Azərbaycanın
sülhpərvər siyasəti sabitliyin bərpasına
xidmət edir
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi yarandığı bir dövrdə xalqın təkidi ilə yenidən hakimiyyətə gəlişindən sonra respublikamızın əsl müstəqillik həyatı başlandı. Bununla bağlı dövlətimizin başçısı İlham Əliyevin çxışlarının birində vurğuladığı kimi, nə XX əsrin əvvəllərində, nə də sonlarında müstəqilliyimiz möhkəm olmayıb. Ona görə də xalqımız böyük faciələrlə üzləşib. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qalıb. O vaxtkı hakimiyyətlər torpaqlarımızı qoruya bilməyib. Ancaq bu gün müstəqilliyimizin möhkəmlənməsi, bununla bərabər, iqtisadi gücümüz hesabına İkinci Qarabağ müharibəsində tarixi qələbə qazanılıb, düşmən diz çökdürülüb və işğalçının xarabalığa çevirdiyi torpaqlarımızda həyatın canlandırılmasına başlanılıb.
Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin yorulmaz müdrik fəaliyyəti nəticəsində əldə edilən siyasi və iqtisadi müstəqillik əsasında Azərbaycan xalqının qədim ənənələri, dəyərləri əsasında qurulan dövlətdə bu gün xalqımız rahat nəfəs alır, ərazi bütövlüyümüz qorunur, respublikamız sabitlik, təhlükəsizlik diyarı, adası kimi tanınır. Bunu artıq bütün dünya görür.
Məhz bu siyasi və iqtisadi müstəqillik nəticəsində Azərbaycan hərbi, siyasi-iqtisadi cəhətdən, hətta orta səviyyəli dövlət sayılmayan Ermənistan üzərində tarixi zəfərlə 30 ilə yaxın bir zaman ərzində erməni işğalına məruz qalan Qarabağ və Şərqi Zəngəzuru azad etdi. Şübhəsiz ki, ölkəmizin uğurlu müstəqil xarici siyasət amili bu taleyüklü məsələdə mühüm rol oynadı. Əgər belə olmasaydı, işğalçının xarici havadarları, onların bəzilərinin bizə hədə-qorxu gəlmələri Azərbaycanı bu işdən çəkindirə bilərdi. Ancaq bu, baş vermədi. Çünki Azərbaycan güclü iradə göstərdi, xalqımız birləşdi və bunun da təməlində, əlbəttə ki, siyasi və iqtisadi müstəqillik, həmrəylik, milli qürur, ləyaqət və güc dayanırdı.
Yeri gəlmişkən, burada diqqəti bir tarixi məqama yönəltmək istərdik. Ermənistanın Azərbaycan ərazilərini işğalı ilə başlayan münaqişənin nizamlanması üçün 1992-ci il mart ayının 24-də təsis olunan ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da uzun bir zaman ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Həm işğalçıya, həm də işğala məruz qalan tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində saxlanıldı. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. Digər mötəbər beynəlxalq təşkilat olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. Beləliklə, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmadı.
Belə bir cəzasızlıq şəraitində Ermənistan daha da irəli gedərək, Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyir, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atırdı. İşğalçı ölkə bu cür növbəti təxribatı isə 2020-ci il sentyabrın 27-də törədərək, Azərbaycana qarşı genişmiqyaslı hərbi hücuma başladı. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi.
İkinci Qarabağ nüharibəsində tamamilə məğlub edilən Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda vurğulanan qətnamələrinin icrasını reallaşdırdı, uzun illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Beləliklə, Qarabağ münaqişəsi artıq keçmişdə qaldı.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində əldə edilən parlaq qələbə ilə ədalətin bərpa olunmasından sonra ordusu və iqtisadiyyatı acınacaqlı duruma düşən Ermənistana vəziyyətdən çıxmağın yeganə yolunu sülh müqaviləsinin bağlanmasında gördüyünü dəfələrlə xatırladıb, Qarabağın təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərini önə çəkib. Dövlətimizin başçısı ayrı-ayrı çıxışlarında bu istiqamətdə göstərilən bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləyib, Azərbaycanın sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə daim hazır olduğunu diqqətə çatdırıb. Ölkə rəhbəri, həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupunun, birgə komissiyanın tez bir zamanda təşkilinin vacibliyini də dönə-dönə qeyd edib. Prezident İlham Əliyev bütün bu məsələlərlə bağlı konkret fikirlərini Ermənistanın baş naziri Nikol Paşinyanla, habelə ayrı-ayrı dövlət başçıları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə söhbətlərində açıq-aydın vurğulayıb.
Bütün bunlarla bərabər, onu da qeyd edək ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanatla üzərinə müəyyən öhdəliklər götürsə də, qarşıya qoyulan vəzifələri yerinə yetirməkdən müxtəlif bəhanələrlə yayınıb. Ermənistan ordusu Qarabağı tam tərk etməyib, hətta həmin yerlərdə mövqeləri möhkəmləndirmək üçün vaxtaşırı istehkamların tikintisini aparıb, yeri gəldikcə təxribatlar törədib. Zəngəzur dəhlizini Azərbaycana qarşı siyasi şantaj alətinə çevirməyə cəhdlər edib.
Bir daha xatırladaq ki, Prezident İlham Əliyev bu məsələyə konstruktiv yanaşıb, hər zaman əsas diqqəti Cənubi Qafqazda postmüharibə vəziyyətinə yönəldərək, Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqliyini bəyan edib. Dövlətimizin başçısı regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsinə nail olmağa xüsusi önəm verib. Bu, ölkə rəhbərinin nüfuzlu dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə söhbətlərində də öz aydın ifadəsini tapıb.
