Qarabağ və
Şərqi Zəngəzurda bərpa-quruculuq işləri geniş vüsət alır
Dünyanın müxtəlif ölkələrində yaşayan hər bir soydaşımız fəxr edir və qrur hissi keçirir ki, onlar qalib Azərbaycanın vətəndaşlarıdır. Düşmən üzərində qazandığımız şanlı qələbə Azərbaycan tarixinə parlaq bir səhifə yazdı və Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu şanlı zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirdi, reytinqini yüksəltdi. Azərbaycan Silahlı Qüvvələrinin hər bir üzvü yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirdi. Yenilməz ordumuz işğal altında olan torpaqlarımızı öz qüvvəsi ilə azad edərək dünyanın ən güclülərindən biri olduğunu sübut etdi.
Bu gün Azərbaycan Bayrağının Şuşada, Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Ağdamda, Kəlbəcərdə və Laçında dalğalanması Ali Baş Komandanımız İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, qəhrəman ordumuzun qüdrətinin, xalqımızın monolit birliyinin və həmrəyliyinin parlaq nümunəsidir. Şuşada, Şuqovuşanda musiqi festivallarının, poeziya günlərinin , beynəlxalq tədbirlərin, idman yarışlarının keçirilməsi dünyaya bəyan edir ki, Qarabağ Azərbaycandır!
Artıq Şuşa beynəlxaq aləmə “gəl-gəl” deyir. Milli Məclisin komitə iclaslarının, mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin mədəniyyət paytaxtımızda keçirilməsi, diplomatik korpusların nümayəndələrinin, dünyanın aparıcı media əməkdaşlarının, QHT rəhbərlərinin və siyasi partiya sədrlərinin, həmçinin Bakıda keçirilən beynəlxalq tədbirlərin iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərləri həm erməni vandallığına, həm də bu ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərinə şahid olmaları əsl həqiqətləri bir daha üzə çıxarır.
Hazırda Qarabağ və Şərqi Zəngəzur qaynar tikinti meydanını xatırladır. Tarixi qələbədən bir həftə sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə – Füzuli və Cəbrayıl rayonlarına səfərləri ilə həmin ərazilərdə tikinti-bərpa işlərinin əsası qoyuldu. Həmin vaxtdan 1 il 8 aydan çox vaxt keçir. Bu müddət ərzində işğaldan azad edilmiş ərazilərdə görülən yenidənqurma işləri dünya ictimaiyyətini də heyrətləndirib.
Qarabağ azad ediləndən sonra Azərbaycan Prezidenti bu bölgədə dost ölkələrin şirkətlərinin də çalışacağını bildirmiş, onları Qarabağda abadlıq, yenidənqurma, dirçəliş prosesində əməkdaşlığa dəvət etmişdi. Qardaş Türkiyə şirkətlərinin ilk vaxtlardan bu prosesdə iştirakı məlumdur. Rusiya, Çin, Macarıstan, İran və digər ölkələrin bərpa-tikinti və yenidənqurma işlərində iştirakı isə ölkəmizin haqq işi uğrunda mübarizə apardığının beynəlxalq aləmdə qəbul edilməsidir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində problemlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumatda bildirilir ki, ümumiyyətlə, 50-dən çox xarici şirkət işğaldan azad edilmiş ərazilərin bərpası üzrə layihələrdə iştirak üçün müraciət edib. Bu günədək 12 ölkəni (əsasən,Türkiyə, Rusiya, Pakistan, Macarıstan və Qazaxstan) təmsil edən 53 şirkətdən müraciətlər daxil olub. Bu şirkətlər işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurma işlərində investor və ya podratçı kimi iştirak etmək niyyətindədirlər. Bir sıra şirkətlər artıq işə başlayıblar.
