Sənayeləşmə
prioritet istiqamətdir
Bu ilin ilk altı ayında ölkənin qeyri-neft iqtisadiyyatında 9,6 faiz artım müşahidə edilib, bu sektorda ixracın artımı isə 25 faizi üstələyib. Bütün bunlarla bərabər, hesabat dövründə Azərbaycanda ümumi sənaye üzrə əlavə dəyər 2,2 faiz, qeyri-neft-qaz sənayesində əlavə dəyər 11 faiz, qeyri-neft-qaz emal sənayesində əlavə dəyər 15,2 faiz artıb. Ölkədə ümumi sənaye buraxılışında qeyri-neft-qaz sənayesinin xüsusi çəkisi 20,8 faiz təşkil edib. Qeyri-neft sənayesinin sürətli inkişafına sənaye zonaları, aqroparklar önəmli təsir göstərib. Ölkədə yaradılan sənaye zonaları ixrac potensialının artırılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına, ölkəyə valyuta axınının, investisiyaların artmasına yeni imkanlar açıb.
Sənaye parklarının yaradılmasında əsas məqsəd innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafına, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılmasına və bu sahədə sahibkarlığın dəstəklənməsinə nail olmaqdır. Eyni zamanda, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliyinin artırılması, əməkqabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması kimi məsələlər də qarşıda mühüm vəzifələr kimi durur.
Azərbaycanın sənaye parklarında yüksək nəticələrə nail olmaq üçün rezidentlərin səmərəli fəaliyyəti məqsədilə hər cür şərait yaradılıb, vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq edilib. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunublar. Bundan başqa, sənaye parklarında dövlət vəsaiti hesabına müasir infrastruktur yaradılıb, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilib.
Cari ilin 6 ayında sənaye zonalarında istehsal 52,9 faiz, ixrac isə 2 dəfə artıb. Bu il aprelin 1-nə qədər sənaye zonalarına, ümumilikdə, sahibkarlar tərəfindən 6,4 milyard manat investisiya yatırılıb. Sənaye parklarında 10 mindən çox daimi iş yeri yaradılıb.
Ötən il 2,4 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 15,5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə xüsusi çəkisi 30,8 faiz (959,3 milyon manatlıq ixrac) təşkil edib. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac olunub.
Prezident İlham Əliyevin sənaye siyasətinin nəticəsində Azərbaycan Avropada sənayenin ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisinə görə öndə gedən ölkələrdəndir. Dünya Bankının hesablamalarına görə, sənayenin ÜDM-də payı Azərbaycanda 40 faizdən çox olduğu halda, dünyada orta göstərici 24,8 faizdir.
Aqroparkların da Azərbaycan iqtisadiyyatında rolu getdikcə artır. Respublikada artıq 44 aqropark fəaliyyət göstərir, 32 rayon üzrə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər isə davam etdirilir.
İndiyədək 25 aqroparka 184 milyon manat güzəştli kredit ayrılıb. Aqroparklarda ümumi 4 500-dək daimi, 6 300-dən çox isə mövsümi iş yeri açılıb.
Hazırda respublikadakı aqroparkların səmərəli fəaliyyət göstərməsi məqsədilə ilkin mərhələdə 6 əsas, 11 alt klasterin formalaşdırılması üzrə işlər aparılır.
Qeyri-neft iqtisadiyyatında əldə edilənbütün bu uğurlu göstəricilər Azərbaycanın hazırda 2021-2030-cu illəri əhatə edən keyfiyyətcə yeni bir strateji mərhələyə daxil olmasından xəbər verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya və dərin islahatlar ölkəmizin iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına zəmin yaradır.
Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsində də sənayeləşmə siyasətinə mühüm önəm verilir. Başqa sözlə, işğaldan azad edilmiş ərazilərimizdə sənaye parklarının yaradılması və parklara investisiya cəlb olunması bölgənin resurslarından, həmçinin iqtisadi imkanlardan yararlanmaqla Qarabağın ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına əlavə stimul yaradır.
Qarabağ və Şərqi Zəngəzurda sənayeləşmə prosesinin mərhələli şəkildə aparılacağı nəzərdə tutulur. Abadlıq və quruculuq işlərinin həyata keçirilməsi üçün ilkin mərhələdə tikinti şirkətləri prosesə qoşulur. Nəzərə alsaq ki, əhali tezliklə işğaldan azad edilmiş ərazilərə qayıdacaq, belə olan halda, onların ərzağa olan tələbatının təmin edilməsi xüsusi diqqətdə saxlanılır. Bu baxımdan, növbəti mərhələdə kənd təsərrüfatı məhsullarının emalı, yüngül və qida sənayesinin formalaşdırılması prosesi həyata keçiriləcək.
Hazırda ölkəmizdə iqtisadiyyatın inkişafına, ixrac potensialının artırılmasına, rəqabətqabiliyyətli məhsul istehsalına önəmli töhfə verən sənaye parklarının sırasına “Ağdam Sənaye Parkı” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da qoşulur. Beləliklə, bu gün respublikada 7 sənaye parkı var.
“Ağdam Sənaye Parkı”nın təməli dövlətimizin başçısı tərəfindən ötən il mayın 28-də qoyulub. Xatırladaq ki, bu park Qarabağın yenidən qurulmasında mühüm rol oynayacaq. Adı çəkilən sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq.
Ağdamda sənaye parkının yaradılması geostrateji baxımdan da böyük əhəmiyyət daşıyır. Buradakı qida sektoru, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, inşaat materiallarının istehsalı nəzərdə tutulur. Bu isə makroiqtisadi göstəricidə qeyri-neft sektorunun çəkisinə xüsusi təsir edəcək.
V.BAYRAMOV
Xalq qəzeti.- 2022.- 9 avqust.- S.4.