Sosial şəbəkələr və informasiya təhlükəsizliyi

 

Eldə məsəl var: Bir dəli quyuya daş atdı, yüz ağıllı çıxara bilmədi. Bu gün sosial şəbəkə seqmentlərində həmin məsəli yada salan davranışların çoxalması təəssüf doğurur. Gah bu, gah da digər informasiya saytında yanlış məlumatlar, yoxlanılmamış və təsdiqlənməmiş xəbərlər tirajlanır. Elə Azərbaycan Respublikası Baş Prokurorluğunun buna qarşı lazımi tədbirlər görməsi, bəzi sosial media nümayəndələrinə xəbərdarlığı, bəzilərini cəzalandırması da məsuliyyətsiz hərəkətlərin qarşısının alınmasına xidmət edir.

Prezidenti İlham Əliyev hər zaman Azərbaycanda hüquqi dövlətin qurulmasını, söz və mətbuat azadlığına tam nail olunmasını, demokratikləşməni dönməz proseslər kimi dəyərləndirir. Dövlət başçısı jurnalistikamızı obyektiv, qərəzsiz, vətənpərvər ruhlu bir rupor kimi görmək istədiyini dəfələrlə vurğula­mışdır. Ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərilməsini tövsiyə etmişdir. Dünyada gedən informa­siya müharibəsində Azərbaycanın qətiyyətli mövqe qazanması məhz bu səylərin nəticəsində mümkün olub. İndi biz ölkəmizin ətrafında yaradılan informasiya blokadasını mətanətlə yarmış, Qarabağ münaqişəsini özünün “dəmir yumruğu” hesabına çözə bilmiş qalib bir ölkənin vətəndaşları olmağımızla fəxr edirik.

Ölkəmizdə azad sözə kifayət qədər meydan verilib, nə qədər qəzet və sayt var. Amma bu sahədə təkmilləşməyə ciddi ehtiyac duyulur. Odur ki, ölkəmizdə media fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə qayda yaradılması məqsədilə illərdir ki, müvafiq addımlar atılır. Prezidentin “Azərbaycan Respublikasında media sahəsində islahat­ların dərinləşdirilməsi haqqında” 12 yanvar 2021-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyipublik hüquqi şəxs yaradılıb. Digər sahələrdə aparılan genişmiqyaslı dərin islahatların davamı olaraq atılan bu addım demokratik dövlət və azad media münasibətlərini yeni yüksək səviyyəyə qaldırmışdır.

Zamanın çağırışları informasiya məkanında da özünün zəruri əksini tapır. “Media haqqında Azərbaycan Respublikasının Qanunu” ilə media fəaliyyəti anlayışına hüquqi aydınlıq gətirilib. Qanunla mətbuat sahəsində azad fəaliyyət və hüquqi məsuliyyət bir daha təsbit edilib. Jurnalistika sahəsində fəaliyyət sərbəst yaradıcılıq əsasında həyata keçirilir. Eyni zamanda, dövlət sirlərinin yayılmasına görə məsuliyyət, hərbi və fövqəladə vəziyyət dövründə və digər xüsusi hallarda mətbu orqanların və jurnalistlərin fəaliyyəti də qanunda hüquqi ifadəsini tapmışdır.

Təəssüf ki, hərfi tərcümədə saxta xəbər anlamına gələn “feyk nyuslar da bəzi hallarda sosial mediada özünə yer tapa bilir. Xəbərlərlə ma­nipulyasiya edilir, yalanlar yayılır, böh­tan atılır, narazılıq yaradılır. Jurna­listika prinsiplərinə uyğun gəlməyən oxşar davranışlar, gizli deyil ki, sifariş­li qulluq, mənafe güdmək, yarınmaq üsuludur. Sarı mətbuatla ümumi cəhətləri olanfeyk nyuslar informa­siya cəbhəsində qarşıdurma yaradır. Elə Azərbaycan Ordusu barədə verilən bəzi məlumatlar həssas nöqtədəki real vəziyyəti heç də hər zaman doğru-düzgün əks etdirmir. Odur ki, Qarabağdakı gəlişmələrlə bağlı əsl həqiqətlərin təhrif olunması yolverilməzdir. Mətbuat adına iddialı olan hər bir sosial şəbəkə subyekti davamlı obyektivlik göstərməlidir. Bu baxımdan bəzi saytların xəbərə “barıt”ı çox doldurmaları heç də başadüşülən deyil. İlk növbədə jurnalistlər dövlətin və xalqın haqq işini inamla müdafiə etməli, ümumi mənafeyi qoruya bilməlidirlər.

Prezident İlham Əliyevin ötən il aprelin 17-də imzaladığı “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” fərman məhz ölkəmizdə həmin infrastrukturun tərkibinə daxil olan sistemlərin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmənin təhlükəsizliyinin gücləndirilməsi məqsədinə xidmət edir. Fərmanda təhlükəsizliyin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqan funksiyalarının verildiyi DTX ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin qarşısına konkret vəzifələr qoyulub.

