Lider uzaqgörənliyi
Bir neçə gün əvvəl–avqustun 5-də ABŞ Dövlət katibi Entoni Blinken, sonra isə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıblar. Həmin gün dövlət başçımız Fransa Prezidenti Emmanuel Makronla da telefonla danışıb. Həm ABŞ Dövlət katibi, Fransanın dövlət başçısı, həm də avropalı diplomat bölgədə yaranmış gərginliklə bağlı narahatlıqlarını bildiriblər.
Sözsüz ki, bölgədə yaranmış gərginliyə görə, həmişəki kimi, Ermənistan məsuliyyət daşıyır. Çünki işğalçı ölkə mütəmadi olaraq bölgədə atəşkəs rejimini pozur, təxribatlar törədir, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev, Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları 10 noyabr 2020-ci il tarixli Bəyanatın tələblərinə əməl etmir. Ermənistan hərbçilərini Azərbaycan ərazilərindən çıxarmır və sülh müqaviləsini imzalamağa razılıq vermir. Axı, Nikol Paşinyan Bəyanatın bəndləri ilə tanış olduqdan sonra təslim olma haqqında sənədi şəxsən özü imzalayıb. Buna baxmayaraq, düşmən təxribat əməllərindən əl çəkməyərək, regionda gərginlik yaratmaqda davam edir.
ABŞ Dövlət katibi və Avropa İttifaqı Şurası prezidentinin regionda yaranmış problemlə bağlı dövlət başçımıza zəng vurmaları təsadüf deyil. Artıq həm ABŞ rəsmiləri, həm də Avropa İttifaqı, həmçinin digər nüfuzlu qurumlar Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edir və ortaya çıxan problemlərin həllində qalib dövlətin Prezidenti İlham Əliyevlə məsləhətləşir, bəzi məsələləri dövlət başçımızla razılaşdırırlar. Artıq beynəlxalq aləm də etiraf edir ki, Azərbycanın razılığı olmadan Cənubi Qafqazda hər hansı bir layihənin reallaşdırılması qeyri-mümkündür.
Xatırladaq ki, bundan əvvəl də həm dövlət katibi Entoni Blinken, həm də Şarl Mişelin qısa vaxt ərzində bir neçə dəfə dövlətimizin başçısı ilə telefon danışıqları olmuş və hər dəfə də bölgədəki vəziyyət müzakirə edilmişdir. ABŞ Prezidenti Cozef Bayden də qısa vaxt ərzində bir neçə dəfə Prezident İlham Əliyevə təbrik məktubları göndərmiş və açıq şəkildə ABŞ-ın Azərbaycanla əməkdaşlığı davam etdirməsində maraqlı olduğunu bildirmişdi.
Bu faktları xatırlatmaqda məqsəd Azərbaycanın dünya birliyindəki reytinqinin getdikcə yüksəldiyini və mövqeyinin möhkəmləndiyini diqqətə çatdırmaqdır. Dünyanın supergücünün rəsmilərinin tez-tez dövlət başçımızla telefon danışığı və əlamətdar günlərdə təbrik məktubları göndərməsi xarici siyasətimizin uğurlarının , həmçinin Prezidentimizin liderlik məharətinin göstəricisidir.
Onu da diqqətə çatdıraq ki, telefon danışıqları zamanı dövlət başçımız Ermənistanın sülh müqaviləsinin imzalanmasına yaxın gəlmədiyini, bölgədə törətdiyi təxribatlar və bunun da nəticəsində Azərbaycan əsgərinin qətlə yetirildiyi barədə məlumat verib. Dövlət başçımız qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə gündəliyə gətirib. Amma Ermənistan tərəfindən bu öhdəlik yerinə yetirilmir, müxtəlif bəhanələr və ziddiyyətli bəyanatlar səsləndirilir.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemini və birinci Ermənistan–Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4 min nəfərə yaxın azərbaycanlının taleyinə bu günə qədər Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb. Ermənistan itkin düşmüş azərbaycanlıların harada basdırıldığı barədə hələ də məlumat verməyib.
