Ağalıda həyat öz axarına düşür

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və yenilməz ordumuzun qəhrəmanlığı sayəsində Vətən müharbəsində qazandığımız şanlı qələbə 30 ilə yaxın müddətdə torpaqlarımızın məruz qaldığı işğala son qoydu. Bu tarixi qələbə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da yüksəltdi, onu dünyada qalib dövlət kimi tanıtdı. Azərbaycan Ordusu dünyaya sübut etdi ki, öz torpaqlarını düşməndən azad etmək iqtidarındadır və bundan sonra hər zaman Vətənin keşiyində ayıq-sayıq dayanacaq. Bu tarixi qələbə Azərbaycana şan-şöhrət gətirməklə, doğma ocaqlarının həsrətini çəkən keçmiş məcburi köçkün soydaşlarımıza da ata-baba yurdlarına qayıdış yolunu açdı. Xalqımız Böyük Qayıdışın ilk müjdəsinin şahidi oldu. Təkcə biz yox, işğalçı Ermənistan, dünya erməniliyi, “ikili standartoyunundan hələ də əl çəkə bilməyən bəzi beynəlxalq təşkilatlatlar da.

Zəngilan rayonunun Ağalı kənd sakinlərinin 29 ildən sonra doğma yurdlarına qayıtmaları tarixi qələbəmizin növbəti təntənəsi oldu. Ermənistan üzərindəki şanlı qələbəmizdən keçən iki ilə yaxın müddətdə sevincli, təntənəli günlərimiz çox olub. İşğaldan azad edilmiş ərazilərdə hər dəfə yeni bir obyektin açılış mərasimi keçiriləndə, yol-nəqliyyat infrastrukturunun, eləcə də, enerji xətlərinin bərpası, o cümlədən “ağıllı kənd” layihəsi başa çatanda sevinc-sevincə qarışırdı. Bütün bunlar həm də dünyaya bəyan edirdi ki, Qarabağ Azərbaycandır!

Artıq 20 günə yaxındır ki, Zəngilan rayonunun Ağalı kənd sakinləri doğma ata-baba yurdundadırlar. Ağalıda həyat öz axarına düşür. Bir neçə gündür ki, kənddə Dövlət Xidmətləri Mərkəzi faəliyyətə başlayıb. Xəbər verildiyi kimi, mərkəzdə mövcud olan “ASAN xidmət” köşkü vasitəsilə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir. Belə ki, “ASAN xidmət” əməkdaşı tərəfindən onlara müəyyən onlayn xidmətlər üzrə yerində, digər növ xidmətlər üzrə isə müraciətləri qəbul edilməklə səyyar xidmət göstərilir. Qeyd olunan müraciətlərin təmin edilməsi məqsədilə avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən operativ xüsusi səyyar qrup Zəngilan rayonuna ezam olunub.

Kənd əhalisinin dövlət xidmətləri üzrə zəruri sənədlərə ehtiyaclarının müəyyənləşdirilməsi məqsədi ilə səyyar qrup tərəfindən 46 ünvanda sorğular təşkil olunub. Həmçinin səyyar “ASAN xidmət” tərəfindən 9 avqust 2022-ci il tarixində müəyyən edilmiş ehtiyaclar üzrə müvafiq xidmətlərin göstərilməsi təmin ediləcək. Xatırladaq ki, kəndə qayıdış başlamazdan xeyli əvvəl burada əksər xidmət obyektləri tikilib istifadəyə verilmişdir. Ona görə də kəndə köçürülən sakinlərin bir çoxunun yerləri də müəyyənləşdirilmişdi. Köçürülən ailələrdən hərəsinin bir üzvünə təklif olunmuş və qəbul edilmişdir. Təklifi qəbul etmiş şəxslər, köçülmədən sonra yerlərində rəsmi şəkildə qeydiyyata alınanlar artıq başındadırlar. Ağalıya köçürülən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar da var.

Bir faktı da xatırlatmaq yerinə düşərdi. İlkin köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilmişdir. Bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinın həcmi də nəzərə alınmışdır. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri var. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb.

Ağalıya köçən ailələr içərisində ən gənci Ceyhun və Nərmin Həsənovlar ailəsidir. Onlar təzə ailə qurublar. Ceyhun Həsənov Zəngilan Rayon İcra Hakimiyyətində ümumi şöbənin müdiri, Nərmin Həsənova isə Ağalı kənd orta ümumtəhsil məktəbinin direktorudur. Ceyhun müəllim öz kəndlərindən ağız dolusu danışır. Deyir ki, nəinki respublikamızda, heç inkişaf etmiş ölkələrdə də belə kənd yoxdur.

– Əbəs yerə kəndimizə “ağıllı kənd” demirlər ki? Kənddə bütün xidmət sahələri avtomatlaşdırılıb və müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, istisoyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması kimi amillər yüksək səviyyədə reallaşdırılıb. Küçələr yüksək keyfiyyətli asfaltla örtülüb. Orta məktəb, uşaq bağçası, tibb məntəqəsi. Hansı birini deyim? Kənddə həyata keçirilən layihənin icrası yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri üzrə reallaşdırılıb. İnşa olunmuş 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Bununla yanaşı, DOST Agentliyinin “Şərqi Zəngəzur və Qarabağ” proqramı çərçivəsində “Smart DOST” xidmət məntəqəsi də fəaliyyətə başlayacaq. Ağalıda “DOST aqroparkda fəaliyyət göstərəcək.

Kənddə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Buna görə möhtərəm Prezidentimizə minnətdarıq. Otuz il ərzində dünyanın ən qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini möhtərəm Prezidentimizin başçılığı ilə qəhrəman ordumuz 44 gün ərzində həyata keçirdi. Biz buna möhtərəm Prezidentimizin qətiyyəti, müdrikliyi, cəsarəti ilə nail olduq.

