Sosial sahədə əldə edilən uğurlar məmnunluq doğurur

 

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) 4 ildir ki, vətəndaşlara şəffaf və operativ xidmət göstərir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST mərkəzlərində 154 dövlət sosial xidməti bir pəncərədən, vətəndaş rahatlığı və sadə prosedurlar əsasında vətəndaşlara təqdim olunur. İndiyədək DOST mərkəzlərində bir milyondan çox vətəndaşa xidmət göstərilib və əhalinin bu xidmətlərdən məmnunluq səviyyəsi 98,1 faiz olub.

DOST mərkəzləri şəbəkəsi ilbəil genişlənməkdədir. İndiyədək Bakı şəhərini və Abşeron rayonunu əhatə edən 5 DOST mərkəzi açılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun işğaldan azad etdiyi ərazilərdə də DOST konsepsiyasının tətbiqinə başlanıb. Artıq Zəngilanın Ağalı kəndində ilkSmart DOST” məntəqəsi istifadəyə verilib. Paralel olaraq Bakı şəhərində sonuncu DOST mərkəzinin, həmçinin Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarda mərkəzlərin yekun layihələndirmə – tikinti işləri aparılmaq­dadır.

“Çağrı Mərkəzi” tərəfindən isə ötən dövr ərzində 2,7 milyon müraciət ca­vablandırılıb. DOST Agentliyi fəaliyyəti dövründə ictimai iştirakçılığın təşkili, könüllü hərəkatına dəstək, gənclər siyasətinə dəstək, dövlət – vətəndaş münasibətlərinin inkişafı, yüksək keyfiyyətli xidmət, gənclərin əmək baza­rına hazırlığı və fəal yaşlanmanın təmin olunması məqsədilə “Könüllü DOST” proqramını icra edib. Agentlikdə könül­lülük fəaliyyəti 5 istiqamətdə - “Gənc DOST”, “Gümüşü DOST”, “İnklüziv DOST”, “Korporativ DOST” və “Distant DOST” altproqramları təşkil edilib.

DOST Agentliyinin fəaliyyəti beynəlxalq arenada da yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, agentlik bu il 5 beynəlxalq mü­kafatla, o cümlədən Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı ilə təltif edilib. DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı – 2021”də təkmil islahat kimi dəyərləndirilib.

Bu məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev DOST Agentliyinin 4 illik fəaliyyətinin müzakirəsinə həsr olunan iclasda bildi­rib və əlavə edib ki, bu layihəmiz dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.

Müharibə iştirakçıları, onların ailə üzvləri, müharibə ilə əlaqədar zərər çəkmiş şəxslərin postmüharibə dövründə üzləşdikləri psixolo­ji fəsadların aradan qaldırılması, nazirliyin tabeliyində olan qurumların çağrı mərkəzlərinin 142 – Çağrı Mərkəzinə inteqrasiyası, “DOST indeks” qiymətləndirməsi metodologiyası­nın tətbiqi və digər məsələlərlə bağlı təqdimatlar edilib.

Vətəndaşlara xidmətdən danışarkən, Əmək və Əhalinin So­sial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramını xatırlat­maq yerinə düşər. Həmin proqram üzrə 2022-ci ilin 7 ayı ərzində 1018 işsiz şəxsə yerlərinə göndərişlər verilib. Bunlardan 379 namizəd artıq işə qəbul prosesini tamamlayıb. Cari ilin ötən dövründə 100-dək, ümumilikdə isə, 288 işəgötürənlə əməkdaşlığa başla­nılıb və onlarla imzalanan müqavilələr üzrə əksəriyyəti şəhid ailəsi üzvləri və qazilərdən ibarət 911 şəxs işlə təmin edilib.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılıb. Qeyd edək ki, proqram əsasında işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur.

Bugünlərdə Nazirlər Kabinetinin qərarları ilə “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” və “Müharibə veteran­larının reyestrinin aparılması Qaydası” təsdiq edilib. Qərarlar Azərbaycan Prezidentinin 2021-ci il 17 iyun tarixli fərmanlarının icrasının təmin edilməsi məqsədilə qəbul edilib. Yeni qaydalara əsasən ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemində müharibə veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrləri elektron formada aparılacaq. Reyest­rin əsas təyinatı şəhidlər, şəhid ailəsi üzvləri, müharibə əlilləri və veteranları barədə vahid informasiya bazasının yaradılması, onlarla əlaqədar müvafiq məlumatların toplanılması, işlənməsi, saxlanılması və axtarışının avtomatlaşdırılmasıdır.

Qeyd edək ki, şəhidlər, şəhid ailə üzvləri, müharibə əlilləri və veteranla­rının elektron qaydada vahid informa­siya bazasının yaradılması gələcəkdə müvafiq kateqoriyalardan olan şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının real vaxt rejimində operativ müəyyənləşdirilməsinə şərait yarada­caq, sosial təminat hüquqlarına çevikproaktiv qaydada baxılmasına imkan verəcək.

Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısının göstəricisi olaraq icra edilən birdəfəlik ödəmə proqramı uğurla davam edir. Proqram hərbi qulluqçuların sığortası ilə bağlı qanun qəbul edilən tarixədək – 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldıqları xəsarətlə bağlı əlillikləri yaranmış şəxsləri əhatə edir. Ötən həftə Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə proqramının icrası hərbi ekspertlərlə müzakirə edilib. DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov yeni proqramın Prezident İlham Əliyevin müharibə əlillərinə növbəti xüsusi qayğısının bariz nümunəsi olduğunu bildirib, proqramın icra mexanizmi barədə ətraflı məlumat verib.

Bildirilib ki, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət, habelə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərlə yanaşı, proqram həmin şəxslərdən vəfat edənlərin vərəsələrini də əhatə edir. Həmçinin xidmətlə əlaqədar əlilliyi olmuş, lakin sonradan reabilitasiya olunmuş şəxslərin, eləcə də əvvəllər hazırkı məbləğdən az sığorta ödənişi almış şəxslərin də ödənişlə təmin olunması nəzərdə tutulub. Bu da proqramın humanist prinsiplərə əsaslandığını və əhatə dairəsinin daha geniş olduğunu göstərir. Əvvəlcə müvafiq sənədləri e-sistemlərdə olan 11 minədək şəxsə proaktiv qaydada birdəfəlik ödəmə təyin olunub, hazırda ödənişlər həmin şəxslərin bank hesab­larına köçürülür, onlara bu barədə SMS göndərilir. Ümumilikdə, 66,5 milyon manatadək vəsait onların bank hesab­larına köçürülüb. Hesablarına vəsait köçürülmüş Birinci Qarabağ müharibəsi əlillərinin bir qismi onlara təyin edilmiş ödənişləri əldə ediblər. Onlar birdəfəlik ödəmələrin verilməsinin Prezident İlham Əliyevin qazilərə göstərdiyi diqqətin növbəti təzahürü olduğunu vurğulayaraq, ölkəmizdə həyata keçirilən sosial dəstək tədbirlərindən razılıqlarını bildiriblər.

Eləcə də, sənədləri e-sistemlərdə və arxivlərdə olmayan müharibə əlillərinin müvafiq hərbi – həkim komissiyalarına müraciətləri əsasında daha 150-dək şəxsin birdəfəlik ödəməni almaq hüququ təsdiqlənib və yaxın günlərdə onların da bank hesablarına ödəniş köçürüləcək. Bu barədə hər birinə SMS göndəriləcək.

Qeyd edək ki, e-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etdiyi hallarda onların vərəsələri birdəfəlik ödəməni almaq üçün müvafiq sənədləri təqdim etməlidirlər.

Sənədləri e-sistemdə mövcud olan şəxslərə bu ödəmə proaktiv şəkildə ödənilir. Sənədləri e-sistemlərdə olma­yanlar isə sənədlərini aidiyyəti qurum­lara müraciət etməklə elektronlaşdırır, bundan sonra Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş həyata keçirilir. Birdəfəlik ödəmə ilə təmin olunanlar arasında Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnıları­nın məşhur ifaçısı Şəmistan Əlizamanlı da var.

Əhaliyə göstərilən sosial xidmətlərdən danışarkən, qeyd etmək yerinə düşər ki, bugünlərdə ƏƏSMN-nin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Sabunçu rayonunda yeni ixtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə sosial işçi, psixo­loq, loqoped, sosialpedaqoquşaq inkişafı üzrə mütəxəssislər vasitəsilə 18 yaşınadək əlilliyi olan şəxslərə reabilita­siya xidmətləri göstəriləcək.

Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə, həmçinin həssas əhali qruplarından olan digər şəxslərə xüsusi diqqətindən danışan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, bu şəxslərin sosial müdafiəsi tədbirləri ildən-ilə daha da gücləndirilir. Qeyd olunub ki, agentlik hazırda 18 yaşınadək əlilliyi olan şəxsləri həm stasionar, həm də səyyar formada sosial xidmətlərlə təmin edir. Daha əvvəl açılışı olan Abşeron Sosial Xidmət Mərkəzində xidmət göstərilən bu kateqoriyadan olan 60-a yaxın uşağın reabilitasiyası yekunlaşıb.

Sabunçu Sosial Xidmət Mərkəzi də uşaqlara keyfiyyətli xidmət göstərilməsi üçün xüsusi avadanlıq və ləvazimatlarla təchiz edilib. Mərkəzin xidmətlərindən ilkin olaraq 3 – 11 yaş qrupuna aid 18 yaşınadək əlilliyi olan şəxslər bəhrələnəcək. Burada uşaqlar üçün fərdi və qrup şəklində sosial-reabili­tasiya xidmətlərinin təşkili ilə yana­şı, valideynlər də müvafiq təlimlərə cəlb olunacaq. Mərkəzdə ay ərzində 40 nəfər uşağa xidmət göstərilməsi nəzərdə tutulub.

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2022.- 11 avqust.- S. 7.