Azərbaycan idman ölkəsi kimi
uğurlarını artırır
Beş il bundan əvvəl Bakıda keçirilmiş
İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox
gözəl nəticə göstərmişdir, komanda hesabında birinci olmuşdur. Eyni zamanda, Bakıdakı Oyunlar İslam həmrəyliyinin
güclənməsinə təkan vermişdir.
Çünki müsəlman ölkələrinin
idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar.
Əminəm ki, burada
da siz yeni
dostlar tapacaqsınız. Çünki
bu Oyunlar həm idman yarışıdır, həm də
ki, müsəlman ölkələri
arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir.
İlham ƏLIYEV
Azərbaycan
Respublikasının Prezidenti
Azərbaycanın paytaxtında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının başa çatmasından 5 il ötür. Ölkə həyatında ən böyük yarışlardan birinə çevrilmiş bu tədbir Azərbaycanın güclü idman ölkəsi kimi mövqeyinin daha da güclənməsinə şərait yaratmışdı. İndi idmançılarımız Türkiyənin Konya şəhərində növbəti İslam Həmrəyliyi Oyunlarında mübarizə aparırlar. Dilindən, sosial mənsubiyyətindən asılı olmayaraq, insanları birləşdirən bu həmrəylik oyunlarında Azərbaycanın növbəti uğurlara imza atacağına ümidlər böyükdür.
İslam Həmrəyliyi Oyunları və ya “İslamiada” İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında keçirilən beynəlxalq idman yarışıdır. Azərbaycanın İslamiadanın ev sahibi ölkəsi seçilməsi İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasının 24 iyul 2013-cü il tarixində Ciddə şəhərində keçirilən VIII hesabat-seçki konfransında baş tutmuşdu. IV İslam Həmrəyliyi Oyunlarında iştirak üçün 49 Milli Olimpiya Komitəsi ərizə təqdim etmişdi. 54 ölkədən idmançılar 20 idman növü üzrə 269 mükafat dəsti uğrunda mübarizə aparmışdılar. 3000-dən çox idmançının iştirak etdiyi IV İslamiadanın yarış proqramına ağır atletika, üzgüçülük, bədii gimnastika, basketbol, cüdo, həndbol, atletika, suya tullanma, futbol, stolüstü tennis, atıcılıq, voleybol, boks, yunan-Roma, sərbəst güləş, taekvondo, su polosu və digər idman növləri daxil idi.
Qeyd etmək vacibdir ki, İslam Həmrəyliyi Oyunlarınadək Azərbaycan 2015-ci il ilk Avropa Oyunlarına evsahibliyi etmişdi. Həmin oyunlar yeni və ya təkmilləşdirilmiş idman obyektlərində yüksək səviyyədə keçirilmişdi. Bu səbəbdən İslamiada üçün bu və ya digər idman infrastrukturunun olmaması məsələsi, ümumiyyətlə, gündəmə gəlməmişdi.
Bununla belə, ölkədə yarışların keçirilməsi üçün lazım olan bütün şəraitin mövcud olmasına baxmayaraq, təşkilati işlər diqqətlə və sistemli şəkildə aparılmışdı. O zaman Prezident İlham Əliyev bu istiqamətdə görülən işlərin əhəmiyyətini vurğulayan zaman oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd etmişdi. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin böyük iş gördüyünü, bütün hazırlıq prosesinin diqqət mərkəzində olduğunu nəzərə çatdırmışdı. Dövlət başçısı bildirmişdi ki, Təşkilat Komitəsi ən xırda məsələlərə qədər bütün lazımi tədbirləri gördü, həm idmançılar, həm də qonaqlar üçün yaxşı şərait yaradıldı, ölkəmizə minlərlə xarici qonaq gəldi. Prezident İlham Əliyev bunun artıq təbii hadisə olduğunu nəzərə çatdırmış, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə artıq üçüncü mötəbər beynəlxalq müsabiqənin keçirildiyini xatırlatmışdı. Xatırladaq ki, Azərbaycan 2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsini, 2015-ci ildə Avropa Oyunlarını, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə keçirməyə müvəffəq olmuşdu. Xüsusilə qeyd etmək lazımdır ki, “Bakı-2017”ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləmiş, yarışları 1000-dən çox media nümayəndəsi işıqlandırmışdı.
