Üçtərəfli Daşkənd Bəyannaməsi: hədəf türk dünyasının rifahıdır

 

Avqustun 2-də Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin ilk üçtərəfli görüşündə Daşkənd Bəyannaməsinin imzalanması türk dövlətlərinin xarici siyasəti və hərtərəfli inteqrasiyasında mühüm addım sayılmalıdır. Daşkənd görüşü özlüyündə iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində regional əməkdaşlıq imkanlarının potensialından tam səmərəli istifadə olunması səylərini ehtiva edirbu, türk birliyinin daha da möhkəmlənməsi amalı kimi diqqət çəkir.

Həmin gün Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev nümayəndə heyətimizi qəbul edərkən Azərbaycan Prezidenti İlham Əliyevin iyun ayında Daşkəndə tarixi dövlət səfəri zamanı əldə olunmuş razılaşmalara uyğun olaraq qısa müddət ərzində görülən işləri yüksək qiymətləndirib. Qar­daş dövlətin başçısı ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində olan yüksək səviyyəli əməkdaşlıqdan razılıq ifadə edib, həmçinin bir gün öncə keçirilmiş ikitərəfli Azərbaycan– Özbəkistan İqtisadi Komissiyası­nın iclasının və onun nəticələrinin faydalı olduğunu vurğulayıb. Eyni zamanda, görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində görülən işlər, o cümlədən, bu ilin noyabrında Səmərqənddə Zirvə görüşünün keçirilməsinə hazırlıq işləri müzakirə edilib. Ümumilikdə, ölkələrimiz arasında əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.

Xatırladaq ki, Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası da keçirilib. Azərbaycanın İqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov ortaq tarixi, mədəni köklərə, dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan – Özbəkistan tərəfdaşlığının gücləndiyini və regional inkişafda rolunu qeyd edib. Nazir ticarət və investisiya əməkdaşlığının əsas istiqamətlərdən olduğunu, COVID-19 pandemiyasının yaratdı­ğı çətinliklərə baxmayaraq, ticarət dövriyyəsində artım dinamikasının müşahidə edildiyini diqqətə çatdırıb. Özbəkistan Respublikası Baş nazi­rinin müavini, İnvestisiyaXarici Ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Cəmşid Xocayev də ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əlaqələri təqdir edib. İclasda ən müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan yekun protokolumemorandumlar imzalanıb.

Üçtərəfli Daşkənd görüşünə gəlincə, orada xarici siyasət, diplomatiya, iqtisadiyyat və nəqliyyat nazirləri bir araya gəliblər. Azərbaycan tərəfdən Xarici İşlər naziri Ceyhun Bayramov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər.

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov dialoq formatın­da keçirilmiş ilk iclasın yekunlarına dair birgə mətbuat konfransında bildirib ki, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üzrə mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Azad olunmuş torpaqların həyata qay­tarılması, nəqliyyat dəhlizlərinin, o cümlədən, Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsinə xidmət edəcək. Bakı Yerevanla münasibətlərin inkişafında ardıcıl mövqe tutub. Bu, Cənubi Qafqaz­da təhlükəsizliyin, sabitliyin və tərəqqinin açarıdır. Nazir həmçinin Özbəkistan və Türkiyəyə Qarabağ regionunun bərpasında dəstəyə görə minnətdarlıq edib, xatırladıb ki, üç ölkənin təmsilçiləri nəqliyyat sektorunda əlaqələrin daha da inkişafı imkanları ilə bağlı səmərəli danışıqlar aparıblar. C. Bayramovun qənaətincə, Bakı–Tbilisi–Axalkalaki–Qars dəmir yolu və Transxəzər beynəlxalq nəqliyyat marşrutununOrta dəhliz” kimi nəqliyyat yollarından daha yaxşı istifadə etməklə, bütün səyləri regionda kommunikasiyaların inkişafına yönəltmək lazımdır.

