Azərbaycanın ilk maarifçilərindən biri

 

Bu il Musa bəy Quliyevin anadan olmasının 150-ci, vəfatının 100-cü ildönümü tamam olur

 

1876-cı ildə fəaliyyətə başlamış Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin ölkəmizdə xalq məktəbinin yaranması və maarif­çiliyin inkişafında müstəsna xidmətləri olub. Bu seminariyanı bitir­miş məzunların böyük əksəriyyəti Azərbaycanın şəhər və kəndlərində pedaqoji fəaliyyət göstərib, xalqın savadlanmasına, əhalini cəhalətin, geriliyin əsarətindən qurtarmağa çalışıb.

AMEA RiyaziyyatMexanika İnstitutunun direktoru, akademik Misir Mərdanov yazır ki, fəaliyyət göstərdiyi 40 il ərzində 300-ə yaxın xalq müəllimi – elm, maarif, mədəniyyət və incəsənət carçıları hazırlayan bu tədris ocağı şərəfli bir inkişaf yolu keçib. Azərbaycan xalq pedaqogikasının qiymətli incilərindən qidalanan, mütərəqqi rusdünya pedaqoji fikir klassiklərinin pedaqoji ideyalarından, qabaqcıl məktəb təcrübəsindən faydalanan ilk xalq müəllimləri elmmaarif məşəlini Cənubi Qafqazın uzaq-uzaq kəndlərinə aparmış, dünyəvi təhsildən kənarda qalmış gənclərin gözünü bilik nuru ilə işıqlandırmışlar.

Tarixə xalq müəlliminin nümunəsi kimi daxil olan, müəllimlik sənətinin vurğunu olan, xalqının balaları­na elm, təhsil verməyi qarşısına məqsəd qoyan, ömürlərini millət yolunda şam kimi əridən Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Səfərəli bəy Vəlibəyov, Əliş bəy Ta­hirov, Mahmud bəy Mahmudbəyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Müs­lüm Maqomayev, Pənah Qasımov, Hənəfi Terequlov, Əli Hüseynov, Fərhad Ağazadə, Səməd bəy Aca­lov, Teymur bəy Bayraməlibəyov, Süleyman Sani Axundov, Bədəl bəy Bədəlbəyov, Azad Əmirov, Süley­man Qayıbov, Hacı Kərim Sanılı, Əsgər Eyvazov, Məmmədhəsən Əfəndiyev, Yusif Əfəndiyev, Rəhim Qulubəyov, Musa bəy Quliyev, Əli Mustafayev, Cavad Cuvarlinski, Zəkəriyyə Vəkilov, Ağaəli Qasımov, Rəcəb Əfəndiyev, Teymur Hüsey­nov, Əli Səbri, İsmayıl Qayıbov, Məmməd Qocayev, Məmmədkərim Mustafayev, Hüseyn Xəlilov, Əhməd Gülməmmədov, Şəhriyar bəy Qiyasbəyli, Nəsib bəy Qiyasbəyli və onlarca başqaları bu təhsil ocağından pərvazlanmışlar.

Məlumdur ki, seminariya kənd ibtidai məktəbləri üçün müəllim hazırlayırdı. Məzunların, demək olar ki, hamısı fəaliyyətə müəllim kimi başlayırdılar. Lakin sonralar onla­rın bir çoxu nəzəriyyəçi pedaqoq, ali məktəb müəllimi, yazıçı, alim, peşəkar inqilabçı, dövlət xadimi, musiqişünass. oldular.

1918-ci il mayın 26-da Tiflisdə Zaqafqaziya Seymi buraxıldıqdan sonra, seymin müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Milli Şura Qafqaz canişininin Tiflisdəki sarayında Azərbaycanın dövlət müstəqilliyi haqqında bəyannamə elan etdi. Zaman-zaman azadlığı və istiqlaliyyəti uğrunda şəhidlər vermiş Azərbaycan xalqı 1918-ci ilın 28 mayında öz arzusuna qovuşdu. Xalqımızın milli dövlətçilik tarixinə öz möhürünü vurmuş Azərbaycan Xalq Cümhuriyyəti yarandı.

