Azərbaycan kinosunun zəngin ənənələri var
2 Avqust
Milli Kino Günüdür
Milli kino sənətimiz zəngin inkişaf yolu keçmiş və mühüm nailiyyətlər qazanmışdır. Milli özünəməxsusluğu ilə seçilərək mədəniyyətimizin qızıl fonduna daxil olmuş ekran əsərləri kino salnaməmizin parlaq səhifələridir. Professional kino sənətinin bügünkü davamçıları builki peşə bayramlarını Azərbaycan kinosunun yaranmasının 125 illik, Bakıda ilk milli kinostudiyanın fəaliyyətə başlamasının 100 illiik və kino işçilərinin yeni tipli yaradıcılıq qurumu olan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının 10 illik yubileylərinə hazırlıq şəraitində qeyd edirlər.
Milli kino ənənələrinin qorunması və Azərbaycan kinematoqrafiyasının yeni şəraitdə fəaliyyət göstərə bilməsi istiqamətində son illər mühüm addımlar atılmışdır. “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” kino tariximiz üçün əhəmiyyəti baxımından ilk genişmiqyaslı mühüm sənəddir. Proqram çərçivəsində ötən dövr ərzində kino müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir. Bakı şəhərində Dövlət Film Fondu üçün ən müasir texnoloji avadanlıqlara malik yeni bina inşa edilmiş, Nizami Kino Mərkəzi dünya standartları səviyyəsində yenidən qurulmuşdur. Dövlət sifarişi ilə film istehsalı təkmilləşdirilmiş, milli kinonun kadr potensialının gücləndirilməsinə yönəlmiş müxtəlif layihələr gerçəkləşdirilmişdir. Son illərdə özəl kino sektorunda istehsal olunan filmlərin sayının və film çəkilişinə vəsait qoyuluşunun həcminin artması, eləcə də həmin filmlərin tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Tarixə müraciət etsək aydın olar ki, kinomuz dünyada tanınmış, bir çox filmlərimiz beynəlxalq mükafatlar qazanmışdır. Əlbəttə, Üzeyir bəyin əsərləri əsasında çəkilmiş filmlər xüsusi qeyd edilməlidir. 1916-cı ildə bəstəkarın "Arşın mal alan" operettası ilk dəfə ekranlaşdırılmış və 1917-ci il yanvarın 3-də "Forum" kinoteatrında nümayiş olunmuşdur. Bu, Üzeyir bəy yaradıcılığına Azərbaycan kinosunun ilk müraciəti idi. 1945-ci ildə çəkilmiş "Arşın mal alan" isə ilk milli filmimizdir ki, SSRİ dövründə Dövlət mükafatına layiq görülüb.
Sonrakı illərdə Üzeyir bəy yaradıcılığının ən gözəl nümunələrindən olan "O olmasın, bu olsun" (1956), "Leyli və Məcnun" operası ekranlaşdırılıb. Daha sonra isə yazıçı Anarın öz ssenarisi əsasında çəkdiyi dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edən “ Uzun ömrün akkordları" “Üzeyir ömrü” filmi Azərbaycan musiqi tarixinin böyük bir salnaməsinə çevrildi.
Ötən əsrin 80-ci illərindən başlayaraq ölkəmizdə baş verən ictimai-siyasi hadisələr milli kinomuzu böhran vəziyyətinə gətirmişdi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə incəsənətə olan diqqət artırıldı. "Kino haqqında qanunun qəbul edilməsi ilə dövlət ölkədə kinematoqrafıyanın hüquqi bazasını yaratmış oldu. Qeyd edək ki, MDB ölkələri arasında Rusiyadan sonra yalnız Azərbaycanda belə bir qanun qəbul edilib. Azərbaycanda kino çəkilişlərinə dövlətin qoyduğu vəsait ilbəil artırılır. 2007-ci il fevralın 20-də Prezident İlham Əliyev "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncam imzaladı. Bu sərəncam kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verdi.
Prezident İlham Əliyevin imzaladığı sərəncamda kino sahəsində məsələlərin həlli kompleks şəkildə qoyulur. Kinostudiyanın binasının müasir tələblərə cavab verən formada yenidən qurulması, ən yeni texniki avadanlıqlarla təchiz edilməsi, yeni kadr siyasətinin həyata keçirilməsi və digər bu kimi mühüm məsələlər həmin sənəddə öz əksini tapmışdır. Bundan sonra xarici kinorejissorların respublikamızda kino çəkilişləri aparmaları və digər məsələlər öz həllini tapmalı idi.
