Qarabağ və Şərqi Zəngəzurun bərpa strategiyası sürətlə həyata keçirilir

 

 Vətən müharibəsindən ötən iki ilə yaxın bir müddətdə işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın reallaşması üçün mühüm layihələr həyata keçirilir. Zəngilanın Ağalı kəndinin bir qrup sakininin 30 ilə yaxın ayrılıqdan sonra iyulun 19-da doğma yurduna dönməsi dövlətimizin bu torpaqlara həyatı yenidən qaytarması üçün əzm və qətiyyətindən xəbər verir.

 Hazırda düşməndən təmizlənən yaşayış sahələrində ən müasir infrastrukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlər sürətlə gerçəkləşdirilir. Bu çərçivədə görülən layihələr isə həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini, həmçinin iqtisadi inkişafını şərtləndirir.

Onu da qeyd edək ki, ölkəmizin yenilənmiş dövlət büdcəsində də artırılan xərclər hesabına yaranan ehtiyat vəsaitlərin yönləndirildiyi istiqamətlər sırasında Böyük Qayıdışın sürətlə reallaşdırılması xüsusi yer tutur. Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol-nəqliyyat infrastrukturunun yaradılması, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün 1 milyard 477 milyon manat vəsait ayrılıb. Yeni xərclərin 2 milyard 986 milyon manatı isə, ilk növbədə, Böyük Qayıdışın təmin edilməsi üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında zəruri infrastruktur layihələrinin icrasına yönəldilib.

Bütün bunlar bir daha onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün ən prioritet məsələdir. Prezident İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işlərindən bəhs edərkən deyib: “Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik”.

Dövlətimizin başçısının bu sözləri deməyə əsas verir ki, ölkəmizin zəngin potensial imkanları azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində səfərbər edilib.

 Hazırda işğaldan azad edilən ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün müasir şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşa­yış və qeyri-yaşayış kompleksləri inşa edilir, müasir infrastruktura malik “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları həyata keçirilir. Bu əsasda bütün Qarabağ və Şərqi Zəngəzurda müasir standartlara uyğun sosial-iqtisadi və mədəni infrastruktur qurulur. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tul­lantıların səmərəli idarə edilməsi sistemi yaradılır. Sosial xidmət infrastrukturu bərpa olunur.

Bütün bunlarla bərabər, işğaldan azad edilən ərazilərin ölkə iqtisadiyyatına reinteqrasi­yası məqsədilə tədbirlər həyata keçirilir. Erməni faşizmi tərəfindən tamamilə dağıdılan iqtisadiyyatın qurulması üçün iqtisadi fəaliyyətin canlanması sürətləndirilir və əlverişli biznes mühitinin formalaşdırılması təmin edilir.

Qarabağ və Şərqi Zəngəzurda yaxın gələcəkdə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zəncirinin qurulması və dayanıqlı yerlərinin açılması nəzərdə tutulub. Regionda dairəvi iqtisa­diyyata əsaslanan “ağıllı” biznes modellərinin yaradılması planlaş­dırılıb. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alın­maqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşmanın təşviq edilməsinə xüsusi önəm verilməsi də qərara alınıb.

Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurda həyata keşirilən bərpa tədbirlərinin bir qisminə diqqət yetirək. Belə ki, iki ilə yaxın bir müddətdə qədim mədəniyyət paytaxtımız olan Şuşada 28 il ərzində törədilən erməni van­dalizminin izlərinin silinməsi istiqamətində genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Şu­şaya 101 kilometrlik uzunluğunda “Zəfər yolu” çəkilib. Şuşa şəhərinə gedən ikinci yolun, Əhmədbəyli– FüzuliŞuşa yolunun inşası da uğurla davam etdirilib. Elektrik təchizatı qaydaya salınıb, qısa vaxtda Füzulidəki “Şükürbəyli” yarımstansiyasından şəhərə 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilib.

Bütün bunlarla bərabər, Prezident İlham Əliyevin tapşı­rığına uyğun olaraq Şuşa qısa müddətdə elektrik enerjisi ilə təmin edilib. Şəhəri müasir elektrik şəbəkəsi ilə təmin etmək üçün hazırlanan plana əsasən 35/04 kVt-luq 6 elektrik yarımstansiyası inşa olunub. Onlardan 1 nömrəli trans­formator məntəqəsi, həmçinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Tezliklə digər 3 yarımstansiyanın da tikintisinə başlanılması planlaşdırılıb.

