İslahatlar əhalinin sosial
rifahının yaxşılaşdırılmasına istiqamətlənib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın 3 illiyi münasibəti ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində toplantı keçirilib. ƏƏSMN-nin, ali təhsil müəsissələrinin, Azərbaycan – Türk İş Adamları Birliyinin (ATİB) rəhbər şəxsləri və tədqiqat mərkəzlərindən nümayəndələrin iştirak etdiyi tədbirdə Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, nazirliyin tabeliyində publik hüquqi şəxs olaraq yaradılan Milli Observatoriyanın sosial islahatlar prosesində önəmi vurğulanıb.
Əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsi, inkişaf meyillərinin öyrənilməsi üzrə monitorinqlərin aparılması, səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlanması istiqamətlərində qurum tərəfindən məqsədyönlü işlərin görüldüyü qeyd edilib. Observatoriyanın nazirliyin təlim bazası kimi də peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtibində əhəmiyyətli rolu diqqətə çatdırılıb.
Tədbirdə əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində qurumun fəaliyyətindən bəhs edilib. Qurumun apardığı tədqiqatlara dair məlumatlar verilib. İşçilərin fəaliyyətinin qiymətləndirilməsi, eləcə də göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi və optimallaşdırılması üzrə xidmətlərin də hazırlanmaqda olduğu qeyd edilib. Həmçinin observatoriyada keçirilən təlimlərdən bəhs olunub. Sorğu müayinə mərkəzi olaraq qurumda yeni xidmətlərin bazar araşdırmasının, vətəndaş və işçi məmnuniyyəti sorğularının həyata keçirildiyi də bildirilib. Vurğulanıb ki, Milli Observatoriya təhlil və tədqiqat mərkəzi olaraq regionda aparıcı beyin mərkəzlərindən birinə çevrilməyi hədəfləyir.
Qeyd edək ki, vətəndaşların istirahətinin təşkili məqsədilə aparılan işlər də məmnunluq doğurur. ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin növbəti mərhələsi çərçivəsində turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara, Lerik rayonlarında kənd qonaq evləri kimi fəaliyyət göstərəcək yeni sahibkarlıq subyektləri yaradılır. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir. Kənd turizminin inkişafına və kəndlərdə məşğulluğa dəstək məqsədi daşıyan layihənin yeni mərhələsində həmin rayonlarda turistlər üçün kənd qonaq evləri kimi fəaliyyət göstərəcək 50 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulur. Bunun üçün ilk növbədə uyğun namizədlərin seçimi aparılıb və onlar turizm – xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün təlimlərə cəlb olunub. Turizm obyekti kimi istifadə olunacaq ərazidə də təmir işləri aparılıb. Son mərhələ olaraq, bugünlərdə həmin namizədlərə Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramının aqroturizm zərfi üzrə qonaq evi üçün lazım olan avadanlıqların (divan, kreslo, stol – stul və yataq dəstləri, mebel avadanlıqları, soyuducu, kondisioner, mətbəx ləvazimatları, televizor və s. ) verilməsinə başlanıb.
Qeyd edək ki, layihənin ilk mərhələsi olaraq, ötən il İsmayıllı rayonunda 15 kənd qonaq evi yaradılaraq avadanlıqlarla təchiz olunub. 15 ailə üzrə 40 nəfərə yaxın qadın və gəncin məşğulluğu təmin edilib ki, bu da onların ailə büdcəsinə xeyli kömək deməkdir. Həmçinin 300-ə yaxın kənd sakini sahibkarlıq və özünüməşğulluq imkanları barədə məlumatlandırılıb.
Xatırladaq ki, ƏƏSMN- nin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində bir il əvvəl yaradılan məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi fəaliyyət göstərir. Yaxınlarından, birgə yaşadığı şəxslərdən şiddət və zorakılıq görən insanlar məhz həyatının çətin məqamında sosial dəstək üçün etimad göstərib müraciət edə biləcəyi ünvanı axtarır. Həmin müəssisə belə şəxslər üçün etimad ünvanıdır. Burada reabilitasiya olunan şəxslər müasir standartlara uyğun şəraitdə sosial xidmətlərlə, sosial – hüquqi və psixoloji dəstəklə əhatə olunurlar. Hazırda şöbədə 45 şəxsin reabilitasiyası işləri aparılır.
Yeri gəlmişkən, qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə genişmiqyaslı sosial dəstək tədbirlərinin bir istiqaməti kimi şəhid ailələri və müharibə iştirakçılarından ibarət 13,5 min şəxs aktiv məşğulluq proqramlarına, o cümlədən 8 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Bugünlərdə Dövlət Məşğulluq Agentliyi tərəfindən Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərindən ibarət daha 65 şəxs peşə hazırlığı kurslarına cəlb edilib. Kurslar əmək bazarının tələblərinə uyğun peşələr üzrə təşkil olunub. Peşə hazırlığına cəlb olunan işsiz şəxslərə kurs keçdiyi dövrdə agentlik tərəfindən minimum əməkhaqqı məbləğində aylıq təqaüd ödənilir. Peşə kurslarını başa vuranların isə məşğulluğunun təmin olunması işləri aparılır.