Azərbaycanın dünyada söz sahibinə çevrilməsi son 19 ildə Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi daxili və xarici siyasətin nəticəsidir. Dövlət başçımızın düşünülmüş siyasi kursu, lider uzaqgörənliyi Azərbaycanın ərazi bötövlüyünün bərpa olunmasını reallaşdırdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz ordumuz Emənistanın 30 illik işğalçılıq siyasətinə son qoyudu. Hələ 19 il əvvəl–2003-cü ildə keçirilən prezident seçkilərində xalqın etimadını qazanaraq prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimindəki nitqində bildirmişdi ki, Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurduna qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir: “Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.
Dövlət başçımız əminliklə demişdi ki, Azərbaycanın xoşbəxt gələcəyinə inanıram: “Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir”.
Həmin vaxtdan Prezident İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – deyərək fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm”, – fikirləri bu gün bütün sahələrdə özünü doğruldur.
Artıq torpaqlarımız işğalçı Ermənistandan azad edilib. Dağlıq Qarabağ, status-kvo məfhumları birdəfəlik ləğv edilib və Cənubi Qafqazda yeni reallıq yaranıb. Dünya birliyi də bu reallığı qəbul edib. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq Qələbənin qazanılmasına güclü zəmin yaratmışdır.
Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Böyük Qayıdışın ilk müjdəsini Zəngilan rayonunun Ağalı kənd sakinlərinin dədə-baba yurdlarına qayıdışında aldıq. Ağalıda tədricən həyat öz axarına düşür.
İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin olunması üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılması zərurəti yaratdı. Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli fərmanı yeni reallığın bariz nümunəsidir. Həmin fərmanla Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsü təsdiq edilmişdir. Fərmanın müvafiq bəndlərində yazılır: 1.6. Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları); 1.13. Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları). Göründüyü kimi, artıq Dağlıq Qrabağ məfhumu tarixin arxivinə atıldı.
İki ilə yaxındır ki, dünyanın
başı üzərini koronavirus pandemiyası bürüsə
də, dövlət başçımızın
düşünülmüş siyasi fəaliyyəti sayəsində
ölkəmizdə qarşıya qoyulan layihələr
uğurla icra olunur. Azərbaycan müharibədən yeni
çıxmış ölkə kimi, beynəlxalq əlaqələrini
getdikcə genişləndirir, mühüm əhəmiyyətli
tədbirlərə evsahibliyini davam etdirir. Müharibədən
sonra da ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin
keçirdiyi mərkəzə çevrilib. Bu da respublikamıza dünya birliyində
olan inam və etimaddan irəli gəlir. Son vaxtlar Bakıda və
işğaldan azad edilmiş ərazilərimizdə
ardı-arası kəsilməyən beynəlxalq tədbirlərin
keçirilməsi Azərbaycanın dünyada sabitlik məkanı
kimi tanınmasının göstəricisidir.
Bu gün
Qarabağda aparılan yenidənqurma, bərpa-tikinti işləri
dünyanı heyrətləndirib. Qısa vaxt ərzində bu
qədər işləri görmək hər liderə nəsib
ola bilməz. Qardaş Türkiyənin Prezidenti Rəcəb
Tayyib Ərdoğan Qarabağa səfəri zamanı türk və
yerli şirkətlərin Qarabağ bölgəsində icra
etdikləri layihələrlə tanış olduqdan sonra
demişdir ki, bu gün regionda davamlı sülh
üçün heç zaman olmadığı kimi əlverişli
vəziyyət mövcuddur. Qardaş ölkə Prezidenti
qısa zamanda görülən işlərə heyrətini
gizlədə bilməyərək demişdir ki, bu qədər
işləri qısa zamanda yalnız Prezident İlham Əliyev
görə bilər.