Azərbaycan gözlənildiyi kimi, İslamiadada ən yaxşı nəticələrin əldə olunması üçün qarşıya qoyduğu məqsədə uğurla nail olmuşdu. Xüsusilə, komanda idmanında uğurlar qeydə alınmışdı. Voleybolçularımız, bədii gimnastlarımız və futbolçularımız kifayət qədər qızıl medal qazansalar da, həndbolçuların və idman gimnastikası üzrə qadınlardan ibarət yığma komandanın “qızıl”ı, eləcə də kişi voleybol komandasının “gümüş”ü xoş sürpriz olmuşdu. Basketbolda kişi və qadın komandalarımız bütün qızıl medal dəstini toplayaraq, rəqiblərinə, ümumiyyətlə, heç bir şans qoymamışdılar. Bir sözlə, “Bakı-2017”də Azərbaycan idmançıları 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci olmuşdular. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşmışdı.
Yuxarıda deyilənlərdən göründüyü kimi, Azərbaycanın komanda hesabında birinci yeri tutması təsadüfi deyildi və bunu dövlətimizin başçısı İlham Əliyev İslamiadanın yekununda idmançılara müraciətində də bildirmişdi. Dövlət başçısı qeyd etmişdi ki, son nailiyyətlərimiz bu qələbənin təsadüfi olmadığını deməyə imkan verir. Prezident İlham Əliyev əlavə etmişdi ki, 2015-ci ildə Azərbaycan idmançıları Avropa Oyunlarında 56 medal qazanaraq komanda hesabında ikinci yeri tuta bilmişdilər. 2016-cı il Yay Olimpiya Oyunlarında medalların sayı isə 18-ə çatmışdı. Prezident İlham Əliyev bunu Olimpiya Oyunlarında iştirak tariximizdə ən yüksək göstərici kimi qiymətləndirmiş və vurğulamışdı ki, medalların sayına görə Azərbaycan 14-cü, Avropa ölkələri arasında 7-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə qərarlaşmışdı. Dövlət başçısı diqqətə çatdırmışdı ki, bu qələbənin çox möhkəm təməli var və bu, Azərbaycanda idmanın, Azərbaycan dövlətinin inkişaf etdiyini göstərir.
İslam Həmrəyliyi Oyunlarının sosial-idman yükündən başqa, həm də siyasi çalarları da var. Etiraf edək ki, müsəlman ölkələrindən olan qızların həyatında idmanın əhəmiyyəti barədə çox az adam düşünür. Təəssüf ki, bütün idman federasiyaları öz reqlamentlərinə baş geyimləri ilə bağlı müddəa daxil edir ki, bu da müsəlman qızların hicabla Avropa və dünya çempionatlarında yarışmasına imkan vermir. Bu mənada İslamiada kimi yarışların əhəmiyyəti xeyli artır.
Burada idmanın və fiziki nizam-intizamın faydaları haqqında məlum mesajla yanaşı, bu kontekstdə heç də az əhəmiyyət kəsb etməyən, lakin daha az tez-tez toxunulan başqa bir məsələ də var. İdmana biganə olmayan insanlara ünvanlanan bu mesajda başı örtülü nə qədər idmançının beynəlxalq dərəcəli yarışlara qatıla biləcəyindən, reqlamentdəki məhdudiyyətlərə görə nə qədərinin bundan məhrum olmasından bəhs edilir. İdmanda uğur qazanmaq üçün dinin heç vaxt əngəl törətməməsinin ən bariz nümunələrindən biri İslam Oyunlarının qızıl medalını qazanan ağır atletimiz Anastasiya İbrahimova olmuşdu.
