Qazilərlə
bağlı növbəti sosial dəstək proqramına start
verilib
Birinci
Qarabağ müharibəsi əlillərinə birdəfəlik
ödəmələrin verilməsinə başlandı
İkinci Qarabağ müharibəsindən
əvvəl və İkinci Qarabağ müharibəsindən
sonra şəhid ailələri daim diqqət mərkəzindədir.
Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə
əlilləri ilə çoxsaylı görüşlərim
olub. Onların məişət problemləri dövlət xətti
ilə həll olunur.
...Ona görə hər bir dövlət
məmurunun, nəinki dövlət məmurunun, hər bir
insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm,
dövlət və mən Prezident kimi daim onların problemləri
ilə maraqlanıram, bu problemləri həll edirəm, daim
onlarla bir yerdəyəm.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Ölkə Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin müharibə əlillərinə
xüsusi qayğısını əks etdirən növbəti
sosial dəstək proqramına avqustun 2-dən etibarən start
verilib. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun
olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə
birdəfəlik ödəmələrin verilməsinə
başlanılıb. Proqram “Hərbi qulluqçuların
dövlət icbari şəxsi sığortası haqqında”
Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi
xidmətdə olarkən aldığı xəsarət nəticəsində
əlilliyi müəyyən edilmiş hərbi
qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını,
onlardan vəfat edənlərin vərəsələrini əhatə
edir. Oncə onu qeyd edək ki, dövlət
başçısının rəhbərliyi altında Azərbaycan
Ordusunun Vətən müharibəsində böyük Zəfər
qazanmasından sonra şəhid ailələri, müharibə
əlilləri, müharibə
iştirakçılarının sosial müdafiəsi, sosial
dəstək tədbirləri əsas hədəf olub.
Postmüharibə dövründə
100 min unikal fərdə 193 min xidmət göstərilib ki,
bunun da ən böyük istiqaməti sosial ödənişlərdir.
Sosial ödənişlər çərçivəsində
94 min şəxsə 105 min sosial ödəniş təyin
olunub. Bu ödənişlərin məbləğləri –
ötən il sosial müavinətlər 60 faiz, bu il isə təqaüdlər
60 faiz artırılıb. Ödənişlərin mütləq
əksəriyyəti proaktiv qaydada – sənədlərin
elektron qaydada toplanması ilə əlaqədar şəffaf
şəkildə baş verib.
Son dörd il ərzində 3 sosial
islahat paketi ilə 4 milyon vətəndaşımız əhatə
olunub. Onlar üçün illik 6 milyard manatlıq əlavə
dövlət vəsaiti ayrılıb və nəticədə
Azərbaycanda minimum əməkhaqqı 3 – 4 il ərzində
2,3 dəfə artaraq 130 manatdan 300 manata çatıb. Əməkhaqqı
fondu 2,2 dəfə, əhali arasında gəlirlərin
bölgüsünün ədalətlilik göstəricisi
olan median əməkhaqqı 86 faiz artıb.
Sosial ödənişlərdə
isə artımlar daha böyük rəqəmlərlə ifadə
olunur. Minimum pensiyalar 110 manatdan 240 manata
çatdırılıb, orta pensiya 75 faiz artıb. Sosial
müavinətlər və təqaüdlər isə 3,5 dəfə
artıb ki, bu da xüsusilə həssas təbəqədən
olan insanları əhatə edir. Əlavə sosial islahatlar
çərçivəsində təkcə sosial müavinət
və təqaüdlərə də illik 1 milyard manat
ayrılıb.
Yeni sosial paketə görə,
1997-ci il avqustun 2-dək hərbi xidmətdə xəsarət
alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən
müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən
sığorta ödənişi alması üçün məhkəmə
qətnaməsi olan 11 minədək şəxsə e-sistem
üzərindən proaktiv qaydada (heç bir quruma müraciət
etmədən) ödəmə təyin olunaraq onların bank
hesablarına köçürülüb. Bu barədə,
habelə ödəməni hansı bankdan alacağına dair
onlara SMS göndərilir. Eyni zamanda, birdəfəlik ödəmə
təyin olunmuş şəxslər bu barədə məlumatı
nazirliyin sosial.gov.az saytındakı “Müharibə əlillərinə
birdəfəlik ödəmə” pəncərəsinə
daxil olaraq da əldə edə bilərlər.
