Azərbaycan Ordusu Ermənistana növbəti dəfə dərs verdi

 

Bundan sonra da bütün təxribatlar sərt cavablandırılacaq

 

Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim “dəmir yumruğumuzu” bir daha görəcək. Bu “dəmir yumruq” onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Ekspertlər son günlər müstəqil Azərbaycan dövlətinin ərazisində – Rusiya sülhməramlılarının nəzarət etdiyi məntəqələrdə baş verən proseslərə münasibət bildirərkən bir neçə məsələni yada salırlar. Birinci, Ermənistan silahlıları Azərbaycan hərbçilərinə bilavasitə Rusiya hərbçilərinin başı üstündən atəş açır və əsgərimizi öldürürsə, bu, ilk növbədə, məhz sülhməramlılara qarşı saymazlıq, Rusiyanın nüfuzuna etimadsızlıq nümayiş etdirilməsidir.

 

İkinci, Ermənistan ordusunun təmsilçiləri bu addımları atmaqla 2020-ci il noyabrın 10-da Rusi­ya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli Bəyanatı ayaq altına atmış olurlar. Təkrar edirik, onlar Nikol Paşinyanın imzasını ayaq altına ata bilərlər, lakin Azərbaycan və Rusiya dövlət başçılarının imzasına göstərilən hansısa hörmətsizlik və qanacaqsız­lıq isə qətiyyən bağışlanmayacaq və bağışlanmadı.

Üçüncü, 44 günlük müharibənin yaratdığı reallıqları bütün beynəlxalq təşkilatlar kimi Avropa İttifaqı da tanıyır və bu mötəbər qurum tərəflər arasında delimitasiya, demarkasiya proseslərinin başa çatmasına və sülh sazişinin imzalanmasına xüsusi töhfələr verməyə çalışır. Avropa Şu­rasının prezidenti cənab Şarl Mişelin bölgəyə səfəri və Bakı ilə İrəvan rəhbərlərinin bir neçə görüşünə nail olması hamı tərəfindən təqdir olunur. Ermənistan tərəfi isə həmin proseslər fonunda terror, təxribat və şərəfsizlikdən əl çəkmir. Türkiyəli həmkarımız İsmət Qarapəncənin fikrincə, cənab Şarl Mişel İrəvan rəhbərliyinin atdığı addımların bilavasitə onun şəxsinə, mövqeyinə və rəhbərlik etdiyi qurumun nüfuzu­na qarşı törədildiyinin fərqindədir. Şübhəsiz, Avropa cavabsız qalma­malıdır və inanırıq ki, qalmayacaqdır.

Dördüncü, darmadağın edilmiş Ermənistan ordusunun Qarabağdakı tör-töküntüsünün “rəhbərlərindən” başqa hamı etiraf edir ki, dağlı, aranlı bütün Qarabağ müstəqil Azərbaycan dövlətinin BMT tərəfindən tanınmış əraziləridir və həmin torpaqlarda söz sahibi olan yeganə tərəf Azərbaycan dövlətidir. Yəni dövlətimizin və qalib ordumuzun həyata keçirdityi “Qisas”əməliyyatı bilavasitə Azərbaycan ərazisində reallaşdırıldığına görə heç bir ölkə və ya beynəlxalq təşkilat bu məsələyə burnunu soxa bilməz. Hamının yadındadır ki, 44 günlük müharibənin getdiyi günlərdə Azərbaycanın daxili işlərinə burun soxanların heç biri ca­vabsız qalmamışdı. İnanırıq və arzu edirik ki, qoy, bütün bədxahlarımız da inansınlar ki, bizə dərs vermək istəyənlər bundan sonra da cavabsız qalmayacaqlar.

Beşinci, dünya şahiddir ki, Azərbaycan dövləti və şanlı ordu­muz işğalçı Ermənistana və onun havadarlarına 2016-cı ilin Aprel döyüşləri, Günnüt əməliyyatı, 2020-ci ilin Tovuz əməliyyatı və nəhayət, həmin ilin 27 sentyabrından 10 noyabrınadək davam edən İkinci Qarabağ müharibəsində Ermənistan dövlətinə, işğalşı orduya, erməni xalqına və onların havadarlarına heç zaman unutmayacaqları dərsi ver­mişdir. “Qisas” əməliyyatı da həmin dərslərin davamıdır. Əvvəllər dərsləri normal öyrənə bilməyənlər isə “payız imtahanına” qalırdılar...