Qeyd edək ki, İslamiada müsəlman qadınlarla yanaşı, bir çox digər idmançılar üçün də hər birinin Olimpiada və qitə yarışlarına çıxa bilmədiyi bir vaxtda özlərini sübut etmək və beynəlxalq səviyyəli yarışlarda əhəmiyyətli təcrübə əldə etmək üçün əla fürsətə çevrilmişdir. Bundan başqa, İslamiada konfessional əsasda şərti mənsubiyyətə baxmayaraq, müsəlman ölkələrində müxtəlif dinlərə mənsub insanların dinc yanaşı yaşamasının çoxlu nümunələrini göstərdi. Bunun ən bariz nümunələrindən biri kamerunlu ağır atletin 136 kq çəkini uğurla götürərək, yarış zamanı xaç çəkməsi olmuşdu. Bu xəbər bir çox KİV-də yayılmışdı və hadisə müsbət qarşılanmışdı, çünki təkcə Kamerun millisində deyil, həm də ölkəmizdə müxtəlif idman növlərində, müxtəlif millətlərdən və dini mənsubiyyətlərdən olan Azərbaycan vətəndaşları iştirak etmişdilər.
Prezident İlham Əliyev də diqqəti bu məsələyə yönəldərək bildirmişdi ki, bu yarışlar İslam həmrəyliyini gücləndirmək üçün nəzərdə tutulmuşdur. Dövlət başçısı xüsusilə əlavə etmişdi ki, Azərbaycanın əsas məqsədi müsəlman ölkələrini təmsil edən idmançıların, qonaqların Bakıda bir yerdə olması, bir-birini tanıması, dostluq və əməkdaşlığı gücləndirmək üçün əl sıxmasıdır. Prezident İlham Əliyevin sözlərinə görə, yarış zamanı bəzi hallarda bir-biri ilə sıx siyasi əlaqələr saxlamayan ölkə nümayəndələrinin bir-birini təbrik etmələri, onların bir-birinin uğuruna sevinmələri və bir-birinin əllərini sıxmaları müşahidə olundu.
Dövlət başçısı xüsusilə vurğulamışdı ki, İslam Oyunların tarixi əhəmiyyəti də məhz bundan ibarətdir. İdman vasitəsilə Azərbaycanın öz siyasətinə əlavə töhfə verdiyini deyən Prezident İlham Əliyev əlavə etmişdi ki, ölkəmizin müsəlman dünyasındakı siyasəti birliyi, həmrəyliyi gücləndirmək, müsəlman ölkələri arasında bəzi münaqişələrə, müharibələrə son qoymaqdır. Cənab İlham Əliyev diqqətə çatdırmışdı ki, müsəlman dünyası birlik nümayiş etdirməlidir və yalnız bu halda xalqlarımız gələcəkdə dinc və firavan yaşaya biləcəklər. Dövlər başçısı əmin olduğunu bildirmişdi ki, Azərbaycanın siyasəti və İslam Oyunlarına verdiyi töhfə müsəlman dünyasının birləşməsinə gətirib çıxaracaq.
Bütövlükdə, Bakıda keçirilən İslam Oyunları İslam dünyasının birliyinin, tolerantlığının və sülhsevərliyinin böyük göstəricilərindən birinə çevrilmişdi. Burada sağlam həyat tərzinə verilən xüsusi önəm prizmasından Azərbaycan bir daha sübut etmişdi ki, beynəlxalq yarışları uğurla və lazımi miqyasda keçirməyə qadirdir. Ölkəmizdə keçirilən genişmiqyaslı idman tədbirinə yekun vuran Prezident İlham Əliyev onun Azərbaycanın gücünü və imkanlarını bütün dünyaya nümayiş etdirməsinə mühüm töhfə verdiyini vurğulamışdı. Dövlət başçısı demişdi ki, açılış mərasimində Azərbaycan İslamın mütərəqqiliyini nümayiş etdirdi və İslamın elm, mədəniyyət, sülh, mərhəmət dini olduğunu göstərdi. Prezident İlham Əliyev açılış mərasimində Azərbaycan xalqının istedadlı nümayəndələrini göstərildiyini diqqətə çatdıraraq əlavə etmişdi ki, Azərbaycanın zəngin qədim tarixi və mədəniyyəti bütün İslam dünyasına, bütün planetə nümayiş olundu. Dövlət başçısı, həmçinin bildirmişdi ki, bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təsdiqləmişdi. Cənab İlham Əliyevin sözlərinə görə, bu unikal birlik bu gün Azərbaycanı qlobal miqyasda əvəzolunmaz ölkəyə çevirir. Azərbaycanın milli, dini dəyərlərə sadiq olduğunu, onları qoruduğunu və bundan sonra qoruyacağını diqqətə çatdıran dövlət başçısı vurğulamışdı ki, ölkəmiz dünyaya açıqdır, müasir ölkədir və inkişaf edir.
