“Dildə, işdə, fikirdə birlik” Türk
dünyasının mənəvi hədəfidir
Müsahibimiz
Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti, siyasi
elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidlidir.
Füzuli müəllim, Beynəlxalq
Türk Akademiyası hazırda Türk dünyasında
mühüm beynəlxalq təşkilat statusu daşıyan
qurumlardan biridir. Ümumiyyətlə, bu qurumun türk
xalqları üçün əhəmiyyəti, üzərinə
götürdüyü missiya barədə
danışmağınızı istərdik...
– BTA-nın yaradılması ilə bağlı qərar 2009-cu il oktyabrın 3-də Türk Dövlətləri Təşkilatının Naxçıvan sammitində qəbul edilib və akademiya fəaliyyətə 2010-cu ilin may ayında başlayıb. 2012-ci ildə BTA Bişkek Zirvə görüşündə beynəlxalq status alıb və 2014-cü ildə beynəlxalq təşkilat olaraq fəaliyyətə başlayıb. İlk dəfə akademiyaya rotasiya qaydasında rəhbər təyin olunub.
Təbii ki, ev sahibi olduğu üçün birinci rəhbər qazaxıstanlıdır. Hazırda prezident Darxan Kıdırəlidir. Akademiya ilə yanaşı, bir neçə böyük təşkilat var. TDT, Türksoy, TürkPA, Türk Mədəniyyəti İrsi Fondu. İki təşkilat Türkiyədə, ikisi Azərbaycanda və bir təşkilat Orta Asiyada yerləşir. Orta Asiyada yerləşən BTA-dır. Əlbəttə, məqsədlər çoxdur. Əsas məqsəd isə Türk dünyasında elm və təhsil sahəsində əlaqələndirmələr həyata keçirmək, qədim tarixi-mənəvi irsimizi araşdırmaq, ortaya qoymaq və dünyaya tanıtmaqdır.
Ümumiyyətlə, təhsil, elm yumşaq güc sayılır. Əslində, ortaq düşüncənin formalaşdırılmasına xidmət göstərən ən vacib prinsiplərdən biridir. Türk Akademiyası da böyük İsmayıl Qaspıralının “Dildə, işdə, fikirdə birlik” şüarı üzərində yaradılmış, bu tezisi özünə əsas şüarlardan biri kimi seçmiş qurumdur. Bu bizim fəaliyyətin əsas devizidir. Əlbəttə, bütün bunlar gələcəkdə Türk dünyası anlayışının vahidləşməsi, düşüncə ümumiliyinin təmin edilməsinə xidmət edir.
Yeri gəlmişkən, BTA
institutlaşma prosesini yekunlaşdırıb. Çünki beynəlxalq təşkilatın
fəaliyyətə başlaması üçün bir
sıra vacib sənədlər var. O sənədlər həll
olunmalıdır, Türk dövlətləri rəhbərləri
tərəfindən imzalanmalar həyata keçirilməlidir və
bunlardan ən vaciblərindən biri akademiyanın yerləşməsini
şərtləndirən Qazaxıstan Respublikası ilə
BTA arasında müqavilə öhdəlikləri artıq
imzalanıb. Ötən ildən etibarən
akademiya Vyana Konvensiyasının prinsiplərinə əsasən
tamhüquqlu beynəlxalq təşkilat kimi fəaliyyət
göstərməyə başlamışdır.
Bununla ilk dəfə olaraq,
üzv ölkələrdən əməkdaşlar qəbul
edilməyə başlandı və ilk vitse-prezident də Azərbaycandan
təyin olundu. İndi akademiyanın tam tərkibdə fəaliyyət
göstərməsi üçün heç bir maneə
qalmadı. Amma yeni üzv ölkələrdən
də əməkdaşların cəlb olunması ilə akademiyanın
güclü bir quruma çevriləcəyi heç kəsdə
şübhə doğurmur.