Şuşaya suyun verilməsi təmin edilib. Bunun ardınca içməli su təchizatı sistemlərinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Kiçik KirsŞuşa ma­gistral su kəmərinin 6 kilometrlik hissəsi polad borularla yenidən qurulub, 2 ədəd anbarın tikintisi layihələndirilib.

Şuşa işğaldan azad edildikdən sonra Azərbaycanın böyük şəxsiyyətləri Natəvan, BülbülÜzeyir Hacıbəylinin güllələnmiş heykəlləri əvvəlki yerlərinə – Şuşa şəhər mərkəzi meydanına qay­tarılıb.Xan qızı” bulağı bərpa edilib. Qısa vaxtda Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairiictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işləri aparılıb. Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli və dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü qoyulub. Xalq artisti Bülbülün ev-muzeyi bərpa edilib. Qala divarlarında bərpa işləri reallaşdırılıb. Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlər üzrə layihə hazırlanıb.

Hazırda Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərində və Mehmandarov­ların malikanə kompleksində, Şirin su hamamında, məşhur tarzən Sadıqcanın evində bərpa layihələri icra olunur.

Şuşada şəhər meriyasının binası əsaslı şəkildə təmir edilironun yanında yeni konfrans zalı inşa olunur. Burada yaşayış məhəlləsi, yeni teleqüllə, yeni məscid və Daşaltı məscidi, habelə 960 şagird yerlik məktəb, 90 çarpayılıq xəstəxana da sürətlə tikilir.

Prezident İlham Əliyev ötən il mayın 3-də “Azərbaycan Respub­likasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonası­nın yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamaqla ölkəmizdə “yaşıl enerji” zonasının qurulmasına mühüm önəm verildi­yini diqqətə çatdırıb.

“Yaşıl enerji” zonası layihəsinin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texno­logiyaları alternativ enerjidən istifadənin stimullaşdırılması­na və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, adları çəkilən iqtisadi rayonların bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür.

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi kimi məsələlər yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib.

Qarabağ və Şərqi Zəngəzurda artıq bir neçə su-elektrik stan­siyası inşa edilərək, işə salınıb. Günəş, eləcə də külək stansiyala­rının yaradılması ilə bağlı konkret planların da ardıcıllıqla həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Məsələn, bp şirkəti ilə imzalanmış icra müqaviləsinə əsasən, Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş-elektrik stansiyasının tikilməsi qərara alınıb.

Xatırladaq ki, sözügedən “yaşıl enerji” zonası 10 min kvadratki­lometr ərazini əhatə edir. Bura daxil olan bölgələr 7200 meqa­vat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Aparılan təhlilə əsasən, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş-elektrik enerjisinin istehsalı mümkündür. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çaylarının və digər kiçik çayların da böyük hidroe­nerji potensialı var. Həmçinin ilkin təhlillərə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.

Bu ehtiyatlar “yaşıl enerji” zonasının yaradılması istiqamətində müxtəlif layihələrin həyata keçirilməsini şərtləndirir. Təkcə cari il beş kiçik su-elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Hazırda Cəbrayıl rayonunda günəş-elektrik stansiyasının inşa edilməsi istiqamətində inamlı addımlar atılır.

Keçən il fevralın 22-də Energetika Nazirliyibp şirkəti tərəfindən iri miqyasda karbonsuz­laşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən, Azərbaycanın regionlarında və şəhərlərində bərpaolunan enerji layihələri üçün tələb olunan potensialın, habelə şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq məqsədilə anlaşma memorandumu imzalanıb. Bu sənəd Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, rəqabətli ener­ji bazarının yaradılması, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi, bp-nin isə 2020-ci ildə “xalis sıfır emissiya” hədəflərini elan etməsi kontekstində imzalanıb.

Növbəti addım isə 2021-ci il iyunun 3-də Energetika Na­zirliyibp şirkəti arasında Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş-elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair icra müqaviləsinin imzalanması olub. Bu müqavilə çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texnikikommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin reallaş­dırılması və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edib. Eləcə də müvafiq fəaliyyətin həyata keçirilməsi məqsədilə “rəhbər komitə”nin yaradılması nəzərdə tutulub.

Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Cəbrayılda tikiləcək günəş-elektrik stansiyasında 500 milyon kVt-saatdan çox elektrik enerjisi istehsal olunacaq və 150 min ev təsərrüfatının illik elektrik enerjisi təmin ediləcək.

Həyata keçiriləcək bu layihə ümumi olaraq işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonası yaradılmasının komponentlərindən biri kimi qiymətləndirilir. Hazırda layihə im­zalanan icra müqaviləsi sayəsində gerçəkləşdirilir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2022.- 9 avqust.- S.1; 3.