İşğaldan azad edilmiş torpaqlarda, ilk növbədə, ərazilərin minalardan təmizlənməsi prosesinə start verildi. Ermənistanın minalanmış ərazilərin xəritələrini tam qaytarmamasına baxmayaraq, ölkəmiz öz qüvəsi ilə çətinliklə olsa da, bu işin öhdəsindən gəlir. Ardınca isə çətin relyefə malik ərazilərin elektrik xətlərinin yenidən çəkilməsi və yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində irimiqyaslı işlər görüldü. Hazırda bu proses davam etdirilir.
Prezident İlham Əliyev çıxışlarında və ictimaiyyətin nümayəndələri ilə keçirdiyi görüşlərdə də vurğulayır ki, biz Qarabağ və Şərqi Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Dövlət başçımız bu ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə də bu məsələyə xüsusi önəm verərək dedi ki, buna nə qədər vəsait lazımdırsa, hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik: “Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub”.
İşğaldan azad edilmiş ərazilərdə diqqət çəkən maraqlı tikinti-bərpa işlərindən biri də tunellərin tikintisidir. Prezident İlham Əliyevin bir qədər əvvəl Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı da bunun şahidi olduq. Göygöl rayonunda Toğanalı–Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi yol infrastrukturunun yenidən qurulmasında bir yenilikdir. Tikintisi 2025-ci ildə yekunlaşacaq Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu Göygöl, Kəlbəcər rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək. Kəlbəcər–Laçın avtomobil yolunun inşası da sürətlə davam etdirilir. Çətin relyefə baxmayaraq, Laçın Beynəlxalq Hava Limanının tikintisində tamamlama işləri görülür. Həmçinin Kəlbəcərdə İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin və su istehsalı zavodunun da təməlləri qoyulub. Hazırda həmin ərazidə “Çıraq-1” kiçik su elektrik stansiyasında, eləcə də, rayonda 5 yerdə elektrik stansiyalarında inşa işləri davam etdirilir. Bunlarla yanaşı, dövlət başçımız Kəlbəcər rayonunda İstisu sanatoriyasının da təməlini qoyub.
Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi layihəsi Göygöl rayonunun Toğanalı kəndindən keçməklə inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3250 metrə qədər artır. Murovdağ silsiləsindən sonra 2830 və 460 metr uzunluqlara malik daha 2 avtomobil tunelinin inşası da nəzərdə tutulub. Beləliklə, yol boyu ümumi uzunluğu 15 kilometrə yaxın olan 3 tunel tikiləcək. Tunellər bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.
Artıq Zəngilan Beynəlxalq Hava Limanı istismara hazırlanır . Burada tamamlama işlər görülür və aeroport iki mərhələdə istismara veriləcək. Qrabağda sayca ikinci olan Zəngilan Beynəlxalq Hava Limanı saatda 200 sərnişinin qəbul edilməsi üçün nəzərdə tutulub. Avqust ayında isə ikinci mərhələdə hava limanında işlər bütövlükdə tamamlanacaq. Burada uçuş kütləsi 400 ton olan sərnişin və yük təyyarələrinin qəbulu mümkündür.
Dövlət başçımızın qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsində qazandığımız tarixi qələbə investorları daha da inandırdı. Buna qədər də ölkəmiz dünyada sabitlik məkanı kimi qəbul edilirdi. Hətta, nüfuzlu beynəxalq qurumlar öz tədbirlərini keçirmək üçün Bakını seçirdilər. Xatırladım ki, ABŞ, Rusiya və NATO generalları bir sıra mühüm əhəmiyyətli məsələlərin həllində görüş yeri kimi Azərbaycana üstünlük vermişdilər. İndi isə artıq müharibə riskləri yoxdur. Eyni zamanda, Azərbaycana olan münasibətlər müsbətə doğru dəyişdi. Qırx dörd gün ərzində çətin relyefi nəzərə almaqla, müharibə aparmaq və qısa vaxt ərzində düşməni diz çökdürmək dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Qarabağ və Şərqi Zəngəzurda gedən planlı işlərlə bağlı, artıq orada daimi iş yerləri yaradılır. Məsələn, həmin ərazilərdə 9 yarımstansiya yaradılıb və orada da daimi iş yerləri var. Hazırda Şuşa şəhərində otellər fəaliyyət göstərir. Beşulduzlu otel inşa edilir və gələn il həmin otel də istfadəyə veriləcək. Göründüyü kimi, hər bir sahə üzrə daimi iş yerləri yaradılır.