Yeri gəlmişkən,
akademiyanın yeni üzv dövlətləri tam qurucu üzv
ölkələri – Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Türkiyədir. Macarıstan
müşahidəçi üzvdür, bu yaxınlarda isə
bildiyimiz kimi, Özbəkistan da üzv ölkələrimizdən
birinə çevrilib. Son üç ildə BTA tərəfindən
Türk dünyasının böyük şəxsiyyətlərinə,
dövlətçiliklə bağlı önəmli təqvimlərimizə
həsr olunmuş 26 beynəlxalq konqres və forum, 30-dək
seminar və “dəyirmi masa” keçirilib. Tədbirlər
müvafiq olaraq Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Türkiyə, Rusiya Federasiyası,
Macarıstan, ABŞ, Monqolustan, Fransa, Özbəkistan və
digər ölkələrdə təşkil olunmuşdur.
– Ortaq türk
tarixi, türk dili və ədəbiyyatı
proqramlarının işlənib hazırlanmasında, bu sahənin
inkişaf etdirilməsində BTA-nın rolunu və perspektivlərini
necə qiymətləndirirsiniz ?
– Akademiyanın səmərəli fəaliyyətində
mühüm əsaslardan biri də məhz ortaq dərsliklər
məsələsidir. Ortaq dərslik, əslində,
ortaq kimliyin müəyyənləşməsinin vacib
faktorlarındandır. Çünki tarix
bizim ortaq keçmişimizi bəlli edir, ədəbiyyat ortaq
düşüncəmizi formalaşdırır, coğrafiya
isə vahid məkan anlayışımızı təlqin
edir. Bu baxımdan, bu üç dərsliyin
seçilməsi və məktəblərimizdə ortaq şəkildə
tədris olunması akademiya qarşısında dövlət
başçılarımız tərəfindən qoyulan ən
vacib tapşırıqlardan biri idi.
On il öncə ortaq türk tarixinin
yazılması ilə başlanan bu proses, nəhayət, bu il
sona çatdı və bilirsiniz ki, bir neçə gün
öncə Nursultan şəhərində keçirilən
BTA-nın elmi şurasının konfransında Təhsil nazirlərimiz
tərəfindən də təsdiq olundu. Nəticə
olaraq ortaq türk tarixi, ədəbiyyatı və
coğrafiyası dərslikləri artıq ölkələrimizdə
tədris edilməyə başlanacaq. Ola
bilər, bu bəzi ölkələrdə seçmə yolla,
bəzilərində isə icbari yolla həyata keçirilsin.
Önəmli olan odur ki, belə mötəbər
qərar qəbul olunub. Bir haşiyə
çıxaraq qeyd edim ki, əslində, həm Azərbaycanda,
həm də Qazaxıstanda 2018-ci ildən etibarən ortaq
türk tarixi tədris olunurdu. Amma, müəyyən qədər
seçməli fənn kimi, pilot layihə olaraq öyrənilirdi.
Təhsil Nazirliyinin verdiyi məlumata
görə, ötən il Azərbaycanda, təxminən,
150 məktəbdə pilot layihə kimi bu fənn tədris
olunub. Eyni zamanda, Qazaxıstanda və Türkiyədə
də bu, seçmə fənn kimi tədris edilmişdir.
Əslində, bu ortaq tarix, ədəbiyyat
və coğrafiya fənləri yazılarkən biz nəyə
diqqət etmişik. Hər bir ölkənin fərqli təhsil
sistemi var. Onların koordinasiyası,
yaxınlaşdırılması istiqamətində işlər
gedir. Müxtəlif təşkilatlar
çalışır, xüsusilə Təhsil Nazirliyi ilə
intensiv işləyirlər. Hər bir
ölkənin özünün kurikulum kimi fərqli tədris
metodları, fərqli yanaşmaları var. Hər bir dövlətin
tarixi məsələlərdə öz yanaşması var.
Bizim əsas məqsədimiz ortaq nöqtələri tapıb
birləşdirməkdir. Tarix hansısa dəqiq
bir fənn deyil. İllər, günlər dəqiq ola bilər, lakin yanaşmalar, nəticələrlə
bağlı baxışlar fərqli ola bilər. O baxımdan,
biz çətinliklərlə qarşılaşsaq da, bu ilin
may ayında İstanbulda 3 gün müddətinə
BTA-nın üzv ölkələrinin Təhsil Nazirliyi
nümayəndələri çox gərgin bir iş ortaya
qoydular. Mən bu işdə əziyyəti olan
bütün üzv ölkələrin Təhsil nazirliklərinə
də təşəkkürümü bildirmək istəyirəm.
