Ermənistan
seçim etməlidir
“Qisas” əməliyyatı
ciddi mesajdır
Ermənistan postmüharibə
sindromundan xilas ola bilmir. 44
günlük müharibədə məğlub olmuş ölkə
real vəziyyətə uyğun davranmaq əvəzinə,
düşdüyü quyunu daha da dərinləşdirir.
Əslində, ermənilər düşdükləri
vəziyyətdən asanlıqla çıxa bilərlər.
Bunun üçün onlar Azərbaycanın təkliflərini
qəbul edib, zəruri addımları atmalıdırlar.
Ermənilər artıq anlamalıdırlar ki,
geriyə yol yoxdur və Azərbaycan milli maraqlarına zidd
olacaq istənilən addıma güclü cavab verəcəkdir.
Almanların İkinci
Dünya müharibəsində ağır məğlubiyyətə
məruz qalmalarına baxmayaraq, ölkə postmüharibə
sindromuna qapılmadı. Xalq özündə güc toplayaraq,
Almaniyanı yenidən ayağa qaldırmağa müvəffəq
oldu. 44 günlük müharibədə
ağır darmadağınla üzləşən Ermənistanda
isə tam fərqli mənzərə müşahidə olunur.
Rəsmi İrəvan İkinci Qarabağ
müharibəsində qalib gəlmiş Azərbaycanın
regional əməkdaşlığın inkişafına və
sülh dövrünün başlanmasına şərait yaradan
konstruktiv təkliflərinə müsbət cavab vermək əvəzinə,
bulanıq suda balıq tutmağa çalışır.
Doğrudur, müqayisə o qədər də
yerinə düşməyə bilər. Amma
Ermənistan da işğal siyasətinin davam etdirməsi nəticəsində
hərbi məğlubiyyətə düçar oldu və təslimolma
sənədinə imza ataraq, postmüharibə
dövrünün reallıqlarına adekvat davranmağa məhkum
edildi.
Almanlardan fərqli olaraq, ermənilər
hələ də postmüharibə dövrünün
sancılarını yaşayırlar. Gələcəyi yox,
xəyali keçmişin arxasınca boylanmağa
çalışırlar. Heç kimə
sirr deyil ki, bu gün Ermənistan bütün sahələrdə
dərin böhran keçirir. Doğrudur,
Ermənistanda müşahidə edilən hazırkı
sosial-iqtisadi, eləcə də hərbi böhran uzun illərdir
davam edir. İkinci Qarabağ müharibəsinin
nəticələri bu problemləri daha qabarıq
özünü göstərdi və sosial-iqtisadi
böhranı daha da dərinləşdirdi. Postmüharibə dövrünün
reallıqları rəsmi İrəvanı vadar edir ki, vəziyyəti
doğru qiymətləndirsin və uzun müddətdir
böhranın girovuna çevrilmiş ölkə
iqtisadiyyatını canlandırsın, regional təhlükəsizliyin
möhkəmləndirilməsinə şərait yaradan zəruri
addımları atsın.
Lakin son günlərdə
baş vermiş hadisələr təsdiqləyir ki, Ermənistan
uzun illərdir yoluxduğu təxribatçılıq xəstəliyindən
hələ də sağalmayıb. Erməni qanunsuz
silahlı dəstələri yenə də təxribatlara əl
atırlar. Aydındır ki, son müharibədə
Azərbaycan çox mühüm uğurlar əldə edib,
qalib tərəf kimi sərhədlərin mühafizəsi,
azad olunan ərazilərdə nəzarətin
yaradılması və infrastrukturun yenidən qurulması kimi
strateji vəzifələrini yerinə yetirir. Ermənistan
isə böyük hərbi məğlubiyyətə
uğradığı üçün psixoloji müharibəyə
əl atmağa can atır. Mütəxəssislərin
sözlərinə görə, rəsmi İrəvan
dezinformasiyaya əl ataraq, Azərbaycanın əldə etdiyi
nailiyyətləri maksimum dərəcədə
aşağı salmaq və beynəlxalq aləmdə Azərbaycan
üzərində psixoloji üstünlüyə nail olmaq
üçün bu cür məhdud və təxribatçı
hücumlarla iddialarını dəstəkləməyə
çalışır. Amma bu cəhdlərin
heç bir nəticə verməyəcəyi hamıya məlumdur.