Əsas vəzifələrdən biri də yeni yaradılan iş yerlərində, ilk növbədə, işğaldan azad edilmiş rayonlardan olan insanların, xüsusilə, gənc nəsilin işlə təmin olunmasıdır. Artıq Şuşa şəhərində və Ağdam rayonunda dövlət vəsaiti və özəl sektor xətti ilə yaşayış kompleksinin tikintisinə də başlanılıb. Ağdam şəhərində məktəb tikintisi sürətlə aparılır. Bütün bunlar keçmiş məcburi köçkünləri öz doğma torpaqlarına daha tez qaytaracaq və eyni zamanda, onların məşğulluq problemi də həll olunacaq. O cümlədən, Şuşa şəhərində tikilən xəstəxana, məktəb və bir neçə mədəniyyət obyektində çalışanların əksəriyyəti şuşalılar olacaq.
Hazırda dünyanın nəzər-diqqəti Zəngilan rayonunun Ağalı kəndinə dikilib. Artıq bu kəndə Böyük Qayıdışın ilk mərhələsi başa çatdı. Sakinlər üçün hər cür şəraitin yaradıldığı “ağıllı kənd”də sakinlərin işlə təmin olunması problemi də öz həllini tapıb. Kənddə reallaşdırılan layihənin icrası – yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Kənddə DOST Agentliyinin “Şərqi Zəngəzur və Qarabağ” proqramı çərçivəsində “Smart DOST” xidmət məntəqəsi də fəaliyyətə başlayacaq. Burada həmdə “Dost Aqropark” fəaliyyət göstərəcək. Eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta biznesin inkişafı mərkəzləri təsis olunub.
Dövlət başçımızın tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı növbəti ilin təkliflərində infrastruktur, yaşayış binaları, kəndlərin qurulması – bütün bu layihələr gələn ilin büdcəsində öz əksini tapacaq.
Yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilər dünyanın ən cazibədar turizm mərkəzinə çevriləcək. Artıq Şuşada keçirilən tədbirlər mədəniyyət paytaxtımzı dünyaya tanıtmaqdadır. Hətta xarici ölkələrdən olan ekspertlər Şuşanın UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınması təklifini irəli sürüblər. Bu təkliflə Maltanın UNESCO üzrə Milli Komissiyasının sabiq rəhbəri Raymond Bondin Şuşadakı “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edib. O deyib ki, Şuşa UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına ən yaxşı namizəddir. Şuşanın gözəlliyi, landşaftı və azərbaycanlıların buraya verdiyi əhəmiyyət bunu bir daha sübut edir. Onu da qeyd edək ki, bu barədə dəfələrlə fikir səsləndirilib. Ancaq R.Bondin bu təkliflə çıxış edən ilk Qərb mütəxəssisidir. Raymond Bondinin bu təşəbbüsü tədbir iştirakçıları tərəfindən yüksək səviyyədə qarşılanıb.
Gələn il üçün Şuşa Türk dünyasının mədəniyyət paytaxtı elan olunub. Təbii ki, bununla əlaqədar mədəniyyət paytaxtımızda istər bu il, istərsə də gələn il çox sayda tədbirlər keçiriləcək. Bu da Azərbaycanın dünyadakı nüfuzunun artmasında mühüm rol oynayacaq.
Prezident İlham Əliyevin bu günlərdə imzaladığı fərmanla yaradılmış Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarında bərpa, tikinti və idarəetmə xidmətlərinin fəaliyyət istiqamətləri açıqlanıb.
Qarabağ və Şərqi Zəngəzurda gündən-günə geniş vüsət alan yenidənqurma, tikinti-bərpa işləri yaxın gələcəkdə həmin əraziləri dünyanın ən gəzməli və görməli yerlərinə çevirəcək.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-
2022.- 5 avqust.- S.2.