Türkiyə – Azərbaycan müttəfiqliyi sarsılmazdır

 

 Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, bu gün Azərbaycan-Türkiyə müttəfiqliyi uğurla inkişaf edir. Ortaq maraqların və dəyərlərin birləşdirdiyi bu iki ölkə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır.

Qırx dörd günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz nümunədir. Belə ki, savaş dövründə ilk günlərdən etibarən Türkiyə Prezidenti açıqlamalar verirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, bir çox ölkələr və beynəlxalq təşkilatlar üçün bir mesaj idi, yəni, “kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın” anlamını ifadə edirdi. Başqa sözlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıq­lamaları Azərbaycan xalqını hədsiz sevindirirdi.

Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ankarada keşirilən XIII səfirlər konfransda çıxış edən Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov yuxarıda vurğulanan məsələlər barədə ətraflı danışıb. O, son 30 ildə beynəlxalq münasibətlər sistemində sürətli ciddi dəyişikliklər baş verdiyini xatırladaraq, inkişaf və tənəzzülün yanaşı möv­cudluğunu da diqqətə çat­dırıb. Nazir belə bir şəraitdə heç bir dövlətin tənəzzüllə, yeni növ təhdidlərlə təkbaşına mübarizə aparmaq iqtidarında olmadığını vurğu­layıb və beynəlxalq hüququn təməl prinsiplərini təşkil edən ərazi bütövlüyü, suverenlik və müstəqillik, bir-birilərinin daxili işlərinə qarışmamaq və digər prinsiplərə bütün ölkələr tərəfindən eyni məsuliyyətlə yanaşılmasının zəruriliyini bildirib. O, yalnız belə bir mühitin varlığı şəraitində bir çox münaqişə və ədalətsizliyin qarşısını almağın mümkünlüyünü diqqətə çatdırıb.

Azərbaycanın Xarici İşlər naziri çıxışında beynəlxalq ədalətin bərpa olunmasında bu gün qardaş Türkiyənin səylərini yüksək dəyərləndirərək, bunun bütün dünya üçün örnək olduğunu bildirib. Ceyhun Bayramov daha sonra deyib: “Beş yüz illik bir mirasa sahib olan türk diplomatiyasının qazandığı uğurlar Türkiyənin beynəlxalq aktor kimi rolunu gündən-günə artırır. Dünyanın ən geniş 5-ci diplomatik təsisatına malik diplomatik təmsilçilikləriniz bu gün Türkiyənin gücünə güc qatır. Əminik ki, Türkiyənin olmadığı bir platformada Azərbaycanın tətbiq etdiyi kimi, bizim olmadığımız bir yerdə səsimizin, sözümüzün eşidilməsini qardaş Türkiyənin diplomatları həyata keçirirlər...”.

Bəli, bu, həqiqətən də belədir. Yaxşı xatırlayırıq, 2014-cü ildə Praqada keçirilən Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunan sammitdə çıxışı zamanı erməni iftira və hücumlarına münasibətdə Prezident İlham Əliyevin “Türkiyə burada yoxdursa, mən varam, biz varıq!” – sözləri, Prezident Rəcəb Tayyib Ərdoğanın hər zaman, xüsusilə də 44 günlük Vətən savaşı zamanı vurğuladığı “Azərbaycan bizim qırmızı cizgimizdir!” ifadəsi diplomatiya tarixində bənzərsiz əlaqələrin təzahürü kimi tarixə qızıl hərflərlə yazılıb. Bu mənada bu gün tam əminliklə deyə bilərik ki, iki qardaş ölkənin münasibətləri özünün yeni inkişaf mərhələsinə daxil olub. münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

