Dünəndən
bugünə öyünc körpüsü
salan çağdaş
salnaməçi
Şəmistan Nəzirli
– 80
Çağdaş Azərbycan tədqiqat jurnalistikasının görkəmli
nümayəndəsi, yurdsevər yazıçı-publisist,
Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin
üzvü, Xalq
Cümhuriyyəti və milli hərb tariximizin, milli-mənəvi dəyərlərimizin
yorulmaz araşdırıcısı Şəmistan
Nəzirlinin anadan olmasının 80 illiyi tamam olur.
65 illik yaradıcılığı
dövründə 30-dan artıq araşdırma kitabı,
1000-dək məqalə və müxtəlif janrlı yazı
istedadlı və məhsuldar qələm sahibinə geniş şöhrət
qazandırmışdır.
Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də soykökü Qazaxın Şıxlı obasına bağlı olan Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olmuşdur. İlk məqaləsi 16 yaşında “Sovet Ermənistanı” qəzetində çap olunmuşdur. Ali jurnalist təhsili alanadək mətbuatda xeyli oçerk, hekayə və publisist məqalələrlə çıxış etmişdir. Orta məktəbdən sonra texniki peşə təhsili almış, orduda xidmət etmişdir.
Uşaqlıq illərində kəndlərindən ötüb Borçalıya gedən Səməd Vurğunu görməsi ilə əfsanəvi şairin sirli-soraqlı həyat-yaradıcılıq aləminə açılan sonsuz maraq pəncərəsi və hərbi xidmət dövründə yazıçı Qılman İlkinlə yazışmaları, ədibin baş redaktoru olduğu “Azərbaycan “jurnallarının hər nömrəsini poçtla Şəmistana göndərməsi onun gələcək taleyini qəti olaraq ədəbi-publisistik yaradıcılığa, milli-mənəvi dəyərlərimizin tədqiq olunmasına yönləndirmişdir. Şəmistan Nəzirli 1967–1972-ci illərdə BDU-nun jurnalistika fakültəsində ali təhsil almışdır.
Peşəkar jurnalist kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin çoxtirajlı qəzetində işə başlayan Şəmistan Nəzirli, 1 ildən sonra fəaliyyətini Azərbaycan Televiziyasının hərbi vətənpərvərlik redaksiyasında davam etdirmiş, burada 18 il müddətində redaktor və şöbə müdiri olmuşdur. Həmkarımız hərb və qəhrəmanlıq tariximizi öyrənən təcrübəli tədqiqatçı kimi Azərbaycan Ensiklopediyasının “Xatirə” redaksiyasınında 1 il şöbə müdiri vəzifəsində çalışmışdır.
Müstəqillik illərində Müdafiə Nazirliyində hərb tariximizin sistemli öyrənilməsinə başlananda Şəmistan Nəzirli Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsinə şöbə müdiri təyin edilmişdir. Yenidən Azərbaycan Televiziyasına dəvət edilən jurnalist 2 il “Hərbi proqramlar və salnamə” baş redaksiyasına rəhbərlik etmişdir. Sonrakı illərdə Müdafiə Nazirliyində Hərbi Elmi Mərkəz təşkil ediləndə Şəmistan müəllim baş elmi işçi kimi hərb tarixi şöbəsində fəaliyyətə cəlb edilmişdir.
Polkovnik-leytenant rütbəsi ilə xidməti təqaüdə çıxandan sonra hərbçilərin veteran təşkilatında ictimai fəaliyyətini davam etdirən fədakar soydaşımız gününün xeyli hissəsini yenə arxiv və kitabxanalarda keçirir, müstəqil araşdırmaçı axtarışlarını davam etdirir. Şəmistan Nəzirli hazırda 33-cü kitabı sayılacaq nəşr – görkəmli siyasi-hərbi xadim, Qarabağ xanlığının hakimi İbrahimxəlil xan haqqında tarixi roman üzərində işləyir.
