Rusiya XİN: Laçın dəhlizi ilə bağlı məsələlər Üçtərəfli Bəyanatlar əsasında həll edilməlidir

 

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev həftəlik brifinq zamanı bildirib ki, biz bütün məsələlərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli bəyanatlarına uyğun olaraq həll edilməsinin zəruriliyini təsdiq edirik. Bu, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında həll edilməli olan Laçın dəhlizi ətrafındakı vəziyyətə də aiddir.

İvan Neçayev deyib:”Regiondakı vəziyyət bizim diqqət mərkəzimizdədir. Rusiya tərəfi həm ən yüksək səviyyədə, həm də Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və digər idarələr vasitəsilə Ermənistan və Azərbaycan tərəfləri ilə daimi təmasdadır. Nazirlər Sergey LavrovSergey Şoyqu azərbaycanlı və erməni həmkarları ilə əlaqə saxlayıblar. Yuxarıda göstərilən bütün məsələlər, o cümlədən, Laçın dəhlizi ətrafındakı vəziyyət Azərbaycan və Ermənistan tərəflərinə uyğun həll yolları­nın əldə edilməsi üçün məsləhətləşmələrin predmetidir. Məsələnin həssaslığını nəzərə alaraq, müzakirə olunan razılaşmaların təfərrüatlarını açıqlamayacağıq”.

 

Xalq qəzeti.- 2022.- 12 avqust.- S. 1.