Həqiqətən, bizi birləşdirə biləcək
ortaq nöqtələrə təmas etməyə
çalışdılar. Xüsusən,
bu məqama diqqət yetirdik ki, bizi birləşdirən əsas
dəyərlər bu proqramlarda öz əksini tapsın.
Tarixin, ədəbiyyatın, coğrafiyanın
birləşdirici gücünü müəyyənləşdirən
məqamları tapmaq əsas məsələ oldu.
– Ortaq tarix
demişkən, bəzən indi də tarix kitablarımızda
sovetdən qalma müəyyən yanaşmalar davam edir. Məsələn, biz “Dədə Qorqud” dastanına
sahiblənirik. Çünki oğuz
türklərinin dastanıdır. Böyük
Səlcuq dövləti də Oğuz türklərinin
qurduğu imperiyadır. Amma, hələ də
dərsliklərdə səlcuqlara yad yanaşma mövcuddur.
Bu tendensiya Türkiyə tarix proqramlarında Səfəvilərə
münasibətdə də mövcuddur. Halbuki, bu, ortaq
tariximizdir...
– Yadınızdadırsa, cənab
Prezidentin ötən il orada Bayraq
Günü ilə bağlı sosial mediada bir
paylaşımı olmuşdu – ilk bayraq kimi Səlcuqlu dövlətinin
bayrağı öz əksini tapmışdı. Yəni, Səlcuqlar bizim tariximizdir. Türk tarixinin önəmli hissəsidir. Təbii ki, tarixdə çox müharibələr
olub. Bu müharibələr bir xalqın
öz daxilində də, xaricində də baş vermişdir.
Qardaş xalqların da arasında müharibələr
baş vermişdir. Bizim məqsədimiz
onları xatırlatmaq, təftiş etmək
olmamalıdır. Biz keçmişimizdən
nəticə çıxarmaq üçün tariximizi öyrənməli,
kədərli və sevincli nöqtələri birgə oxumaq,
öyrənmək və təbliğ etmək istəyimizi hər
zaman inkişaf etdirməliyik.
Hər dövrün öz
şərtləri olub. Tarixi hadisələrə də həmin
dövrün şərtləri müqabilində baxmaq
lazımdır. Bizim də məqsədimiz
həmin tarixi hadisələrə qiymət vermək deyil.
Obyektivliyi qorumaq və daha çox bizi birləşdirən
dəyərləri ön plana çəkməkdir. Hazırda ortaq tarix dərsliyi, əsasən, XV
yüzilliyə qədərki dövrü əhatə edir.
XV əsrdən sonra beynəlxalq münasibətlər
yeni inkişaf dövrünə qədəm qoyur. Lakin XV əsrdən günümüzədək olan
dövrlər də yazılacaq. Bu,
BTA-nın məqsədlərindən biridir. Amma bu, elə
də asan iş deyil, ona görə də yanaşma daha fərqli,
daha geniş spektrli, mütəxəssislərin
iştirakı ilə baş tutmalıdır.
– Türk
dünyasının inkişafı və birliyi
üçün təsis olunmuş Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası (TDƏŞ), TürkPA,
TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu
kimi təşkilatlar var. Bir az da Beynəlxalq Türk
Akademiyasının bu təşkilatlarla
qarşılıqlı əlaqələrindən söhbət
açardınız...
– Təbii ki, bu təşkilatların
hamısı müstəqil və qohum qurumlardır. Həm də bir-birilə sıx
bağlıdırlar, biri digərini təkrarlamır. Məsələn
Türk Dövlətləri Təşkilatının əsas
işi daha çox siyasi, iqtisadi, nəqliyyat və s. bu istiqamətdə
olan əlaqələri inkişaf etdirməkdirsə, BTA daha
çox elm və təhsil sahəsində işi koordinasiya
edir. TÜRKSOY daha çox mədəniyyət
sahəsində işləyir, Türk Mədəniyyəti və
İrsi Fondu bu sahədə olan layihələrə dəstək
verir və birgəlik ortaya qoyur.