Söhbət ondan gedir ki, Rusiya Federasiyası sülhməramlı kon­tingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanu­ni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-də Azərbaycan Ordusu­nun bölmələrinə qarşı terror-təxribat əməli törədiblər. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Quduz düşmənin hikkələri nəticəsində – sülh dövründə yenə də azərbaycanlı ananın bağrı dağlandı və yenə də şəhid ver­dik. Dövlət başçımız düşmənə dəfələrlə demişdi ki, “dəmir yumruq” yerindədir. Həmin yumruğu başı üstündə görən erməni zehniyyəti hücum edərək, Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərirdi. Cavablarını aldılar. Müdafiə Nazirliyinin məlumatında deyilir ki, qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşa­yış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatı məhv edilib.

Nazirliyin bəyanatında bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra da ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və cavab tədbirləri daha da sarsıdıcı olacaq.

Bütün mövcudluğu dövründə riyakarlıqdan, şər, böhtan, iftira­dan əl çəkə bilməyən Ermənistan dövləti Azərbaycanın öz ərazisində reallaşdırdığı “Qisas” əməliyyatı barədə də təkcə riyakarlıqla deyil, həm də dünyanı yenidən aldatmağa cəhd edən şərəfsizliklə münasibət bildirib. Belə ki, işğalçı ölkənin xarici işlər nazirliyi Azərbaycanı üçtərəfli bəyanatı pozmaqda ittiham etməyə cəhd göstərib.

Azərbaycan Respublikası­nın Xarici İşlər Nazirliyi bədnam qonşumuzun çürük diplomatiyasına münasibət bildirərək yazır ki, bu, riyakarlıqdan başqa bir şey de­yildir: “Xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərindən çıxa­rılmadığı dəfələrlə tərəfimizdən bəyan edilib. Üçtərəfli bəyanatın 4-cü maddəsinə əsasən “Rusiya Federasiyasının sülhməramlı kon­tingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğuna dair Azərbaycan tərəfində olan çox­saylı dəlillərə əlavə olaraq, bu fakt erməni rəsmiləri tərəfindən də etiraf edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini S. Saakyanın bu il 29 iyun tarixində hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə “Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə” dair söylədikləri, habelə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 19 iyul 2022-ci il tarixli müsahibəsində “Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağ­dan çıxarılmasının bu ilin sentyabr ayında başa çatacaq” söyləməsi Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, hələ də silahlı hərbi birləşmələrini qonşu dövlətin ərazisində qeyri-qanuni saxladığını bariz şəkildə göstərir”.

Yəni üçtərəfli bəyanatın müddəalarını kimin pozduğu hamı­nın gözü qabağındadır. Yaşanan son gərginliyin səbəbi, məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcud­luğu və təxribatlara əl atmasıdır. 3 avqust tarixində Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də məhz Ermənistanın öhdəliklərinin yerinə yetirməməsinin nəticəsidir. Ona görə də, Azərbaycan isə öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qa­nuni əsaslarla təmin edir.

Çox təəssüf ki, Ermənistan tərəfinin bu həyasızlığı bölgədə marağı olan dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən kəskin şəkildə qınanılmır. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano mətbuat təmsilçilərinə deyib ki, Avropa İttifaqı Qarabağ­dakı gərginliyin aradan qaldırıl­masına kömək etmək və Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün fəaliyyətini davam etdirmək öhdəliyinə sadiq qalır. Vəssalam.

Rusiya təmsilçiləri isə üç dövlət liderinin imzası ilə qəbul edilmiş bəyanata əsasən, Azərbaycan ərazisində yerləşdirilmiş sülhməramlı qüvvələrin öz funksi­yasını nə üçün yerinə yetirmədiyini izah etmək əvəzinə, “Biz Cənubi Qafqazda sülh və sabitliyin bərpa olunmasına töhfələrimizi verəcəyik” – deməklə kifayətlənirlər.

ABŞ rəsmilərinin münasibəti də birmənalı deyil. Onlar Azərbaycan haqqında danışarkən, “Biz Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfələr verən Azərbaycanla əməkdaşlığı bundan sonra da davam etdirəcəyik” deməklə kifayətlənir. Vaşinqton həqiqi dostu olan Azərbaycanın ərazilərinin 20 faizini viran qoymuş, bu gün də terror və təxribatlardan əl çəkməyən işğalçı Ermənistana isə qulaqburması vermək əvəzinə, hər cür yardım edir.

Ancaq zaman artıq Azərbaycanın gücünü, ordumuzun qüdrətini, xalqımızın böyüklüyünü sübut etmişdir. Azərbaycan indi öz hüquqlarını yüksək səviyyədə qoruya bilən, ərazisində söz sahibi olmağı bacaran dövlətdir. Bu real­lıqlarla barışmayanlar isə “dəmir yumruğun” gücünü növbəti dəfə görməli olacaqlar.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2022.- 5 avqust.- S.3.