Ermənistandan öz ordusunu Azərbaycanın məlum
ərazilərindən çıxarılması tələb
olunur. Ancaq ötən müddət ərzində
Ermənistan üzərinə düşən öhdəliyi
yerinə yetirməyərək, təxtibatlara yol verir. Azərbaycan
isə “Qisas” əməliyyatını keçirməklə
ermənilərə çox aydın mesaj göndərdi: istənilən
təxribata güclü və əhatəli cavab veriləcək,
kimsə cəzadan kənarda qalmayacaq.
Azərbaycanın qətiyyətli
cavabı erməni siyasətçilərini və siyasi
müşahidəçilərini də təşvişə
salır. Bunun da məlum səbəbləri var. Erməni siyasətçiləri
anlayırlar ki, Azərbaycanın səbri tükənməz
deyil və zərurət yarandıqda rəsmi Bakı cəza
tədbirlərini intensivləşdirə və hərbi-siyasi
naliyyətlərinin coğrafiyasını genişləndirə
bilər. Məsələn, “Voskanapat” analitik mərkəzinin
rəhbəri, politoloq Hrant Melik-Şahnazaryan yazır ki, Azərbaycan
növbəti dəfə qarşısında duran vəzifələri
həll etdi: “Ermənistanın ərazi idarəetmə və
infrastruktur naziri Qnel Sanosyan Prezident Əliyevə
açıq şəkildə bildirdi ki, “Berdzora
(Laçına) alternativ yolun tikintisi yaza qədər başa
çatdırılacaq”. Təşvişə düşən
erməni politoloq əmin olduğunu bildirib ki, belə bir
ssenarinin həyata keçirilməsi üçün ermənilərdən
bir az daha çox qurbanlar tələb
olunacaq. “Enaket” Analitik Mərkəzinin eksperti Vitali Manqasaryan isə
yazır: “Nikol Paşinyan bəyan edir: əgər kimsə –
bu halda Rusiya Federasiyası və Azərbaycanın sülhməramlı
qüvvələri– təmas xəttinin
toxunulmazlığına zəmanət verirsə, onun fikrincə,
Qarabağ müdafiə ordusunun döyüş növbətçiliyinə
ehtiyac qalmayacaq”. Erməni politoloqu hesab edir ki, bu
bəyanat separatçı Qarabağ rejiminin ləğvi prosesinin
başlanğıcıdır.
Baxmayaraq ki, mövcud nəqliyyat
kommunikasiyalarının təcriddən
çıxarılması və yeni nəqliyyat dəhlizlərinin
tikintisi, ilk növbədə, Ermənistanın
özünün maraqlarına cavab verir, rəsmi İrəvan
vəziyyəti pisləşdirən düzəlməz səhvlər
edir. Məhz İrəvanın son 30 ildə
apardığı təcavüzkar siyasəti Ermənistanın
sərfəli regional layihələrdən təcrid edilməsinə
səbəb olub və bu da öz növbəsində ölkə
iqtisadiyyatını acınacaqlı vəziyyətə gətirib.
Bu gün Ermənistanın regionda nəqliyyat
kommunikasiyalarının ən qısa müddətdə
açılması üçün ağlabatan siyasət
yeritməklə vəziyyəti yaxşılaşdırmaq
üçün unikal imkan var. Lakin İrəvanın
atdığı müəyyən addımlar onu göstərir
ki, Ermənistan hakimiyyəti hazırkı vəziyyəti
kifayət qədər ayıq qiymətləndirmir. Konstruktiv təkliflərə cavab verməyə tələsməyən
erməni tərəfi hələ də təxribatlara əl
atır.
Prezident İlham Əliyev avqustun 4-də
Fransa Prezidenti Emmanuel Makronla telefonla söhbətində
bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində
mövcudluğunu davam etdirən Ermənistan silahlı
qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin
ünsürlərinin ərazimizdən
çıxarılması təmin edilməlidir. Dövlət başçısı, həmçinin
vurğulayıb ki, Ermənistan tərəfindən bu, hələ
də təmin edilməyib. Prezident İlham Əliyev bunu
rəsmi İrəvanın 2020-ci il 10
noyabr Bəyanatının müddəalarını pozması
və üzərinə düşən öhdəlikləri
yerinə yetirməməsi kimi qiymətləndirib.