Nazirliyin ictimaiyyətlə əlaqələr
şöbəsindən bildiriblər ki, birdəfəlik
ödəmə Azərbaycan Beynəlxalq Bankından (ABB)
sosial ödəniş alan şəxslərin mövcud
kartlarına ödənir. Bankda kartı olmayan, birdəfəlik
ödəmə təyin olunmuş şəxslər yeni
kartlarını bankın istənilən filialından şəxsiyyət
vəsiqəsi ilə əldə edə bilərlər.
E-sistemlərdə, habelə
müvafiq arxivlərdə aldığı xəsarətlə
bağlı məlumat olmadığı üçün
elektron qaydada ödəmə təyin edilməyən şəxslər
isə xəsarətlə bağlı şəhadətnamənin
(və ya qərar, arayış) elektron sistemə daxil edilməsi
üçün xidmət keçdikləri qurumun hərbi – həkim
komissiyasına müraciət etməlidirlər. Qeyd edilən
sənəd aidiyyəti qurum tərəfindən e-sistemə
daxil edildikdən sonra həmin şəxslər birdəfəlik
ödəmənin verilməsi üçün ərizə,
şəxsiyyət vəsiqəsi, əlilliyin 1997-ci il avqustun
2- dək olan xidmət dövrü ilə bağlı təyin
edilməsinə dair tibbi – sosial ekspertiza komissiyasının qərarı
ilə DOST mərkəzlərinə, vahid əlaqələndirmə
mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə
müraciət etməlidirlər.
Birdəfəlik ödəmə
almaq hüququ olan şəxs vəfat edibsə, adı
sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ
olan şəxs kimi çıxırsa, həmin şəxsin
vərəsəsi (vərəsələri) notariat orqanına
müraciət edib vərəsəlik şəhadətnaməsini
almalıdır. Bu barədə notariat orqanı tərəfindən
nazirliyin e-sisteminə məlumat daxil olduqdan sonra vərəsəyə
proaktiv ödəniş həyata keçiriləcək.
Adı sosial.gov.az saytında proaktiv ödəmə almaq
hüququ olan şəxs kimi çıxmadıqda isə vərəsə
(vərəsələr) xəsarətlə bağlı şəhadətnamənin
(və ya qərar, arayış) elektron sistemə daxil edilməsi
üçün xidmət keçdikləri qurumun hərbi – həkim
komissiyasına müraciət etməlidirlər. Sənəd
daxil edildikdən sonra əgər vəfat etmiş şəxsin
əlilliyinə dair e-sistemdə məlumat varsa, vərəsəlik
şəhadətnaməsi əsasında vərəsəyə
dərhal proaktiv təyinat həyata keçiriləcək, ona
bu barədə məlumat veriləcək.
Əlilliyə dair e-sistemdə məlumat
olmadıqda isə birdəfəlik ödəmənin verilməsi
üçün ərizə, birdəfəlik ödəmə
almaq hüququ olmuş hərbi qulluqçunun və ya daxili
işlər orqanı əməkdaşının
ölüm haqqında şəhadətnaməsi, vərəsəlik
hüququ haqqında şəhadətnamə, vərəsənin
(vərəsələrin) şəxsiyyət vəsiqəsi,
vəfat etmiş şəxsə vaxtilə təyin edilmiş
əlilliyin 1997-ci il avqustun 2-dək olan hərbi xidmət
dövrü ilə əlaqədar olmasına dair tibbi – sosial
ekspertiza komissiyasının qərarı (tibbi – sosial ekspertiza
komissiyasının müayinə aktından
çıxarış və s.) DOST mərkəzlərinə,
vahid əlaqələndirmə mərkəzlərinə və
ya DSMF-nin yerli bölmələrinə təqdim etməlidirlər.