Onu da qeyd edək ki, Özbəkistan paytaxtında Azərbaycana yeni bir multimodal dəhlizə qoşulmaq təklif edilib. Bu ölkənin Nəqliyyat nazirliyi yeni “Türkiyə–Qafqaz–Mərkəzi Asiya– Əfqanıstandan keçməklə Cənubi Asiyamultimodal dəhlizinin yara­dılması təşəbbüsünü irəli sürüb. Nəqliyyat naziri İlhom Mahkamov üçtərəfli görüşdə bu məsələdən bəhs edib. O, Cənubi Asiya ölkələri ilə yükdaşımaların genişləndirilməsi üçün birgə səylər göstərilməsi zərurətini vurğulayıb və təklif edib ki, Əfqanıstan ərazisindən keçməklə Pakistana qədər yükda­şıma imkanından istifadə olunsun. Özbəkistan nəqliyyatçıları artıq bu marşrutu testdən keçirirlər. Deməli, ölkələrimizin beynəlxalq nəqliyyat daşımaları sahəsində imkanları tükənməzdir.

Yadımıza məşhur “Anayurd mar­şı” düşür: “Özbək, türkmən, uyğur, tatar, azər bir boydur, qaraqalpak, qırğız, qazaxbunlar bir soydur”. Bütün türklərin himni sayılan, sözləri Hayati Biceyə, bəstəsi Sabir Kargerə məxsus olan bu marş uzaq əsrlərin o üzündən boy göstərən birliyi, birgəliyi şirin bir dillə tərənnüm edir. Bəli, qibtə doğuran, yaxınlığımızı şərtləndirən başlıca amillər ortaq dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələrdir. Bizi birləşdirən köklər Dədə Qorqu­dun vəsflərində əksini tapmış zəngin bir tarixi özündə yaşadır.

Bu gün əlaqələrin daha geniş arealda möhkəmlənməsi fərəh yaradır. 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsi yüz il əvvəlki tarixi Qars müqaviləsinə sadiqliyi bir daha təsdiqləyib, eyni zamanda, ölkələrimiz arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında 9 fevral 1994-cü il tarixli protokolu, eləcə də Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında 16 avqust 2010-cu il tarixli müqaviləni rəhbər tutub, xalqlarımızın dostluq və qardaşlığından çıxış edərək, münasibətlərimizi keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırıb. Tərəflər türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səyləri daha da artırmaq­da tam qərarlı olduqlarını nümayiş etdiriblər.

Biz bütün məsələlərdə Türkiyənin güclü dəstəyini hiss edi­rik. Elə 30 illik Qarabağ münaqişəsi zamanı, həmçinin 44 günlük Zəfər yürüşündə Türkiyə hər zaman bizim mənəvi yardımçımız olub. Heç nədən çəkinmədən mübarizəmizə həmrəylik göstərib, bütün beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini müdafiə edib. Bu gün Bakıda və Gəncədə, Ankaradaİstanbulda– hər yerdə Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır və bu möhtəşəm mənzərələr ürəklərimizi bir döyündürür.

Azərbaycan və Türkiyə prezidentləri cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğan ana­dan ər doğulmuş böyük sərkərdələr kimi müzəffər liderliklərini uğurla davam etdirirlər. Ötən il İstanbul­da keçirilən Türkdilli Dövlətlərin  Əməkdaşlıq Şurasında Türkiyə Cümhurbaşqanının təşəbbüsü ilə  Prezident İlham Əliyevə Türk dünyasının Ali Ordeninin təqdim olunması dövlət başçımızın həm Zəfər tarixi yazmasının, həm də dünya türklüyünə misilsiz töfələr verməsinin layiqli qiymətidir.

Turan dünyasının qüdrətli təmsilçisi olan, beynəlxalq məsələlərdə sözünü qətiyyətlə deyə bilən, NATO-nun üzvü olan Türkiyə hazırda yaxın Şərq və Aralıq dənizi regionunda sülhün təminatçısı kimi tanınır. Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan da əzmlə birliyimizin möhkəmlənməsinə öz töhfələrini verir, daha sıx inteqrasiya naminə dəyərli addımlar atırlar.

İyun ayında Prezident İlham Əliyevin qardaş Özbəkistana dövlət səfəri özünün geniş əhatəliliyi və strateji hədəfləri baxımından dünyanın diqqətini cəlb edib. Yüksək səviyyədə qarşılanma, əməli görüşlər, sənədlərin imza­lanması, ən baçlıcası isə qardaş ölkədə səfərə olduqca böyük önəm verilməsi hamımızın qəlbini qürurla doldurub. Qardaş ölkələrin dünyada böyük türk bilriyinə doğru inamla irəliləmələri zamanın aşkar reallığı­na çevrilməkdədir. Əgər beş barmaq ayrı-ayrılıqda müəyyən mənada məhdud imkana malikdirsə, birləşib yumruq olanda böyük gücə çevrilir. Türk dünyasının bu yöndə atdığı hər konkret addım münasibətlərin genişlənməsinə və daha da möhkəmlənməsinə vəsilə olur.