Dövlətimizin
başçısı fransalı həmkarı ilə
söhbətində Laçın dəhlizi ilə
bağlı vəziyyətə də toxunub. O vurğulayıb ki,
üçtərəfli Bəyanatın müddəalarına
uyğun olaraq, Rusiya Müdafiə Nazirliyi ilə əldə
olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə
alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan
tərəfindən bu yolun inşası başa
çatdırılmaq üzrədir. Bu işlər
yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli
üçtərəfli Bəyanata əsasən, Rusiya
sülhməramlı qüvvələrinin həmin yola
dislokasiya olunması nəzərdə tutulur.
Azərbaycanın dəhlizlə
bağlı mövqeyi erməniləri narahat etməyə
başlayıb. Məsələn, müxalifətçi
deputat Tiqran Abramyan “News.am” saytının müxbirinə
müsahibəsində bildirib ki, Azərbaycan bu gün
Laçın dəhlizindən keçən Ermənistandan
Qarabağa marşrutun dəyişdirilməsinə ən
çox sentyabrın 1-dək vaxt verib. O, Ermənistan
XİN-in marşrutun dəyişdiriləcəyi təqdirdə
yolun rejiminin dəyişdirilməsi təhlükəsi ilə
bağlı bəyanatını xatırladıb. “Belə olan halda nə üçün Ermənistan
bu müddət ərzində yeni tikinti ilə bağlı məsələ
qaldırmayıb? Hakimiyyət pərdə
arxasında bu marşruta....razılıq verib. Anlayaraq
ki, əgər onlar yolun erməni hissəsini tikməsələr,
bu, böyük problemlər yaradacaq, onlar onu tikməyə
başlamayıblar”, – deyə deputat qeyd edib.
Quldur Serj Sarqsyanın rəhbərlik
etdiyi Ermənistan Respublikaçılar partiyası isə
“qondarma sülh dövrünü sabun köpüyünə”
bənzədib. Partiyanı belə “qiymətləndirməyə”
Ermənistan və Qarabağ ətrafında baş verən
son hadisələr vadar edib. Keçmiş iqtidar
partiyası bəyan edib ki, Ermənistanın hazırkı
administrasiyasının avantürizm, məsuliyyətsizlik və
vətənə xəyanətə əsaslanan xarici siyasətinin
qeyri-ardıcıllığı artıq bir neçə dəfə
özünü büruzə verir: “Rusiya Federasiyası, Avropa
İttifaqı və digər beynəlxalq aktorlar tərəfindən
həyata keçirilən bütün vasitəçilik səylərinin
bu liderlərin məsuliyyətsizliyi nəticəsində
Qarabağda və Ermənistanda vəziyyətin sabitləşməsinə,
hərbi əməliyyatların qarşısının
alınmasına gətirib çıxarmaması qınaq
doğurur”. Ermənistanı dərin
siyasi-iqtisadi, eləcə də hərbi böhrana
sürükləmiş müxalifət partiyası iddia edir
ki, 2018-ci ildə hakimiyyətin ələ keçirilməsindən
sonra strateji müttəfiqlə yaranmış mürəkkəb
münasibətlər mövcud vəziyyətə öz
töhfəsini verir.
Beləliklə, Ermənistan
hələ də anlamaq istəmir ki, vaxtilə
arxalandığı (hələ də öz qanadları
altında gizlənməyə
çalışdığı) qüvvələrin bu
gün beynəlxalq proseslərə təsir etmək,
regiondakı geostrateji reallıqları dəyişmək
imkanları yoxdur. Regionun inkişaf gündəliyini Azərbaycan
müəyyənləşdirir və Azərbaycanın ədalətli,
obyektiv mövqeyi beynəlxalq səviyyədə – siyasi və
hüquqi müstəvidə bütün səviyyələrdə
qəbul olunub. Buna görə, daima nəzərini
gələcəyə yox, keçmişə yönəltmiş
Ermənistanın postmünaqişə
reallıqlarını qəbul etməldir. Əks təqdirdə, Ermənistanın
başqasının arxasında gizlənməyə
çalışan silahlı dəstələrə
qarşı “Qisas” əməliyyatlarının gündəlik
normaya çevrilməyəcəyinə heç kəs zəmanət
verməyəcək.
Səbuhi
MƏMMƏDOV
Xalq qəzeti.-
2022.- 6 avqust.- S.7.