Qeyd edək ki, birdəfəlik ödəmənin məbləği
I dərəcə əlilliyə görə, 8 min 800 manat, II
dərəcə əlilliyə görə, 6 min 600 manat, III
dərəcə əlilliyə görə, 4 min 400 manat təşkil
edir.
Yeri gəlmişkən, qeyd edək
ki, ölkəmizdə yeni sosial dəstək proqramına –
Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik
ödəmələrin verilməsinə başlanması ilə
əlaqədar Dövlət Sosial Müdafiə Fondunda
keçirilən mətbuat konfransında yeni birdəfəlik
ödəmə ilə təminatın Prezident İlham
Əliyevin müharibə əlillərinə xüsusi
qayğısının növbəti təzahürü
olduğu vurğulanıb. Bildirilib ki, artıq həmin ödəmələrin
təyinatına başlanılıb. Həmçinin 1997-ci il
avqustun 2-dək hərbi xidmətdə olarkən
aldığı xəsarət nəticəsində əlilliyi
müəyyən edilmiş və həmin dövrədək
hərbi xidmətdə xəsarət alması barədə məlumatları
aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə
daxil edilmiş, o cümlədən sığorta ödənişi
alması üçün məhkəmə qətnaməsi
olan hərbi qulluqçular və daxili işlər
orqanları əməkdaşlarından ibarət olan və sənədləri
e-sistemdə olan 11 minədək müharibə əlilinə
proaktiv qaydada ödəmə təyin olunaraq bank
hesablarına köçürüldüyü bildirilib.
Xatırladaq ki, on bir min müharibə
əlili və müharibə veteranı sosial – psixoloji dəstək
və reabilitasiya proqramlarına cəlb olunub. Onlara 21 min
reabilitasiya vasitəsi təqdim edilib. Artıq 200 nəfər
Vətən müharibəsi əlili ən yüksək
texnologiyalı dördüncü nəsil müasir protezlərlə
təchiz olunub. Daha öncəki dövrdə Qarabağ
müharibəsi əlillərindən 130 nəfər də bu
protezlərlə təmin edilib. Yəni, son bir il yarımda bu
protezlərlə təchiz edilən hərbçilərimizin
sayı 330- a çatıb. Vətən müharibəsi əlillərindən
protezləşməyən cəmi iki nəfər qalıb ki,
onların da müalicə prosesi davam etdiyinə görə, hələlik
texniki olaraq bu, mümkün deyil. Amma tam hazırlıq var və
həmin iki nəfərin müalicəsi bitdikdən sonra
protezləşmə Vətən müharibəsinin
bütün qazilərini əhatə etmiş olacaq. Bu işlərin
əlaqələndirilməsi üçün ötən ilin
avqustunda Prezidentin müvafiq fərmanı ilə Vahid Əlaqələndirmə
Mərkəzi yaradılıb. Artıq 48 rayon üzrə 11
regional mərkəzdə yerli icra hakimiyyəti
orqanlarının və 5 mərkəzi icra hakimiyyəti
orqanının 26 növ xidməti bu mərkəzdə
toplanıb. Bu günədək Vahid Əlaqələndirmə
mərkəzlərində 41 min şəhid ailəsinin
üzvü, Vətən müharibəsi veteranı və əlilinə
xidmətlər göstərilib.
Qeyd edək ki, Əmək və
Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Qobustanda qazilər
üçün özünüməşğulluq
proqramı üzrə yaradılan təsərrüfatlara
baxış keçirib. Proqram iştirakçıları ilə
görüşündə nazir vurğulayıb ki, Prezident
İlham Əliyevin tapşırığına əsasən,
postmüharibə dövründə icra olunan sosial dəstək
paketinin bir istiqaməti kimi, şəhid ailələri və
qazilərdən ibarət 8 min şəxs üçün
özünüməşğulluq proqramı çərçivəsində
kiçik biznes sahələri, təsərrüfatlar qurulub. Məqsəd
onların kiçik biznesə yiyələnmələrinə,
bununla sahibkarlığa çıxışına şərait
yaradılmasıdır. Hazırda da bu proses davam edir.
