Söz və əməl birliyi
İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni vəziyyət yarandı. Azərbaycan regionda sabitliyin, əmin-amanlığın təmin olunması üçün Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin bağlanması istiqamətlərdə davamlı çağırışlara, təşəbbüslərə başladı, regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi üçün nüfuzlu dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə təmaslarını genişləndirdi. Eyni zamanda, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla üzərinə düşən öhdəliklərin, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini diqqət mərkəzində saxladı. Ümumiyyətlə, Azərbaycan bu taleyüklü məsələyə konstruktiv yanaşdı, hər zaman əsas diqqəti Cənubi Qafqazda postmüharibə vəziyyətinə yönəldərək, ölkəmizin sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqliyini bəyan etdi.
Ölkəmizin Vətən savaşından ötən iki ilə yaxın bir müddətdə apardığı bu mübarizə mürəkkəb geostrateji şəraitdə, beynəlxalq münasibətlər sistemində nəzərə çarpan sürətli və ciddi dəyişikliklər fonunda baş verib. Başqa sözlə, regionda normallaşma siyasətinin icrasına beynəlxalq hüququn təməl prinsiplərini təşkil edən ərazi bütövlüyü, suverenlik və müstəqillik, bir-birilərinin daxili işlərinə qarışmamaq və digər prinsiplərə bütün ölkələr tərəfindən eyni məsuliyyətlə yanaşılması, münaqişələrin və ədalətsizliklərin qarşısının alınmasına maraq göstərilməsi şəraitində cəhd göstərilib.
Dünyada özünü qabarıq büruzə verən bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanın sülhə, sabitliyə sadiqliyi bir sıra nüfuzlu ölkələr, beynəlxalq təşkilatlar, xüsusilə Avropa İttifaqı (Aİ) tərəfindən yüksək səviyyədə dəstəklənib.
Xatırladaq ki, bu təşkilat dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan tərəfindən etimad göstərilir. Bu nüfuzlu qurumun məqsədi, ilk növbədə, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.
Son illər Azərbaycanla Aİ arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, bu qurumla enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolunun daha da yüksəlməsi, Aİ Şurasının prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması kimi məsələlərin həlli istiqamətində əməli addımlar atılması üçün mühüm şərtdir.
Yeri gəlmişkən, qeyd edək ki, dövlətimizin başçısının Aİ Şurasının prezidenti Şarl Mişellə davamlı görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yaranıb. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları gerçəkləşib. Bu il aprelin 6-da isə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb.
Burada onu da qeyd edək ki, tərəflər arasında sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif olub. Eyni zamanda, razılaşmada işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərilməsi kimi məsələlər də öz əksini tapıb. Bütün bunlarla bərabər, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və qurulması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması da qərara alınıb.
Yuxarıda vurğulanan məsələlərin həyata keşirilməsi, həmçinin 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin, vəzifələrin yerinə yetirilməsi Ermənistan tərəfindən müxtəlif bəhanələrlə ləngidilib. Məsələn, Ermənistan ordusu Qarabağı tam tərk etməyib, hətta həmin yerlərdə mövqeləri möhkəmləndirmək üçün vaxtaşırı istehkamların tikintisi aparılıb, yeri gəldikcə təxribatlar törədilib, Zəngəzur dəhlizini Azərbaycana qarşı siyasi şantaj alətinə çevirməyə cəhdlər edilib.
Bu məqamda, adıçəkilən dəhliz Azərbaycan, eləcə də dünya və region ölkələri üçün mühüm önəm daşıyır. Çünki bu nəqliyyat infrastrukturunun gerçəkləşməsi ilə Azərbaycandan Türkiyəyə daşınan yüklərin qısa müddətdə Avropa və Yaxın Şərq ölkələrinə çatdırılma imkanı reallaşır. Eyni zamanda, respublikamızın tranzit imkanları daha da genişlənir.
Hazırda Bərdə–Ağdam, Horadiz–Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və yeni Füzuli–Şuşa dəmir yolu xəttinin inşası istiqamətində işlər davam etdirilir.
Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Horadiz–Ağbənd dəmir yolu xəttinin uzunluğu 110,4 kilometrdir. Xatırladaq ki, bu xətlərin çəkilməsi Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün ilkin şərtdir. Bu səbəbdən də Horadiz–Ağbənd dəmir yolunda işlərin sürətlə həyata keçirilməsinə xüsusi önəm verilir. Birxətli dəmir yolu üzərində 8 stansiyanın tikilməsi nəzərdə tutulur. Bununla bərabər, layihə çərçivəsində ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun inşası da planlaşdırılır.
Zəngəzur dəhlizinin açılmasına Ermənistan mane olmaq istəsə də, dünyanın nüfuzlu ölkələri tərəfindən buna böyük maraq göstərilir. Çin, Rusiya və Türkiyə bu dəhlizin açılmasında israrlıdır. Üstəlik, Avropa ölkələri də bu dəhlizin açılmasını dəstəkləyir.
Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində Zəngəzur dəhlizinin əhəmiyyətindən danışaraq deyib: “Bəzi istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb Nəqliyyat Dəhlizi üzrə artım 300 faizdir. Bizim coğrafi yerləşməyimiz və yaradılmış infrastruktur, əlbəttə, imkan verir ki, biz çox önəmli tranzit ölkəsinə çevrilək. Onsuz da Azərbaycan üzərindən tranzit yüklərin daşınması hər il artır, amma bu il biz daha kəskin artım görürük. Əlbəttə, burada Zəngəzur dəhlizinin imkanları da nəzərə alınmalıdır. Ona görə biz Zəngəzur dəhlizinin yaradılmasına daha sürətlə çalışırıq”.
Göründüyü kimi, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyi uğurla həyata keçirir və bununla da söz və əməl birliyini nümayiş etdirir. Ermənistanın fəaliyyətində isə fərqli mənzərə müşahidə olunur. Prezident İlham Əliyev xatırlatdığımız müşavirədəki çıxışında 10 noyabr üçtərəfli Bəyanatda öz ifadəsini tapan Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı Ermənistan tərəfindən heç bir işin görülmədiyi, indiyədək bu dəhlizin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılmasının hazırlanmadığı, həmçinin avtomobil yolunun marşrutunun ölkəmizə verilməsi ilə əlaqədar işğalçı dövlətin öhdəliyi yerinə yetirmədiyi də diqqətə çatdırılır.
Beləliklə, dövlət başçısı cari ilin altı ayında iki ölkə arasında əlaqələrin normallaşdırılması istiqamətində müəyyən addımlar atıldığına baxmayaraq, real nəticə əldə edilmədiyini, işğalçı dövlətin hələ də məcburən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini vurğulayıb. Ölkə rəhbəri Azərbaycanın təşəbbüsü ilə delimitasiya üzrə işçi qrupların birinci görüşünün keçirilməsini müsbət addım kimi qiymətləndirərək, o zaman Ermənistan tərəfinin buna o qədər də meyilli olmadığını, görüşün respublikamızın səyi ilə gerçəkləşdiyini bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyev Vətən müharibəsi ilə ədalətin bərpa olunmasından, parlaq qələbə əldə edilməsindən sonra ordusu və iqtisadiyyatı acınacaqlı duruma düşən Ermənistana vəziyyətdən çıxmağın yeganə yolunu sülh müqaviləsinin bağlanmasında gördüyünü dəfələrlə xatırladıb, Qarabağın təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərini önə çəkib. Dövlətimizin başçısı ayrı-ayrı çıxışlarında bu istiqamətdə göstərilən bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləyib, Azərbaycanın sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə daim hazır olduğunu diqqətə çatdırıb.
Lakin ötən müddət ərzində Ermənistan yuxarıda vurğuladığımız kimi, verdiyi vədə, üzərinə götürdüyü öhdəliklərə əməl etməyib, sülhyaratma prosesini müxtəlif vasitələrlə ləngitməyə çalışıb. Bütün bunlar işğalçı ölkənin mahiyyətinin dəyişməz olduğunu, münaqişənin dinc vasitələrlə tənzimlənməsinə maraq göstərmədiyini, qəsbkarlıq siyasətini davam etdirməkdə israrlılığını sübuta yetirib.
Ermənistanın Azərbaycana qarşı indiyədək yönələn bütün təxribatları, vəhşilikləri də, əslində, bu dövlətin 2020-ci il 10 noyabr tarixində imzalanan birgə bəyanata olan laqeyd münasibətinin məntiqi nəticəsidir. Həmin sənədin dördüncü maddəsinə uyğun olaraq, işğalçı öz silahlı birləşmələrini Azərbaycan ərazilərindən dərhal çıxarmalı idi. Lakin məlum bəyanatın digər maddələrinə münasibətdə olduğu kimi, bu maddəyə də saymazyana yanaşdı.
Fransa Prezidenti Emmanuel Makronun avqustun 4-də ölkə rəhbəri İlham Əliyevlə telefon söhbətində də dövlətimizin başçısı Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyini və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuzun həlak olduğunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü deyib və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan özünün silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələri ünsürlərinin ərazimizdən çıxarılmasını indiyədək reallaşdırmayıb. Beləliklə, rəsmi İrəvan 2020-ci il 10 noyabr Bəyanatının müddəalarını pozub və üzərinə düşən öhdəlikləri yerinə yetirməyib.
Beləliklə, Azərbaycan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə gündəliyə gətirsə də, işğalçı ölkə tərəfindən bu öhdəlik yerinə yetirilmir, müxtəlif bəhanələr və ziddiyyətli bəyanatlarla qəsdən vaxt uzadılır. Nəticədə Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri ünsürləri sülh sazişinin imzalanmasına təhlükə törədir.
Sonda bir məsələni də qeyd etmək istərdik. Məlum üçtərəfli Bəyanatda Laçın dəhlizinə alternativ yolun yaradılması məsələsi də öz ifadəsini tapıb. Azərbaycan tərəfi artıq bu istiqamətdə özünə aid olan bütün işləri yerinə yetirsə də, Ermənistan indiyədək bununla bağlı heç bir əməli fəaliyyət göstərməyərək, prosesi süni şəkildə əngəlləməklə məşğul olub.
Xatırladaq ki, yeni yolun açılması Laçın şəhərinə tam çıxışımızı təmin edəcək. Yəni, şəhərdə və ətraf kəndlərdə nəzarəti Azərbaycan tərəfi həyata keçirəcək.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2022.- 13 avqust.- S. 8.