Kəşfiyyatçı
şəhid qardaşlar
Öncə Vətəndir
Qismətə baxın ki, Əsgərli soyadını daşıyan ailənin iki əsgər övladı canını Vətənə qurban verərək bu soyadın məna yükünü daha da urvatlandırıb. Nurlan Əsgərli 2016-cı ilin məlum Aprel döyüşlərində şəhid adının əbədi nuruna qərq olub. Çiyin-çiyinə vuruşduğu qardaşı İntiqamın qolları arasında can verib. Həmin anda İntiqam and içib ki, bir gün mütləq Nurlanın intiqamını alacaq. Vədinə şərəflə əməl edən İntiqam İkinci Qarabağ müharibəsində erməni ordusunun neçə-neçə hərbçisini məhv edib və 2020-ci il noyabrın 9-da işğaldan azad edilən Şuşada şəhidlik zirvəsinə ucalıb.
Nurlan yeniyetmə yaşlarından cüdo və əlbəyaxa döyüş növləri ilə məşğul olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2015-ci ildə xüsusi təyinatlı kəşfiyyat kursuna yazılıb. Həmin ilin iyununda əsgəri xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət keçmək üçün könüllü olaraq Vətənə qulluğunu gizir rütbəsində davam etdirib. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlanan döyüş əməliyyatları zamanı Nurlan özü ilə eyni rütbədə olan, cəsur qardaşı İntiqamla birlikdə Tərtərin Talış kəndi istiqamətində olan əlverişli mövqelərin, strateji nöqtələrin işğaldan azad olunmasında iştirak edib. Döyüş meydanından yaralıları, eləcə də igid komandiri, polkovnik-leytenant Raquf Orucovun nəşini çıxarıb. Sonra isə polkovnik Vüqar Yusifovun nəşini gətirməyə gedəndə yanına düşən mərminin zərbəsindən özü də şəhid olub. Ölümündən sonra III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Digər qardaş – gizir İntiqam Əsgərli Nurlandan 5 yaş böyük idi. O da idmançı idi. Türkiyədə kəşfiyyat kursunu bitirmiş və bu sahənin incəliklərini dərindən öyrənmişdi. Xidmətə xüsusi təyinatlı qüvvələrin giziri kimi Murovda başlayan İntiqam Vətənə layiqincə qulluq edib. Qüsursuz xidmətinə görə eyni adlı medalla təltif olunub. Elə qardaşı Nurlana da hərb sənətini o sevdirib. Aprel döyüşləri tez başa çatdığı üçün düşmənə sözünü tam deyə bilmədiyinə görə həmişə qisas hissi ilə yaşayıb. Nəhayət, İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən şiddətli döyüşlərə qatılıb. Şəhid qardaşının, komandirlərinin və Vətən yolunda canından keçmiş digər silahdaşlarının qisasını alıb. Noyabrın 9-da azadlığına qovuşan Şuşada qəhrəmancasına həlak olub.
İntiqam ailəli idi. Nur adlı qızının beş yaşı var. Ona bu adı əmisinin xatirəsini yaşatsın deyə veriblər. İntiqam doğma kəndində torpağa tapşırılandan bir neçə ay sonra onun dünyaya gələn ikinci övladına İntiqam adını qoyublar. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, həmçinin Kəlbəcərin, Xocavəndin və Şuşanın azad olunmasına görə medallarına layiq görülüb. Masallı şəhərindəki 3 nömrəli tam orta məktəbə onun adı verilib. Viləş kəndinin mərkəzi küçəsi isə Aprel şəhidi Nurlan Əsgərlinin adını daşıyır.
Masallı Rayon İcra Hakimiyyətinin yeni təyin edilmiş başçısı Araz Əhmədov ötən həftə rayonun Qızılağac, Viləş, Yeddioymaq, Qasımlı, Şıxlar əraziləri sakinlərinin görüşünə gedən zaman iki şəhid qardaşın – Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli və Aprel döyüşləri qəhrəmanı Nurlan Əsgərlinin böyüyüb boya-başa çatdığı evdə də olub, şəhidlərin valideynləri Ziba və Bayram Əsgərovların qayğıları ilə maraqlanıb, qəhrəman övladlarının ev-muzeyini ziyarət edib.
...Nurlanın dəfn mərasimində atası Bayram kişi “Kaş ki, balam Şuşaya bayraq sancandan sonra şəhid olaydı...” – demişdi. Onun bu arzusunu digər balası – İntiqam gerçəkləşdirdi: artıq başının üstündə üçrəngli dövlət bayrağımız dalğalanan Şuşada şəhid oldu. İntiqam və Nurlanın valideynləri bu yaxınlarda Şuşada olublar. İgid Vətən oğullarının dırmaşdıqları yalçın qayalara baxıb, düşmənlə əlbəyaxa vuruşaraq geri aldıqları şəhərin saf havası ilə nəfəs alıblar. Orada dalğalanan qələbə bayrağına baxan ata və ananın gözləri yaşarsa da, çöhrələrindən qürur hissi əskik olmayıb.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2022.- 9 avqust.- S. 6.