Bir əsrdə 3 dəfə repressiya olunmuş qədim türk yurdu

 

Nüvədililərin deportasiyasından 31 il keçir

 

Qərbi Zəngəzurun Nüvədi kəndinin erməni işğalçıları tərəfindən ələ keçirilməsindən, əhalisinin əsrlər boyu yaşamış olduğu qədim türk torpağından vəhşicəsinə qovulmasından 31 il keçir. Dağlıq Qarabağ münaqişəsinin ilk 4 ilində saysız-hesabsız basqın və vəhşiliklərə mərdliklə dözmüş, Qərbi Azərbaycanda soydaşlarımızın sonuncu kəndi qeyrət qalası kimi qorumuş nüvədililər amansız düşmənin güclü hücumu qarşısında köməksiz qalıb, 1991-ci il avqustun 8-də doğma ev-eşiklərini tərk etməyə məcbur oldular. Nüvədi zor gücünə, amansızlıqla işğal olunsa da, nüvədililərin yurd sevgisi, Vətənə bağlılığı, misilsiz dözüm və dəyanəti tarixə yazıldı.

Nüvədi Araz çayının sol sahilində, Azərbaycanı Naxçıvan Muxtar Res­publikası ilə bağlayan MincivanCulfa dəmir yolu xəttinin Şimal tərəfində Tutlar dibi adlanan ərazidə yerləşirdi. Kəndin ortasından axıb keçərək Araza tökülən Nüvədi (Sələnc) çayı əbədi həyat mənbəyi kimi çağlayır, bu yerdə füsünkar bir mənzərə yaradır­dı. Qədimdən burada məskunlaşmış əhalinin əsas peşəsi maldarlıq olmuş­dur. Sonralar isə çətin təbii şəraitə davam gətirə bilməyib qonsu dag kəndlərindən Nüvədiyə köcüb gələn soydaşlarımız üzüm, əncir, nars. meyvələrdən ibarət bağlar salmışdılar.

Dadları ilə ad almış bu meyvə ağac­ları cənublu şairimiz Seyid Əbülqasim Nəbatinin ( 1812-1873) yaşamış olduğu Qaradağın Dizmir mahalının Üştibin qəsəbəsindən gətirilmişdi. Elmi ədəbiyyatda Atdişi adlanan nadir, şirəli, iri dənəli nar isə Arazın o tayındakı Yez kəndindən alınmışdı. Həmin narı nüvədililər bu gün də məskunlaşdıqları ərazilərdə becərib yetişdirir, doğma yur­dun qoxusunu ondan alırlar. Nüvədinin meyvələri kimi, çirişi və caşırı, qozu və təbii balı da adla deyilirdi.

O ki qaldı soydaşlarımızın bu yerlərdə ilk məskən salıb yaşamalarının tarixinə, bu, başlanğıcı Azıx mağarası və Quruçay vadisi ətrafında yaşamış ən qədim əcdadlarımızla bağlamağa hər cür elmi-mədəni əsas var.

Ulu babalarımızdan bizə çatan bilgilərə görə, nüvədililər bu qədim yaşayış məskəninə yaxınlıqdakı Hüseyn bəy çəmənliyindən, başlanğı­cını Miyanbutun dağının ətəklərindəki Kəndçayı kəndindən köçüb gəlmişlər. Nüvədi kəndi bu ərazilərdə ötənlərin qovğalarında xarabalığa çevrilmiş Ata­man, Angizet, Qarçinik, Ernəzir, Sultan Səlim kimi qədim kəndlər hesabına yaradılmışdır. Bu barədə kənd müdriki usta Vəlinin ocağında yurd sevgisi dərsi almış jurnalist-pedaqoq Əli Vəlioğlunun “Halal çorək” povestində geniş bəhs edilmişdir. Onuncu ulu babamız Əbil kişiyə I Şah Abbasın (1587-1629) dövründə məlik rütbəsi verilmişdir.

