Mədəniyyət və incəsənətimizin
zərif himayədarı
Heydər
Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə
bağlı layihələri bizim mənəvi, tarixi, mədəni
irsimizin qorunması işində əvəzolunmaz rol oynamışdır.
Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən
inkişafı və beynəlxalq arenaya
çıxarılması məhz Heydər Əliyev Fondunun və
Mehriban Əliyevanın şəxsi təşəbbüsü
nəticəsində mümkün olmuşdur. Azərbaycanda
keçirilən muğam müsabiqələri artıq həyatımızın
ayrılmaz hissəsinə çevrilmişdir. Bu, sadəcə
olaraq sənət növü deyil, bu, bizim mədəni sərvətimizdir.
Prezident İlham Əliyevin Təhlükəsizlik
Şurasının iclasında Birinci vitse-prezident Mehriban
Əliyevanı təqdim edərkən səsləndirdiyi
fikirlərdən
Bakı, 21 fevral 2017-ci il
Azərbaycan qadınının zərif
və kövrək olduğunu çoxları– həm öz
müəlliflərimiz, həm də əcnəbi həmkarlarımız
dəfələrlə yazıblar. Bu həqiqətdir. Ancaq
Nizami Gəncəvinin “İsgəndərnamə”sində
obrazı yaradılan Bərdə hökmdarı Nüşabə,
xalqımızın ilk diplomat xanımı olan – Uzun Həsənin
anası Sara Xatun, bu il 190 illiyini qeyd etdiyimiz Xurşidbanu Natəvan
və müasirimiz olan Mehriban xanım Əliyeva təkcə zəriflik
və xeyirxahlıq rəmzi deyil, həm də qətiyyət,
iradə, bilik və bacarıqlarına görə də tarixi
şəxsiyyət statusu qazanmış xanımlardır.
Mehriban xanımın xoşbəxtliyi ondadır ki, o məhz
öz sağlığında tarixi şəxsiyyətlər
sırasına düşmək hüququ
qazanmışdır.
Mən
Mehriban xanımı yuxarıda adını çəkdiyim
qadın soydaşlarımızdan biri – Xurşidbanu Natəvanla
müqayisə etmək istərdim. Çünki Natəvan da
milli ədəbiyyat və mədəniyyətimizin himayədarı
olub, Mehriban xanım da. Bu xanımların hər ikisi xeyriyyəçilik
kimi milli ənənəmizin ən mükəmməl nümunələrinə
imza atıb. Zəmanəsinin görkəmli şəxsiyyətlərindən
olan Xurşidbanu Natəvan təkcə Azərbaycanda deyil,
bütün Zaqafqaziyada xeyirxahlığı və
mesenatlığı ilə tanınırdı. O,
Şuşaya su kəməri çəkdirmişdi və indi
də Xan qızının mülkü qarşısında
Natəvan bulağı çağlamaqdadır.
Zəmanəsinin
ən humanist qurumlarından olan Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın təşəbüsü
ilə isə bir çox önəmli layihələr,
proqramlar reallaşdırılmışdır. Onların
arasında “Yeniləşən Azərbaycana yeni məktəb”
proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın
başlanması nəticəsində son 13 il ərzində
ölkəmizdə üç mindən çox məktəb
əsaslı təmir olunub və ya yenidən tikilmişdir.
Fikrimcə, xalq üçün məktəb də elə
bulaq timsalındadır.
Bu məqamda
mən hər iki görkəmli xanım barədə bilavasitə
Prezident İlham Əliyevin fikirlərini yada salmaq istərdim.
Məsələn, dövlət başçımızın
Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi
haqqında imzaladığı sərəncamda deyilir:
“Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı
tarixində diqqətəlayiq yer tutan söz
ustalarındandır. İncəsənətin ayrı-ayrı
növlərinə dərindən bələd olan sənətkar
Şərq poetik ənənələrinə sədaqətlə
yazıb yaratmış, mənəvi saflığa
çağıran və insana məhəbbət, həqiqətə
inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii
boyalarla zəngin bir irs qoyub getmişdir. Onun
başçılıq etdiyi ədəbi məclis öz ətrafında
dövrün qabaqcıl ziyalılarını toplamış və
Qarabağ ədəbi mühitinin inkişafına
güclü təsir göstərmişdir”.
Dövlət
başçımızın Mehriban xanım Əliyeva barədə
olan fikirlərində isə oxuyuruq: “Heydər Əliyev
Fondunun mədəniyyətlə, incəsənətlə
bağlı layihələri bizim mənəvi, tarixi, mədəni
irsimizin qorunması işində əvəzolunmaz rol
oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin
yenidən inkişafı və beynəlxalq arenaya
çıxarılması məhz Heydər Əliyev Fondunun və
Mehriban Əliyevanın şəxsi təşəbbüsü
nəticəsində mümkün olmuşdur. Azərbaycanda
keçirilən muğam müsabiqələri artıq həyatımızın
ayrılmaz hissəsinə çevrilmişdir. Bu, sadəcə
olaraq sənət növü deyil, bu bizim mədəni sərvətimizdir.
Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi
dəyərlər, ənənələr xüsusi rol
oynayır. Bu baxımdan belə təşəbbüslər
çox böyük ictimai məna daşıyır. Eyni
zamanda, dünya miqyasında muğamın məhz Azərbaycan
sənəti kimi təqdim olunmasında Heydər Əliyev
Fondunun çox böyük rolu olmuşdur”.