Budur, indi Azərbaycan növbəti İslam Həmrəyliyi Oyunlarında mübarizə aparır. Hazırda Azərbaycan 1 qızıl, 1 gümüş və 1 bürünc medalla ölkələrin sıralamasında doqquzuncudur. Qızıl medalı komandamıza atletika üzrə millimizin üzvü Anna Skidan çəkicatma yarışlarında qazandırmışdır. Bu qalibiyyətlə o, İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olmuşdur. Atletimiz Aleksis Kopello üçtəkanla tullanma yarışlarında ikinci pillədə qərarlaşmışdır. Taekvondoçumuz Həşim Məhəmmədov (58 kq) isə bürünc medal qazanmışdır.
Avqustun 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşündə əmin olduğunu bildirdi ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər: “Çünki bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda öz gücünü təsdiqləmişlər. Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və bizim qələbələrimiz həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Azərbaycan azarkeşləri də bir növ buna öyrəşiblər. Əminəm ki, idmançılarımız bu dəfə də gözəl nəticə göstərəcəklər. Artıq birinci qızıl medalımız var. Komandanı bu münasibətlə təbrik etmək istəyirəm. Oyunların rəsmi açılış mərasimi bu gündür, amma Oyunlar artıq davam edir. Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl bir stimul olacaq”.
Budəfəki Oyunların Türkiyədə keçirilməsinin Azərbaycan üçün əlavə imkanlar yaratdığını vurğulayan dövlət başçısı vurğuladı ki, bu, həm idman bayramı, həm də İslam həmrəyliyi bayramı kimi yadda qalacaq: “Beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox gözəl nəticə göstərmişdir, komanda hesabında birinci olmuşdur. Eyni zamanda, Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Əminəm ki, burada da siz yeni dostlar tapacaqsınız. Çünki bu Oyunlar həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir”. İlk dəfə olaraq Azərbaycan idmançılarının İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklərinə diqqət çəkən Prezident İlham Əliyev bunun, hamımız üçün böyük qürurverici hadisə olduğunu bildirdi. Artıq müzəffər xalqın nümayəndələrinin, qalib ölkənin nümayəndələrinin bu Oyunlarda iştirak edəcəyinə, döyüş meydanlarında əldə edilmiş qələbənin idman yarışlarında da özünü əks etdirəcəyinə əminliyini bildirən dövlət başçısı xüsusilə diqqətə çatdırdı ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı, idman şöhrətimiz yüksəklərdə olacaq və azərbaycanlı idmançılar Vətənə qələbələr, müvəffəqiyyətlər, uğurlarla qayıdacaqlar.
Beləliklə, avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən atletlər idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayırlar. Son illər Azərbaycanda idmanın bütün növləri üzrə yüksək inkişafın yaşandığını nəzərə alsaq, əminliklə demək olar ki, idmançılarımız Konyadan Azərbaycana böyük nailiyyətlərlə qayıdacaqlar. Buna bütün Azərbaycan xalqı inanır.
Səbuhi
MƏMMƏDOV
Xalq qəzeti.- 2022.- 11 avqust.- S. 3.