Türkiyə bir çox digər sahələrdə olduğu kimi, diplomatiyada da əldə etdiyi uğurlarla dünyada böyük nüfuz qazanıb. Azərbaycan qardaş dövlətin Antalya Diplomatiya Forumundakı nailiyyətlərindən, rəqəmsal diplomatiya sahəsində atdığı önəmli addımlardan qürur hissi keçirib, bu təcrübədən səmərəli yararlanmağı qarşıya mühüm vəzifə kimi qoyub. Bir sözlə, Azərbaycan Türkiyənin diplomatiyada qabaqcıl və mərkəzi ölkəyə çevrilməsini sevinc və fəxrlə qarşılayıb, bu istiqamətdəki uğurları öz uğuru kimi qəbul edib. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov çıxışında bununla bağlı bildirib: Qazi Mustafa Kamal AtatürkünYurdda sülh, cahanda sülh!” kəlamı, Prezident Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür!” ifadəsi Türkiyə diplomatiyasının kökündə hər zaman barış və ədalətin dayandığını bir daha ortaya qoymuşdur. Elə bu səbəbdən də təsadüfi deyil ki, qardaş ölkəmiz qlobal güclərin hesablaşdığı bir aktora çevrilmişdir. Bu gün dünyanın bir çox bölgəsindəki münaqişələrin həlli Türkiyəyə etibar edilir və rəsmi Ankara vasitəçi kimi dəvət olunur. Suriya, Liviya, Ukrayna böhranlarında Türkiyənin beynəlxalq hüquqinsani dəyərlərə əsaslanan vasitəçiliyi, prinsipiallığı türk diplomatiyasının dərinliyi, insan və ədaləti hər zaman ön planda saxlayan dinamikasını nümayiş etdirmişdir”.

Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ankarada keçirilən XIII səfirlər konfransda bir sıra digər önəmli məqamlara da toxunulub. Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin ölkəmizə verdiyi siyasidiplomatik dəstəyin, sadəcə, qardaşlıq münasibətlərinin təzahürü deyil, eyni zamanda, qardaş dövlətin doğrunun, haqqın və ədalətin yanında dayanması kimi yüksək dəyərləndirilib.

Yeri gəlmişkən, bu məqamda bir daha xatırlatmaq yerinə düşər ki, qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə İkinci Qarabağ müharibəsində olduğu kimi, savaş bitəndən indiyədək daim Azərbaycanın yanında olub, hər zaman ölkəmizə siyasi, diplomatik və mənəvi dəstək göstərib. Bakıda keçirilən möhtəşəm Zəfər paradında da sevincini, fərəhini xalqımızla bölüşüb. Ümumiyyətlə, Prezident Rəcəb Tayyib Ərdoğanın həmin paradda iştirakı Azərbaycan xalqını qələbə müjdəli gələcəyə ruhlandırıb.

Vətən müharibəsində Türkiyənin müdafiə və xarici işlər nazirləri, digər yüksək vəzifəli rəsmiləri tərəfindən də Azərbaycana birmənalı olaraq siyasi, diplomatik və mənəvi dəstək göstərildi. Bu, xalqımıza çox böyük siyasi və mənəvi güc vermək demək idi.

Burada onu da qeyd edək ki, qardaş ölkə hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpasını da diqqətdə saxlayır. Düşməndən təmizlənən yaşayış sahələrimizin yenidən qurulması üçün ilk müqavilələrin Türkiyə şirkətləri ilə imzalanması da bunun bariz ifadəsidir.

Türkiyə şirkətlərinin Qarabağın yenidənqurma işlərində də səmərəli iştirakından bəhs edən Prezident İlham Əliyev deyib: “Ümumilikdə, Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər. Əlbəttə ki, işğaldan azad edilmiş torpaqlarda da bir çox sahələrdə Türkiyə şirkətləri uğurlu fəaliyyət göstərəcəklər”.

İndiyədək türk şirkətləri Azərbaycan üçün strateji önəm daşıyan bir sıra avtomobil yolunun inşasında, eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində səmərəli fəaliyyət göstərirlər. Onların digər infrastruktur layihələrinin icrasında və tarixi abidələrimizin bərpasında da Azərbaycana qardaşlıq köməyi mühüm önəm daşıyır.

Beləliklə, Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxan dostluq və qardaşlıq münasibətlərinin indiki vəziyyəti bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə, heç bir maneə bu dostluğun, qardaşlığın qarşısını ala, sarsıda bilməz.

İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünyanın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır. Bu prosesə töhfə verən hər kəs isə bundan yalnız faydalanır.