Cənubi Qafqazda postmüharibə dövründə Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqliyi xüsusilə Avropa İttifaqı (Aİ) tərəfindən yüksək səviyyədə dəstəklənib. Xatırladaq ki, bu təşkilat dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan tərəfindən etimad göstərilir. Bu nüfuzlu qurumun məqsədi, ilk növbədə, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.
Son illər Azərbaycanla Aİ arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, bu qurumla enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolunun daha da yüksəlməsi, Aİ Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması kimi məsələlərin həlli istiqamətində əməli addımlar atılması üçün mühüm şərtdir.
Bununla bağlı, ilk növbədə, onu qeyd edə bilərik ki, dövlətimizin başçısının Aİ Şurasının Prezidenti Şarl Mişellə davamlı görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yaranıb. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları gerçəkləşib. Bu il aprelin 6-da isə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan XİN-lərinə müvafiq təlimatlar verilib.
Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub.
Aİ-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi də razılaşmada öz əksini tapıb. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və qurulması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınıb.
Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT Minsk Qrupu (MQ) həmsədrlik institutuna istinad da yoxdur. Bu göstərir ki, Aİ 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır. Həmçinin münaqişə həll olunduğuna görə ATƏT MQ lazımsız təsisata çevrilib, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb.
Lakin iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində respublika-mız tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində işğalçı tərəfin bu məsələ ilə bağlı hərəkətlərində bir ləngimə, süstlük, laqeydlik nəzərə çarpıb. Ermənistan hakimiyyəti ölkəmizin yekun sülh sazişi imzalanması məqsədilə təklif etdiyi beş şərtin məqbul olduğunu bildirsə də, gecikməyə, müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışıb. Şübhəsiz ki, işğalçı bəlkə də bu ləngliyin arxasında hansısa məkrli niyyətlərini də gizlədib. Çünki 44 günlük savaşdan sonra revanşist məqsədini gizlətməyən Ermənistanın qarşılıqlı olaraq, ərazi bütövlüyünün tanınması, ərazi iddialarından imtinası, sərhədlərin delimitasiya və demarkasiya prosesində beynəlxalq hüquqa əsaslanmağın vacibliyini dilə gətirməsi təbii ki, təəccüb doğurub.
Prezident İlham Əliyev çıxışlarında artıq 2 ilə yaxın müddətdə Ermənistanın məlum 10 noyabr Üçtərəfli Bəyanatına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirib. Dövlətimizin başçısı, həmçinin Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri ünsürlərinin sülh sazişinin imzalanmasına təhlükə törətdiyini, terrorçuların torpaqlarımızdan çıxarılması zəruriliyini vurğulayıb.
Yeri gəlmişkən, dövlətimizin başçısı Vətən müharibəsindən sonra Ermənistana dəfələrlə xatırladaraq, bu ölkəyə məxsus qanunsuz silahlı dəstənin Azərbaycan ərazisindən çıxarılmasını tələb edib. Prezident İlham Əliyev sonuncu dəfə birgə bəyanatın tələbinə uyğun olaraq, qanunsuz erməni silahlı dəstələrinin ərazilərimizdən çıxarılmadığı və təxribatlar törədildiyi təqdirdə, Azərbaycan tərəfinin müvafiq formada öz təhlükəsizliyini gerçəkləşdirmək üçün ciddi addımlar atacağını bildirib. Lakin Ermənistan bu sərt xəbərdarlıqdan nəticə çıxarmayıb, əvvəlki xarakterinə sadiq qalaraq, təcavüzkar, təxribatçı və işğalçılıq mövqeyini nümayiş etdirib. Nəticədə avqustun 3-də Laçın rayonu istiqamətində Azərbaycan Ordu bölmələrinin mövqelərinin erməni separatçıları tərəfindən intensiv atəşə tutulması nəticəsində müddətli hərbi xidmətdə olan əsgər Anar Kazımov şəhid olub.
Xatırladaq ki, Ermənistanın sonuncu təxribatına cavab olaraq, Azərbaycanın keçirdiyi “Qisas” əməliyyatı çərçivəsində düşmən, sözün əsl mənasında, növbəti ağır zərbə aldı. Bu antiterror əməliyyatı nəticəsində Laçın və Kəlbəcər istiqamətində strateji yüksəklik (Sarıbaba) silahlı qüvvələrimizin nəzarətinə keçdi. Bundan başqa, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ istiqamətində mühüm yüksəklikdə (Qırxqız) də ordumuz mövqeləndi.
Azərbaycan Ordusu “Qisas” əməliyyatı ilə Prezident İlham Əliyevin sözü ilə əməli arasında vəhdət olduğunu bir daha işğalçı Ermənistanın diqqətinə çatdırdı, düşmənin silahlı dəstələrinin ərazilərimizdən çıxarılmadığı və təxribatlar törətdiyi halda cəzalandırılacağı fikrinin təsdiqlədiyini sübuta yetirdi.
Azərbaycan qlobal öhdəliklərə, humanizm dəyərlərinə sadiqliyini daim nümayiş etdirir, sülh və təhlükəsizliyin gerçəkləşdirilməsi istiqamətində çevik, konstruktiv siyasət həyata keçirir. Bütün bu səylər isə dünyada yüksək dəyərləndirilir, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir.
Azərbaycan yerləşdiyi regionda davamlı sabitliyin yaranması, möhkəmlənməsi üçün təkcə təşəbbüslərlə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini də əsirgəmir, həmin istiqamətdə real addımlar atır və bölgənin yeni əməkdaşlıq formatının qurulması məqsədilə infrastruktur layihələrinin icrasını sürətləndirir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2022.-
12 avqust.- S. 1; 3.