Vətən müharibəsi
veteranı Orxan Rəsulovun özünüməşğulluq
proqramı çərçivəsində verilmiş
avadanlıqlarla qurduğu “Mebellərin kənar bantlanması”
sexinə və Vətən müharibəsi əlili Ülvi
Niftalıyev üçün proqram çərçivəsində
yaradılmış maldarlıq təsərrüfatına
baxış olub.
Xatırladaq ki, dövlət
başçısının sərəncamları ilə
Orxan Rəsulov “Cəbrayılın azad olunmasına görə”,
“Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad
olunmasına görə”, Ülvi Niftalıyev isə
“Füzulinin azad olunmasına görə”, “Şuşanın
azad olunmasına görə”, “Qubadlının azad
olunmasına görə” medalları ilə təltif olunublar.
Onlara müvafiq sosial ödənişlər də təyin
olunub.
Hər iki müharibə
iştirakçısı göstərilən diqqət və
qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını
ifadə edib, verilmiş aktivlərdən düzgün istifadə
edərək kiçik bizneslərini inkişaf etdirmək
üçün çalışdıqlarını bildiriblər.
Nazir Qobustan rayonunda Qobustan və
Şamaxı rayonlarının sakinlərini fərdi qaydada qəbul
edərkən vətəndaşların məşğulluq
proqramlarına cəlb edilmə, sosial təminat, əlilliyin
qiymətləndirilməsi, mənzillə təminat və s. məsələlərlə
bağlı müraciətlərini dinləyib. Müraciət
edən vətəndaşların bir hissəsi şəhid
ailələrinin üzvləri və müharibə
veteranları olub. Qəbul zamanı müraciətlər yerindəcə
araşdırılıb və aidiyyəti tədbirlər
görülüb. Bir neçə vətəndaşa əmək
bacarıqlarına uyğun iş yerlərinə göndərişlər
verilib. Müraciətlərinə əsasən
ayrı-ayrı şəxslər özünüməşğulluq
proqramı çərçivəsində kiçik ailə
təsərrüfatının yaradılmasına dəstək
verilməsi, peşə hazırlığına cəlb edilmələri,
eləcə də ünvanlı sosial yardım proqramı ilə
əhatə olunmaq hüquqlarına baxılması, əlilliyin
təkrar qiymətləndirilməsi və s. üçün
qeydiyyata alınıblar. Sahil Babayev rayon sakini, Vətən
Müharibəsi Qəhrəmanı şəhid Elyar Vəliyevin
atası Arif Vəliyevlə də görüşüb. O,
şəhid qəhrəmanımızın ailəsinin sosial vəziyyəti
ilə maraqlanıb, onların və bütün şəhid
ailələrinin qayğı ilə əhatə
olunmasının bu gün nazirlik üçün
başlıca fəaliyyət istiqamətlərindən
olduğunu bildirib.
Yeri gəlmişkən, Dövlət
Məşğulluq Agentliyi tərəfindən şəhid
ailələri və qazilərə özünüməşğulluq
proqramı çərçivəsində müvafiq dəstək
tədbirlərinin göstərilməsi davam edir. Son bir həftə
ərzində agentlik tərəfindən bu kateqoriyadan olan 100-ə
yaxın şəxsə aktivlər təqdim edilib. Verilmiş
aktivlər hesabına onlar üçün kiçik təsərrüfatlar
yaradılıb. Ümumilikdə, agentlik tərəfindən
bu ilin ötən dövrü ərzində mindən çox
şəhid ailəsi, qazinin özünüməşğulluq
proqramına cəlb olunması və proqram çərçivəsində
onlar üçün kiçik təsərrüfatların
yaradılması təmin edilib. Qeyd edək ki, proqrama cəlb
olunan şəxslərə istehsal, xidmət və kənd təsərrüfatı
üzrə biznes zərflər təklif olunur.
Zərifə
BƏŞİRQIZI
Xalq qəzeti.-
2022.- 4 avqust.- S.10.