Bu gün iki qardaş ölkənin müttəfiqlik əlaqələri də yüksək səviyyədə inkişaf edir. Bu müttəfiqliyin indiki diqqətçəkən mərhələyə yüksəlməsində, şübhəsiz ki, Şuşa Bəyannaməsi mühüm rol oynayır. Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyir: “Bu, tarixi bir sənəddir. Əslində, Türkiyə–Azərbaycan əlaqələri hər zaman müttəfiqlik səviyyəsində idi və müttəfiqlik xalqlarımızın qəlbindədir. Sadəcə olaraq, biz keçən il Şuşada bunu rəsmən təsdiqlədik”.

Dövlətimizin başçısı Türkiyə–Azərbaycan qardaşlıq əlaqələrinin bundan sonra da həm xalqlarımız, həm də bölgə üçün mühüm önəm daşıyacağını vurğulayaraq, xatırladıb ki, belə bir əməkdaşlıq təkcə ikitərəfli formatla kifayətlənmir. Bu, eyni zamanda, bölgənin təhlükəsizliyini şərtləndirir. Belə ki, Türkiyə və Azərbaycan birgə səylərlə bölgənin gələcək inkişafını, təhlükəsizliyini təmin edir, qardaş xalqların rahat həyatını gerçəkləşdirir. Ümumiyyətlə, iki dövlət arasında mövcud əməkdaşlığın çoxşaxəliliyi dünya miqyasında belə müttəfiqik, qardaşıq əlaqələrinin bənzəri olmadığını deməyə əsas verir: “Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə canla, qanla bağlı olan ikinci ölkələr yoxdur. Bu, bizim böyük sərvətimizdir və bunu biz qoruyuruq, gücləndiririk, istənilən vəziyyətə hazırıq və hər zaman bir-birimizin yanındayıq”.

Ümumiyyətlə, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi perspektivləri diqqət mərkəzində saxlanılaraq, siyasi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər, idman sahələrində imkan və potensialların birləşdirilməsi, dərinləşdirilməsi xüsusi yer tutur. Eyni zamanda, bu sırada iqtisadi əməkdaşlığın gücləndirilməsi, müştərək maraq daşıyan regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi də önəmli vəzifələrdən biridir.

Şuşa Bəyannaməsində Azərbaycanla Türkiyə arasında ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin genişləndirilməsi istiqamətində səylərin artırılacağı əminliklə vurğulanır. Bununla bağlı Azərbaycan və Türkiyədə istehsal olunan malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcəyi nəzərdə tutulur.

Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsini parlaq qələbə ilə başa çatdırmasını şərtləndirən bir neçə amilə də nəzər salsaq, bunu aydın görə bilərik. Belə ki, həmin amillərə döyüş hazırlığının bütün tələblərini yerinə yetirmək üçün şərait yaradılması, irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Koman­danın diqqəti və səyi nəticəsində ən müasir döyüş vasitələri ilə silahlandırılması, artilleriya və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsi daxil edilə bilər.

Hazırda müstəqil daxilixa­rici siyasət kursu yürüdən, uğurlu diplomatiyası ilə düşməni İkinci Qarabağ müharibəsindəki kimi siyasidiplomatik səhnədə yenidən tək saxlanılmasına məcbur edən dövlətimizin başçı­sı dünyaya yeni nümunə göstərir. Ölkə rəhbəri ordumuzun daha da gücləndirilməsini, iqtisadiyyatımızın sürətli inkişafını diqqət mərkəzində saxlayır, bu istiqamətdə önəmli layihələrin gerçəkləşdirilməsinə xüsusi əhəmiyyət verir. Çünki bu, Ermənistan kimi bir ölkənin gələcək işğalçılıq niyyətlərindən qorunmağın ən başlıca yoludur.

Son 30 ildə Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti də, 27 il ərzində BMT qətnamələrinin icrasına məhəl qoymaması da qəsbkarın mahiyyətini, yürütdüyü siyasətin nə qədər təhlükəli olduğunu göstərir. Lakin buna baxmayaraq, Azərbaycan bu gün qalib ölkə kimi sülhə və bölgədə kommunikasiyaların açılmasına hazırdır. Məğlub Ermənistanın- xəstə təxəyyülün və sərsəm xülyaların girovuna çevrilən bu ölkənin də buna məcbur ediləcəyi, yeni geosiyasi reallığın şərtlərini yerinə yetirəcəyi şübhəsizdir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2022.- 11 avqust.- S. 1; 4.