Şəmistan Nəzirlinin yaradıcılığında Xalq şairi Səməd Vurğunun dünya şöhrətli həyat və yaradıcılığı, məşhur Qori Seminariyasının azərbaycalı yetirmələrinin milli-mədəni dəyərlərimizin qorunması, yaşadılması və zənginləşdirilməsində misilsiz fəaliyyəti, milli hərb tariximiz və general soydaşlarımızın ömür yolu, Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu irsi mükəmməl bir silsilə təşkil edir. Çoxsaylı kitablardan və tədqiqat yazılarından ibarət bu materiallar illər keçdikcə zənginləşərək son 2 əsrlik ictimai fikir tariximizin, eləcə də milli-mənəvi dəyərlər sisteminin önəmli fakt, hadisə və şəxsiyyətlərinin öyrənilməsində və təbliğində sanballı bir mənəvi xəzinəyə çevrilmişdir.
Bu şərəfli bioqrafiya və zəngin yaradıcılıq geniş coğrafiyanı əhatə edən ezamiyyələrin, Azərbaycanın və xarici ölkələrin arxiv, muzey, kitabxana və şəxsi saxlanclarında keçən çoxillik axtarışların, tanınmış və maraqlı insanlarla canlı ünsiyyətin, nəhayət, yazı stolu arxasında yorulmaq bilmədən keçən əziyyətli yazıb-yaratmaq prosesinin nəticəsi olaraq ərsəyə gəlmişdir. Araşdırmaşı jurnalist olaraq Şəmistan Nəzirlinin qəzet-jurnallarda işıq üzü görən yazıları, teleradioda yayımlanan veriliş və çıxışları həmişə hədsiz maraqla qarşılanmışdır. Həsr edildiyi mövzuda ciddi boşluğu doldurmuş kitabları əl-əl gəzmiş, gənc tədqiqatçıların üz tutduğu mötəbər qaynaqlardan olmuşdur.
Şəmistan Nəzirli babalarımızın xalqın milli oyanışı və elmi-mədəni tərəqqisi yolunda şama dönmüş, öyünc doğuran talelərini araşdırmaq, istiqlal mücadiləsinin qaranlıqlarına işıq salmaqla bağlı axtarışlara çıxdığı ilk illərdə Xalq şairi Hüseyn Arif yazmışdı: “Bu gün Şəmistan ünlü babaların axtarışına çıxmışdır. İnanıram ki, babalar da Şəmistanı axtaracaqlar”. Artıq neçə illərdir ki, yeni nəsillər uşaqlı-qocalı vaxtaşırı, əlamətdar tarixlərdə Şəmistan Nəzirlini axtarırlar: onu görüşlərə çağırırlar, kitablarının təqdimatlarını keçirirlər, yazılar sifariş edirlər, yubiley məclislərində, konfranslarda, teleradioda çıxışlara dəvət edirlər.
Bütün bunları Şəmistan müəllim Azərbaycan Televiziyasında, Müdafiə Nazirliyində, hərbçilərin veteran təşkilatında çoxillik xidməti fəaliyyəti ilə uzlaşdıraraq geçəli-gündüzlü çalışması ilə başa gətirir. Hədəfi yeni nəsilləri yurd sevgisinə, xalqa faydalı olmağa, hünərə yönləndirmək olan bu fədakar fəaliyyət, əslində, mənəvi bir qəhrəmanlıq, misilsiz sənədli-bədii yaradıcılıq, dünəndən bugünə və gələcəyə varislik körpüsü salmaq örnəyidir. Bütün bunlar barədə Azərbaycanın görkəmli yazıçı və alimləri, jurnalist həmkarları 250-dən artıq məqalə yazmış, Şəmistan Nəzirlinin parlaq şəxsiyyəti və zəngin yaradıcılığı barədə qiymətli mülahizələr söyləmişlər. Azərbaycan Milli Kitabxanası onun yaradıcılıq biblioqrafiyasını hazırlayıb nəşr etmişdir.