Bu zaman
başqa bir məqamı da qabartmalıyıq. Belə ki,
Mehriban xanım UNESCO – Azərbaycan əməkdaşlığının
daha da genişləndirilməsinə xüsusi töhfələr
vermiş, bu qurumun xoşməramlı səfiri
seçilmişdir. Eləcə də, onun təşəbbüsü
ilə dünya mədəniyyətinin bir çox nümunələri
bərpa edilmişdir. Onun bir sıra beynəlxalq
mükafatlara layiq görülməsi də həmin fəaliyyətinin
yüksək qiymətləndirilməsidir.
Ancaq tək
bunlar deyil. Mehriban xanımın təşəbbüsü ilə
Azərbaycanı dünyada tanıtmaq üçün
müxtəlif təqdimatlar, sərgilər, tədbirlər
keçirilmişdir. Çoxsaylı tədbirlər nəticəsində
dünya ictimaiyyəti ölkəmizi daha yaxından
tanımağa, öyrənməyə, görməyə
başlamışdır ki, Azərbaycan müasir, dinamik
inkişaf edən ölkədir. Eyni zamanda, Azərbaycan
xalqı öz tarixi köklərinə çox bağlı
olan xalqdır. Bu keyfiyyətlərin bir çoxuna
Xurşidbanu Natəvan haqqında olan yazılarda da rast gəlirik.
Mən bu
sətirlərdə İSESCO-nun baş direktoru olmuş
Əbdüləziz bin Osman əl Tuveycrinin Mehriban
xanımın fəaliyyətinin bir çox keyfiyyətlərini
xarakterizə edən fikirlərini də yada salmaq istərdim.
“Mehriban xanıma bu qurumun ən yüksək fəxri
adının verilməsi ilə əməkdaşlıq bundan
sonra daha da genişlənəcəkdir. ISESCO-nun tarixində
ilk dəfədir ki, bu ad xanıma verilir. Mehriban xanım
sivilizasiyalararası dialoq və digər cəsarətli fəaliyyətləri
çərçivəsində gördüyü
genişmiqyaslı işlərə görə, qayğıya
ehtiyacı olan uşaqlara diqqətinə, onların
yaşayış şəraitinin
yaxşılaşdırılmasına, təhsilə verdiyi dəstəyə
görə bu ada tam layiqdir. Cəmi 4 nəfər bu adı
alıbdır. ISESCO-ya da, İslam aləminə də şərəf
gətirəcəkdir”.
Mehriban
xanım Azərbaycan mədəniyyətinin təkcə
bugünkü uğurlarının təbliğ edilməsilə
kifayətlənmir, yaxın-uzaq keçmişimizdəki mədəniyyət
nümunələrinin qorunub saxlanılması, bərpa və
təbliği istiqamətində də çoxsaylı layihələrin
icrasına nail olmuşdur. Məsələn, 2008-ci ildə
Abşeronun ən qədim insan məskənlərindən olan
Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya
Qoruğunun ərazisində “Arxeoloji Etnoqrafik Muzey Kompleksi”nin
yaradılması ölkəmizin zəngin mədəni irsinə
olan yüksək ehtiramın təzahürü idi. Bu tədbir
Heydər Əliyev Fondunun tarixi keçmişimizi qoruyub
saxlamağa, ölkəmizi turizm mərkəzlərindən
birinə çevirməyə yönəlmiş geniş fəaliyyətin
nəticələrindən biri idi. Orada Abşeron
yarımadasının tunc dövründən – eramızdan əvvəl
III minillikdən başlayaraq XX əsrin əvvəllərinə
qədərki tarixi mərhələlərinə aid zəngin
maddi mədəniyyət nümunələri, kurqanlar, sərdabələr,
yaşayış evləri, ovdanlar, qədim qəsrin
qalıqları, beş məscid, üç hamam və s. abidələr
yerləşir. Gəncədə İmamzadə məscid-ziyarətgahının,
Qafqazın ən qədim məscidlərindən biri olan
Şamaxı Cümə məscidinin və digər dünya əhəmiyyətli
tarixi-memarlıq abidələrinin bərpası da Mehriban
xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən
həyata keçirilmişdir.
Sonda isə
artıq səkkizinci dəfə
reallaşdırılmış Televiziya Muğam müsabiqələri
barədə bir neçə söz demək istərdim. I
Televiziya Muğam Müsabiqəsi 2005-ci ildə keçirilib.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin 120 illiyinə həsr
edilmiş və “Space” televiziyasında yayımlanan müsabiqə
nəinki ölkəmizdə, hətta bütün Şərqdə
maraqla qarşılanmış və diqqətlə izlənilmişdi.
Məhz həmin marağın nəticəsidir ki, bu
müsabiqə ənənəviləşmiş, ölkə
ictimaiyyətinin, xüsusən mədəniyyət xadimlərinin
böyük rəğbətini qazanmışdır.
Mehriban
xanımın təşəbbüsü ilə 2005-ci ildə
ərsəyə gəlmiş “Qarabağ xanəndələri”
muğam albomunun təqdimatı zamanı
çıxış edən sənət adamlarının əksəriyyəti
arzulamışdı ki, muğamımız Qarabağa
qayıtsın. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə şanlı ordumuz düşmən işğalı
altında olan torpaqlarımızı əsarətdən azad
etdi və Mehriban xanımın rəhbərlik etdiyi Heydər
Əliyev Fondu artıq Şuşada bir neçə möhtəşəm
mədəniyyət tədbirini reallaşdırdı.
Biz əminik
ki, Azərbaycan mədəniyyəti bundan sonra da daim Mehriban
xanımın qayğı və diqqəti ilə əhatə
olunacaq.
Elçin ORUCOV,
rəssam, Əməkdar mədəniyyət
işçisi
Xalq qəzeti.- 2022.- 24 avqust.- S. 5.