Azərbaycan–Türkiyə
münasibətləri yüksələn xətlə inkişaf edir
Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ankarada “2023 – Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda keçirilən XIII səfirlər konfransında qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışında ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladaraq, iki ölkə arasında müttəfiqlik münasibətlərinin və qardaşlıq bağlarının müstəsna önəm daşıdığını bildirib. Mövlud Çavuşoğlu dünyada bu cür yaxınlığın, doğmalığın bənzərinin olmadığını, tarixin çətin, məsuliyyətli sınaqlarının Azərbaycan və Türkiyə xalqlarını bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib. O daha sonra deyib: “Bir əsr əvvəl Azərbaycan türkləri milli mübarizəmizə dəstək üçün əlində, ovcunda nə var isə qardaş köməyi deyərək Türkiyəyə göndərdi. Yəni, qardaşlarımız Qurtuluş savaşımızda bizləri tək qoymadılar. Qardaş köməyini 2020-ci ildə də gördük. Can Azərbaycanın Qarabağın işğaldan azad edilməsinə şahid olduq. Amma, eyni zamanda, bu səfər bütün Türkiyə xalqı Can Azərbaycanın yanında oldu”.
Türkiyənin xarici işlər naziri konfransda Azərbaycan və Türkiyə rəhbərləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldiyini də bildirib. O, bu müttəfiqliyi gerçəkləşdirən amillər haqqında danışarkən, Azərbaycanın düşmən tapdağı altındakı torpaqlarının işğaldan azad edilməsinin mühüm önəm daşıdığını diqqətə çatdırıb. Nazir çıxışında, həmçinin Azərbaycanın Vətən müharibəsində əldə etdiyi parlaq qələbə nəticəsində türk dünyasının özünə olan güvəninin daha da gücləndiyini və adıçəkilən Bəyannamədən sonra İstanbuldakı Zirvə görüşü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirildiyini xatırladıb: “Bundan sonra təşkilata rəhbərlik Azərbaycandan Türkiyəyə keçdi. Azərbaycanın da məlum pandemiyanın çətinliklərinə və Vətən müharibəsindən irəli gələn son dərəcə ağır şərtlərə baxmayaraq, təşkilatımıza uğurla sədrlik etdi. İkitərəfli əməkdaşlıqlarımızla yanaşı, bölgənin sülh və sabitliyi üçün də işləyirik, fikirlər irəli sürürük. Məlum olduğu kimi, üçtərəfli-dördtərəfli formatlarda mexanizmlərimiz var. Bunlar Türkiyə ilə Azərbaycanın mərkəzdə olduğu mexanizmlərdir”.
Mövlud Çavuşoğlu İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranan yeni vəziyyəti dəyərləndirərək, Türkiyə və Azərbaycanın Ermənistanla ayrı-ayrılıqda həyata keçirdikləri normallaşma prosesinin paralel aparıldığını və bu barədə qardaş ölkələr tərəfindən bir-birinə hər mərhələdə məlumat verildiyini, fikir mübadiləsi aparıldığını, yeri gəldikcə kritik nöqtələrdə necə addım atılacağı ilə bağlı bərabər qərar qəbul olunduğunu vurğulayıb. Türkiyənin xarici işlər, eyni zamanda, ölkəsinin Ermənistanı törətdiyi təxribatlardan əl çəkməsi ilə əlaqədar bir daha xəbərdar etdiyini, Türkiyə və Azərbaycanın bölgədə sabitlik və sülhə sadiq qaldıqlarını bildirib.
Qardaş ölkələrlə Ermənistan arasında normallaşma yaradılmasının işğalçı dövlətin də xeyrinə olduğunu vurğulayan nazir, eyni zamanda, bunun qarşı tərəfin əməlində də özünü göstərməsinin zəruriliyini xatırladıb. Mövlud Çavuşoğlu, həmçinin Türkiyə və Azərbaycanın hər zaman bir-birinin yanında dayandığını bildirərək, qeyd edib: “Azərbaycan xüsusilə Türkiyənin olmadığı platformalarda hər zaman Türkiyənin haqlarını ən az bizim qədər müdafiə edir. Həqiqətən çətin dövrdən keçdik, sözün əsl mənasında, alovdan köynək geyindik. Bu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə Azərbaycan tarix kitablarında yer alacaq çox vacib uğurlara imza atdı”.
