Xəzər
göstərilən qayğıya heç
vaxt borclu qalmır
12 Avqust Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür
“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilən görüşlər zamanı davam edib və 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb.
İmzalanaraq təsdiq olunduğu şəhərin adı ilə “Tehran Konvensiyası” kimi də tanınan bu saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına xidmət edir.
Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da öz əksini tapıb.
“Tehran Konvensiyası” beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minmiş və sonradan bu tarix Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü kimi qeyd edilməyə başlanıb.
Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Gününün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, dənizin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi, həmçinin bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.
Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü ilə bağlı ənənəvi olaraq hər il bir-birindən maraqlı tədbirlər həyata keçirir. Belə tədbirlərin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini dənizlərin bioresurslarını qorumaq, mövcudluğuna və inkişafına əngəl törədən maneələri aradan qaldırmaq, sahilləri təmiz saxlamaq, məişət tullantıları ilə çirkləndirməmək, çirkab suların dənizə axıdılmasının qarşısını almaq, habelə digər antropogen təsirlərdən qorumaqdır. Nazirliyin tərtib etdiyi iş planına əsasən hər il bu gün və sentyabrın son həftəsi ilə bağlı ümumtəhsil məktəblərində, ali təhsil ocaqlarında, texnikumlarda, bələdiyyələrdə, bir sıra dövlət və özəl qurumlarında dəniz bioresurslarının zənginliyinin qorunub-saxlanılmasının əhəmiyyətini özündə əks etdirən mühazirələr, seminar və təbliğat işləri həyata keçirilir.
Yeri gəlmişkən, ən böyük su hövzəsi olan Xəzər dənizi haqqında oxucuları məlumatlandırmaq biz ekoloqların borcudur. Bu baxımdan, ilk növbədə, qeyd edim ki, Xəzər elə bir coğrafi varlıqdır ki, onun taleyinə heç vaxt biganə qalmaq olmaz. Obrazlı desək, Xəzər 5 ölkənin bir övladıdır. Belə ki, dənizin sahillərində qərar tutan Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın iqtisadiyyatında Xəzər mühüm rol oynayır.
Dənizin sahəsi 271 min kvadratkilometrdir. Uzunluğu şimaldan
cənuba 1204 kilometr, orta eni 320 kilometrdir.
Orta dərinliyi 184 metrə çatır. Sahil xətlərinin
uzunluğu 7 min kilometrdir.
Ən dərin yeri Lənkəran rayonu yaxınlığındadır – 1025 metr. Xəzərə 130-dan çox çay
axır. Bunlardan ən
böyüyü Volqadır.
Mənbələrə görə, tarixin
müəyyən dönəmində
Xəzər dənizi
Qara dənizlə bitişik olmuşdur.
Zaman keçdikcə Xəzər
ayrıca dənizə
çevrilmişdir. Xəzərin Qara dənizlə əlaqəsi kəsildikdən
sonra onun suyu dəfələrlə
qalxıb enmiş, bununla əlaqədar sahəsi də dəyişmişdir.
Xəzərin səviyyəsinin qalxması,
bunu yaradan amillər mütəxəssislər
tərəfindən öyrənilir. Xəzər mühüm
balıqçılıq hövzəsidir,
onun dibi neft, qaz və
başqa xammal ehtiyatları ilə zəngindir. Mühüm su
nəqliyyatı yoludur.
Ona görə də belə bir hövzənin
hərtərəfli qorunması,
tədqiqi sahilyanı
dövlətlərin, beynəlxalq
təşkilatların maraq
dairəsindədir.
Xəzər canlı aləmlə zəngin hövzədir. Onun canlı
aləmi mütəxəssisləri
yaxşı mənada
heyrətləndirməkdədir. Balıqlar, quşlar, su bitkiləri, onurğasız heyvanlar...
Xəzərin sərvətidir. Dənizdə 1400-ə qədər
fauna növü, 110 balıq
növü var. Burada nərə, uzunburun, ağ balıq, Xəzər qızılbalığı,
ağ qızılbalıq,
çəki, xəşəm,
kütüm və s. kimi qiymətli balıq növləri yaşayır.
Dünyada ağ balığın 70 faizi, Qara kürü isə bütünlüklə
Xəzəryanı dövlətlərin
hesabına istehsal olunur. Müvafiq beynəlxalq təşkilatlar
tərəfindən çox
qiymətli ağ
balığın və
qara kürünün
istehsalına görə,
haqlı olaraq, sahilyanı ölkələrə
kvota müəyyənləşdirilib.
Təsəvvür edək ki, dünyanın “qara bazar”larında qara kürünün 1 kiloqramının
qiyməti 5-8 min dollar civarındadır.
Ona görə də Xəzəryanı dövlətlər ağ balığın
çoxaldılması qayğısına
qalmalıdırlar.
Ölkəmizdə balıqyetişdirmə zavodları
bu sahənin inkişafı ilə məşğuldur. Balıqyetişdirmə texnologiyasının indiki səviyyəsindən,
təəssüf ki, maksimum istifadə edilmir. Brokonyerlik qiymətli balıq
növlərinin qırılmasına,
məhsuldarlığın azaldılmasına səbəb
olur. Əgər
Xəzəryanı dövlətlər
ciddi şəkildə
əlbir olaraq bu sahənin inkişafına diqqət
yetirməsələr, tezliklə
bu qiymətli nemətdən, əvəzolunmaz
sərvətdən məhrum
ola bilərik.