Türk Dövlətləri
Təşkilatının sonuncu sammitində qəbul olunan qərarlara
görə biz ildə bir neçə dəfə toplanırıq. Bu toplanma
sırf fəaliyyətimizi koordinasiya etmək
üçündür. Bununla bərabər,
bizim bir-birimizlə əlaqələrimizlə yanaşı
beynəlxalq təşkilatlarla da bağlantılarımız
var və vacibdir. Bizim, Rusiya, Çin, Monqolustan, Koreya,
Yaponiya və Avropanın bir sıra ölkələri ilə
təhsil və elm sahəsində işləri koordinasiya edən
qurumlarla, nazirliklərlə çox geniş əlaqələrimiz
qurulur. Bildiyiniz kimi, elm, təhsil sərhədsizdir.
Biz elmin birləşdirici gücündən
istifadə edərək həmin ölkələrlə rahat əlaqələr
qura bilirik. Bu bizə nə üçün lazımdır ? İndiyədək
bizim tariximiz də, ədəbiyyatımız da bir çox
hallarda başqaları tərəfindən yazılıb.
İndi bizim unikal şansımız var ki, 30
illik müstəqillik bizə kifayət qədər kadr
hazırlığı baxımından fürsət verib.
Bu bizə həm də şans verir ki, tariximizi
də, ədəbiyyatımızı da özümüz
yazaq, üzə çıxardaq. Bu fikrim
milliyyətçi baxış anlamında deyil. Sadəcə, öz mütəxəssislərimizi
yetişdirmək üçün işin vacibliyini ortaya qoymaq
məqsədidir.
Yeri gəlmişkən, bir
haşiyə çıxıb qeyd etmək istəyirəm ki,
yaxın zamanlarda BTA-nın magistratura və doktorantura
proqramı olacaq. Bu proqram dünyanın nüfuzlu ölkələrinin
universitetləri ilə birlikdə daha çox türkologiya
istiqamətində həyata keçiriləcək. Amma türkologiya deyərkən, sadəcə,
linqvistika və dil biliyindən söhbət getmir. Həm Türk dünyasının siyasi, iqtisadi,
kommunikasiya, tarix, ədəbiyyat, mədəniyyət sahəsini
araşdıra bilən xüsusən gənclərimizi ən
yüksək təqaüdlə təmin edərək,
onların zəhmət tələb edən
araşdırmaçılıq yoluna dəstək olmaq
üçün bu proqramlara start vermək niyyətindəyik.
Eyni zamanda, Türk irsinin mövcud olduğu
Pakistan, Hindistan, Əfqanıstan, Çin və Rusiya ilə əlaqələrimizi
gücləndirməyə ehtiyacımız var. Bu məsələ
də bizim prioritet istiqamətlərdən biridir.
– Gələcəkdə Beynəlxalq Türk
Akademiyasının Bakıda və digər türkdilli şəhərlərdə
filiallarının açılması barədə
düşünülürmü?
– Sözün düzü, belə bir
məsələ hələ nəzərdə tutulmayıb. Gələcəkdə bu məsələlərə
baxıla bilər. Akademiyanın indiki rəhbəri
Darxan Kıdırəli ölkəmizə səfəri
zamanı təklif etdi ki, akademiyanın nümayəndəliyi
Şuşa şəhərində də
ola bilər. BTA-nın akademiyanın Azərbaycanda
bir nümayəndəsi otura bilər və bütün zəruri
işlərimizi koordinasiya edə bilər. Əlbəttə, bunu zaman göstərəcək.
– Digər türk
ölkələrindən tədqiqatçıların cəlb
edilməsi prosesi həyata keçirilirmi?
– Akademiyanın mövcud heyəti əsasən
Qazaxıstan vətəndaşlarıdır. Bu
onunla bağlıdır ki, akademiyanın müqaviləsi əsasən
yerləşməsi şərtlərinin qaydalarını
müəyyənləşdirən müqavilə
Qazaxıstan Respublikası ilə Türk Akademiyası
arasında imzalanmışdı, ancaq təsdiq edilməmişdi.
Ötən ilin sonunda Qazaxıstan Prezidenti tərəfindən
təsdiq edildi. Artıq bununla bağlı
heç bir maneə qalmayıb. Bəzi
büdcə məsələlərini yoluna qoyduqdan sonra, təbii
ki, biz bütün üzv dövlətlərdən əməkdaşlar
cəlb edəcəyik. Bu, həm
akademiyanın heyətini daha da gücləndirəcək, həm
də tədqiqatçılıq missiyasını daha keyfiyyətli,
dərin formaya salacaq.
