritetlər dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarının balanslı nisbəti əsasında müəyyənləşir. Ölkədəki siyasi, hərbi, fövqəladə və s. vəziyyətlərdən asılı olaraq bu nisbət dəyişə bilər. Hər bir halda sayıqlıq son dərəcə vacibdir.

Etiraf edək ki, Vətən müharibəsi zamanı ifrat vətənpərvərlik hissinin təsiri ilə bəzi onlayn televiziya və xəbər portallarında hərbi sirlərin yayılmasına yol verilib. Yəni informasiya təhlükəsizliyi pozulub. Bu gün də vətəndaşlarda informasiya mədəniyyətinin tərkib hissəsi olan informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması böyük aktuallıq kəsb edir. Nəzərə almaq lazımdır ki, bəzən dezinformasiya təhlükəli bir silaha çevrilir. Mövcud “İnformasiya təhlükəsizliyi”, “İnformasiya müharibəsi” terminləri hərbi sahədə daha çox istifadə edilsə də, digər uyğun sahələrdə də ön sırada qərarlaşmışdır.

Hərbi-siyasi sahədə informasiya müharibəsi silahlı döyüş qədər böyük önəm daşıyır. 2020-ci ilin payızındakı 44 günlük zəfər yürüşü zamanı Azərbaycan həm də bu sahədə sürəkli hücumları dəf etməli olmuşdur. Etiraf edək ki, milli mətbuatımız sırf peşəkarlıq baxımın­dan bu vəzifələrin öhdəsindən gəlmək gücündə deyildi. Qərbin ermənipərəst politoloqları, jurnalistləri, ekspertləri bütün mümkün informasiya, media resursları ilə üstümüzə yeridiyi halda, milli jurnalis­tikamız sanki aciz durumda idi. Yaxşı ki, bu zaman Azərbaycan Prezidenti İlham Əliyev özünün dərin zəkasını, soyuq məntiqini, strateji düşüncəsini, hazırca­vablığını, diplomatik-siyasi erudisiyasını ortaya qoydu, xarici jurnalistlərə verdiyi 30-dan artıq müsahibəsi ilə Azərbaycana qarşı informasiya müharibəsinin yay­lım atəşlərinə qarşı mətanətlə dayandı, bədxahları dəmir məntiqi ilə susdurdu, tərksilah elədi.

Hər bir jurnalist bu örnəkdən ibrət götürməli, informasiya müharibəsinin müsəlləh əsgəri olmağa, necə deyərlər, öz silahından bacarıqla istifadə etməyi öyrənməlidir. Elektron media vasitələri, xəbər portalları Qərb dövlətlərində, xüsusilə də Ermənistanın havadarı olan ölkələrdə Azərbaycan həqiqətlərini yaymağa xidmət edən informasiyalar, təhlili materiallar yaymalı, ölkəmizə qarşı hərzə-hədyan yürüşünə çıxan media vasitələri ilə peşəkarcasına çarpışmağı bacarmalıdırlar. Bu işə obyektiv, vicdanlı xarici politoloq, jurnalist və ekspertləri daha geniş cəlb etməlidirlər. Ölkə daxilində bir neçə beynəlxalq dildə xəbər, siyasi analitik məqalələr yayan, Azərbaycanı şərləyən qüvvələrə tutarlı, ciddi arqumentlərə söykənən cavablar verə biləcək güclü media qurumları formalaşmalıdır. Kimlərinsə bunun əvəzinə qalib Azərbaycan Ordusu haqqında mənfi təəssürat yaratmaq cəhdləri ən azı jurnalist məsləkinə xəyanətdir.

Obyektiv xarici hərbi analitiklərin bizim Silahlı Qüvvələrimizi “XXI əsrin ordusu” adlandırdığı, unikal döyüş texnologiyalarımızdan bəhs etdiyi bir vaxtda bəzi yerli sosial media istifadəçiləri tərəfindən ordunun nüfuzuna xələl gətirmək, dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi məramına kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyaların tirajlanması bəraəti mümkün olmayan korafəhmlikdən başqa bir şey deyil.

