Heç kəs yaddan
çıxmır
Müzəffər Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində düşmənə divan tutması və təslimolma sənədini imzalamağa məcbur etməsi hərb tariximizə qızıl hərflərlə yazıldı. Yenilməz ordumuzun zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə başa çatdı. Bu tarixi Qələbənin əldə olunmasında canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin və müharibə veteranlarının döyüş meydanında göstərdikləri misilsiz qəhrəmanlıq və şücaət heç vaxt unudulmayacaq.
Bu fikirləri 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlığını itirmiş döyüşçülərimizə birdəfəlik maddi yardımın verilməsinə münasibət bildirən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini, professor Jalə Əliyeva bildirdi.
Jalə xanım Vətən müharibəsi başlanan vaxtdan rəşadətli Azərbaycan Ordusunun hər gün irəli getdiyini və yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad etdiyini xatırlatdı. Bildirdi ki, Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu ki, işğala, haqsızlığa, ədalətsizliyə son qoyulsun. Nəhayət, tarixi ədalət zəfər çaldı: “Bir daha həmin o ağır, məşəqqətli günlərə qayıtmaq istəməzdim. Ancaq bunu deməyi özümə borc bilirəm. Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Bu məqamlarda ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər söz, hər fikir soydaşlarımın hafizəsinə əbədi həkk olundu və sonradan dillər əzbərinə çevrildi. Dövlət başçısının gələcəyə ümid dolu fikirləri insanları itkilər qarşısında əyilməməyə, əksinə, qürurla durmağa ruhlandırdı. Möhtərəm Prezidentimizin xalqa müraciətlərində düşmən tərəfə ünvanladığı mesajlar hər birimizin yaddaşına əbədi həkk olundu. Soydaşlarımız müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər. Prezident İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi təqdir etdi”.
Azərbaycanın şan-şöhrətini dünyada ucaldan tarixi Qələbəni reallığa çevirmiş və ölkənin hərbi qüdrətini artırmış ordu quruculuğundan söhbət açan deputat bu sahədəki islahatları, tərəqqini və yenidənqurmanı xüsusi vurğuladı. Dedi ki, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan qəhrəman ordumuz bu gün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına şanlı Qələbəni bəxş etmiş yenilməz orduya çevrilib. Aparılan uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına qoşuldu. İkinci Qarabağ döyüşlərinə hələ 4 il qalmış xalq ordumuzun qəhrəmanlığının şahidi oldu və torpaqlarımızın işğaldan azad ediləcəyinə inam daha da artdı. Bu qəhrəmanlığı xatırladan J.Əliyeva 2016-cı ilin Aprel döyüşlərindən və 2018-ci ilin Günnüt əməliyyatından söhbət açdı. Dedi ki, 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarətinə keçdi.
Deputat 2020-ci ilin Tovuz əməliyyatı zamanı da ordumuzun düşmənə öz gücünü nümayiş etdirdiyini diqqətə çatdırdı: “Lakin azğınlaşmış Ermənistan ordusu bu zərbələrdən ibrət götürmədi və 2020-ci il sentyabrın 27-də sərhədboyu ərazilərimizdə təxribatlar törədərək ölkəmizə hücum etdi. Müharibənin ilk günündən işğalçılar Silahlı Qüvvələrimiz tərəfindən elə zərbələr aldılar ki, onlar təxribat törətməyə peşman oldular. İşğalçı Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında cəmi 44 gün dayana bildi. Ermənistan rəsmən təslim olduğunu elan etdi.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, Silahlı Qüvvələrimizin döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsi idi. Biz Vətən müharibəsində bütün bunların uğurlu nəticələrini gördük.
Xalqımıza şanlı Qələbə bəxş etmiş mərd və qəhrəman hərbçilərimizin hər birinin fəxrimiz və qürur mənbəyimiz olduğunu diqqətə çatdıran J.Əliyeva istər Birinci, istərsə də İkinci Qarabağ döyüşlərində şəhid olanların ailə üzvlərinin, qazilərin və müharibə veteranlarının həmişə dövlətimizin diqqət mərkəzində olduğunu diqqətə çatdırdı: “Dövlətimiz və xalqımız Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və veteranlarımıza daim ehtiram göstərir. Onların qarşılaşdıqları problemlərin, sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət məsələlərin həlli dövlət siyasətinin prioritetidir. Hər bir Vətən müharibəsi iştirakçısının keçdiyi 44 günlük döyüş yolu xalqımızın qəlbində əbədi iftixar hissi yaradıb. Bu kateqoriyadan olan ailələrlə vaxtaşırı görüşlər keçirilir, onların qaldırdıqları məsələlərə həssaslıqla yanaşılır”.
Deputat bildirdi ki, növbəti dəfə dövlətin hər bir vətəndaşına, xüsusilə də qayğıya, diqqətə ehtiyacı olan Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi iştirakçılarına verdiyi diqqətin şahidi olduq. Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verildi. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi qaydalara uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.
Proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir. Xatırladım ki, I dərəcə əlilliyi olanlara 8 800 manat, II dərəcə əlilliyə görə 6 600 manat, III dərəcə əlilliyə görə isə 4 400 manat birdəfəlik maddi yardım ödəniləcək.
Bu sərəncam bir daha ölkədə sosial ədalət prinsipinin təmin edilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan əhəmiyyətli addımların davamıdır. Təbii ki, bu, ilk addım deyil. Bu, son dövrlərdə müxtəlif təbəqələrin sosial şəraitinin, rifahının yaxşılaşdırılması istiqamətində Prezidentimiz tərəfindən ardıcıl verilən sərəncamların davamı kimi qiymətləndirilməlidir. Dövlət başçımızın da dediyi kimi, bu, ölkəmizdə insan amilinin və kapitalının çox əhəmiyyətli bir yerə gəldiyinin göstəricisidir. Bu, bir daha onu göstərir ki, dövlətimiz öz şəhidlərinə, qazilərinə, onların keçdiyi yola, xidmətlərinə böyük ehtiramla yanaşır və Vətən üçün etdiklərini unutmur, heç bir zaman da unutmayacaq. Əminliklə deyə bilərəm ki, müharibə iştirakçıları hər zaman diqqət və qayğı ilə əhatə olunacaqlar.
Torpaqlarımızın işğaldan azad edilməsi və Vətənin bütövləşməsi istiqamətində istər 30 il bundan əvvəl canından, sağlamlığından keçən insanların həyatının kompensasiya edilməsi, istərsə də, yeni başa vurduğumuz 44 günlük Vətən müharibəsindəki qazilərin hər birinin problemlərinin həlli dövlətimiz üçün prioritet istiqamətlərdəndir. Hətta 30 il bundan əvvəl verdiyimiz itkiləri də unutmadığımızı Prezident İlham Əliyev bu gün öz tapşırıqları, tövsiyə və sərəncamları ilə ortaya qoyur.
Birinci Qarabağ müharibəsində itkin düşmüş, girov götürülmüş şəxslərin tapılması istiqamətində bu illər ərzində görülən işləri dövlət başçımız verdiyi tapşırıqlarla bir daha gündəmə gətirib. Bundan sonra da, dövlətimiz bu sahədə öz işlərini davam etdirəcək. Heç kəs unudulmur və heç nə yaddan çıxmır.
Söhbəti qələmə
aldı:Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2022.- 10 avqust.- S. 7.