Azərbaycanda xarici investisiya qoyuluşu üçün
hər cür şərait var
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr icra olunub.
Respublikada xarici investiya qoyuluşu diqqət mərkəzində saxlanılmaqla yanaşı, dövlət müəssisələrinə ayrılan sərmayələrin səmərəli istifadəsinə də nəzarət gücləndirilib. Belə ki, dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsasında idarə etmək məqsədi ilə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqi yaradılıb.
Bu, dövlət müəssisələrinin profisitinin artırılmasına, onların büdcədən asılılıqlarının azaldılmasına, azad bazar münasibətlərinin hərtərəfli inkişafına, özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafın sürətləndirilməsinə hesablanan mühüm bir qərardır. Başqa sözlə, Azərbaycan İnvestisiya Holdinqinin təsis olunması ilə ölkədə vahid idarəetmə modeli işə düşür və bununla da dövlət şirkətlərinin maliyyə durumlarının yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılır.
Xatırladaq ki, Azərbaycana xarici investisiya qoyuluşunu sürətləndirmək üçün digər bir sıra tədbirlər də həyata keçirilib. Belə ki, son illərdə investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi və gömrük islahatları davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm layihələr gerçəkləşdirilib.
Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması, həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla bərabər, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Beləliklə, son illərdə reallaşdırılan islahatlar, qeyri-neft-qaz sahələrinin, xüsusilə özəl təşəbbüslərin sürətli inkişafında xarici investisiyalar mühüm rol oynayıb. Təkcə 2011‒2021-ci illərdə ölkənin qeyri-neft-qaz iqtisadiyyatına bütövlükdə 11,1 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb. Xarici investisiyalar yüksək məhsuldar sahələrdə rəqabətli dəyər zəncirinin inkişafına və müasir infrastrukturun yaradılmasına yönəldilib.
Yuxarıda xatırlatdığımız kimi, xarici investorların fəal
cəlbini əlverişli biznes mühiti və makroiqtisadi
sabitlik şərtləndirib. Dövlət
büdcəsi həm sosial rifahın dəstəklənməsində,
həm də iqtisadi fəallıq üçün investisiyaların təmin
olunmasında fəal olub.
Hazırda qlobal birbaşa investisiyaların cəlbi üzrə rəqabət kəskinləşir. Bu investisiyalar sağlam və şəffaf biznes mühitinin mövcudluğunu, makroiqtisadi sabitlik və maliyyə sabitliyi tələb edir. Qeyd olunan şərtlər mövcud olmadığı halda, ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınına maneə yarana bilər. Təcrübə göstərir ki, sürətli inkişafın əsas drayveri olan birbaşa xarici investisiyalar ölkədə dayanıqlı yeni iş yerləri yaratmaqla yanaşı, yüksəkkeyfiyyətli insan kapitalı formalaşdırmaq imkanına malikdir.
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”da qeyd edilir ki, qarşıdakı son 5 il ərzində qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiya cəlbi sürətlə təşviq ediləcək, dövlət mülkiyyətində olan aktivlərin özəl sektora transformasiyası reallaşdırılacaq. Strateji sahələr istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərin özəlləşdirilməsi və dövlət‒özəl tərəfdaşlıq mexanizmləri ilə iqtisadiyyatın maliyyələşdirilməsi həyata keçiriləcək. Bütün bunlarla yanaşı, dövlət investisiyalarının səmərəliliyi də artırılacaq, onun özəl investisiyaları stimullaşdırma potensialı yüksəldiləcək.
Respublikaya birbaşa xarici investisiya cəlbini prioritet iqtisadi sahələrə yönəltmək üçün yeni mexanizmlər formalaşdırılacaq, investorlarla birbaşa dialoq mexanizmləri tətbiq olunacaq. Beynəlxalq inkişaf institutlarının, xüsusilə özəl sektorun inkişafının maliyyələşməsi üzrə ixtisaslaşan institutların maliyyələşmə potensialından optimal istifadə təmin ediləcək və nəticədə, qeyri-neft-qaz sektoru üzrə birbaşa xarici investisiyaların həcmi illik 10‒15 faiz artacaq.
Onu da qeyd edək ki, hazırda ölkəmizə birbaşa xarici investisiyaların təşviqi ilə bağlı strategiya hazırlanır. Sənədin bu il qəbul edilməsi gözlənilir. Strategyada, eyni zamanda, investisiya yatırılması nəzərdə tutulan sahələr də müəyyənləşdirilir.
V.BAYRAMOV
Xalq qəzeti.- 2022.- 13 avqust.- S. 9.