1996-cı ildə Azərbaycan Dövlət Film Fondu yaradılıb. Hazırda bu fondda 10 mindən artıq milli və xarici filmin kinolentləri saxlanır. Həmin filmlərin yüksək səviyyədə qorunmasını təmin etmək məqsədilə Dövlət Film Fondu üçün dünya standartlarına cavab verən beşmərtəbəli bina inşa edildi.
2010–2022-ci illər Azərbaycan kinematoqrafiyası üçün də bir çox uğurlarla yadda qalıb. Bu dövrdə kinonun inkişaf etdirilməsi, kino müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, onların işinin əlaqələndirilməsi və nəzarətin gücləndirilməsi istiqamətində müəyyən işlər görülüb.
10 il əvvəl yaradılmış Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqı ötən dövrdə milli kinomuzun və kino işçilərinin problemlərinin aradan qaldırılması, yaradıcılıq mühitinin sağlamlaşdırılması və canlandırılması, kino sahəsində dövlət siyasətinin uğurla gerçəkləşdirilməsi istiqamətində səmərəli fəaliyyət göstərir. Bu il ARKİ-nin paytaxtın mərkəzində münasib bina ilə təmin edilməsi qurumun həyatında yeni bir canlanma yaradıb. İttifaqın rəhbərliyi və üzvləri onlar üçün yaradılan bu əlverişli şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirməklə yanaşı, göstərilən yüksək qayğını milli kinomuzun tərəqqisinə xidmətlərini artırmaqla cavablandırırlar.
Kino sahəsində həmişəyaşar ənənələri ardıcıl davam etdirən Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqı davamlı olaraq milli kinomuzun tarixi günlərini, əlamətdar hadisələrini gündəmə gətirir, görkəmli kino xadimlərinin yubileylərini, xatirə günlərini təşkil edir, müxtəlif yaradıcılıq layihələri və kino müsabiqələri keçirir, yaradıcılıq uğurları ilə seçilən sənətkarları mükafatlandırır. Hazırda ittifaqın təşviqi və dəstəyi ilə xalqımızın Şuşa zəfərinə həsr olunmuş kino müsabiqəsi fəallıqla davam etdirilir. ARKİ-nin ölkənin kino məkanında təşəbbüskar, işgüzar və rəngarəng fəaliyyəti ildən-ilə yüksəlir.
İttifaq rəhbərliyinin bu yaxınlarda keçirilmiş son geniş iclasında 2 avqust Milli Kino Gününün təntənə ilə keçirilməsi ilə bağlı tədbirlər, qurumum təşkil edilməsinin 10 illiyi, milli kinomuzun bugünkü durumu, Zəfər Günü ilə bağlı irimiqyaslı yaradıcılıq prosesi ətraflı müzakirə olunub. İttifaqın sədri Şəfiqə Məmmədova əlamətdar günlərlə bağlı görülən təşkilati işlər barədə məlumat verib.
Daha sonra İttifaq tərəfindən hər il təqdim edilən Milli Kino Mükafatı və tanınmış kino xadimlərinin ARKİ tərəfindən mükafatların təqdim edilməsi, habelə fəxri adların verilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib. Müzakirələrdə ARKİ İdarə Heyətinin katibləri Oktay Mirqasım, Vaqif Mustafayev, Ayaz Salayev, Cəmil Quliyev, Müşfiq Hətəmov, Nəriman Məmmədov, Azər Quliyev, tanınmış kino xadimləri Rafiq Nəsirov, Rafiq Qəmbərov, Əbdül Mahmudov və Şamil Əliyev müzakirə olunan mkəsələlərlə bağlı dəyərli təklif və mülahizələrini bildiriblər.
