Ermənilərin insanlığa zidd
olan mina barbarlığı
Ermənistanın postmünaqişə dövründə
də müharibə cinayətləri səngimir. Mina terrorunun qurbanlarının
sayı getdikcə artır. Bir neçə gün əvvəl minatəmizləmə
işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının
Füzuli rayonunun işğaldan azad edilən Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi, bir nəfərin ayağının amputasiya
olunması bunun əyani nümunəsidir.
Əslində, bu cür dəhşətli cinayətlərin
bütün məsuliyyəti
Ermənistanın üzərinə
düşür.
Xatırladaq ki, 10 noyabr
2020-ci il tarixli üçtərəfli
Bəyanatından ötən
müddət ərzində
ermənilərin minaladığı
ərazilərdə 102 mülki
vətəndaş minaya
düşüb, onlardan
32 nəfər həlak
olub. Eyni zamanda, minaya
düşən 124 hərbçidən
7-si bu terrorun qurbanına çevrilib.
Prezident İlham Əliyev indiyədək müxtəlif
səviyyələrdəki çıxışlarında Ermənistanın
insanlıq əleyhinə
yönələn bu cinayəti haqqında ətraflı danışıb. Məsələn,
dövlətimizin başçısı
bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatlarının Dövlət
katibi Entoni Blinkenlə telefon danışığında işğaldan
azad olunan ərazilərdə Ermənistan
tərəfindən kütləvi
şəkildə minaların
basdırıldığını və müharibənin başa çatmasından
bəri 240 nəfərdən
çox vətəndaşımızın
mina partlayışlarında həlak olduğunu, yaxud sağlamlığını
itirdiyini bildirib.
Azərbaycan tərəfindən beynəlxalq təşkilatların toplantılarında Ermənistanın “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozduğu vurğulanıb. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəalarına da işğalçı ölkə tərəfindən əhəmiyyət verilməməsi diqqətə çatdırılıb.
Yeri gəlmişkən, adı çəkilən konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürürlər. Təəssüf ki, Ermənistan bütün sahələrdə olduğu kimi, bu məsələdə də laqeydlik göstərir. Belə ki, işğalçının verdiyi mina xəritələri tam olmamaqla yanaşı, təqdim etdiyi xəritələr də maksimum 30 faiz düzgündür.
Burada təəssüfləndirici hal isə odur ki, ötən 2 il müddətində beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın bu terror əməllərinə laqeyd münasibət sərgiləməklə yanaşı, Qarabağda və Şərqi Zəngəzurda minatəmizləmə işlərinə də ciddi dəstək verilmir, vəsait və böyük kontingent ayrılmır. Bununla bağlı Prezident İlham Əliyev çıxışlarının birinə deyir: “Minaların təmizlənməsi ilə bağlı – müharibədən sonra 200-dən çox insan ya həlak olub, ya da ki, ağır yaralanıb. Dünyada bu məsələ ilə məşğul olan o qədər fondlar var, QHT-lər var. Nə ilə məşğuldurlar? Gəlsinlər, kömək göstərsinlər. Bizim fiziki cəhətdən gücümüz çatmır. Biz nə lazımdırsa, almışıq. Maşın, mexanizm almışıq, texnika almışıq, hətta dronlar almışıq ki, o minalarla çirklənmiş yerləri təsbit edir. Ancaq bizdə mütəxəssis çatışmır, bizdə işçi qüvvə çatışmır. Ona görə, heç olmasa, bu sahədə bizə kömək göstərsinlər. Yenə də deyirəm, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik...”.
Burada xatırlatmaq yerinə düşər ki, dövlətimizin başçısının bu çıxışından sonra bəzi beynəlxalq təşkilatlar tərəfindən humanitar minatəmizləmə fəaliyyətinə dəstək verilib. Məsələn, ANAMA-ya Fransa səfirliyi 130 ədəd minaaxtarma detektor hədiyyə edib. Əlbəttə, bu, kifayət deyil. Çünki düşmən işğaldan azad edilən bütün ərazilərdə minaları, demək olar ki, səpələnən halda basdırıb.
Yuxarıda xatırlatdığımız kimi, üçtərəfli Bəyanatın imzalanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də dəqiq mina xəritələrini verməyib. Həmçinin indiyədək təqdim olunan mina xəritələri də dəqiq olmayıb. Buna görə də müharibədən sonra çoxsaylı Azərbaycan vətəndaşı mina partlayışından həyatını itirib.
Beləliklə, dünyanın gözü önündə baş verən bu terror hadisələri qarşısında beynəlxalq ictimaiyyət susmağa üstünlük verir. İşğal dövründə olduğu kimi, indi də Ermənistana heç bir təzyiq göstərilmir. Bundan başqa, ərazilərin minalardan təmizlənməsi prosesində ölkəmizə bu sahədə təcrübəsi olan beynəlxalq qurumlardan da dəstək gəlmir. Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində haqlı olaraq beynəlxalq təşkilatlardan daha fəal kömək gözləyir. Təəssüf ki, dəfələrlə edilmiş çağırışlara baxmayaraq, indiyə qədər beynəlxalq qurumlardan minatəmizləmə işində ciddi fəaliyyət nəzərə çarpmır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev vaxtaşırı çıxışlarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasının daim diqqət mərkəzində saxlanıldığını, indiyədək mövcud sahədə mühüm uğurlar əldə edildiyini diqqətə çatdıraraq, qarşıdakı dövrdə müvafiq struktur rəhbərlərinə bu istiqamətdə görüləcək işlərlə bağlı öz tapşırıqlarını da verib. Dövlətimizin başçısı işğaldan azad olunan ərazilərin yenidənqurma prosesinin intensiv şəkildə davam etdirildiyini, 2021-2022-ci ildə bu iş üçün 4,4 milyard manat vəsait ayrılmasının nəzərdə tutulduğunu və bu vəsaitin yarıdan çoxunun xərcləndiyini xatırladıb. Azərbaycan Prezidenti daha sonra deyib: “Baş planlar təsdiq olunandan sonra biz ancaq praktiki işlərlə məşğul olacağıq. Mən, ilk növbədə, yaşayış binalarının inşasını nəzərdə tuturam. Çünki digər infrastrukturla bağlı layihələr icra edilir. Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və bu, bizim üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan biz vətəndaşları o bölgələrə yerləşdirə bilmərik. Ancaq tam əmin olandan sonra ki, o ərazilər minalardan təmizlənib, biz vətəndaşları o ərazilərə yerləşdirə bilərik”.
Nəhayət, bərpa layihələrinin gedişində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ərazilərin minalardan təmizlənməsinə xüsusi diqqətlə yanaşılıb. Bunun üçün təkcə cari ilin ötən ayları ərzində geniş həcmdə ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib. Ümumiyyətlə, bu günədək yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərini əhatə edən 20 min hektaradək ərazidə bu proses uğurla başa çatdırılıb.
Xalq qəzeti.- 2022.- 9 avqust.- S. 4.