Qori Seminariyasının əvvəlcə üç şöbəsi – rus, gürcü və erməni şöbələri var idi. Seminariyada dərslər rus dilində aparılırdı. O dövrdə Azərbaycan ərazisində də bir neçə dövlət məktəbi (qəza məktəbləri, kənd ibtidai məktəbləri və s.) yaradılmışdı. Lakin orada dərs deyə biləcək müəllimlər az idi. Milli ziyalılar Azərbaycanda da dövlət məktəblərinin müəllim kadrlarına olan ehtiyacını ödəmək məqsədilə ayrıca bir seminariyanın açılma­sını zəruri hesab edirdilər. Edilən müraciətlər, yazılan məktublar cavabsız qalırdı. Çar hökuməti semi­nariyanı azərbaycanlıların yaşadığı şəhərdə açmağa cürət etmirdi. Çar məmurları bunu, guya, seminariyanı və seminaristlərin təlimini müsəlman dindarlarından qorumaq niyyəti ilə izah edirdilər. Onlar iddia edirdilər ki, guya, Ufa və Krımdakı müsəlman məktəblərinin təcrübəsi də bunu sübut edir. Buna görə də yeni tipli məktəbləri müsəlmanlardan uzaq bir yerdə açmışdılar.

Qeyd olunan səbəblərdən 1879-cu ildə Qori Müəllimlər Seminariyasının nəzdində Azərbaycan şöbəsi və onun yanında ibtidai məktəb fəaliyyətə başladı. Bu şöbənin yaradılmasında həmin dövrdə Azərbaycan ziyalıları ara­sında böyük nüfuz sahibi olan, çar Rusiyasının Tiflisdəki Canişininin dəftərxanasında tərcüməçi işləyən Mirzə Fətəli Axundovun, 1881-ci ildən ömrünün sonunadək Zaqaf­qaziya müftisi olmuş Mirzə Hüseyn Əfəndi Qayıbzadənin və onun yaxın dostu, məsləkdaşı Şeyxülislam Əbdüssəlam Axundzadənin böyük rolu olmuşdur. Azərbaycanlı gənclər ibtidai məktəbdə ilkin təhsilini aldıqdan sonra seminariyada təhsillərini davam etdirə bilərdilər.

Seminariyanın əsasnaməsində göstərilirdi ki, Azərbaycan şöbəsini idarə edən şəxs-inspektor mütləq xristian olmalıdır. Elə bu səbəbdən şöbənin ilk inspektoru Aleksey Osipoviç Çernyayevski oldu. Şamaxıda anadan olan, Azərbaycan dilini mükəmməl bilən, müsəlmanların həyat tərzi, adət və ənənələrinə, dini görüş və ayinlərinə yaxından bələd olan, ibtidai təhsilini Şama­xı qəza məktəbində alan, 1866-cı ildə Mərəzə kəndində ilk xalq məktəbi təşkil edən A.Çernyayevski Azərbaycan xalqına, onun böyüyən nəslinin təlim-tərbiyəsinə, müəllim kadrları hazırlığına, sözün həqiqi mənasında, fədakarlıqla xidmət etmişdi. O, 14 ildən artıq Qori Semi­nariyasının Azərbaycan şöbəsinin inspektoru vəzifəsində səmərəli elmi-metodik fəaliyyət göstərmiş, təlim-tərbiyənin buya digər problemləri ilə bağlı məqalələr yazmış, Azərbaycan balaları üçün “Vətən dili”, “Rus dili” adlı dərslikləri hazırlamışdı. Qədirbilən xalqımız həmişə Çernyayevskinin xatirəsini əziz tutmuşbu güntutur, hazırda Qobustan rayonunun Mərəzə qəsəbəsindəki tam orta məktəb onun adını daşıyır.

1905-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə 1887-ci ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutunun məzunu olan Sultan Məcid Qənizadə rəhbərlik etmişdir. O, bu vəzifədə cəmi üç il – 1908-ci ilə qədər işləmişdir. Həmin ildən Bakı quberniyası Dağıstan vilayəti xalq məktəbləri idarəsinə ins­pektor vəzifəsinə təyin olunmuşdur. S.M.Qənizadə bu vəzifədə 1917-ci ilə qədər çalışmışdır.

Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə 1910-cu ildən 1918-ci ilə qədər Azərbaycan ədəbiyyatı tarixinin ilk sistemli tədqiqatçısı, həmin seminariyanın 1885-ci il məzunu, 10 il İrəvan gim­naziyasında müəllimlik etmiş Firidun bəy Köçərli rəhbərlik etmişdir.