Milli kinomuzun son dövrdəki uğurları ilə bağlı bildirək ki, “Salnamə” sənədli filmlər studiyasında “Mən evimə qayıdıram”, “Mahmud və Məryəm” (Azərbaycan-Türkiyə) bədii filmləri, “Qafqaz qartalının uçuşu”, “15 ispaniyalı Bakıda” (Azərbaycan-İspaniya), “Əbədiyyət yolu”, “İz… Qala”, “Şərəf və vicdan”, “Parisdən məktublar”, “Lahıc etüdləri”, “Ömrümün simfoniyası”, “Müşketyor”, “Qalibiyyət”, “Vətən qeyrəti”, “Dağlar qoynunda şəhər” (“Lahıc etüdləri”), “Qafqazdan Appeninə”, “Nəğmə dolu bir ürəyəm” və başqa sənədli filmləri çəkilib. Eyni zamanda, “Salnamə” studiyasının alman kinematoqrafçıları ilə birgə çəkdiyi və XIX-XX əsrlərdə Azərbaycanda yaşamış almanların həyatına həsr edilmiş “Ümid yeri” sənədli filminin təqdimatı Almaniyada və Bakıda təşkil olunub.
Eyni zamanda, kinostudiyalar tərəfindən Azərbaycanın milli qəhrəmanları silsiləsindən onlarca ekran əsərinin istehsalı başa çatdırılaraq təhvil verilib. Yeni filmlərimizi ölkə tamaşaçılarına təqdim etmək məqsədilə görülən tədbirlər çərçivəsində Azərbaycanın bir sıra bölgəsini əhatə edən Kino həftəsi keçirilib.
Ötən dövr ərzində dövlət sifarişi ilə istehsal olunmuş bir neçə bədii filmimiz beynəlxalq kinofestivallarda iştirak edib. Gənc kinematoqrafçılarımızın çəkdikləri qısametrajlı bədii filmlər İsveçrə, Dubay, Rusiya və Ukraynada, Gürcüstan, Çexiya, Almaniya, Polşa, Rumıniya və İranda keçirilən beynəlxalq kinofestivallarda nümayiş etdirilib. Azərbaycanda Rusiya, Türkiyə, Özbəkistan, Tacikistan, İran kinosu günləri təşkil olunub. Həmçinin Gürcüstan, Macarıstan, Türkiyə, Rusiya və bir sıra ölkələrdə Azərbaycan kinosu günləri keçirilib.
Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir və ictimai xadim Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilən “Sübhün səfiri” bədii filminin Tbilisi şəhərində təqdimatı olub. “Azərbaycanfilm” kinostudiyasında Eldar Quliyevin çəkdiyi “İstanbul reysi” bədii filminin təqdimatı isə Heydər Əliyev Sarayında təşkil edilib. Nizami Kino Mərkəzində Xalq yazıçısı Elçinin ssenarisi əsasında Azərbaycan-Türkiyə birgə istehsalı olan “Mahmud və Məryəm” bədii filminin təqdimat gecəsi keçirilib. Ölkəmizdə təşkil olunan Beynəlxalq Turizm, Bakı Beynəlxalq İdman filmləri festivallarında onlarca ölkəni təmsil edən ekran əsərləri nümayiş etdirilib.
Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına ötən dövr ərzində “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 230-dan çox beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb.
Azərbaycan mədəniyyətinin aparıcı sahələrindən biri olan kino sənətinin inkişafı və modernləşdirilməsi istiqamətində sistemli islahatların həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 1 mart tarixli sərəncamına əsasən hazırlanmış və kino sahəsinin bütün istiqamətlərində islahatların aparılmasını nəzərdə tutan “Azərbaycan kinematoqrafiyasının İnkişaf Konsepsiyası” hazırlanmışdır.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Bu qurum Mədəniyyət Nazirliyi tərkibində fəaliyyət göstərəcək.
Digər problem isə prokat məsələsidir. Çəkilən
filmlərin prokatı
təşkil olunmur. Yəni milli və xaricdən
alınan filmlər kinoteatrlarda və lisenziyası olan telekanallar vasitəsilə
nümayiş etdirilməlidir.
Lakin hazırda həmin filmlər piratçılıq
yolu ilə əldə edilərək
evlərdə baxıldığına
görə kinoteatrlara
gedən yoxdur. Prezidentin imzaladığı sərəncamda
pirat filmlərin nümayişinə də
qadağa qoyulub.
Bu günlər Birinci
və İkinci Qarabağ müharibələri
haqqında yeni fılmlər yaradılır,
ssenarilər üçün
müsabiqələr keçirilir.
Kino ilə bağlı
görülən davamlı
tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan
kinosu əvvəlki şöhrətini özünə
qaytara biləcək.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2022.- 2 avqust.- S.7.