Nüvədililər öz kəndlərinin əsasının qoyulmasını iki əfsanəvi şəxsin –Məlik Əbil və Məlik Abbasın adı ilə əlaqələndirirlər. Çox-çox illər əvvəl bu iki əmioğlu yaxın adamları ilə keçmişdə nüvədililərin yaşadığı Kəndçayı ad­lanan yerdən köçüb indiki Nüvədinin şimal tərəfində, Sələnc çayı sahilində, yüksək Qaradaş və Ağdaşın sıldı­rım qayalarının çay sahili hissəsində məskən salmışlar. Əvvəl kəndin adını burda yaşamış ulu babaları Kəlbalayi Kazımın şərəfinə Kazımlı qoymuslar. Bu ərazidəki köhnə kənd xarabalıqla­rı– Sultansəlimdə, Qaraçı yurdunda (Qərçinik), Kəndcayında, Peyğəmbər izində, Əbdul-atada, Cavgittə, Ataman düzündə, Ernəzirdə (Yernəzir), və s. ərazilərdə qalmış tarixi nişanələr göstərirdi ki, çətin həyat şəraiti həmin yerlərdə yaşayanları zaman-zaman in­diki Nüvədi ərazisinə köçməyə məcbur etmişdir. Kazımlılar da yaz vaxtı daşqın­dan çox ziyan çəkdiklərinə görə indiki Nüvədi ərazisinə köçmüşlər.

Deportasiyaya qədər kənd qəbiristanlıqlarında qədim baş daş­ları qorunub saxlanılmışdı. Kəndçayı kəndindən 2 kilometr yuxarıda dağ Əbdül Ata, aşağıda isə dərə Əbdül Ata ziyarətgahları yerləşirdi. 1991-ci ildə Nüvədi üçüncü dəfə ermənilər tərəfindən işğal olunana qədər kənd ca­maatı həmin abidələri ziyarət edirdilər. Kəndçayı və digər obaların ətrafında kol-kos basmış əkin sahələri qədim kənd camaatının bu yerlərdə taxıl da əkdiklərindən xəbər verirdi.

Naxçıvan Muxtar Respublikasını Azərbaycandan ayıran Ermənistanın Meğri rayonunun Nüvədi kəndində anadan olmuş bir ziyalı kimi, bu bölgə haqqında bildiklərimi oxuculara çatdır­mağı özümə borc bilirəm. İndi Zəngəzur dəhlizi adlandırılan həmin məsafə 45 kilometr olub, onun 24 kilometri Nüvədi kəndinin payına düşür. Bu dəhlizdə Razyezd Nüvədidən Astazur erməni kəndinə qədər sərt dağlıq yer olduğuna görə dəmiryol xətti Nüvədidən keçən ərazidə Araz çayından 15–20 metrlik məsafədə çəkilmişdir. Bu hissə sıldı­rım dağlıq olduğu üçün dəmir yolunu çaydan kənarda çəkmək mümkün olmamışdır. Dağları yarmaq çox çətin olduğuna görə, 1940-cı ildə dəmiryol xəttinin keçməsi üçün Sığırt və Razyezd Nüvədi yaxınlığında tunel vurulmuşdur. Sığırt və Razyezd Nüvədidə zastavalar yerləşirdi. Nüvədililər Araz çayından nasoslarla su götürmək üçün hər gün bu zastavalardan icazə almalı idilər.