İki ölkə arasında
müttəfiqlik əlaqələrini yüksək dəyərləndirən
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
etnik, mədəni və tarixi
tellərlə bağlı qardaşlıq və dostluq münasibətlərinin prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderliyində
qarşılıqlı maraqlara xidmət
göstərən gerçək addımlarla dəstəkləndiyini
diqqətə çatdırıb. O, xarici siyasət və diplomatiya
sahəsində əlaqələrin ulu
öndər Heydər Əliyevin “Bir millət,
iki dövlət!” və Türkiyə
Cümhuriyyətinin banisi Mustafa
Kamal Atatürkün
“Azərbaycanın kədəri - bizim kədərimiz,
sevinci - bizim sevincimizdir” tarixi kəlamları
çərçivəsində inkişaf
etdiyini, qardaş ölkələrin diplomatlarının
tərəflərin maraqlarını fərqli beynəlxalq platformalarda öz dövlət
maraqları kimi qorumalarını da diqqətə çatdırıb. Ceyhun Bayramov bunun ən parlaq iki nümunəsini
xatırladaraq, 2014-cü ildə Praqada
keçirilən Avropa
İttifaqının “Şərq tərəfdaşlığı”
Proqramının 5 illiyinə həsr olunan
sammitdə çıxışı zamanı erməni iftira və hücumlarına münasibətdə
Prezident İlham
Əliyevin “Türkiyə burada yoxdursa, mən varam, biz varıq!”, Prezident
Rəcəb Tayyib Ərdoğanın isə
44 günlük Vətən savaşı
zamanı daim “Azərbaycan bizim
qırmızı cizgimizdir!” sözlərinin
diplomatiya tarixində bənzərsiz əlaqələrin
təzahürü olduğunu bildirib.
Beləliklə,
Azərbaycanla Türkiyə arasında uzun illərin
sınağından çıxmış dostluq və
qardaşlıq münasibətlərinin indiki vəziyyəti
bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr
əbədidir və heç bir qüvvə, heç bir maneə
bu dostluğun, qardaşlığın
qarşısını ala, sarsıda bilməz.
İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünyanın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır. Bu prosesə töhfə verən hər kəs isə bundan yalnız faydalanır.
Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri hər zaman həm xalqlarımız, həm də bölgə üçün mühüm önəm daşıyır. Belə bir əməkdaşlıq təkcə ikitərəfli formatla kifayətlənmir. Bu, eyni zamanda, bölgənin təhlükəsizliyini şərtləndirir. Belə ki, Türkiyə və Azərbaycan birgə səylərlə bölgənin gələcək inkişafını, təhlükəsizliyini təmin edir, qardaş xalqların rahat həyatını gerçəkləşdirir. Ümumiyyətlə, iki dövlət arasında mövcud əməkdaşlığın çoxşaxəliliyi dünya miqyasında belə müttəfiqik, qardaşlıq əlaqələrinin bənzəri olmadığını deməyə əsas verir.
Xatırladaq ki, keçən il iyun ayının 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada Prezident İlham Əliyevlə birgə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” imzalanan Şuşa Bəyannaməsi Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədi daşıyır. Şuşa Bəyannaməsində bir sıra məsələlərlə yanaşı, iki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur. Eyni zamanda, bəyannamədə bu məqsədlə səlahiyyətli struktur və qurumların qarşılıqlı əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır.
