Ermənistan üçtərəfli bəyanatın şərtlərinə tam əməl etməyə məhkumdur

 

Erməni separatçılarının, bölgədəki qanunsuz erməni hərbi qüvvələrinin Rusiya sülhməramlılarının gözü qarşısında və başları üstündən Qarabağda davamlı olaraq törətdikləri təxribatlara, nəhayət, müzəffər ordumuzunQisas” əməliyyatı ilə verdiyi layiqli cavab Azərbaycanın bölgədə yaratdığı reallığı bir az da qüvvətləndirdi, düşmən qüvvələrə növbəti dərs oldu. Bu hərbi-siyasi cavab aksiyası Ermənistana açıq təslim aktı kimi imzalada­ığı “Üçtərəfli bəyanat”dan irəli gələn, lakin hələ də əməl etmədiyi öhdəliklərin qüvvədə qalması və tam yerinə yetirilməsinin təxirəsalınmazığı mesajıdır.

Son günlər qarabağda gerçəkləşdirilmiş “Qisas” əməliyyatı ilə Azərbaycan Ordusu öz gücü­nü nümayiş etdirdi və bölgədə gizlənmiş qanunsuz erməni silahlı­larına öz yerini göstərdi. Gəlin görək Ermənistan rəhbərliyi və siyasətçiləri bundan düzgün nəticə çıxaracaqmı? Bizə bəlli olan erməni xisləti hələlik bu məsələdə nikbinliyə əsas ver­mir. Lakin, əks təqdirdə, erməniləri daha sərt bir reallıqla üz-üzə qal­malı olur. Qısamüddətli əməliyatda ordumuzun göstərdiyi çevik güc və yüksək məharət düşmənə anlatdı ki, Azərbaycanın separatçı ünsürləri, dinc dayanmayan silahlı quldur­ları Qarabağdan süpürüb atması və qədim türk yurdları Göyçə və Zəngəzuru bir həmlə ilə ələ keçirib tarixi ədaləti bərpa etməsi o qədər də çətin deyil.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə keçirilən antiterror bu uğurlu əməliyyatından sonra Zəngəzur dəhlizinin açılmasının, tarixi Azərbaycan ərazilərinə gediş-gəlişin təmin edilməsinin, Qərbi azərbaycanlıların öz dədə-baba yurduna qaytarılmasının zəruriliyi və qarşısıalınmazlığı bir daha gündəmə gəlib.

Doğrudan da, ermənilər 10 noyabr üçtərəfli Bəyanata əməl etmədiyi təqdirdə, Azərbaycan Laçın dəhlizini bağlaya, Rusiya sülhməramlılarının missiyasına xitam verə, Ermənistana qatılmış tarixi torpaqlarına qayıdış məsələsini önə çəkə və bununla bağlı Ermənistan qarşısında tələblər qoya bilər. Erməniləri təxribatlarının davam etməsi və öhdəliklərinə əməl etməyi gecikdirməsi məhz belə bir siyasi-dip­lomatik perspektiv diqtə edir.

Beləliklə, Azərbaycanın mövqeyi həmişə olduğu kimi ədalətli və doğ­rudur. Azərbaycan imzaladığı bütün müqavilələrə və şərtlərə sadiqdir. Bundan sonra da öz sədaqətini göstərəcək. Üçtərəfli Bəyanatın bir neçə müddəası, o cümlədən 4-cü bəndi ermənilər tərəfindən əsassız bəhanələrlə ləngidilir. Onlar öhdələrinə götürdükləri məsələnin həllindən yayınmağa çalışırlar. Artıq gecdir, qanunsuz terrorçu silahlı birləşmələr Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmalıdır.

Bu, üçtərəfli Bəyanatın 4-cü maddəsində xüsusilə qeyd edi­lib. İndiyə qədər maddəyə riayət edilməyib. Təəssüf ki, Rusiya sülhməramlıları – əslində üçtərəfli bəyanatın yerinə yetirilməsinə məsul və nəzarət etməli olan hərbi kon­tingent də üzərinə düşən vəzifəni buvaxtadək tam icra etməyib. Onlar bir sıra hallarda susqunluq, tərəfkeşlik nümayiş etdirirlər.

Nəhayət, Ermənistan rəhbərliyi və sülhməramlı missiya anlamalıdır ki, Qarabağda terrorçu dəstələrin olması hər an bölgədə sabitliyin pozulma­sına, qanuni vəzifə borcunu yerinə yetirən Azərbaycan hərbçilərinə qarşı yeni təxribatlara səbəb ola bilər. Əvvəllər də qanunsuz erməni silahlı qüvvələrinin mövqelərindən müxtəlif şəraitdə Qarabağdakı hərbçilərimiz və mülki insanlar atəşə tutulmuşdur. Bizim əsas niyyətimiz odur ki, bölgədə davamlı sülh təmin edilsin. Əməkdaşlıq, əmin-amanlıq həyata keçirilsin və Cənubi Qafqaz bölgəsində uzun müddət tərəqqiyə xidmət edəcək əməkdaşlığın əsası qoyulsun.

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildirmişlər ki, ölkələrimizin dəstəklədiyi “Altılıq platforması” regionun inkişafın­da önəmli öz rol oynaya bilər. Bu, bütövlükdə, bölgədə marağı olan 6 dövlətin iqtisadi inkişafına və əməkdaşlığına səbəb ola bilər. Təəssüflər olsun ki, erməni tərəfi bu məsələni ləngidir, İran tərəfindən də bəzən ermənilərə dəstək bəyanatları eşidirik. Sərhədlərin demarkasiya və delimitasiyası başa çatdıqdan sonra Azərbaycan düşmənçilik və ayrı-seç­kilik münasibətlərinin aradan qaldı­rılması üçün diplomatik əlaqələrin bərpa olunmasında maraqlıdır. Azərbaycan tərəfi dəfələrlə bu xoş niyyətini bəyan edib.

Zəngəzur, Göyçə, İrəvan, Çuxuryurd Azərbaycanın qədim torpaqlarıdır. Öz kökünə bağlı olan hər bir azərbaycanlının, ən azı, o yerlərə getmək, ulu babalarının məzarlarını ziyarət etmək, xatirələrini yaşatmaq və bölüşmək hüququ tanınmalıdır.

Prezident İlham Əliyevin söylədiyi kimi: “Biz o ərazilərə gedəcəyik. Nə zaman, hansı nəqliyyat vasitəsi ilə gedəcəyiksə, özümüz müəyyənləşdirəcəyik. Nə qədər ki, ermənilər ağıllarını başlarına yığma­yıb bu düşüncədə olacaqlar, işğalçılıq və revanşist niyyətlərini yaşadacaq­larsa, onların dövlət kimi çöküşü daha da tezləşəcək”. Möhtərəm ölkə baş­çısnın dediyi kimi, “Qisas” əməliyyatı vaxtında, düzgün yerinə yetirilmiş hərbi gedişdir. Amma gələcəkdə daha böyük əməliyyatlar həyata keçirmək hüququmuzu da özümüzdə saxla­yırıq. Üçtərəfli Bəyanatın şərtlərinə əməl olunmasına çalışırıq.

 

Musa QULİYEV,

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

 

Xalq qəzeti.- 2022.- 10 avqust.- S. 10.