Ulu öndər Heydər Əliyevin ötən əsrin 80-ci illərin ortalarında Moskvada işləyərkən, bilavasitə onun təşəbbüsü ilə Nüvədi ərazisindən keçməklə Bakı –Naxçıvan şose yolu çəkilməyə baş­lanmışdı. Həmin yol Bakıdan Nüvədi zastavasına kimi (434 kilometr), Nax­çıvandan isə Meğri rayonunun Aldərə kəndinə qədər çəkilmişdi. Erməni şovinistləri Nüvədi–Astazur arasında 10 kilometr və Astazur–Aldərə arasında 5 kilometr asfalt yolun çəkilməsinə və bununla da Bakı – Naxçıvan birbaşa şose yolunun yaradılmasına imkan vermədilər. Ermənilər Moskvaya bildirdilər ki, guya, bu yol Bakı–Minci­van–Qafan–Oxçu–Maralzəmi–Lehvaz–Meğri–Naxçıvan ərazilərindən keçməklə hazırdır, Nüvədi–Aldərə yolunu çəkib birləşdirməyə ehtiyac yoxdur, bu əlavə xərcdir. Əslində, onlar bununla Bakı–Naxçıvan yolunu lüzumsuz yerə 140 kilometr uzadır, həm də dağ şəraitində payız-qış aylarında gediş-gəlişi əngəlləyirdilər.

Nüvədi müasir şəhər tipli kənd idi. 1940-ci ildə Nüvədidən Bakı–Culfa dəmir yolu keçmiş,1949-cu ildə kəndə elektrik xətti çəkilmişdi. Nüvədidə ikiüç mərtəbəli yaşayış evləri, müa­sir məktəb binası, xəstəxana, poçt, teleqraf, əmanət kassası, baytarlıq məntəqəsi, zəruri sosial mədəni xidmət sahələri var idi. Hər evdə televizor, telefon var idi, maye qaz balonlarından istifadə olunurdu. Nüvədi qadınlarının toxudugu xalı kilimlər, rəngbərəng geyimlər, xurcunlar, yun corablar s. adamı valeh edirdi.

Nüvədi kəndi həm ziyalılar kəndi olub, nüvədililər bu kənddən çıxmış alimləri, müəllimləri həkimləri, aqro­nomları s. ziyalıları ilə fəxr edirlər. Nüvədi kəndində fəaliyyət göstərən ilk mədrəsənin əsası 1875-ci ildə kəndin maarifpərvər sakini Mir Mahmud ağa tərəfindən qoyulmuşdur. Hələ o dövrdə Nüvədinin qabaqcıl düşüncəli insanları kənddə maarifi yüksəltməklə camaatın savadlanması qayğısına qalmış, çox çətinliklə olsa, öz məqsədlərinə nail olmuşlar. Nüvədi kənd məktəbini bitirən məzunlardan 2 akademik, 9 elmlər doktoru, 100 nəfərə yaxın elmlər namizədinin yetişməsinin bünövrəsi məhz Nüvədi kəndinin müəllimlərinin vətənpərvərliyi, ciddiliyi, tələbkarlığı qayğısı nəticəsində qoyulmuşdur.

Sovet dövründə Ermənistanda Nüvədi kəndinin alimlər kəndi adlandı­rılması heç təsadüf deyildir. Məktəb özünün yetirdiyi tanınmış məzunları ilə fəxr edir. Akademik Fikrət Əliyev, AMEA-nın müxbir üzvü Faiq Cəfərov, Sosialist Əməyi Qəhrəmanı, neftçi İsrafil Hüseynov, tanınmış rəssam Fəxrəddin Əliyev başqaları Nüvədi məktəbinin yetirmələridir.

Nüvədi öz gözəlliyi, təbii sərvətləri, dadlı meyvələri, şəffaf bulaqları, tarixi abidələri ilə adamları valeh edirdi. Ərazi böyüklüyünə görə Ermənistan kəndləri arasında birinci yerdə dururdu. Nüvədinin 19 min hektar torpaq sahəsi var idi ki, onun 16 min hektarı yararlı sayılırdı. Nüvədi kəndi hər il 1000 ton nar, 500 ton üzüm, 100 ton əncir yetiş­dirir, 16 ton yun, 90 ton ət, orta hesabla hər gün 2 ton süd istehsal edirdi.

