Konya İslamiadası birlik
və həmrəylik rəmzidir
Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi dünyada böyük əks-səda doğurdu. Mərasimdəki nümunəvi çıxışlar, konsert proqramı iştirakçılara xoş anlar yaşatdı. Müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması mərasimə ilahi bir ovqat gətirdi. Bir daha göründü ki, İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılan Konya şəhərinə müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruh hakimdir.
Möhtəşəm tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin, digər dövlət və hökumət başçılarının iştirakı İslamiadanın necə böyük əhəmiyyət daşıdığını göstərir. Arenaya daxil olarkən cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə qısa söhbət etməsi də ölkələrimizin sıx yaxınlığının, qardaşlığının nişanəsi idi. “İstiqlal Marşı”nını sədaları altında hərbçilərin Türkiyə Dövlət Bayrağını səhjnəyə gətirməsi hər kəsə qürur dolu anlar yaşatdı. Sonra “Konya-2021” V İslam Həmrəyliyi Oyunlarının könüllülərinin və komandaların möhtəşəm paradı xalqlarımızın birlik, həmrəylik məramını bir daha ifadə etdi. Azərbaycan atletlərinin meydana daxil olduğu anlar isə bizim hər birimizi yetərincə duyğulandırdı. Qardaş ölkənin cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan V İslam Həmrəyliyi Oyunlarını açıq elan etdi. Sonra atəşfəşanlıq oldu və ecazkar təqdimatlar, kompozisiyalar davam etdi. Beləcə, idmanın birləşdirici gücü ilə həmrəyliyi inkişaf etdirməyi hədəfləyən V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasiminin unudulmaz anları uzandıqca uzandı.
Bir neçə gün əvvəl start verilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmiz 281 idmançı ilə təmsil olunur. Artıq atletlərimiz bəzi növlər üzrə yarışlarda medallar qazanıblar. Konyada güləşçilərimizin, voleybolçularımızın, gimnastlarımızın uğurlu çıxışları nailiyyətlərin daha da artırılacağına böyük inam yaradır. Qarşıdakı günlərdə təmsilçilərimizin qələbə soraqlarını daha çox eşidəcəyimizə əminik. Çünki bundan əvvəlki “Bakı-2017” Oyunlarında idmançılarımız nəyə qadir olduqlarını layiqincə sübut edə biliblər. Xatırladaq ki, IV Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci olubdur. Türk mediası Azərbaycan komandasının Konyada geniş tərkiblə təmsil olunmasını ortaq idman tariximizdə böyük hadisə kimi dəyərləndirir.
Hazırkı Olimpiada zamanı Azərbaycan Prezidenti İlham Əliyevin görüşləri barədə rəsmi xəbərlər, həmçinin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi instaqram səhifəsində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının video və foto paylaşımları bu yarışlara necə böyük önəm verildiyini bir daha nümayiş etdirdi.
Nəbi
İSKƏNDƏROV,
Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar
İttifaqı Cəlilabad rayon komitəsinin
sədri
Xalq qəzeti.- 2022.- 13 avqust.- S. 7.