Seminariyanın Azərbaycan şöbəsinə ilk dəfə 32 nəfər qəbul edilmişdi. Bunlardan 24 nəfəri A.Çernyayevski tərəfindən yerlərdən seçilərək seminariyaya dəvət olun­muşdu, qalanları isə öz arzuları ilə gəlmişdi. 32 nəfərdən 19-u şöbənin əsas sinfinə, 13 nəfəri isə hazırlıq sinfinə qəbul olunmuşdu. İlk qəbul olunanlardan 3 nəfəri rus dilini yaxşı bildiklərinə görə birbaşa ikinci sinfə qəbul edilmişdi. Onlar (Səfərəli bəy Vəlibəyov, Teymur Bayraməlibəyov, Mirzə Xəlilov) 1881-ci ildə semi­nariyanı bitirərək onun ilk məzunu olmuşdular.

Qori Müəllimlər Seminariyasının məzunlarından biriMusa bəy Quliyev olub. Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının həqiqi üzvü Arif Quliyev yazır ki, Musa bəy Babaş oğlu Quliyev 1872-ci il martın 30-da Tərtərin Mamırlı kəndində dünyaya göz açıb. Uşaqlıq və yeniyetməlik dövrü XIX əsrin 70-80-ci illərinə təsadüf edib. Bu, elə dövr idi ki, çar Rusiyasının müstəmləkəsi olan uzaq əyalətlərdə, o cümlədən Azərbaycanda maarifçilik hərəkatı yavaş-yavaş ayaq açmaqda idi. Xalqımızın vətənpərvər oğlu, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin cəmiyyətdə maarifçilik toxumu səpməsi, dövrün görkəmli zi­yalılarından Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani və başqaları­nın onu dəstəkləməsi nəticəsində Azərbaycanda təhsilə, dünyəvi elmlərin öyrənilməsinə maraq art­maqda idi.

M.Quliyev seminariyanı bitirdikdən sonra təhsilini Rusi­yanın Sankt-Peterburq Pedaqoji İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsində davam etdirib. İnstitutu bitirdikdən sonra bir müddət Şuşa şəhərindəki Realnı məktəbdə dərs deyib. Sonralar bu məktəb 1 nömrəli Şuşa şəhər orta məktəbi olub.

Həmin dövrdə M.Quliyev Tərtərdə və Bərdədə bir neçə məktəbin açılmasına nail olub, Azərbaycan və rus dilləri fənnindən dərs deyib. O, elmi-pedaqoji fəaliyyətinə görə, “Qızıl xaç” nişanı ilə təltif edilib. 1916-cı ildə M.Quliyev Arazkənarı rayon­larda müəllimə ehtiyac olduğundan və gəncləri məktəblərə cəlb etmək məqsədilə Qaryagin uyezdində (indiki Füzuli rayonu) maarif şöbəsinə müdir təyin edilib. Bu vəzifədə işlədiyi müddətdə Qaryagin, Cəbrayıl, Zəngəzur, Zəngilan, Qubadlı, Laçın rayonlarında məktəblərin açılmasında əzmkarlıq göstərib və gəncləri təhsilə yönləndirib.

Bütün həyatını azərbaycanlı balalarının maariflənməsinə, təhsil almasına həsr etmiş M.Quliyev Azərbaycanın ilk maarifçilərindən biri kimi 1920-ci ilə qədər Tərtər, Bərdə və Şuşa məktəblərində müəllimlik edib. O, Azərbaycan və rus dillərindən əlavə, fransız və alman dillərini də mükəmməl bilib. Azərbaycanda maarifçiliyin inkişaf tarixi ilə bağlı elmi araşdırmaları Fransa mətbuatında dərc olunmuş və Parisdə “Qızıl qələm” mükafatına layiq görülmüşdü.