Nüvədi kəndi Meğri rayonunun ərazisinin 40 faizini təşkil edirdi. Cəmi 15 kəndi, 15 min əhalisi olan rayonda 6 min azərbaycanlı yaşayırdı. Nüvədililər ilk dəfə 1905–1907-ci illərdə erməni işğalına məruz qalmışlar. İkinci dəfə isə 1918-ci ildə ermənilər Zəngəzurun bir hissəsini, o cümlədən, Meğrinin azərbaycanlılar yaşayan kəndləri ilə birgə Nüvədini işğal edərək soydaş­larımızın bir qismini dəhşətli şəkildə, işgəncələrlə məhv etmişlər. 1918-ci ilin payızında nüvədililər ermənilərin hücumlarına davam gətirə bilməyib, Araz çayını pələlərlə keçərək qonşu İran dövlətinin Misən kəndinə, sağında solunda olan Ordubada Zəngilan bölgələrinə pənah gətirmişlər.

1948 – 1952-ci illərdə Ermənistan rəhbərliyi Nüvədini Mingəcevirə köcürmək üçün dəfələrlə kənd camaatı­na müraciət etmişdir. Amma nüvədililər sözu bir yerə qoyub :Yoldaş Stalin deyib ki, köçmək könüllüdürdeyərək heç yerə getməyiblər. 1991-ci il avqust ayının 8-də isə Nüvədi kəndinin ca­maatı öz qədim yurdlarından ücüncü dəfə qovuldular. Ulu öndər Heydər Əliyev nüvədililərin 1988-1991-ci illərdə torpaqlarının müdafiəsi uğrun­da göstərdikləri müqaviməti yüksək dəyərləndirərəkNüvədi kəndinin camaatı çox dəyanətli insanlardır”, – demişdir.

Ümummilli lider Heydər Əliyev demişdir: “XX əsrin 20-ci illərindən yəni sovet hakimiyyəti təzə quru­lan zaman Qafqazda respublikanın sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilib. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı başqaları Ermənistana verilib. Bu­nunla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan tor­pağı olan Meğri rayonu da Ermənistana verilib. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıb”.

1849-cu ildə İrəvan quberniyası yaradılarkən Meğri sahəsi Nüvədi kəndi daxil olmaqla quberniyanın tərkibinə daxil edilən Ordubad qəzasına verilmişdir. Amma mərkəzlə məsafə uzaq olduğuna görə sonra Zəngəzur qəzasına verilmişdir. Gəncə quberni­yasının Zəngəzur qəzası 1920-ci ildə Ermənistana veriləndən sonra Zəngilan rayonunun sərhədində yerləşən Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Cəbrayıl qəzasına tabe olmuşdur.

Zaqafqaziya Sovet Federativ So­sialist Respublikası fəhlə, kəndli, qızıl ordu matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qərarı ilə Nüvədi, Ernəzir Tuğut kəndləri öz torpaqları ilə Azərbaycan SSR-nin Cəbrayıl qəzasından alınıb Ermənistan SSR-nin Meğri qəzasının inzibati idarə edilməsinə verilmişdir.

Həmin sənədə 26 noyabr 1968-ci ildə Azərbaycan KP MK-nın bürosunda baxılmış, Azərbaycan SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli fərmanı iləqa­nunlaşdırılmışdır”. 1988-ci ilin fevralında Ermənistan SSR-dən azərbaycanlıların son deportasiyasına başlananda nüvədililər Azərbaycan Respublikası rəhbərliyi qarşısında bu fərmanın ləğv olunması barədə dəfələrlə məsələ qaldırmış, lakin istədiklərinə nail ola bilməmişlər.

Nüvədililər 31 ildir ki, gələcəyə inamla baxır, öz doğma dədə-baba yurdlarına qayıdacağı günü səbrsizliklə gözləyirlər. Onlar inanırlar ki, Azərbaycan Pespublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apar­dıgı müdrik siyasət nəticəsındə yenə öz doğma torpaqlarına qayıdacaq orada əbədi yaşayacaqlar.

 

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin

kafedra müdiri, professor

 

Xalq qəzeti - 2022.- 6 avqust.- S.4.