Dövlət başçısının tapşırıqları əsasında son illər aparılan köklü sosial islahatlar insanların rifahının yaxşılaşmasına istiqamətlənib. Bu islahatlar sosial ödənişlərin, o cümlədən Prezidentin aylıq təqaüdü ilə təmin olunanların da əhatə dairəsini xeyli genişləndirib. 2022-ci ilin 1 iyul tarixinə Prezidentin aylıq təqaüdü ilə təmin edilən şəxslərin sayı ötən ilin müvafiq dövrünə (286,7 min nəfər) nisbətən 26,3 faiz, 4 il əvvələ (58 min nəfər) nisbətən isə 6,2 dəfə artaraq 362 min nəfərə çatıb.
Qeyd edək ki, son 4 ildə sosial ödənişlərin ciddi şəkildə artırılması ilə yanaşı, yeni təqaüd növləri də yaradılıb: müharibə veteranları, birinci dərəcə əlilliyi olan şəxslərə və əlilliyi olan 18 yaşadək şəxslərə qulluq edənlər, digər kateqoriyalar üçün aylıq təqaüdlər təsis olunub. Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək tədbirləri çərçivəsində həmin müharibənin şəhidlərinin ailə üzvləri, Vətən müharibəsinin veteranları, o cümlədən Vətən müharibəsi əlillərindən ibarət 94 min şəxsə 104 min sosial ödəniş təyin olunub. Həmin ödənişlərin mühüm hissəsini Prezidentin aylıq təqaüdləri təşkil edib.
Bu ilin 6 ayında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artım baş verib. Sistemli sosial-iqtisadi islahatların nəticəsi kimi qeyri-leqal məşğulluğun azalması dinamikası, məşğulluq imkanlarının, əməkhaqlarının ardıcıl artımı sosial sığorta daxilolmalarının da davamlı artımına imkan verib. Bunun daha bir göstəricisi kimi deyə bilərik ki, DSMF gəlirlərində sosial sığorta daxilolmaları son 6 ayda 21 faiz artıb. Həmin daxilolmalarda davamlı artım və fondun fəaliyyətinin optimallaşdırılması, şəffaflığın təminatı dövlət büdcəsindən dövlət öhdəliklərinin ödənilməsi üçün DSMF-yə transfer məbləğinin də 2022- ci ilin yanvar – iyun aylarında 8,55 faiz azalmasına imkan verib. Ümumilikdə son 4 ildə sosial ödənişlərin davamlı artımına baxmayaraq, dövlət büdcəsindən transfert məbləğinin DSMF büdcəsində payı 4 il əvvəlki 38 faizdən 17,6 faiz azalmaqla fondun tarixində ilk dəfə olaraq 20,42 faizə enib. Bu da DSMF- nin maliyyə müstəqilliyi və dayanıqlılığının gücləndirilməsi istiqamətində mühüm irəliləyişə nail olunduğunu göstərir.
2022- ci ilin yanvar – iyun aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz (104 milyon manat) çox olmaqla 2 milyard 443 milyon manat vəsait yönəldilib. Bu ilin əvvəlindən növbəti artım olaraq, minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılıb. 2022- ci ilin əvvəlindən pensiyaların sığorta hissəsi indeksləşdirilib və sığorta prinsipi ilə pensiya alanlara bu il üzrə 200 manat maddi yardım ayrılıb. Habelə qulluq stajına görə əlavələr alan pensiyaçılara bu ilin əvvəlindən pensiyalarının 10 faizi məbləğində aylıq maddi yardım ödənilir. Həmin artımlar üçün illik 440 milyon manat əlavə vəsait ayrılıb.
Qeyd edək ki, son 6 ayda pensiyaların orta aylıq məbləği 11 faizədək artaraq 364 manata, yaşa görə orta aylıq pensiya isə 10,2 faiz artaraq 395 manata çatıb. 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb. Ötən dövrdə 64 mini pensiya, qalanı müavinət və təqaüd olan 430 min, o cümlədən bu ilin yanvar – iyun aylarında 15,6 mini pensiya, qalanı müavinət və təqaüd olan 160 min təyinat proaktiv olaraq e-qaydada aparılıb. Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2022- ci ilin 6 ayında da davam edib. Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin birinci yarımili ərzində həmin sosial təminat növləri üzrə əhaliyə 3 milyard 247 milyon manat vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz və ya 235,3 milyon manat çoxdur.
Aparılan islahatlar, həyata keçirilən dövlət proqramları, reallaşdırılan layihələr və bir çox sosialyönümlü tədbirlərin məqsədi ölkə əhalisinin yaşayışının yaxşılaşdırılmasına istiqamətlənib. Məhz buna görə də vətəndaşlarımızın rifahı getdikcə yaxşılaşır və onlar daim ölkə rəhbərinə minnətdarlıqlarını ifadə edirlər.
Zərifə
BƏŞİRQIZI
Xalq qəzeti.- 2022.- 2 avqust.- S.7.