Ermənistan seçim qarşısındadır
Azərbaycan və Rusiya prezidentləri, habelə Ermənistan baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan iki ilə yaxın vaxt keçir. Azərbaycan üçtərəfli bəyanatın qarşıya qoyduğu tələblərə riayət edir, bölgədə kommunikasiya xətlərinin, dəmir və avtomobil yollarının bərpasını davam etdirir. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirir. Dövlət sərhədlərinin dəqiqləşdirilməsi hər iki tərəf üçün önəmli məsələdir. Bununla həm də bölgə üzrə davamlı sülhü təmin etmək mümkündür. Təəssüf ki, Ermənistan həmin bəyanatın tələblərini yerinə yetirmək əvəzinə, təxribatlar törətmək kimi çirkin əməlindən əl çəkmir, öz hərbçilərini işğaldan azad edilmiş Azərbaycan ərazilərindən çıxarmır. Politoloq Şəbnəm Həsənova ilə söhbətimiz bu barədə oldu. O dedi:
– Vətən müharibəsi bitən kimi, Prezident İlham Əliyev istər Ermənistanın, istərsə də işğalçı ölkəyə havadarlıq edən qüvvələrin nəzərinə çatdırdı ki, tarix boyu baş verən hər şeyə rəğmən Ermənistanı sülhə dəvət edirik. Üstəlik, nəzərə almaq lazımdır ki, təklif edilən əməkdaşlıq platformaları regional dövlətlərin hər birini ehtiva etməklə, ilk növbədə, elə məhz işğalçılıq siyasətindən əl çəkə bilməyən ölkənin özünə geniş imkanlar yaradırdı. Əsas məqsədi regionda pozuculuq etməklə diktə siyasətini həyata keçirmək, asılı xarici siyasət yürüdərək, digər dövlətlərin əlində alətə çevrilən Ermənistan 10 noyabr 2020- ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından keçən 1 il 9 ay müddətində nəinki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi, üstəlik, təxribatlar törətməkdə davam etdi.
Görünür, Ermənistan “dəmir yumruq”dan ötrü darıxır. Əslində , bu məqamı işğalçıların özü yetişdirmişdi. Dövlət başçımızın dəfələrlə xəbərdarlıqlarına, açıq mesajlarına baxmayaraq, işğala vərdiş etmiş erməni hərbçiləri faşist əməllərindən əl çəkmədilər. Onların həyata keçirdikləri terrora qarşı Azərbaycan “Qisas”la cavab verdi. Baş verən hadisələr bir daha təsdiqlədi ki, bu diplomatiya qısamüddətli deyil, uzunmüddətli strateji hədəflərə köklənib. Belə ki, istər Rusiya, istərsə də Qərb bloku tərəfindən siyasi şəxslərin zənglərinin məhz onların təşəbbüsü ilə həyata keçirilməsi Azərbaycanın birmənalı olaraq, üstün mövqeyinin bariz nümunəsidir. “Qisas” əməliyyatının qətiyyətini və gücünü görən Ermənistan yenə də əl-ayağa düşərək, imdad dilədi, Azərbaycan yalnız vasitəçilərin müraciətlərindən sonra əməliyyatı dayandırdı.
İndiki məqamda hadisələrin inkişaf ssenarisi onu deməyə əsas verir ki, Cənubi Qafqazda baş verən hadisələr artıq Ermənistan–Azərbaycan kontekstindən çıxaraq, daha qlobal məna kəsb etməyə başlayıb. Belə ki, regionda maraqların kəsişməsi daha da intensivləşir.
Ukrayna–Rusiya hadisələrinin nəticəsi olaraq, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda Rusiya əlavə bazarlar axtarmaqda maraqlıdır. Bu məsələdə isə Şimal-Cənub multimodal daşımaları birinci yerdə dayanır ki, bu da birbaşa Zəngəzur dəhlizi ilə bağlıdır. Deməli, nəqliyyat və kommunikasiyaların üçtərəfli bəyanata da uyğun olaraq işə düşməsi, ilk növbədə, Rusiyanın elə öz maraqları baxımından lazımdır. Rusiya isə aydın dərk edir ki, buna gedən yol regionda qalan qanunsuz erməni silahlı dəstələrinin çıxarılmasından keçir . Məlum olduğu kimi, bununla bağlı da Azərbaycan qəti mövqeyini bildirirb. Zəfərimiz Cənubi Qafqazdan başlayaraq, Mərkəzi və Cənub-Şərqi Asiyaya qədər bütün xalqlara sülh, rifah və fayda gətirəcək.
