Rasim Əliquliyev: İşğaldan
azad edilmiş ərazilərdə
yaşıl texnologiyaların tətbiqində AMEA-nın
strukturları da yaxından iştirak edəcək
Dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindəndir. Hazırda Azərbaycanda da bu sahəyə xüsusi diqqət yetirilir. Müstəqil Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən, ardıcıllıqla həyata keçirdiyi uğurlu enerji siyasəti, transmilli şirkətlərlə birlikdə reallaşdırdığı irimiqyaslı layihələr beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəlməsinə səbəb olub.
Avqustun 6-da Baş nazir Əli Əsədovun sərəncamı ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun yaradılması Azərbaycan dövlətinin ölkəmizdə “yaşıl” texnologiyaların tətbiqinə xüsusi diqqət ayırdığını və bu istiqamətdə həyata keçirilən işlərə dəstək verdiyini göstərir.
Bunu yuxarıda qeyd edilən sərəncamla bağlı fikirlərini bölüşən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Rasim Əliquliyev deyib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların tətbiqi ilə bağlı sərəncamın AMEA-nın qarşısına qoyduğu vəzifələrdən danışan alim müvafiq sferada uğurlu dövlət siyasətinin həyata keçirilməsində akademiyanın elmi müəssisə və təşkilatlarının fəal iştirakının təmin edilməsi, ölkənin “yaşıl enerji” potensialının qiymətləndirilməsinə dair təklif və tövsiyələrin hazırlanması, elmi-intellektual potensialın müvafiq istiqamətdə səfərbər edilməsinin zəruriliyindən bəhs edib.
Vitse-prezident ötən ildən başlayaraq, “yaşıl enerji”nin intellektuallaşdırılması, “yaşıl” texnologiyaların tətbiqi, yeni nəsil enerji mənbələrinin idarə olunması və s. istiqamətlərdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda da tədqiqatların aparıldığını, rəhbərlik etdiyi bu elmi müəssisənin müvafiq sahədə dövlət siyasətinə elmi dəstək verdiyini diqqətə çatdırıb.
Akademik Rasim Əliquliyev Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncamından irəli gələn vəzifələri diqqətə çatdırıb. O, Tədbirlər Planının icrasını təmin etmək məqsədilə bir sıra məsələlərin həlli ilə bağlı AMEA-nın müvafiq elmi bölmələri qarşısında mühüm vəzifələrin qoyulduğunu bildirib. Vitse-prezident AMEA-nın elmi müəssisələrinin Tədbirlər Planında müəyyənləşdirilmiş vəzifə və tapşırıqların icrasında yaxından iştirak edəcəyini deyib.
Alim “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsinə yer ayrıldığını söyləyib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun durmadan artdığını, ölkəmizin bu prosesdə daha fəal şəkildə iştirak etmək məqsədilə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış etdiyini qeyd edib.
“Cari il iyulun 18-də Azərbaycan
Prezidenti cənab İlham
Əliyevin və Avropa
Komissiyasının Prezidenti xanım Ursula Fon der
Lyayenin imzaladıqları Azərbaycan ilə
Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil
olunan Avropa
İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji
Tərəfdaşlığa dair Anlaşma Memorandumu” çox mühüm tarixi sənəddir. Xanım Ursula Fon der
Lyayenin Azərbaycana səfəri zamanı
enerji təhlükəsizliyi məsələlərinin
müzakirə edilməsi yaxın gələcəkdə alternativ enerji mənbələrinin
əldə olunması və onlardan istifadə
üçün müəyyən tədbirlərin
görülməsini yenidən gündəmə gətirdi.
Bərpaolunan enerji sahəsində
nəhəng potensiala malik
olan Azərbaycan Qarabağ,
Zəngəzur, Xəzər dənizi və digər ərazilərdə
alternativ enerji mənbələrindən
əldə olunan enerjini
idxal etməklə yanaşı, həm də
Avropa bazarına ixrac
edərək, dünyanın qlobal enerji təhlükəsizliyinə, böyük bir regionun “yaşıl enerji”
ilə təminatı məsələsinin həllinə mühüm töhfə verə bilər”, –
deyə vitse-prezident bildirib.
Akademik Rasim
Əliquliyev Azərbaycan ilə Avropa
İttifaqı arasında enerji sahəsində
uzunmüddətli və etibarlı əməkdaşlığın
böyük nailiyyət olduğunu
qeyd edib.
Çağdaş dövrümüzdə yeni, dayanıqlı enerji mənbələrinə üstünlük verilməsinin vacibliyini vurğulayan Rasim Əliquliyev AMEA-nın alim və mütəxəssislərinin müvafiq sahənin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. Alim, həmçinin akademiyanın və ölkənin müvafiq qurumlarının öz mövcud imkanlarını birləşdirməklə vahid müzakirə platformasının yaradılması üçün “yaşıl enerji” sahəsi üzrə beynəlxalq elmi-praktiki konfransın keçirilməsi təklifini irəli sürüb.
Qabil YUSİFOĞLU
Xalq qəzeti.- 2022.- 9 avqust.- S. 2.