Şəmistan Nəzirlinin “Vurğun keçib bu yerlərdən”, “Vurğun ömrü məktublarda”, “Ellər Vurğunu”,“Yaddaşlarda yaşayan Vurğun”, “Qəribə talelər”, “Əfsanəvi Mixaylo”, “Qoridən gələn qatar”, “Qacarlar”, “Azərbaycan generalları”, “Cümhuriyyət generalları”, “Güllələnmiş Azərbaycan generalları”, “Tam artilleriya generalı Səmədbəy Mehmandarov”, “General Əliağa Şıxlinski və silahdaşları”, “General Cəmşidxan Naxçivanski”, “General Yadigarov qardaşları”, “Topoqraf general İbrahim ağa Vəkilov”, “1920-ci ildə Qarabağ döyüşləri”, “Azərbaycan ordusunun 100 illiyi”, “Qarxunlu Əşrəf bəy”, “Arxivlərin sirri açılır”, “Daş Salahlı Məmməd Koxa”, “Nəzirli ocağının üç şairi”, “Krım dəftəri” kitabları, “Səmədbəy” və “Cümhuriyyət generalları” filmləri qiymətli tarixi irsimizin qızıl səhifələrinin salnamələşmiş toplusu olmaqla müəllifinə akademik bir nüfuz və ümumxalq şöhrəti gətirmişdir.
Bu vaxtadək heç bir təltif və fəxri ad ummadan çalışmış yubilyar həmkarımız bir çox nüfuzlu yaradıcılıq mükafatlarına da layiq görülmüşdür. Çoxillik səmərəli fəaliyyətinə görə Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi”, Xalq şairi Səməd Vurğun haqqında silsilə əsərlərinə görə Azərbaycan Jurnalistləri Həmkarlar İttifaqının diplomu, “Qacarlar” əsərinə görə İran Dostluq Cəmiyyətinin mükafatı, hərbi vətənpərvərlik mövzusunda tarixi publisistik əsərlərinə görə “General Həzi Aslanov” və “General Əliağa Şıxlinski” mükafatları cəmiyyətin öz sevimli yazarına bəslədiyi hörmətin və verdiyi dəyərin ifadəsidir.
Xalq şairi Mirvarid Dilbazi vaxtilə Şəmistan Nəzirliyə yaazmışdı: “Hörmətli Vətən oğlu Şəmistan Nəzirli! Sizin tədqiqatlarınızı maraq və minnətdarlıq hissiylə müntəzəm izləyirəm. Mən bütün varlığı ilə xalqa bağlı, onun kədəri, sevinci ilə yaşayan insanları demirəm, ürəyinin yalnız bircə teli xalqa bağlı olub, xalq məfhumunu dərk etməyə qadir ola bilən hər bir nəfər bu tədqiqatlar üçün sizə minnətdar olmalı, bu müqəddəs, çətin işdə sizə imkanı dairəsində kömək əlini uzatmalıdır”.
Xalq yazıçısı İsmayıl Şıxlı isə Şəmistan Nəzirlinin Səməd Vurğun haqqında əsərlərini “Bizim şairin dolaşdığı diyarları qarış-qarış gəzib, onun əfsanəvi hekayətlərini toplayıb əbədiləşdirmək” kimi dəyərləndirmişdir. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Şəmistan Nəzirlini “Mənəvi mədəniyyətimizin, elm və tariximizin canlı heykəli” adlandıraraq qeyd etmişdir ki, Şəmistan Nəzirli tədqiqatçılar üçün örnəkdir.
“Şəmistan Nəzirlinin maraqlı publisistik məqalələrini, yəqin ki, tələbələrimiz də izləyir”– deyən jurnalistika professoru Tofiq Rüstəmov daha sonra bildirmişdi: “Belə yaradıcılığı cəsarətlə elmi-publisistik yaradıcılıq, elm də adlandırmaq olar. S.Vurğunun həyat və fəaliyyəti ilə əlaqədar müsahibələr və xatirələr vurğunşünaslığa gözəl hədiyyədir. Yaxud azərbaycanlı generallar haqqında onun dərc etdirdiyi sənədli materiallar həm də tədqiqat əsərləri kimi qiymətlidir”.
