Qarabağda bərpa, tikinti-quruculuq işləri geniş vüsət alıb

 

Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik.

 

İlham ƏLİYEV

 

 Azərbaycan Respublikasının Prezidenti

 

Məlum olduğu kimi, xalqımızın 44 günlük şanlı Vətən müharibəsində möhtəşəm qələbəsindən keçən il yarım ərzində işğaldan azad edilmiş ərazilərdə geniş bərpa, tikinti-quruculuq işləri aparılır. Dünyada heç bir ölkə müharibədən ötən bu qədər qısa zaman kəsiyində Azərbaycanda olduğu qədər iri infrastruktur layihələri icra edə bilməmişdir.

Qarabağda hazırda görülən bərpa işlərinin həcmi və vüsəti, insanların bu bənzərsiz diyarı yenidən dirçəltmək və onu dünyanın ən gözəl məkanlarından birinə çevirmək arzusu o qədər bö­yükdür ki, bunları müşahidə edən hər kəsdə dərin məmnunluq hissi yaranır. Təkcə ölkə vətəndaşları deyil, yaxın və uzaq ölkələrdən təşrif buyuran qonaqlar da bunun fərqindədir və heyranlıqlarını gizlətmirlər.

Qazaxıstandan olan tanınmış yazıçı, Qarabağ həqiqətləri barədə rus dilində nəşr olunan bir neçə kitabın müəllifi Nasiha Qumarqızı bu ilin yazında Şuşa şəhərini ziyarət edib­dir. O, bu unudulmaz səfərlə bağlı təəssüratlarını bizimlə bölüşərkən dedi: “Şuşa hər bir azərbaycanlı üçün olduğu kimi, mənim üçünolduqca doğma və məhrəmdir. Onun uzun illər boyu düşmən əsarətində qalması hər birimizin ürəyini sızladırdı. Ürək dolusu sevinə bilmirdik. Ən xoş anlarımızda belə gözümüzün biri gülürdüsə, o biri ağlayırdı. İndi, gözəl və bənzərsiz Şuşa azaddır!

Qazaxıstanlı şairə sonra bu sözləri əlavə etdi ki, insan yalnız şərəfli ölkədə ləyaqətli ömür sürə bilər. Azərbaycan bu gün dünyanın ən şərəfli ölkələrindən biridir. Bu ölkənin vətəndaşları həqiqətən çox xoşbəxt insanlardır. O, şəxsən dostqardaş Azərbaycan xalqı ilə fəxr edir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə sürətlə həyata keçirilən genişmiqyaslı quruculuq işləri dünya miqyasında nümunəvi xarakter daşıyır. Ermənilərin Qarabağda 30 ildə dağıtdıqlarını bərpa etmək, Qarabağı dirçəltmək və tamamilə yenidən qurmaq üçün Azərbaycan dövləti və xalqı əl-ələ verib.

Tahir Rzayevin sözlərinə görə, möhtərəm Prezidentin liderliyilə işğaldan azad edilmiş ərazilərdə qurulan “ağıllı kəndlər” və “ağıllı şəhərlər” Azərbaycanın yüksək kreativ idarəetmə modellərinə açıq olduğunu nümayiş etdirir. Qarabağ, bütövlükdə, ölkəmiz faktiki olaraq regionda yeni texnologiyalar mərkəzinə çevrilir.

Bu il iyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısı demişdir: “Əlbəttə ki, Qarabağda gedən işlərlə bağlı bir neçə kəlmə demək istərdim. Çox da­nışmaq istəmirəm, çünki hər şey göz qabağındadır. Bütün işlər plan üzrə gedir. İnfrastruktur işləri - artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradıla­caq kəndlərin yerləri müəyyən edilib. Ola bilsin ki, biz bu il yeni kəndlərin inşası, yaradılması ilə məşğul olacağıq. Həmçinin tarixi abidələrin bərpası. Yəni, burada hər şey plan üzrə gedir”.

Prezident elə həmin çıxışında fəxrlə qeyd etmişdir ki, Qarabağ bölgəsi nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Azərbaycan dövləti hər şeyi planlı şəkildə həyata keçirir. Görülən işlər barədə ictimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək. Qarabağda görülən möhtəşəm işlər hər bir vətəndaşın qəlbində sonsuz ruh yüksəkliyi, sabaha dərin inam hissi yaradır.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev müşavirədə bir çox aktual məsələlərə, o cümlədən erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması məsələsinə də toxunub. Möhtərəm Prezidentimiz demişdir: “Əfsuslar olsun ki, müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq, bundan başqa, mən hər hansı bir müsbət məqam tapa bilmirəm. Ancaq əfsuslar olsun ki, mənfi məqamlar daha çoxdur. Onlardan biri Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasıdır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasi­ya aktıdır və müharibədə məğlub edil­miş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağ­dan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır”.

Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir: “Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, bizişimizi bilək. Bizim cavabı­mız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozul­ması deməkdir”.

Milli Məclisin deputatı Anatoli Ra­failov bildirdi ki, Azərbaycan dövlətinin ədalətli və prinsipial mövqeyi ölkə və beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq dəstəklənir. Çünki rəsmi Bakının mövqeyi beynəlxalq qanunlara, humanizm və ədalətə əsaslanır. 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan dövləti və xalqı Qara­bağda tarixi ədaləti bərpa edibdir. Faktiki olaraq, regionda yeni reallıqlar yaranıbdır.

Milli Məclisin deputatı, həmçinin vurğuladı ki, bu gün müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin müdrik liderliyilə Cənubi Qaf­qazda sülhün, tərəqqinin lokomotivi ro­lunda çıxış edir. Bu düşünülmüş siyasət təkcə Azərbaycan xalqının deyil, regi­ondakı bütün dövlətlərin və xalqların mənafelərinə uyğundur. Bu həqiqəti rəsmi İrəvanın dərk edərək buna uyğun hərəkət etməsi çox vacibdir.

Prezident İlham Əliyev Ümumdünya Şəhər ForumununDaha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı II sessiyasındakı çıxışında ölkədə gedən tikinti-abadlıq, quruculuq işlərinə diqqəti cəlb etməklə, həm də son 30 il ərzində erməni faşistləri tərəfindən işğal altında olan ərazilərimizdəki şəhər və kəndlərimizin tamamilə məhv edildiyini, mədəni-dini, tarixi abidələrimizin yer üzündən silindiyini, meşələrimizin qırıl­dığını, çaylarımızın zəhərləndiyini qeyd etmiş, Ağdamın, Füzulinin tamamilə dağıdıldığını bildirmişdir. Ancaq müharibədən sonra dayanıqlı şəhər inkişafı daha böyük önəm kəsb edir. Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılmasını həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyasını tətbiq edir.

Azərbaycan işğaldan azad edilmiş Füzuli şəhərində səkkiz aydan az müddətə hava limanı inşa edib istifadəyə vermişdir. Zəngilan və Laçın rayonlarında daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planı hazırdır. Şuşa şəhəri sürətlə yenidən qurulur. Ağdam­da on minlərlə sakin üçün nəzərdə tutulmuş yeni şəhər inşa edilir. Ağdam sənaye parkı artıq fəaliyyət göstərir. Zəngilanda, Füzulidə, Ağdamda yeni məktəb, xəstəxana, yaşayış evləri ucaldılmaqdadır. Ərazilərdə müasir yollar, körpülər, tunellər salınır, infrast­ruktur tamamilə yenilənir. Yeni elektrik stansiyaları, su anbarları yaradılır, torpaqlar əkin dövriyyəsinə daxil edilir.

Prezidentimiz xatırlatmışdır ki, müharibədə məğlub olmasına bax­mayaraq, Ermənistan tərəfi yenə də sülhə gəlmək, düşmənçiliyə son qoymaq fikrində deyil. Azərbaycan öz ərazilərini bərpa edib quruculuq işləri gördüyü halda, erməni millətçiləri yenə də müharibə etmək fikrindən əl çəkmirlər.

Ancaq onlar yanılırlar. Azərbaycanın bugünkü inkişafı, güclü ordusu qarşısında heç bir qüvvə tab gətirə bilməz. Dövlətimizin başçısı bildirib ki, biz sülh tərəfdarıyıq, lazım gəlsə, hər an başqa vasitələrə də əl ata bilərik. Ermənistan bu barədə düşünməli və sülhə gəlməli, qəbul etdiyi öhdəlikləri yerinə yetirməlidir.

Bəli, bu gün Əlahəzrət Zaman Azərbaycanın xeyrinə işləyir. Çünki 2020-ci ilin payızında Cənubi Qafqazda tarixi ədaləti bərpa etmiş azad, müstəqil ölkəmiz regionda beynəlxalq normalara əsaslanan ədalətli və prinsi­pial siyasət həyata keçirir. Xalqımız regiona sülh, tərəqqi və sabitlik gətirmək əzmindədir. Bunun qarşısını heç bir qüvvə ala bilməz!

 

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.- 2022.- 11 avqust.- S. 6.