1906-cı ildə Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin I qurulta­yında Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Firudin bəy Köçərli, Üzeyir Hacıbəyli, Teymur Quliyev, Süleyman Sani Axundov kimi tanınmış maarifçi ziyalılarla yanaşı, Musa bəy Quliyeviştirak edib. XX əsrin əvvəllərində maarif­çilik ideyaları ətrafında birləşən bu böyük ziyalıların istiqlal mübarizəsi Azərbaycan Xalq Cümhuriyyətinin ya­ranması ilə nəticələndi. Ümumiyyətlə, Azərbaycanda pedaqogika elminin inkişaf etdirilməsi, yeni məktəblərin, xalq maarifinin, ali pedaqoji institutun müəllim kadrları hazırlığının bütöv bir dövrü məhz Qori Müəllimlər Semina­riyası məzunlarının fəaliyyəti ilə bağlı olub. M.Quliyev də yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətində maarifçiliyin inkişaf etdirilməsi istiqamətində bir sıra işlər görüb.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra hər yerdə, o cümlədən əyalətlərdə də demokratik fikirli, vətənpərvər ziya­lılara divan tutulur, onlar güllələnir və yaxud həbs olunurlar. XI ordunun bolşevik-daşnak rəhbərləri Qaryagin qəza maarif şöbəsinin rəhbəri Musa bəy Quliyevi də həbs edib Gəncə türməsinə göndəriblər. Nəriman Nərimanov 1921-ci ildə siyasi dus­taqların siyahısı ilə tanış olarkən, vaxtilə Qori Seminariyasında birgə oxuduqları Musa bəy Quliyevin də adına rast gəlir və onu həbsdən azad etdirir.

Təbii ki, 1918-ci ildə AXC yara­nandan sonra Qori Seminariyasının Azərbaycan şöbəsi də öz fəaliyyətini Vətəndə – Qazax rayonunda davam etdirməli oldu.

Sabiq təhsil naziri akademik Misir Mərdanov xatırlayır: 1999-cu ilin oktyabrında Qazax Rayon İcra Hakimiyyəti başçısının imzası ilə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçiriləcəyi və həmin tədbirdə Təhsil Nazirliyinin nümayəndələrinin də iştirakı ilə bağlı məktub almışdım. Tədbirdə iştirak etmək üçün nazirliyin iki əməkdaşını Qazaxa ezam etdik. Tədbirlə bağlı Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” proqramında süjetə ba­xan ümummilli lider Heydər Əliyev həmin günün səhəri mənə zəng edərək, “yəqin, siz Qazax Semi­nariyasının Azərbaycan xalqının həyatında rolunu yaxşı dərk etmir­siniz” – dedi. Və sonra əlavə etdi ki, seminariyanın 80 illiyini ölkəmizin ən gözəl salonlarından birində, geniş ictimaiyyətin iştirakı ilə keçirmək lazımdır.

Az sonra Prezident Heydər Əliyev Qazax Seminariyasının 80 illiyi ilə bağlı sərəncam imzaladı. Biz isə Təhsil Nazirliyində bu işə ciddi hazırlaşmağa başladıq. Həmin günlər Qazax Müəllimlər Seminari­yasının tədqiqatçısı, professor Fikrət Seyidovla bir neçə dəfə görüşüb se­minariyanın tarixi ilə bağlı müfəssəl məlumat aldım. 1999-cu ilin dekab­rın 27-də Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasında Azərbaycan ziyalılarının iştirakı ilə təntənəli tədbir keçirdik. Prezident Heydər Əliyevin tədbir iştirakçılarına təbrik məktubu oxundu. Təxminən, 20 ildən sonra isə, 2018-ci ilin 4 noyabrında Prezi­dent İlham Əliyev Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzaladı.

Görkəmli maarifçi M.Quliyev 1922-ci ildə vəfat edib. Onun böyük oğlu Hətəm Quliyev atası kimi Azərbaycanın ictimai, siyasi, iqtisadi həyatında mühüm rolu olan şəxslərdən biri olub. Azərbaycanın bölgələrindən gələn gənclərin savadlanmasına, işlə və evlə təmin olunmasına, ailə qurmasına kömək edib.

Babasının və atasının yolunu ləyaqətlə davam etdirən Rasim Quli­yev Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasında çalışır. Musa bəyin nəticəsi Lamiyə Quliyeva da həmin kafedrada işləyir.

Azərbaycan xalqı Musa bəy Qu­liyev kimi tarixi şəxsiyyətlərini qürurla xatırlayır və onların bizə əmanət etdiyi zəngin irsi şərəflə gələcək nəsillərə ötürür.

 

Qüdrət PİRİYEV

 

Xalq qəzeti.- 2022.- 9 avqust.- S.7.