Prezident
İlham Əliyevin müəyyənləşdirdiyi dinamik
xarici siyasət kursunun tələblərinə uyğun olaraq,
Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla, o
cümlədən, inkişaf etmiş dövlətlərlə
əməkdaşlığı daha da genişləndirmək
istiqamətində qətiyyətli addımlar atır. Avropa
İttifaqı ilə münasibətlər yeni mərhələyə
qədəm qoyub. Azərbaycan bu mötəbər qurumla
genişmiqyaslı ”Strateji tərəfdaşlıq”
sazişini imzalamaq ərəfəsindədir. Sənədin
hazırlanması prosesində Azərbaycan öz milli
maraqlarından çıxış edir və artıq
danışıqlar prosesi sonuncu mərhələdədir. Bir
ay əvvəl Avropa Komissiyasının prezidenti, xanım
Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı
Prezident İlham Əliyevlə müzakirələr
aparması və Azərbaycan ilə Avropa İttifaqı
arasında enerji sahəsində Strateji Tərəfdaşlığa
dair Anlaşma Memorandumunun imzalanması dünya ictimaiyyətinin
marağına səbəb oldu. Memorandumun imzalanması ölkəmizin
bu qurumla əməkdaşlığının yeni mərhələyə
qədəm qoyduğunu bir daha təsdiqlədi .
Xanım
prezidentin Avropa İttifaqının Azərbaycanla tərəfdaşlığına
dəyər verdiyini bildirməsi və bu tərəfdaşlığın
zaman keçdikcə ardıcıl şəkildə daha da
inkişaf edəcəyini və dərinləşəcəyini
bildirməsi ölkəmizin beynəlxalq aləmdəki
nüfuzunun artmasından xəbər verir.
Xatırladaq
ki, təkcə bu il ərzində xarici siyasət istiqamətində
yeni önəmli addımlar atılıb və ölkəmizin
beynəlxalq nüfuzu daha da artıb. Ümumiyyətlə,
dövlət başçımızın müəyyənləşdirdiyi
xarici siyasət çox uğurlu olub. Azərbaycan Qoşulmama
Hərəkatının fəal sədri kimi, bu təsisatın
institusional inkişafına böyük töhfələr
vermişdir. Ona görə də üzv ölkələrin
xahişi ilə Azərbaycan bu təşkilata daha bir il sədrlik
edəcək. Ölkəmizin təşəbbüsü ilə
hərəkatın Parlament və Gənclər şəbəkələrinin
yaradılması və ilk toplantılarının Bakıda
keçirilməsi, Türk Dövlətləri Təşkilatı
çərçivəsində Azərbaycanın fəallığı,
təkcə bu il dövlət başçımızın
Türkiyə Prezidenti ilə üç dəfə
görüşməsi, Qırğızıstan Prezidentinin
Azərbaycana səfəri, möhtərəm Prezidentimizin
Özbəkistana və Türkmənistana səfərləri
türk dövlətləri ilə əlaqələrimizin
dövlət siyasətinin prioriteti olduğundan xəbər
verir.
Qonşu
ölkələrlə də əməkdaşlığın
genişləndirilməsi istiqamətində atılan
addımlar xüsusi qeyd edilməlidir. Möhtərəm
Prezidentimizin bu il Rusiya, İran, Gürcüstan prezidentləri
ilə görüşləri bir daha bunu göstərir.
Bütün bunlar Prezident İlham Əliyevin lider uzaqgörənliyi
və müdrikliyi ölkəmizin dünyada söz sahibinə
çevirildiyindən xəbər verir. Ümid edirik ki, bundan
sonra da belə olacaq. Çünki əsas beynəlxalq
oyunçularla əməkdaşlığımız getdikcə
möhkəmləndirilir və Azərbaycan qalib ölkə
kimi Cənubi Qafqazda sabitliyin təmin olunmasına öz
töhfəsini verir.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2022.- 11 avqust.- S. 7.