Heç bir məsuliyyət hiss etməyən bəzi blogerlər, “az” ölkə kodlu domen zonanın bəzi seqmentləri, xəbər portalları əhalini çaşdırmaq, ucuz populyarlıq qazanmaqya kimdənsə qisas almaq üçün yalan “üfürməyə” həvəsli olur, düşmən dəyirmanına su tökürlər. Qızışan beyinlər hətta dövlət sirrini, hərbi sirri nəzərə almır, yoxla­nılmamış məlumatları ictimailəşdirirlər. Xəbərləri oxucuya sırımaq üçün müxtəlif priyomlar işlədirlər: “Eti­barlı qaynaqlarımızdan” və yaxud “nazirlikdəki mənbəmiz”dən əldə etdi­yimiz xəbərə görə…” və ilaxır və sair. Sosial şəbəkə istifadəçiləri də strateji əhəmiyyət daşıyan mövzularla bağlı hüquqi yanlışlıqlara yol verirlər. Yoxla­nılmamış və təhriflə dolu məlumatları yayımlayanlar süni ajiotaj doğurmaq xatirinə sosial məsuliyyət daşımadan alaçiy, bəzən də böhtan xarakterli ya­zıları geniş ictimaiyyətə təqdim edirlər. Xüsusilə də Azərbaycan Ordusu barədə həqiqətə uyğun olmayan yer­siz məlumatlar tirajlanır, əhali arasında Silahlı Qüvvələrimiz haqqında yanlış təəssürat yaradılmasına cəhdlər edilir. Nəticədə sosial şəbəkə də destruktiv informasiya məkanına çevrilir.

Bu ilin mart ayında bəzi KİV-də, o cümlədən criminal.az, xeberinfo.com və azpolitika.info internet saytların­da Müdafiə Nazirliyi tərəfindən hər hansı rəsmi açıqlama verilmədiyi halda, müvafiq olaraq, “Əsgərin intihar etdiyi bildirilir - Bədənində çoxlu yara izləri vardı”, “Daha bir əsgər ölümü” və “Daha bir əsgər ölümüİntihar, yoxsa?..” başlıqlı məqalələrdə Azərbaycan Respubli­kası ərazisində qanunsuz fəaliyyət göstərən “Meydan TV”yə istinadən sensasiya naminə məlumatlar dərc edilmişdi. O zaman hərbi və müdafiə məsələləri ilə bağlı məlumatların rəsmi qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirildikdən sonra yayıl­ması tövsiyəsinə məhəl qoymayan həmin internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, qanunun tələblərinə müvafiq olaraq öz saytlarında sensasiya naminə informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu kimi halları davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdar edilmişdilər.

Baş Prokurorluğun bəzi sayt rəhbərlərinə xəbərdarlıqlar etməsi dövlətin media təmsilçiləri tərəfindən bənzər sapıntılarına ciddi yanaşdığını göstərir. Məsələn, Baş Prokurorluğu iyulun 27-də media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanıl­mamış məlumatların yayılmasının yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olduğunu diqqətə çatdırıb. Eyni zamanda, “Facebooksosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə, Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib. Qeyd edək ki, Baş Prokuror­luq ilk dəfə deyil ki, belə xəbərdarlıqla çıxış edir. Xatırlayırıq ki, bu ilin yanvar ayında bəzi saytlar cəbhə xəttindəki hadisələr barədə yanlış informasiya­lar yaydığına görə cərimə olunmuşdu.

Bu ayın əvvəllərində Rusi­ya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutması ilə əlaqədar görülən adek­vat cavab tədbirlərinə bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mənfi reaksiya verilməsinin yolverilməzliyi bildirilib. Məlumatda qeyd edilir ki, onlar hansı məqsədlə isə bəlkə də bilərəkdən, Silahlı Qüvvələrimizin fəaliyyətini təhrif etməyə, Azərbaycan əsgərlərinin həyatı təhdidlə üzləşdiyi halda həmin təhdidlərə cavab olaraq hərbi əməliyyatların keçirilməsinə qar­şı çıxmağa çalışır, yalan məlumatlar yayır, saxtaya köhnə görüntülər paylaşır, heç bir əsas olmadan onları aktuallaşdırmaq istəyirlər. Təəssüflə qeyd edilməlidir ki, xoş niyyət daşı­mayan bu kimi cəhdlər informasiya azadlığı, kontekstdən çıxarılmış tarixi sitatlarsaxta pasifist baxışlarla pərdələnir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, daxil olan məlumata əsasən yuxarıda qeyd olunan hallara yol vermiş Bakı şəhər sakinləri Rüstəm İsmayılbəyli, Fərid Hüseynov, Goranboy rayon sakini El­mar Məmmədov və Mingəçevir şəhər sakini Gülay Eyvazova prokurorlu­ğa dəvət olunub, qanunun tələbləri onların diqqətinə çatdırılıb. İctimai təhlükəsizliyin kütləvi şəkildə pozul­ması və ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatların yayılması “İnformasiya, informasiyalaşdırma və informasiya­nın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən yolverilməzdir. Milli təhlükəsizlik haqqında” Azərbaycan Respubli­kasının Qanununa əsasən ölkənin müdafiə qabiliyyətinin zəiflədilməsinə yönəlmiş addımlar dövlətimiz üçün təhdid hesab olunurbuna xidmət edən istənilən hərəkətlərin vaxtında qarşısı alınmalıdır. Qeyd olunanları nəzərə alaraq, həmin şəxslərlə aparıl­mış söhbət zamanı onlara əməllərinin ictimai təhlükəli nəticələri izah edilib. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən, prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edib.

Xatırladaq ki, bundan bir həftə əvvəl də Baş Prokurorluq bildirmişdi ki, Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlanıb. İctimai-si­yasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş Prokurorluğa dəvət olu­nub, onların barələrində prokuror təsir tədbirləri görülüb.

Əlbəttə, belə jurnalist davranışla­rına qarşı hüquq-mühafizə orqanları daha qətiyyətli olmalıdırlar. İctimai qınağın gücləndirilməsi da zəruridir. Unutmayaq ki, media informasiyanın toplanması, emalı və yayılması üzrə məsuliyyət daşıyan əsas sosial insti­tutdur. Ona olan etimadı zədələməyə yox, daha da artırmağa çalışmaq lazımdır.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2022.- 10 avqust.- S. 9.