Dövlət başçımızın Daşkənd səfəri ulu öndər Heydər Əliyevin Özbəkistana birinci rəsmi səfərindən 25 il sonra reallaşıb və bunun da rəmzi mənası var. Deməli, möhkəm təməli olan əlaqələrin üfüqləri səylə genişlənir. Daşkəndin mərkəzində Heydər Əliyevin adını daşıyan meydanın, yenilənmiş küçənin və orada qoyulmuş abidənin açılışı böyük şərəf işi kimi, öz xalqının həqiqi liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə ehtiramın əlaməti idi. Cənab Şafkat Mirziyoyevin cənab İlham Əliyevə dahi şair Füzulinin əlyazmasını hədiyyə etməsi isə ortaq mənəvi sərvətlərə sahiblik göstəricisidir. Daşkənddə prezidentlərin çox sanballı sənədlər paketini imzalamaları, xüsusilə də strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə siyasi Bəyannamənin qəbulu, üçtərəfli av­qust görüşündən də göründüyü kimi, münasibətlərdə yeni mərhələ açıb.

Bütün bunlar dostlarımızı sevindirdiyi kimi, bədxahlarımızı da narahat edir. Amma qardaş xalq­larımız heç nəyə baxmadan, əzm və qətyyətlə öz istiqballarına doğru irəliləyirlər. Dəfələrlə bəyan edilib ki, bu yürüşə xoş niyyətlə qoşulmaq istəyən hər hansı bir ölkə üçün də qapılar açıqdır və onlar bundan lazı­mınca bəhrələnə bilərlər. Kimlərinsə mütərəqqi inteqrasiyadan narahat olmasına əsas yoxdur.

Yeri gəlmişkən, qeyd edək ki, elə avqustun 2-də Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoya­nın telefon danışığı olubonlar 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarla nail olunmuş razılaşmaların yerinə yetirilməsi, həmçinin regionun cari təhlükəsizliyi vəziyyətini müzakirə edib, 44 günlük müharibədən sonra yaranmış humanitar problemlərlə bağlı fikir mübadiləsi aparıblar. Qarşı tərəfin Rusiya ilə əməkdalığının Daşkənd Bəyannaməsi imzalanan gün bu istiqamətə fokuslanması, dərhal fəallıq görüntüsü yaradılması türk birliyinin gələcək əməli nəticələrinin ermənilərdə əsl xof yaratması anla­mına gəlir.

Bir daha qeyd edək ki, Daşkənd Bəyannaməsində iqtisadiyyat, ticarət, investisiyalar və nəqliyyat sahəsində, o cümlədən, hər növ ticarət və tranzit əlaqələri üzrə əməkdaşlığın bütün potensialından istifadə sahəsində birgə səylərin da­vam etdirilməsinə, qarşılıqlı maraq kəsb edən investisiyaların təşviqinə, işgüzar dairələr, sənaye-ticarət palataları və digər strukturlar vasitəsilə bu istiqamətdə birbaşa əlaqələrin saxlanmasına qətiyyət ifadə olunub. Həmçinin, üç ölkə sənaye, proqram təminatı, informasiya-kommunika­siya texnologiyaları və rəqəmsal ticarət sahəsində əməkdaşlıqda səylərini əsirgəməyəcək, energetika, xüsusilə də bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını öyrənəcək. Bundan əlavə, tərəflər ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı və qida sənayesi sahəsində əməkdaşlığa və ümumi problemlərin həllinə xüsusi əhəmiyyət verəcəklər.

Yekun olaraq deməliyik ki, Azərbaycan, Türkiyə və Özbəkistanın imza atdığı Daşkənd Bəyannaməsinin böyük siyasi əhəmiyyəti var. Tərəflər bu vacib sənədlə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bir-birinin ərazi bütövlüyünə hörməti və suverenliyə təhdid yaradan fəaliyyətlərə qarşı ümumi səylərə dəstəklərini bir daha təsdiq ediblər.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2022.- 5 avqust.- S.3.