– Beynəlxalq Türk Akademiyası hazırda hansı
önəmli layihələr üzərində
çalışır?
– Ümumiyyətlə, akademiya
yarandığı gündən üzv ölkələrlə
bağlı müəyyən layihələr həyata
keçirib. Xüsusən UNESCO ilə birgə
mütəmadi 3 forum keçirilmişdir. Təəssüflər
olsun ki, pandemiya ilə əlaqədar ötən il biz növbəti forumu keçirə bilmədik.
BMT-nin Sivilizasiyalararası Alyansı, UNESCO,
İSESCO və digər beynəlxalq qurumlarla geniş əlaqələr
yaratmışıq. Təbii ki, hər il
akademiyanın elmi şurası toplanır. İl
ərzində akademiyanın əsas fəaliyyət istiqamətlərinin
nələrdən ibarət olacağını, Türk
dünyasının böyük şəxsiyyətlərinin
yubileylərinin, əlamətdar günlərinin qeyd
olunmasını təşkil etməyi planlaşdırır.
Bu ona görə lazımdır ki, dünya elminə,
mədəniyyətinə böyük töhfələr
vermiş Türk böyüklərinin irsini təbliğ etmək,
tanıtmaq olduqca vacib məsələdir. Məsələn
Biruni, İbn Sina, Fərabi, Mahmud Kaşğarlı, Yusif Xas
Hacib, Tonyukuk, Orhon kitabələri və s. məsələlərin
dünya səviyyəsində
populyarlaşdırılması qarşıya qoyduğumuz
vacib istiqamətlərdəndir.
Altaylardan, Monqolustandan
başlayan, Qazaxıstanda davam edən ekspedisiyalarımız
var. Bu elmi-tədqiqat ekspedisiyalarımız BTA-nın işinə
mühüm töhfələr verir. Biz bu ekspedisiyaların
işıqlandırılmasına media nümayəndələrini
də cəlb edirik. Akademiyanın vacib
layihələrindən biri də ortaq türk əlifbasının
hazırlanmasıdır. Akademiya bir
sıra nəşrləri ortaq əlifba ilə çap edib.
Bundan əlavə, Türk dünyasının
müqəddəs məkanları layihəsi var. Bu da
akademiyanın mühüm layihələrindəndir.
Bundan əlavə, Monqolustandan Macarıstana qədər
geniş ərazidə türk xalqlarına aid tarixi və
müasir coğrafi adları (yaşayış məskənləri,
yer, su, dağ, çay və s.) tədqiq etmək, skiflərdən
tutmuş müasir dövrədək türk xalqlarına aid
toponimlərin tarixi mənbələr və xəritələr
əsasında xronoloji şəkildə necə dəyişdiyini,
təkamülünü əks etdirən fundamental ensiklopedik nəşrin
– “Türk dünyasının toponimlər atlası”nın
hazırlanmasına başlanmışdır. Akademiya
indiyədək 160-dan çox kitab nəşr edib. Həmçinin BTA tərəfindən dünya mədəniyyətinə
mühüm töfhələri olan türk əsilli
böyük şəxsiyyətlərlə bağlı layihə
həyata keçirilməkdədir. "Türk
dünyasının böyük şəxsiyyətləri"
layihəsi çərçivəsində bəşəriyyət
tarixində iz qoyan şəxsiyyətlər haqqında
ensiklopedik məlumatların toplandığı nəşrlər
hazırlanmaqdadır. Azərbaycanda
“Şuşa ili” ilə əlaqədar BTA Qarabağın
tarixi, mədəniyyəti, coğrafiyasını öyrənməyi
və təbliğ etməyi qarşıya məqsəd qoyan
layihələr həyata keçirməyi də
planlaşdırır.
– Akademiyanın
elmi və ya kütləvi, elektron və ya çap media
resursları varmı?
– Akademiyada 4 dildə “Altayistika və
Türkologiya araşdırmaları” çap olunur. Qarşıdakı ildə akademiya onları
impakt-faktor sisteminə qoşmağı
planlaşdırır. Akademiyanın
hazırda dörd dildə internet portalı (www.twesco.org) fəaliyyət
göstərir. 2015-ci ilin noyabr ayından
başlayaraq 4 dildə "Turkish Weekly" həftəlik
elektron xülasəsi çıxır (indiyədək 100-dən
artıq nömrə çıxmışdır). Bütün bunlar BTA-nın elmi və kütləvi
informasiya istiqamətində fəaliyyətini türk auditoriyasına
çatdırmağa xidmət edir.