Əlbəttə, buna qarşı hüquqi müstəvidə də tədbirlər görülməsi zəruridir. Odur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu iyulun 27-də media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılmasının yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olduğunu diqqətə çatdırıb. Eyni zamanda, “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib. Qeyd edək ki, Baş Prokurorluq ilk dəfə deyil ki, belə xəbərdarlıqla çıxış edir. Xatırlayırıq ki, bu ilin yanvar ayında bəzi saytlar cəbhə xəttindəki hadisələr barədə yanlış informasiyalar yaydığına görə cərimə olunmuşdu. Amma xəbərdarlıqlara, cərimələrə və qanunun tələblərinə rəğmən onların yenidən yalan informasiyalar yayması, bəlkə də, xüsusi maraqlarının olmasını göstərir. Bu səbəbdən Baş Prokurorluğun tətbiq etdiyi xəbərdarlıq və digər sərt tədbirlər anlaşılandır.

Onu da deyək ki, sosial məsuliyyət anlayışı yalnız jurnalistlərin deyil, hər bir sosial şəbəkə istifadəçisinin də çiyninə düşən zəruri bir öhdəlikdir. Vətəndaş cəmiyyəti də gərək bu tələbə son dərəcə ciddi yanaşsın. Mətbuat azadlığını bəsit formada qavramaq olmaz. Bəli, əvvəllər bu sahədə bəzi boşluqlar var idi. İndi isə dövlət və qeyri-dövlət sektorlarında informasiya təhlükəsizliyinin təmin olunması üçün hüquqi-normativ aktlar daha təkmil forma alıb. Həm kiber hücumların qarşısının alınması ilə bağlı cinayət məcəlləsinin maddələri təkmilləşdirilib, həm də dövlət sirlərinin qorunması ilə bağlı qanunlara mühüm dəyişikliklər edilib.

Media sahəsində çalışan, özünü təsirli söz sahibi sayan və müxtəlif platformalardan kütləvi informasiyalar yayan hər kəs ilk növbədə sırf qanunlar çərçivəsində fəaaliyyət göstərməli, vacib xəbərləri cəmiyyətə ötürərkən dövləti və milli maraqları üstün tutmalıdır. Məsuliyyətsiz özbaşınalıq heç zaman özünü doğrultmur, gərəksiz başağrıları yaradır.

Bu sahədə fəaliyyətin günün tələbləri səviyyəsində, qüsursuz həyata keçirilməsi baxımından Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmana əsasən yaradılmış Medianın İnkişafı Agentliyinin (MEDİA) üzərinə xüsusilə böyük vəzifələr düşür. Yeni qurum fəaliyyətinin əsas istiqamətləri ilə yanaşı, vaxtaşırı olaraq sahəvi jurnalistika təlimləri, redaktorlar, informasiya yayıcıları üçün bu mövzuda seminarlar, maarifləndirici kurslar təşkil edir.

Bir xoşagəlməz tendensiya da bundan ibarətdir ki, kiminsə səhvlərlə dolu, dövlət və hərbi sirləri aləmə faş edən informasiyaları dərhal digərləri tərəfindən köçürülərək daha geniş auditoriyada yayılır və cəmiyyət arasında çaşqınlıq, dedi-qodu yaradır. Bu kimi plagiat hallara qarşı ciddi mübarizə aparılmalıdır. Çünki düşmənlərimiz bizim ənənəvi və elektron mətbuatımızı, informasiya resurslarımızı hər gün izləyərək, içindən “nəsə” tapır və ondan dövlətimizə, millətimizə qarşı yönələn xəbər mənbəyi kimi istifadə edirlər.

Unutmaq olmaz ki, media informasiyanın toplanması, emalı və yayılması üzrə məsuliyyət daşıyan əsas sosial institutdur. Əlinə qələm alan, barmaqlarını kompüter klaviaturasına toxundurub xəbər yazmağa başlayan, eləcə də sosial şəbəkələrdə “müdrik” şərhlər verən hər kəs müvafiq qanunları və əxlaq normalarını bilməli, onlara ciddi əməl etməlidir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2022.- 2 avqust.- S.5.