Dənizin yeraltı sərvətlərinin
ölçüsüz istismarı
öz mənfi təsirini göstərməkdədir.
Xüsusilə, suyun üzərindəki
neft pərdəsi qiymətli sərvətlərin
qənimidir. Dənizin ekoloji
vəziyyəti riskli səviyyədədir.
Xəzərin balıq xəzinəsinin
artırılmasında Kür
çayının təmiz
saxlanılmasının böyük
ekoloji əhəmiyyəti
var. Alimlərin məlumatlarına
əsasən 1951-ci ildə
Kür çayında
1299 sentener, Xəzər
dənizində 233 sentner
qızıl balıq tutulduğu halda, 1958-ci ildə bu rəqəmlər
müvafiq olaraq 79 və 21 sentnerə enib. Bunun da əsas səbəbini, ilk növbədə,
Xəzərin və ora tökülən çayların ciddi zibillənməsində axtarmaq
lazımdır. Məhz
çirklənmə səbəbindən
Azərbaycan sularında
balıq ovu 1931-ci ilə nisbətən 4 dəfə, o cümlədən
qızılbalıq 20 dəfə,
nərə balığı
3 dəfə, şamayı
balığı 11 dəfə
azalıb.
Tədqiqatlara əsasən, son 15-20 ildə
Xəzər dənizinin
ekoloji vəziyyəti,
iqlim dəyişikliyi,
dəniz səviyyəsinin
qalxıb-enməsi çirklənmə
və digər antropogen, habelə təbii amillərin birgə təsiri nəticəsində xeyli dəyişib. Xəzəryanı ölkələrin mütəxəssislərinin qeyd
etdikləri kimi, təkcə nərə balıqlarının deyil,
digər qiymətli balıqların da bütün ehtiyatı azalıb.
Azərbaycanda adam başına
balıq və balıq məhsullarının
istehlakı ildə 7,3 kiloqram təşkil
edir və bu, dünya üzrə orta göstəricidən xeyli
azdır.
Xatırladım ki, ETSN son iki ildir ki, qiymətli
balıq növlərinin
populyasiyalarının və
ehtiyatlarının vəziyyətini
qiymətləndirmək üçün
Xəzər dənizində
illik mövsümi kompleks ekolioji tədqiqatları bərpa
edib.
Dənizdəki su quşları da təbiətin bizə bəxş etdiyi möcüzədir. Qızılağac qoruğunun nadir iqlimi buranı su quşlarının daimi məskəninə çevirib.
Onlar Xəzərin balıqları
və sahil bitkiləri ilə qidalanırlar. Şəxsən mən bir ekoloq
kimi quşların yuvalarında təzə pərvəriş tapan balaları ilə mütəmadi üz-üzə
gəlirəm. Təbiətin bu möcüzəsinə
sevinirəm.
Son illər Xəzərdə
suitilərin öz-özünə
qırılması hadisəsi
də müşahidə
olunur. Suitilər Xəzərin ekoloji
barometrləridir. Onlar çirklənmənin
qurbanı olurlar.
Xəzərdə müxtəlif su bitkiləri də var. Bu bitkilər dəniz heyvanlarının, su quşlarının inkişafında
mühüm rol oynayır.
Xəzər, həm də “Qırmızı kitab”a düşən köçəri
quşların məskənidir. Dənizin Azərbaycan
sektorunda fəaliyyət
göstərən Qızılağac
Milli Parkı belə nadir quşların
məskənidir. Tanrının bizə bəxş etdiyi bu əvəzolunmaz
neməti qoruyub mühafizə etmək hamımızın müqəddəs
borcudur. Buna görə
də dünyanın əlaqədar təşkilatları
hər il
bu günü və sentyabr ayının son günlərini
Dəniz Günü kimi qeyd etməklə
ekoloji durumun saflaşmasına səy göstərirlər.
İnamla qeyd etməliyəm ki, Xəzərin lap ləpədöyənində yerləşən, həm də yamyaşıl örtüyə bürünən bizim ərazilərdə də abadlıq və təmizlik işləri məhz bu günlərdə bütün müəssisə və təşkilatlar tərəfindən həvəslə həyata keçirilir. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları dənizkənarı ərazilərdə maarifləndirmə işlərini genişləndirirlər. Onlar Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Gününün mahiyyətindən, onun dünyəvi xarakterindən və başqa ekoloji amillərdən insanlara bir-birindən maraqlı məlumatlar verirlər.
Artıq insanlar başa düşürlər ki, dəniz bizim üçün təbii sərvət və həyati tələbatdır. Bu gün Xəzəri çirkləndiririksə, orada yaşayan bioresursların inkişafına böyük zərbə endirmiş oluruq. Xəzərin nemətlərindən istifadə ediriksə, onun ətrafına zibil töküb çirkləndirməyə heç kimin mənəvi haqqı yoxdur. Mavi Xəzəri təmiz saxlamaq, onun sərvətlərini göz bəbəyi kimi qorumaq ümumxalq işinə çevrilməlidir. Gəlin unikal sərvətlərlə zəngin olan, Xəzərə laqeyd münasibət bəsləməyək!
Bəxtiyar
HÜSEYNOV,
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin 1 Saylı Regional
ETSİ-nin əməkdaşı
Xalq qəzeti.- 2022.- 12 avqust.- S. 5.