– Beynəlxalq Türk Akademiyasının təmsilçisi
kimi, Türk dünyasının bir-birilə daha sıx təmasını
və birliyini təmin edən informasiya amilini və
perspektivini necə qiymətləndirirsiniz?
– Bu məsələ Türk
dünyası üçün hava-su kimi zəruri olan məsələdir.
Hansı ki, 44 günlük müharibədə
də bunun şahidi olduq. Məlumdur ki, Azərbaycan
təkcə ordu ilə savaşmadı. İnformasiya
müharibəsində qalib olmaq Azərbaycanın
qarşılaşdığı real və qaçılmaz həqiqət
idi. Bilirsiniz ki, düşmən ölkə
bizə qarşı hansı çirkin təbliğat
üsullarına əl atırdı. Bu isə
müəyyən mənada Azərbaycanın öz
mövqeyini, atdığı addımları dünya ictimaiyyətinə
bəlli etməsində haqlı ola-ola nə qədər
çətinliklərlə qarşılaşırdı.
Vətən müharibəsində Prezident
İlham Əliyev hərbi sahədə olduğu kimi,
informasiya sferasında da erməni təbliğatının məhvi
üçün tam bir fərqli mənzərə yarada bildi.
Amma bu həm də bizim üzərində
işləməli olduğumuz məqamları da ortaya
çıxardı.
Proses onu göstərdi ki, xüsusilə türk ölkələri arasında informasiya cəbhəsində nə qədər boşluqlar var və birgə işlənməli, aradan qaldırılması vacib olan nə qədər informasiya problemləri var. Təsəvvür edin ki, eyni dili, dini, mədəniyyəti paylaşmağımıza baxmayaraq, bir çox hallarda bir birimizdən məlumatsız qalırdıq. Bu boşluqları ortadan qaldırmaq üçün bizim birbaşa əlaqələrimiz olmalıdır. Təbii ki, burada dillə bağlı çətinliklər var. Ünsiyyətimizi məcburiyyətdən dolayı üçüncü bir dil vasitəsilə qururuq. Lakin ünsiyyət resurslarımız getdikcə inkişaf etməkdədir. Bu günlərdə Prezident İlham Əliyev Özbəkistan səfərində də dedi ki, biz eyni dili danışırıq, rahat anlaşırıq. Əslində, elə qazaxlarla da, özbəklərlə də, qırğızlarla da bir neçə gün ünsiyyətdə olanda aydın olur ki, sözlərimizin əksəriyyəti eynidir və bir-birimizi anlaya bilərik.
2017-ci ildə BTA-nın tərkibində Dil və Teminologiya Komissiyaı quruldu. Məqsəd bizim ortaq keçmiş sözlərimizi özümüzə qazandırmaq, bununla yanaşı, ölkələrimizin qəbul etdikləri yeni siyasi, iqtisadi, texnoloji terminlərin ortaq qarşılığın tapmağını hədəfləməkdir. Bu, çox mühüm faktordur. Təxminən bir on iyirmi il sonra biz bu yaxınlığı hiss etməyə başlayacağıq.
44 günlük Vətən müharibəsi Azərbaycanın və digər türk ölkələrinin vahid informasiya fəzasının olmasının vacibliyini ortaya qoydu və yaradılmasını labüdləşdirdi. Bu gün akademiya Avrasiya bölgəsindəki türk dövlət və xalqlarının sosial, siyasi, iqtisadi, mədəni durumları ilə bağlı təhlillərin yer aldığı elmi və analitik "GLOBAL-Turk" jurnalını nəşr edir.
Bundan başqa, bütün bu maarifləndirmə və məlumatlandırma missiyasını genişləndirməkdə, vahid türk informasiya sisteminin yaradılmasına gedən prosesi sürətləndirməkdə biz də qərarlıyıq.
Müsahibəni apardı: Anar TURAN
Xalq qəzeti.-
2022.- 7 avqust.- S.7.