Ş.Həsənova bildirdi ki, Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq, Qarabağda yaşayan ermənilərin Laçın dəhlizi vasitəsilə Ermənistana maneəsiz keçidini təmin etdi. Bunun əksinə olaraq , Ermənistan Naxçıvan Muxtar Respublikasının blokadadan çıxması istiqamətində üzərinə götürdüyü öhdəliyi icra etmədi. Şübhəsiz ki, buna mane olan qüvvələr də müxtəlif üsul və metodlarla bu öhdəliyin yerinə yetirilməməsi üçün var gücləri ilə çalışırlar. Bütün bunlara baxmayaraq, Azərbaycanın çoxvektorlu diplomatiyası bu istiqamətdə də öz sözünü dedi. Belə ki, Araz çayı üzərində ilk körpünün tikintisinə artıq start verilib. Yəni, Ermənistan düşünürsə ki, Naxçıvan blokada şəraitində saxlanılacaq, tamamilə yanılır. Azərbaycanın Ermənistandan keçmədən Araz çayı ilə İran üzərindən Naxçıvana getməsi üçün alternativi mövcuddur. Seçim isə Ermənistanındır. Əlbəttə ki, regional əməkdaşlıqdan kənar qalmaqla itirəcək tərəf özü olacaq.
Möhtərəm Prezidentimizin
çoxvektorlu diplomatiyasından söhbət
açan politoloq bu siyasətin hər məqamda öz
sözünü dediyini
vurğuladı. O, sözünə davam
edərək vurğuladı ki, məhz bu uzaqgörən siyasətin nəticəsi kimi təşəbbüslər verən və
şərtləri diktə edən tərəf də bizik: “Azərbaycan 44 gün ərzində Ermənistana hərbi və
siyasi cəhətdən elə bir zərbə endirdi ki, bu dövlətin
özünə gəlməsi üçün
illər, əsrlər lazımdır. Ölkəmiz bu reallığı illər ərzində
yaratdı. Belə ki, Prezident
İlham Əliyev hər dəfə
çıxışlarında Ermənistanın regional layihələrdən məhz işğal siyasətinə görə təcrid
olunduğunu çəkinmədən bəyan
edir. Dövlət başçımız
deyir ki, indi elə bir diplomatik gedişlər həyata keçirir ki, ümumiyyətlə,
Ermənistanın öhdəliklərdən yayınması onun bir dövlət kimi subyektliyini şübhə
altına alacaq. Digər tərəfdən
Ermənistan ordusu və cəmiyyəti də
pərişan haldadır. Dalana dirənən
işğalçı ölkənin baş
naziri Nikol Paşinyan yaranan
reallıqları bütün
çılpaqlığı ilə cəmiyyətə
söyləyə bilmir. Digər
tərəfdən revanşist qüvvələr
bir tərəfdən həm öz, həm də xarici
dairələrin əlində alət olmaqla,
onların maraqlarını təmin etmək baxımından cəmiyyəti
çaşqınlıq içində saxlamağa
cəhd edir. Daha
radikal revanşistlərə isə aqibətlərinin
beynəlxalq məhkəmələr olacağı
yaxşı məlum olduğundan proseslərə
hər vəchlə mane olmağa
çalışırlar. Bu qüvvələr
üçün şəxsi maraqlar hər şeyin
fövqündə dayanır. Bəllidir ki, onlar üçün
nəinki region, heç
Ermənistan da maraqlı deyil. Maraqlı
olan öz aqibətləridir ki, bunun da heç
də yaxşılığa
doğru getmədiyini
görürük...”
Politoloq
Ermənistanın seçim
alternativinin olmadığını
da bildirdi və bu ölkənin
yeganə çıxış
yolunun Azərbaycanın
təklif etdiyi beş baza prinsiplərini
qəbul edərək , sülh müqaviləsini
imzalamaqda gördüyünü
bildirdi: “Ermənistan anlamalıdır ki, yalnız bu halda düşmüş olduğu acınacaqlı durumdan xilas ola bilər. Ümid etmək olar ki, bundan sonra
ölkəyə kapital
axını gələ
bilər. Bu da nəticə etibarilə Ermənistanın
özündə siyasi,
iqtisadi sabitliyin dayanıqlı inkişafının
əsasını təşkil
edə bilər.
Hadisələr də təsdiqləyir
ki, Ermənistan olum, ya ölüm
dilemması qarşısındadır”.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2022.-
13 avqust.- S. 10.