Türk xalqları ədəbiyyatı” dərsliyi özbək dilində

 

1991-ci ildə sovet imperiyasının dağılması ilə SSRİ məkanında yaşayan türk­dilli xalqlar da özlərinin dövlət müstəqilliyini elan etmiş və dünyanın suveren dövlətləri sırasında yer almışlar. Məlum olduğu kimi, sovet hakimiyyəti dövründə türk milli-mənəvi dəyərlərinin təbliği və öyrənilməsi bu ittifaqa daxil olan bütün respublikalarda, o cümlədən ölkəmizdə də sərt qadağa və məhdudiyyətlərlə üzləşmişdir.

Azərbaycan ali məktəblərində sovet dövründə ilk dəfə tədris planına salınmış “Türk xalqları ədəbiyyatı” fənni həmin dövrdə müəyyən çərçivələrdən kənara çıxa bilməsə də, müstəqillik əldə olunduqdan sonra türk xalqlarının ədəbiyyatı mədəni-ədəbi əlaqə və bağlılıq şəraitində tədris olunmağa başladı. “Türk xalqları ədəbiyyatı”nın tədrisi zamanı türk xalqlarının qohumluq əlaqələrindən irəli gələn ədəbi ənənə məsələləri vacib şərtlərdən biri kimi nəzərə alındı.

Qeyd etməliyik ki, hazırkı dövrdə türk mədəniyyət və ədəbiyyatının təkcə hər hansı konkret milli türk zəminində yox, ümumtürk səviyyəsində öyrənilməsi vacibdir. Türklərin bəşər sivilizasiyasının inkişafında, dünya ədəbi-bədii fikrinin formalaşmasında oynadığı müstəsna rolu nəzərə alsaq, bu xalqın zəngin ədəbiyyatının öyrənilməsinin zəruriliyi bir daha meydana gəlir. Bu baxımdan türk xalqlarının zəngin ədəbi-bədii nümunələri həm ümumtürk konsepsiyası, həm də milli türk ədəbiyyatının özünəməxsusluğu, fərdi yaradıcılıq xüsusiyyətləri yönündən tədris olunmalıdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Elman Quliyevin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dərslik kimi təsdiqlənmiş, ayrı-ayrı vaxtlarda təkmilləşdirilərək bir neçə dəfə çap olunmuşTürk xalqları ədəbiyyatı” kitabı bu sahədə ölkənin bütün ali məktəblərində istifadə olunan yeganə dərslikdir. Tədris proqramına uyğun yazılmış dərslikdə türk xalqları ədəbiyyatının (türk, özbək, türkmən, qazax, qırğız, tatar, İraq-türkman) yaradıcılıq mərhələləri, ayrı-ayrı görkəmli sənətkarlarının həyat və yaradıcılıqları geniş şəkildə tədqiq və təhlil olunmuşdur.

Mütəxəssislər və filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş, uzun illərdir ki, ali məktəb tələbələrinin faydalandığı “Türk xalqları ədəbiyyatı” dərsliyi 2022-ci ildə Özbəkistan Respublikası Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilinə tərcümə olunaraq nəşr edilmişdir (“Turkıy xalqlar adabıyotı”, Toshkent, “Renessans press”, 2022, 456 s.).

Nəşrin layihə rəhbəri Özbəkistan Respublikası Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, məsul redaktoru Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Şöhrət Sirajiddin, məsləhətçi və rəyçi filologiya elmləri doktoru Nurboy Jabbarovdur.

Türkdilli dövlətlərin bir çox universitetlərində tədris vəsaiti kimi istifadə olunacaq bu dərslik türkdilli xalqların ədəbiyyatının geniş şəkildə təbliği və öyrənilməsi sahəsində müstəsna əhəmiyyətə malikdir. Bu dəyərli dərsliklə bağlı deyə bilərik ki, ciddi türkoloji tədqiqatların və gərgin əməyin nəticəsi kimi meydana gələn professor Elman Quliyevin hazırladığı “Turkıy xalqlar adabıyotı” adlı dərslik qısa vaxt ərzində özbək tələbələrinin də faydalana biləcəyi ən dəyərli vəsaitlərdən birinə çevriləcək.

Dərslikdə mifoloji-epik baxışların nəticəsi kimi meydana gələn türk dastanları haqqında geniş məlumat verilmiş, İraq-türkman, o cümlədən, digər türk xalqlarının yaratmış olduqları dastanların da türk mədəniyyətinin təməl daşıyıcılarından biri olmaqla yanaşı, həmin xalqların milli kimliklərinin təsdiqi, ictimai-siyasi baxışlarının və epos təfəkkürünün göstəricisi olmaq cəhətdən böyük əhəmiyyəti vurğulanmışdır.

Kitabda, eyni zamanda, Əhməd Yəsəvi, Yusif Balasaqunlu, Əhməd Yuqnəki və s. türk dahilərinin həyat və yaradıcılıqları işıqlandırılmış, Qaraxanilərin hakimiyyəti dövründə ictimai-siyasi vəziyyət və türk dilinin inkişafına şərait yaradılması məsələlərinə xüsusi yer ayrılmışdır. Mahmud Kaşqarlının “Divani-lüğət-it-türk” əsərinin dil və ədəbiyyat nümunələrini əks etdirmək baxımından əhəmiyyəti isə eyniadlı oçerkdə öz əksini tapmışdır.

Dərslikdə, həmçinin XII əsrə qədərki Türkiyə türk ədəbiyyatının mərhələləri və inkişaf xüsusiyyətləri, türk təsəvvüf ədəbiyyatı və onun əsas xüsusiyyətləri, Anadolu təsəvvüf ədəbiyyatı geniş araşdırılmışdır. Mövlana Cəlaləddin Ruminin həyat və yaradıcılığı, onun ictimai-fəlsəfi görüşləri, “Məsnəvi” poeması, Sultan Vələd və Yunis İmrənin dünyagörüşü, onların yaradıcılığında islam inamı məsələləri tələbələrin daha asan mənimsəyəcəyi formada təqdim olunmuşdur.

Kitabda türk tayfaları arasında özünün tarix və mədəniyyətinin qədimliyinə, zənginliyinə görə seçilən özbəklərin çoxəsrlik ədəbiyyatı sistemli şəkildə təhlil edilmiş, klassik türkmən ədəbiyyatının görkəmli nümayəndəsi Dövlətməmməd Azadinin “Vəzi Azadi”, “Behiştnamə”, “Beş namaz”, “Cabir Ənsar” poemaları, o cümlədən məsnəvi, qəzəl və rübailəri haqqında məlumat verilmiş, XVIII əsr türkmən realist ədəbiyyatının yaradıcısı Məxtumqulu Fəraqinin həyatı və zəngin yaradıcılığı hərtərəfli təhlil olunmuşdur.

 

Aytən ABBASOVA,

 

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2022.- 7 avqust.- S.6.