Yurdsevər general-leytenant Çingiz Məmmədov dostu Şəmistan Nəzirlinin hərb tarixi ilə bağlı tədqiqatları barədə demişdi: “Şəmistan elə bir mövzunun araşdırıcısıdır ki, onun qələmindən çıxan hər bir sətir xalqımızın qəhrəmanlıq tarixinin canlandırılması və gənclərimizin də bu qəhrəmanlıq ənənələri üzərində tərbiyə edilməsi üçün misilsiz əhəmiyyətə malikdir”.
Biz isə yubilyar dostumuza belə bir sual verdik: “Dəyişməz hədəf kimi araşdırdığınız son 2 əsrin zəka və hünər tarixinin, sizcə 2 ən önəmli hadisəsi hansılardır?” Həmkarımızın cavabı belə oldu:
–1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması– minilliklərdən gələn dövlətçiliyimizin itirilməsindən 1 əsr sonra onun bərpa edilməsi təkcə son 2 əsrlik yox, həm də son min illik tariximizin ən böyük hadisəsi sayılmağa layiqdir. AXC-nin tarixinin ən önəmli hadisəsi isə milli ordunun yaradılması, 114 min kvadratkilometrlik ərazidə dövlət sərhədlərinin qurulmasıdır.
Son 2 əsrin ikinci mühüm hadisəsi isə 1991-ci ildə xalqımızın bir əsrdə ikinci dəfə dövlət müstəqilliyi qazanmasıdır. Bu dövrün isə ən böyük hadisəsi xain qonşunun dünyadakı düşmənlərimizin köməyi ilə işğal etdiyi 20 faiz ərazimizin 2020-ci ilin 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm bir Qələbə ilə geri qaytarılması oldu. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını azad etməsini və 2020-ci ilin noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Şuşanı fəth etməsini şanlı hərb tariximizin ən şərəfli səhifələri sayıram.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov media ictimaiyyəti adından Şəmistan Nəzirliyə ünvanladığı təbrikdə bildirir:
–Azərbaycanın tanınmış qələm sahibi Şəmistan Nəzirli müasir və keçmiş hərb tariximizi sevgi ilə öyrənən və təbliğ edən dəyərli tədqiqatçı və nasir, keçmişimizə əsaslanaraq indiki dövrümüzün qəhrəmanlıq və vətənpərvərlik salnaməsinə rəng qatan, ümumən tarixi şəxsiyyətlərə və proseslərə xüsusi yanaşması olan istedadlı jurnalist və publisistdir.
Polkovnik-leytenant Nəzirlinin yaradıcılıq dairəsinə diqqət yetirəndə heyrətlənirsən. Məqalələrini, kitablarını, televiziya və radio proqramlarını saymaqla bitmir. Məhz buna görə də onu gələcəkdə də yüksək ruhlu görmək vacib və mütləqdir.
Əziz və hörmətli Şəmistan müəllim, 80 illik yubileyiniz Vətənimiz və xalqımız üçün düşərli olsun.
Bu dəyərli sözlərə və səmimi təbrikə qoşulan “Xalq qəzeti”nin kollektivi ən nüfuzlu müəllifləri sırasında uzun illərdən bəri mötəbər yer almış və dəyərli yazıları ilə seçilmiş, öz yaradıcılığı ilə milli jurnalistikamızın tədqiqat yönünü önəmli dərəcədə inkişaf etdirmiş Şəmistan Nəzirlini 80 illik yubileyi münasibət ilə ürəkdən təbrik edir, ahıl həmkarımıza və dostumuza ömrünün 9-cu onilliyində möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayır.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2022.- 12 avqust.- S.6.