C.Həsənov həm də kənddəki meydanda ucaldılmış sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksindən söhbət açdı. Dedi ki, bu abidə bir daha dünyaya bəyan etdi ki, Azərbaycan sülh tərəfdarıdır.

Qəsəbədə daha hansı obyektlərin inşa edilməsi ilə əlaqədar sualımızı cavablandıran Ceyhun müəllim dedi:

– Ağalıda əhalinin rahatlığı üçün hər cür şərait yaradılıb. Möhtərəm Prezidentimizin sərəncamı ilə yaradılan Prezidentin Xüsusi Nümayəndəliyinin üzvləri hər gün sakinlərlə görüşür, onların yaşadıqları evlərdə olur, qarşılaşdıqları problemlərlə maraqlanırlar. Demək olar ki, kənddə bütün zəruri sosial və xidmət obyektləri inşa olunub. Məsələn, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin KiçikOrta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Bununla da sakinlərin dövlət xidmətlərinə rahat çıxışı tam təmin olunub. Artıq kənd sakinlərinin “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayıb. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş tərəfindən birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət olunacaq. Kənddə “Gillmedtikiş fabriki və ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) də fəaliyyət göstərəcək.

Bu arada Ceyhun müəllimin ömür-gün yoldaşı Nərmin Həsənova söhbətə qoşulur. Onun dediklərindən:

– Ağalıda hər cür şəraiti olan 360 yerlik məktəb binası tikilib istifadəyə verilib. Kəndə köçürülən 41 ailənin 201 üzvünün hələlik 41 uşağı həmin məktəbdə təhsil alacaq. Ona görə hələlik deyirəm ki, sonradan kəndə köçəcək ailələrin uşaqları da məktəbimizdə təhsilini davam etdirəcəklər. Məktəbdə çalşacaq pedaqoji kollektivtexniki işçilər kəndimizin sakinləridir. Sonradan müəllim çatışmazlığı problemi yaranarsa, təbii ki, bu məsələni Elm və Təhsil Nazirliyi müvafiq qanunvericiliyə əsasən həll edəcək. Böyük sevinclə dərs ilinin başlanmasını gözləyirik. İyirmi doqquz ildən sonra Ağalı kənd orta ümumtəhsil məktəbində ilk zəng çalınacaq. Bu zəng bizə, nə qədər böyük sevinc bəxş edəcəksə, ermənilərə və onların havadarlarına bir o qədər göz dağı olacaq.

Ceyhun müəllimə daha bir sualla müraciət etdik.

Deyirsiniz ki, kənddə tibb məntəqəsi fəaliyyət göstərir. Bəzi media orqanları yazırdılar ki, kəndin sakini Kübarə Sultanova vaxtında tibbi yardım göstərilmədiyindən dünyasını dəyişdi. Yəqin ki, siz bu məlumatla tanışsınız?

Əlbəttə, mən bu informasiya ilə tanışam. Açığını deyim ki, bu məlumat ölkəmizin inkişafını, xüsusilə, 30 ilə yaxın bir müddətdə doğma el-obasından didərgin salınanların dədə-baba yurdlarına qayıtmasını gözü götürməyənlərin uydurması idi. Belələrini Ağalı kəndində tikilmiş evlər, sosial xidmət obyektləri, asfalt işıqlı küçələr, hər cür infrastruktura malik evlər yandırıb-yaxır. Eyni zamanda, kənd sakinlərinin sevinclə, sanki toy-bayramla yurdlarına dönmələri xüsusi öyrədilmiş sosial şəbəkə istifadəçilərini ciddi narahat edib. Ona görə belə uydurma, yalan böhtan yazırlar. Yaxşı olar ki, hər şeyi rəhmətliyin oğlunun özü danışsın.

 

Valeh İsmayılov:

 

Anam I qrup əli, həm onkoloji xəstə idi. Bakıdan kəndimizə qədər anamla bir maşında gəlmişik. Təcili tibbi maşını da bizi-ümuityətlə, köçü mənzil başına çatan qədər müşayiət edib. Anam doğma kəndimizi gördü. Arzusuna çatdı. Ertəsi gün hərarəti yüksəldi. Kənddə həkimlər, tibbi xidmət üçün hər çür şərait var idi. Onlar dərhal anama ilk tibbi yardım göstərdilər. Hətta, Prezidentin Xüsusi Nümayəndəlinin əməkdaşları da bizdə idilər. Lakin elə xəstəlik var ki, onun sağalması qeyri-mümkünür. Anam da belə xəstələrdən idi. Bəziləri öz şəxsi məqsədləri üçün belə bir hadisədən istifadə etdiklərinə görə, xəcalət çəkməlidirlər. Hiss edirəm ki, düşmən dəyirmanına su tökmək istəyənlər bizim kəndimizə qayıtmağımızı həzm edə bilmirlər. Fikirləşirəm ki, digər kəndlərin sakinləri qayıdanda da belə xəyanətkarların ürəkləri partlayacaq.

Kəndin ən yaşlı sakini 87 yaşlı Bənövşə Nuriyevadır. O, hər gün Allaha şükür edir ki, doğma kəndindədir. Deyir ki, a bala, mənim səsimi Prezidentə, birinci xanıma çatdırın. Deyin ki, Bənövşə xala deyir ki, Allah onları qorusun, canlarını salamat eləsin, arzularına qovuşdursun. Bizi bu yaşımızda arzumuza qovuşdurdular, 29 ildən sonra doğma Ağalımıza qaytardılar.

 

Əliqismət BƏDƏLOV,

 

Xalq qəzeti.- 2022.- 9 avqust.- S.4.