Qisası qiyamətə qoymayan ordumuzla fəxr edirik

 

Yenə dağlara duman gəlib, ürəyimizə xal düşüb. Ötən üç gündə Laçında şəhid olan şəmkirli igidimizin şəklinə dönə-dönə baxmışam... Çox gəncdi. Həyatda nə görmüşdü ki? Cəmi 18 yaşı olan Anarın 4 aylıq ordu həyatının sonunu erməni faşistləri faciəyə çevirdilər. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror – təxribat əməli törətdilər. Nəticədə hərbi qulluqçumuz əsgər Anar Rüstəm oğlu Kazımov şəhid oldu. Mən indi onun anasının halını düşünürəm. Çünki həmin anları illər öncə mən də yaşamışam...

44 günlük Vətən müharibəsi başlayan andan yuxumu itirmişdim. Hər günümü gah qələbə, gah şəhid xəbəri ilə başa vururdum. Şəhid anası olaraq bayrağı qəbul edib şəhid tabutu qucaqlamaq nədir, yaxşı bilirəm. Oğlum Vüqar Namazov Birinci Qarabağ müharibəsində şəhid olub. Goranboy uğ­runda döyüşlərin iştirakçısı olmuş övladıma “təhsilinə davam et” – desəm də, universitet auditoriyasını cəbhəyə dəyişdi. Qərarından dönməyən 19 yaşlı balam öncə könüllü, yaşı tamamlandıqdan sonra həqiqi hərbi xidmətini müharibədə keçirdi. Vətən sevdalısı oğlum 27 il əvvəl, noyabrın 19-da, 19 yaşında şəhid oldu. Doğrudur, Naftalandakı yeganə uşaq bağçası şəhidimin adını daşıyır, təhsil aldığı məktəbdə onun şərəfinə guşə düzəldilib, şəhid adı çəkilən hər yerdə Vüqar xatırlanır. Bütün bunlar müsbət hallar olsa da, balamın qanının yerdə qalmasına görə uzun illər ürəkdən sevinə bilmirdim. Övladlarıma toy edəndə də gözlərimiz gülsə də, qəlbimiz qan ağlayırdı...

2020-ci il sentyabrın 27-dən başla­yan əks-hücum əməliyyatlarından sonra qəlbimdə bir od közərdi. 44 gün ərzində tarixi və möhtəşəm qələbəyə imza atan Ali Baş Komandana nə qədər təşəkkür etsək, yenə azdır. Ermənistanın məğlub olduğunu televi­ziya vasitəsi ilə xalqa çatdıran dövlət başçı­mızın çıxışından az sonra yaşadığım binanın ətrafına toplaşan şəhər sakinlərinin səsinə boylandım. Onlar pəncərəmin altında “Başını dik tut, şəhid anası! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! Yaşasın Preziden­timiz!” – deyə şüarlar səsləndirirdilər. Aşağı enəndə, bayraqlarla, plakatlarla çağırış edənlərin əhatəsində bir anlığa özümü itirdim. Onların əksəriyyəti mənim keçmiş şagirdlərim idi. Məni bağrına basan kim, “gözün aydın” – deyən kim... Anladım ki, balamın niga­ran ruhu indi rahatlıq tapdı. Bircə onu deyə bildim: “Şəhidlərimizin Qarabağ səmasında gəzən nigaran ruhları şadlanır. Biz nə gözəl millətik, nə gözəl xalqıq. Bu gün hamımız qarabağlıyıq, hamımız şuşalıyıq!”

Neçə gün idi ki, Qarabağ və Şərqi Zəngəzurda gərginlik olduğunu eşidir­dik. Anar Kazımovun şəhid olması gərgin vəziyyətin sübutu oldu. Cəbhə bölgəsinə yaxın olduğumuzdan bəzi xəbərlər bizə daha tez çatır. Çünki yerli əhali daim hərbçilərimizlə əlaqə saxlayır, ehtiyac olanda onlara köməyə tələsirlər. bu gün, o tarixi andanbö­yük Qələbədən 21 ay sonra həqiqi hərbi xidmətdən təzəcə tərxis olunan nəvəm Babək Adıgözəlov mənə xəbər gətirəndə ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə keçirilən “Qisasantiterror əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb, sevincimdən qəhərləndim. Sonra xəbəri televiziyadan dinlədim ki, əməliyyat zamanı qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D – 30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib. Beləliklə, Anar balamızın qisası alınıb. Qisası qiyamətə qoymayan, nigaran ruhları sevindirən ölkə rəhbərimizə, Azərbaycan Ordusuna eşq olsun!

Yazının sonunda şəhidlik məqamına ucalan Anar Kazımova rəhmət diləməklə, anasına üzümü tutub deyirəm ki, sən də ba­şını dik tut, şəhid anası! Mən böyük səbrlə 27 il gözlədim. Və böyük Qələbənin gələcəyinə bir günolsa, inamımı itirmədim. Ali Baş Komandanın gücü və qətiyyəti ilə sənin qisa­sın qiyamətə qalmadı!

 

Tərlan NAMAZOVA,

şəhid anası, Naftalan şəhər sakini

 

Xalq qəzeti.- 2022.- 5 avqust.- S.4.