İdmançılarımız İslamiadada qalib Azərbaycanı təmsil edirlər

 

Bu günlərdə Türkiyənin qədim Konya şəhərində V İslam Həmrəyliyi Oyunları keçirilir. Fikrimcə, bu, müsəlman ölkələrinin mədəni həyatında, xüsusilə idmanın inkişafında mühüm əhəmiyyət kəsb edən əlamətdar bir hadisədir. Axı, ta qədimdən bütün dünyada idman sülh, sağlamlıq və gözəllik rəmzi kimi qəbul olunur.

Bu il avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, basketbol, cüdo, futbol, gimnastika, aerobika, həndbol və başqa idman yarışlarında güclərini sınayırlar.

Tədbirin açılış mərasimində möhtərəm Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Cənab İlham Əliyev yarışlarda ölkəmizi təmsil edən idman­çılarla görüş zamanı deyibdir: “Onu da qeyd etməliyəm ki, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək”.

Möhtərəm Prezidentimiz sonra vurğulayıb ki, bu dəfə Oyunlar Bakıdan sonra Konyada, qardaş ölkədə, Türkiyədə keçirilir. İdmançı­larımız, əlbəttə, burada özlərini öz evlərində olduğu kimi hiss edirlər. Azərbaycan–Türkiyə dostluğu, qardaşlığı əbədidir. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, İslamiada həm idman bayramı, həm də İslam həmrəyliyi bayramı kimi yadda qalacaq.

Qeyd etmək lazımdır ki, Azərbaycan idmançıları son illər çox sayda mötəbər beynəlxalq yarışlarda fəal iştirak edərək yaxşı nəticələr əldə edirlər. Bu, ona dəlalət edir ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafına böyük diqqət göstərilir. İdmançıla­rımız bu qayğıdan çox məmnundurlar və hər bir yarışda xalqımızın başını uca etmək üçün əllərindən gələni edirlər.

Bəllidir ki, beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox gözəl nəticələr göstərmişdir, ölkəmiz komanda hesabında birinci olmuşdur. Bu dəfə də komandamız ən yüksək yerlərə iddialıdır. Yarışların ilk günündən Konyadan idmançılarımızın parlaq uğurları barədə xoş müjdələr eşidirik. Təbii ki, idmançılarımızın hər bir qələbəsi bizi çox sevindirir.

 

Sadiq QURBANOV,

 

Milli Məclisin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri

 

Xalq qəzeti.- 2022.- 13 avqust.- S. 9.