Ümumiyyətlə, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi perspektivləri diqqət mərkəzində saxlanılaraq, siyasi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər, idman sahələrində imkan və potensiallarının birləşdirilməsi, dərinləşdirilməsi xüsusi yer tutur. Eyni zamanda, bu sırada iqtisadi əməkdaşlığın gücləndirilməsi, müştərək maraq daşıyan regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi də önəmli vəzifələrdən biridir.
Yeri gəlmişkən, burada mühüm bir məqamı da xatırlatmaq istərdik. Belə ki, hazırda müstəqil daxili və xarici siyasət kursu yürüdən, uğurlu diplomatiyası ilə düşməni İkinci Qarabağ müharibəsindəki kimi siyasi və diplomatik səhnədə yenidən tək saxlanılmasına məcbur edən dövlətimizin başçısı dünyaya yeni nümunə göstərir. Ölkə rəhbəri ordumuzun daha da gücləndirilməsini, iqtisadiyyatımızın sürətli inkişafını diqqət mərkəzində saxlayır, bu istiqamətdə önəmli layihələrin gerçəkləşdirilməsinə xüsusi əhəmiyyət verir. Çünki bu, Ermənistan kimi bir ölkənin gələcək işğalçılıq niyyətlərindən qorunmağın ən başlıca yoludur.
Son 30 ildə Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti də, 27 il ərzində BMT qətnamələrinin icrasına məhəl qoymaması da qəsbkarın mahiyyətini, yürütdüyü siyasətin nə qədər təhlükəli olduğunu göstərir. Lakin buna baxmayaraq, Azərbaycan bu gün qalib ölkə kimi sülhə və bölgədə kommunikasiyaların açılmasına hazırdır. Məğlub Ermənistanın- xəstə təxəyyülün və sərsəm xülyaların girovuna çevrilən bu ölkənin də buna məcbur ediləcəyi, yeni geosiyasi reallığın şərtlərini yerinə yetirəcəyi şübhəsizdir.
Türkiyə-Azərbaycan müttəfiqliyindən danışarkən, bir məqamı da qeyd edək. Belə ki, bu iki qardaş ölkənin sıx bağlılığı, doğmalığı Vətən müharibəsində özünü daha qabarıq şəkildə büruzə verdi. İkinci Qarabağ savaşı başlanan günün ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Azərbaycana birmənalı, dəqiq və açıq siyasi-mənəvi dəstəyini ifadə etdi.
Bu dəstək hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində daha çox diqqət çəkir. Bölgədə tikinti işlərinin aparılmasına Türkiyə şirkətləri tərəfindən 1800 qardaş ölkə vətəndaşının cəlb olunması, onların Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşasında, eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində, digər infrastruktur layihələrinin icrasında, habelə tarixi abidələrimizin bərpasında səmərəli fəaliyyət göstərmələri bunun bariz ifadəsidir.
Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr həm də çoxtərəfli strateji əhəmiyyətli əməkdaşlığı əhatə edir. Bu özünü daha çox, enerji-nəqliyyat qovşaqlarını nəzərdə tutan layihələrlə büruzə verir. Bu layihələr 1994-cü ildə “Əsrin müqaviləsi” ilə qəbul edilən neft axtarış-kəşfiyyat işləri ilə başlayıb, sonrakı illərdə isə genişlənib. Azərbaycan və Türkiyənin də tərəfdaş olduğu nəhəng regional layihələrə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP misal göstərilə bilər. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsi, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.
Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan ilə Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşımalarda məsafə və daşıma müddətinin qısaldılmasında, strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı, digər sahələrdə gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsində əhəmiyyətlidir.
Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlər tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır. İkitərəfli iqtisadi əlaqələrdə çoxşaxəlilik və intensivlik müşahidə edilir. Bu əlaqələr ticarət, investisiya qoyuluşları və çoxtərəfli münasibətləri əhatə edən regional layihələrdə özünü daha qabarıq göstərir. Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə miqyasında, həm də region miqyasında nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı vardır. Hər iki ölkə liderləri mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərirlər.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2022.- 10 avqust.- S. 7.